Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ərə gedirəm, yoxsa gora?

Ərə gedirəm, yoxsa gora?

06.01.2022 [11:20]

İlhamə Rəsulova

Ailə problemləri həmişə olub, olacaq.  İkili münasibətlərdə, əslində, üçüncü tərəf də olur. Üçüncü tərəf özündə sevgini, hörməti, güvəni ehtiva edən duyğular, ailə bağlarıdır. Ona da bir insan qədər qayğı göstərilməsə, ikili münasibətlərin sonu ən yaxşı halda ayrılıqla bitir, ən pis halda  ailə faciələri ilə. Dilimizdə yer almış “ər evindən bir də gor evinə gedəndə ayrılarsan” deyimini, yəqin,  ata ocağını tərk edən çox gəlinlər eşidib. Təəssüf ki, çoxunun aqibəti də ərə yox, gora getməklə sonlanıb.

Statistik məlumatlara görə, dünyada hər gün 100 qadından 71-i, hər 100 uşaqdan 45-i, hər 100 kişidən isə 27-si zorakılıqla üzləşir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin açıqlamasına görə, 2021-ci ildə Azərbaycanda 81 nəfər kişi ailə zorakılığına məruz qalıb. Dünyanın müxtəlif ölkələrində kişi sığınacaqları açılıb. İsveçrə, ABŞ, Almaniya, Kanada, Niderlandda çətin vəziyyətə düşən, hətta cinsi orientasiyasına görə təzyiqə məruz qalan kişilər özlərinə sığınacaqlarda kömək axtarırlar. Hətta mentaliteti bizə yaxın olan qardaş Türkiyədə də  kişi sığınacaqları var.  Azərbaycanda zorakılığa görə təxminən 300-400 civarında qadın həbsxanadadır. Özünü idarə edə bilməyən yaşlı kişilərin həyat yoldaşı, ailə üzvləri tərəfindən də fiziki zorakılığa məruz qalması barədə faktlar var. Lakin onların qadınlardan fərqli olaraq sığınacaq yeri yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən  Sosial Xidmətlər Agentliyini istisna etməklə. Buraya  adətən küçələrdə yaşayan, səfil həyatı keçirən şəxslər gətirilir. Bu da könüllülük prinsipi əsasında. Məlum məsələdir ki, səfil həyatı keçirənlərin çoxu alkoqolizmdən, narkomaniyadan, ruhi xəstəliklərdən əziyyət çəkənlərdir. Və müstəqil qərarlar vermək, könüllü olaraq müalicə almaq niyyətləri də olmur (çox zaman bu barədə ümumiyyətlə məlumatsız olurlar). Belə çıxır ki, məcburi şəkildə müalicəyə cəlb edilməlidirlər.

Qadınlar üçün sığınacaq ümid yeridir. Burada problemlərinə kömək axtarırlar. Amma müvəqqəti. Sığınacaqdan ayrılandan sonra çox vaxt onları eyni həyat gözləyir. Çünki problemin kökü bu divarlar arasında çözülmür, sadəcə bir müddətlik yaralara məlhəm olur.

Azərbaycanda  qadınlar üçün dövlət sığınacaqlarının yaradılmasına zərurət olsa da, belə sığınacaqlar yoxdur. Dövlət sığınacaqları yaradılmalıdır və yaradılarkən də müxtəlif qeyri-hökumət təşkilatlarının tərkibində fəaliyyət göstərən sığınacaqlarla yer dəyişdirməməlidir. 2010-cu ildə qanun qəbul edilsə də, dövlət sığınacaqlarını yaratmaq mümkün olmayıb.

Hazırda özəl sığınacaqların sayı  kağız üzərində kifayət qədərdir. 13 QHT-nin sığınacağı qeydiyyatdan keçsə də, reallıqda  hamısı fəaliyyət göstərmir. Ümumiyyətlə, özəl  sığınacaqların  fəaliyyəti də  çox zaman şübhə doğurur. Məsələn, bu sığınacaqlar beynəlxalq standartlara uyğun fəaliyyət göstərirmi? Yaxud da onların əməkdaşları sertifikatlaşmadan keçibmi, sığınacaqların şəraitləri standartlara cavab verirmi və s. Dövlət komitəsi, digər dövlət qurumları tərəfindən sığınacaqlara dəstək olsa da, bu, yetərli deyil. Oradakı hər bir şəxsin fərd olaraq vəziyyəti qiymətləndirilməlidir. Bu sığınacaqlarda nəinki psixoloji, sosial və hüquqi xidmətlər göstərilməli, eyni zamanda, geyim, qida və təhsillə təmin edilməlidir. Sığınacaqların təhlükəsizliyi xüsusilə nəzərə alınmalıdır. Bir çox qadınlar hər gün zorakılığa məruz qalsalar da, həyat yoldaşlarından ayrlmaq istəmirlər. Çünki heç bir peşəyə sahib deyillər. Ayrılsalar, uşaqlarına baxa bilməyəcəklərini düşünürlər. Həm də cəmiyyətin  bir hissəsinin boşanmış qadınlara  münasibətindən qorxurlar.

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə isə qadınlara sığınacaq verən üç QHT-nin fəaliyyət göstərdiyini deyir. Onun təşkilatının sığınacağı uşaqlar üçün nəzərdə tutulsa da, burada qadınlar da yerləşdirilir. K.Ağazadənin dediyinə görə, uşaqlarla qadınların eyni arada saxlanılmasının da öz  problemləri var: “Sığınacağa heç də həmişə ər qəzəbindən qaçanlar sığınmırlar. Bir çoxları qərəzli şəkildə, çox zaman ərlərini şantaj etmək istəyənlər, rahat həyat axtaranlar da gəlirlər. İstədiyi hər şey verilir, rahatlığı var, qayıdıb getmək  istəmirlər. İnanın ki, qadınlar olub ki, buradan yük maşını ilə “ cehiz” aparıb. Geyim, ərzaq, qab-qacaq. Çoxunu ailənin dərd-səri maraqlandırmır. Qadınlar olub ki, 2-3 ay qalıb. Göndərmək istəmişik, yalvarıb ki, məni göndərməyin. Burada mənə rahatdır. Belələri də var. Gedəndən sonra yenə iqtisadi səbəblərlə evində problem yaranacağını bilənlər də var”.

“Statistika göstərir ki, qadın iqtisadi cəhətdən azad olmayınca yenə kimlərinsə himayəsində olacaq və bu, reabilitasiyanın tam başa çatmasına mane olacaq. Reabilitasiyadan sonra cəmiyyətə inteqrasiya prosesi normal getmir, şəxsin cəmiyyətdə güvənli olması üçün kifayət qədər şərait yaradılmır. Başqa ölkələrdə sığınacaqlar açılanda mütləq onun yanında istehsal tipli müəssisələrin olması, qadının sahibkarlıq bacarıqlarını öyrənməsi diqqətdə saxlanılır ki, öz biznesini idarəetmə biliklərinə malik olsun. Əks təqdirdə, göstərilən yardımlar yarımçıq olur və şəxs yenidən asılı vəziyyətə düşür. Bizdə peşə öyrənilməsinə də laqeyd baxırlar. Fəhləlik istəmir, başqa işi görmək də əlindən gəlmir. Bəs necə olsun? Reabilitasiya prosesində bir çox insanlar düşünür ki, bu, hansısa təşkilatın onlara dayəliyi deməkdir. Bu düşüncələr elə ən çox onların özlərinə problem yaradır”,- deyə Kəmalə Ağazadə qeyd edir.

O təklif edir ki, sığınacaqlara əslində qadın və uşaqlar deyil, onları incidən, ailədə problem yaradan şəxslər gətirilsin. Həm də məcburi şəkildə.  Görünür cəmiyyətin özünün də bəzi seçimləri yanlışdır. Pişik bülbülü parçalamasın deyə  pişiyi yox, bülbülü qəfəsə salmağa adət etmişik.

Ailə sağlam təməllər üzərində qurulmasa, dağılması labüddür. Cəmiyyətin şikəst övladları da var və bu kimi qurumlar, əslində, məhz həmin o “şikəst fərdlər”in sağalmasına diqqət ayırmalıdır. 

Yanvarın 4-də Bakıda bir ailə faciəsi barədə eşitməyim bu yazını qələmə almağıma səbəb oldu. Ruhi xəstə olan  kişi xanımını vəhşicəsinə öldürmüş, ürəyi soyumamış meyiti də parçalamışdı. Qaynana gəlininə bir neçə gün öncə ata evinə dönməyi məsləhət bilib, əks halda, oğlunun onu öldürə biləcəyini söyləyib. Amma ağlına gəlməyib ki, oğlunun psixoloji problemləri ilə bağlı müraciət etsin, bu qanlı sonun qarşısını alsın. Ən azından, polisə xəbərdarlıq edilsə, sahə müvəkkili xəbər tutsa, psixoloji problemləri olan şəxs qeydiyyata alınsaydı, bəlkə, bu faciə baş verməyəcəkdi.  Psixoloji problemləri olan şəxslərin qeydiyyata alınıb, müalicəsinin məcburi şəkilə salınması  ehtiyacı yaranıb. Həmin şəxs evdə xanımını öldürə bilirsə, ən adi gərginliklə küçədə gedən adamlara da hücum edə bilərdi. Bu ehtimal var. Biz “nəslin adı çıxar” düşüncəsilə  belə xəstəliyi olan şəxslər barədə susduqca, onları gizlədikcə öz gərəksiz mərhəmətimizin  qurbanlarına çevriləcəyik.

 

 

 

 

Paylaş
Baxılıb: 179 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Boşluq, ya bozluq?

18 Yanvar 10:50

Sosial

Gündəm

Reallıqlar dəyişmir

18 Yanvar 10:01

Gündəm

Hər şey vaxtında!

18 Yanvar 09:46

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31