Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ər qatillərinin məhbusluq həyatı

Ər qatillərinin məhbusluq həyatı

27.04.2022 [10:46]

MÜŞFİQƏ

Ötən dəfə “Məhkum körpələr və məhkum analar” başlıqlı yazımızda da qeyd etdiyimiz kimi Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün penitensiar müəssisələrdən birinə yollandıq. Məhkum taleli zəriflərimizlə görüşüb onların həyatına işıq tutmağa çalışdıq. Bu sayımızda isə “Ərlərini öldürən qadınlar” barədə söhbət açacağıq. Görəsən, qadınları ərlərini öldürməyə məcbur edən səbəblər nələrdir? Belə qadınlardan biri R.H-dır. O, 18 il azadlıqdan məhrum edilib. Bu müəssisədə 7 ildir ki, baş aşpaz vəzifəsində çalışır.

- Nə üstündə tutulmusunuz?

- Ailə münaqişəsi zəminində həyat yoldaşımı öldürmüşəm. Məcəllənin 120-ci (qəsdən adamöldürmə) maddəsi ilə həbs edilmişəm. Azadlığa çıxmağıma 10 il 6 ay qalıb. Yoldaşım o həddə çatdırdı ki, çarəni onu öldürməkdə tapdım. 18 illik ailə həyatım 18 il azadlığımı əlimdən aldı.

- Övladlarınız var?

- Bir qız, bir oğlum var. Qızım ailə qurub. İki nəvəm də var. Oğlum isə hələ məktəblidir. Bu il məzun olacaq. Oğlumun son zəngində iştirak edə bilməyəcəyim üçün heyfislənirəm.

- Əlaqə saxlayırsınız? Sizi qınamırlar?

- Hamısı ilə əlaqə saxlayıram. Yanıma gəlib-gedirlər. Valideynlərim, eləcə də bacı-qardaşımla da münasibətimiz yaxşıdır. Bəlkə də ürəklərində məni qınayırlar, amma dar yerdəyəm deyə mənə heç vaxt bunu hiss etdirməyiblər.

- Əməllərinizə görə peşmansınız?

- (Duruxsundu...) Nə bilim? O dərəcəyə çatdırmışdı ki... Uşaqlarım üçün peşmanam. Zamanında həyatımı səhv qurduğum üçün peşmanam. Bu gün bura düşməyimin səbəbi həyatımı səhv qurmağımdır.

- Səhv deyəndə nəyi nəzərdə tutursunuz?

- Düzgün seçim etmədim. Düzgün seçim etsəydim, bəlkə də burada olmazdım. Bu da həyatın işidir. Başqa heç nə deyə bilmərəm.

(Müsahibimin deməkdən çəkindiyi məqamı sonda sizə də təqdim edəcəyik)

- Təhsil almısınız?

- Xeyr. Biz kənd həyatında yaşamışıq. Cahillik deyim, nə deyim? Bəlkə də təhsil alsaydım, dünya mənim üçün başqa cür dövr edərdi.

- Azad olduqdan sonra nə edəcəyinizi düşünürsüzmü?

- Fikirləşirəm ki, səhər məni azadlığa buraxsalar, dağıtdığım həyatımı toplayardım. Balalarımı bir yerə yığıb onlarla yeni səhifə açardım. Həmişə uşaqlarıma görə yaşamışam. Övladlarım mənim xəzinəmdir. Hər nə olsa da, onlara görə güclü qalmalıyam.

- Burada zaman necə keçir? Deyirsiniz aşpazam. İş həyatınız necədir?

- Bu müəssisəyə yeni köçmüşük. Biz məhkumlar üçün hər cür şərait qurulub. Burada qaldığım illərdə çox şey öyrəndim. Peşə sahibi oldum. Aşpazlıq peşəsinə yiyələndim. Sevinirəm ki, azadlığa çıxdıqdan sonra da əlim çörəyə çatacaq. Öz ayaqlarımın üstündə dura biləcəyəm. 7 ildir ki, mətbəxdəyəm. 8 məhkum işçi ilə birgə çalışırıq. Həbsxananın yeməklərini biz hazırlayırıq. Demək olar ki, 24 saat mətbəxdəyəm. Elə otağım da mətbəxə yaxındır.

- Menyuda bu gün nələr var?

- Mən əslən Tovuzluyam. Biz tərəfin bozartmasını bişirmişəm. Yanında da qarabaşaq və incə arpa var.

- Sonda həmcinslərinizə nə demək istəyərdiniz?

- Bütün qadınlardan xahişim odur ki, düzgün həyat qursunlar. Vaxtında həyatlarını elə qursunlar ki, bizim etdiyimiz səhvləri onlar da yaşamasınlar. Başqalarının səhvi ucbatından cəza çəkməsinlər. Nə qədər gözəl şərait qurulsa da, axı bura cəzaçəkmə evidir. Tikanlı məftillər arxasında həyat sürürük.

HAŞİYƏ: Bu arada bir haşiyəyə çıxmaq istərdik. Müsahibimiz haqqında internetdən əldə etdiyimiz “Məktəbdə başlayan məhəbbət 16 il sonra qətllə bitdi” başlıqlı yazıda deyilir ki, R.H-nun əri M.H başından güllə yarası almış vəziyyətdə kənd qəbirstanlığının ərazisində öz şəxsi avtomobilinin baqajında tapılıb. R.H-nın davranışı polislərə şübhəli görünüb. Fakt üzrə M.H-un qətlində şübhəli bilinən doğma qardaşı A.H saxlanılıb. O, qardaşını babasının qoşalüləsindən öldürüb. Amma bu cinayəti o tək törətməyib. Aydın olub ki, qatilin qətldə əlbiri R.H olub. O, kiçik qardaş böyük qardaşa atəş açdığı zaman orada olub. Ərini maşının yük yerinə qoymağa R.H özü yardım edib.

Ərini öldürən qadınlardan biri də T.V-dir. O, 5 ildir ki, məhbus həyatı yaşayır. Gözünü qırpmadan anası üçün gələcəyini fəda edib.

- Niyə buradasınız?

- Həyat yoldaşım anamı döyürdü. Anamı müdafiə etmək üçün yoldaşımı istəmədən öldürdüm. 3 il yarımdır ki, ailəli idik. Ayrılmaq qərarına gəlmişdik. Tez-tez aramızda münaqişə olurdu. Anam bizə qonaq gəlmişdi. Bu ərəfədə anama hücum edəndə onu arxadan vurdum. 5 ildir ki, cəza çəkirəm. Azadlığa qovuşmağıma hələ 11 il qalıb.

- Övladınız var?

- İki uşağım var. Hazırda anamın himayəsindədir. Azyaşlıdılar. Böyük oğlum bu il birinci sinfə gedir. Azadlığa çıxanda artıq gənc oğlanlar olacaqlar.

- Sizin həbsdə olduğunuzu bilirlər?

- Yox! Elə bilirlər ki, mən xəstəxanadayam. Hər an sağalıb evə qayıdacağım günü gözləyirlər. Ana, niyə sağalmadın? Niyə gəlmədin - deyə soruşurlar. Bilmirəm onlara nə cavab verim. Deyirəm, az qalıb, gələcəyəm.

- Törətdiyiniz əməldən peşmansınız?

- Mən bu cinayəti istəmədən, anamı müdafiə etmək üçün törətmişəm. İstəməzdim bu hadisə baş versin. Yoldaşımın qohumları uşaqlarımı məndən almaq istəyirlər. Amma qəyyumluq anamdadır.

- Siz də digər məhkumlar kimi əmək fəaliyyətinə cəlb olunmusunuz?

- İxtisasca rabitəçiyəm. Burada 3 ildir ki, tikiş sexində işləyirəm. Əvvəl də dərziliklə məşğul olduğum üçün bu sexdə çalışmağa qərara gəldim. Bir işin qulpundan tutmağa çalışıram.

- Qadınlara nə məsləhət görərdiniz?

- Səbirli olsunlar. Böyüklərin sözlərinə qulaq assınlar. Çöldə mənim kimi qadınlar çoxdur. Mən öz seçimimə görə buradayam. Vaxtilə valideynlərim mənim üçün düzgün yol seçmişdilər. Amma mən öz bildiyimi elədim. Başqası ilə nişanlı idim. Nişanı qaytardım. Yanlış seçimim məni bu gün buraya gətirdi. Peşmanam ki, böyüklərimin sözünü eşitmədim.

P.S. Jurnalistikanın etik qaydalarına əsasən, reportajdakı qəhrəmanlarımızın şəkilləri və adları məxfi saxlanılır.

Paylaş:
Baxılıb: 124 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

MEDİA

Analitik

İnsan işğalı

18 May 10:25

Siyasət

Siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

18 May 10:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31