Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Sosial / Müasir dünyanın yeni beyin nizamı

Müasir dünyanın yeni beyin nizamı

11.05.2022 [10:27]

Bir çip - İki ayrı həyat

Günel ABBAS

İş və sosial həyatın tarazlığı

Bu gün iş və şəxsi həyat balansını qurmaq asan deyil. İnsanların evdən daha çox işdə vaxt keçirmələri müəyyən problemlər yarada bilir. İlk növbədə, uşaqlara kifayət qədər vaxt ayıra bilməmək, həyat yoldaşlarına ayırdıqları vaxtın azalması kimi məsələlər ön plana çıxır və onlara digərləri də əlavə olunur. Şəxsi həyatda yaranan bu problemlər isə insanın diqqətini işə cəmləməsini çətinləşdirir. Bu, biznesdə fasilələrə səbəb ola bilər. Karyerada uğur qazanmaq üçün bir qayda olaraq, şəxsi həyat barədə məsələləri bir az da olsa, unudaraq bütün enerjini işə sərf etmək lazımdır. Müasir texnologiyaları yaxşılığımız üçün istifadə etmək lazımdır. Məsələn, telefonumuza daha sonra unutmamaq üçün vacib hadisələri izləyə biləcəyimiz bir təqvim xatırlatması quraşdırmaqla başlaya bilərik. Hər şey üçün xatırlatmalar təyin etmək də ağıllı variantdır.

Müəyyən bir gündəlik rejimə sahib olmaq çox vacibdir, çünki insan nə edəcəyini dəqiq biləndə işləri asanlaşır. Çevik olmağın və düzgün seçim etməyin bir yolunu tapmaq lazımdır. Eyni zamanda, ailənin təməl olduğunu da başa düşmək vacibdir. Buna görə ən qısa bir zamanımız belə boşdursa, bunu internetə yox, ailəmizə ayırmalıyıq. Heç vaxt şəxsi işləri işə, işləri də evə gətirməməliyik. Evlə iş arasında fərq qoymağı bacarmaq lazımdır. İşdə başımıza gələn pis bir şey varsa, onu işdə qoymalıyıq. Evə yalnız təbəssümlə və yaxşı əhval-ruhiyyə ilə gəlmək bizim xeyrimizədir. Əlbəttə, uğur qazanmaq, karyera qurmaq əhəmiyyətlidir, ancaq bunu heç bir şəkildə şəxsi həyat hesabına etmək olmaz.

Filmdə gerçəkləşən xəyallar

Bütün bu məsələlər bizə daim müxtəlif şəxslər tərəfindən aşılanır, hətta dostlarımız bununla bağlı irad tuturlar. Ancaq kimsə bu məsləhətlərə tam olaraq əməl edə bilmir, ya da çətinlik çəkir. Hərdən texnologiyanın bu dərəcədə inkişaf etdiyi əsrdə insan öz beynində bu iki həyatı bir-birindən ayırmağın yollarını düşünür.

Dilə gətirəndə imkansız səslənə bilər. Ancaq 2022-ci ildə yayımlanan və bu ilin ən qeyri-adi istehsallarından biri olan “Severance” (Cəhənnəm) serialında bütün bu sadaladıqlarımız mümkündür. Mövzusu və maraqlı səhnələri ilə “Severance” izlədiyimiz bütün seriallardan fərqlidir. Belə ki, filmdə işçilərə tətbiq edilən bir prosedur onların iş həyatını sosial həyatından ayırır. Həmin insanlar işdə olarkən şəxsi həyatına dair heç nə xatırlamır. Təbii ki, bu, sosial həyat üçün də keçərlidir.

“Severance” Den Erikson tərəfindən yaradılmış triller janrında istehsal olunan əsərlər sırasındadır. Serial fantaziyanı işə salan fantastik səhnələri özündə ehtiva edir. Bir çox media platformalarında iddialı və qorxulu olaraq təqdim edilən əsər 2022-ci ilin ən təsirli serialı hesab edilir. Serialda hadisələrin əksəriyyəti iş yerində baş verir. Şirkətin işçilərindən olan baş qəhrəman Mark və kollektivin digər üzvləri öz işlərini evlərindən ayıran bir prosedurdan keçirlər. Bunu “Lumon split chip” ilə edirlər. Onlar işdə olduqları zaman yalnız iş məsələlərini xatırlamaq və evə gedəndə diqqətlərini yalnız məişət işlərinə yönəltmək üçün yeni bir beyin nizamına sahibdirlər. Serialda bu vəziyyət iş-həyat tarazlığı olaraq izah edilir. Serialın sonrakı səhnələrində fərdi mənlik ilə bağlı bir çox sual doğuran fikirlər təqdim olunur. Təbii ki, bunlar əsas personajın yumoristik xarakteri ilə tamaşaçılara çatdırıldıqda kifayət qədər əyləncəlidir.

Əsas hadisələr baş qəhrəman və onun şirkətdə rəhbərlik etdiyi komanda ətrafında cərəyan edir. Rejissor izləyicilərə işçilərin gündəlik xatirələrinin bir-birindən ayrılması prosesini göstərir. Serialın mərkəzində Markın iş və həyatının gedişini dəyişdirəcək eksperimentin sirri dayanır. Gizli qalan məsələlər açıldıqca Mark, əslində dünyasını dəyişən həyat yoldaşının yenidən dünyaya qaytarıldığını və onunla eyni şirkətdə çalışdığını öyrənir. Bu proses Markın bütün düşüncələrini dəyişir. Çünki həyat yoldaşının ölümündən sonra iş həyatına adaptasiya ola bilmədiyindən bu prosedurdan keçməyi qərara alır. Öldüyünü düşündüyü həyat yoldaşının əslində, yaşadığını bildikdən sonra beynindəki çipdən xilas olmaq istəyir. Amma bunu nə dərəcədə bacara biləcəyi sual altındadır. Ondan əvvəl beyninə yerləşdirilən ayırıcı çipdən xilas olmaq istəyən bir dostunun dünyasını dəyişməsi baş qəhrəmanı olduqca çıxılmaz vəziyyətə salır.

Nə dərəcədə real görünür?

Qloballaşan dünyamızda texnologiyanın inqilabını demək olar hər gün müşahidə edirik. İnsanlar “Metaverse” vasitəsilə virtual səyahətlər edir, konsertlərə gedirlər. Bütün bu inkişaf tendensiyalarını nəzərə alsaq, bir çipin insan beynində iki ayrı həyat yaratması o qədər təəccüblü və imkansız deyil. Hətta tədricən real da ola bilər. Ancaq baş qəhrəmanın da simvolunda gördüyümüz kimi insanlar düşdükləri çərçivədə uzun müddət yaşaya bilməz və emosiyaları mövcud zamana uyğun dəyişə bilər. İnsanların bu barədə düşüncələrini öyrənmək məqsədilə 20 nəfər arasında keçirdiyimiz sorğunun nəticələri də baş qəhrəmanla eyni oldu. Həmin adamlar özlərini robot olaraq görmək istəmədiklərini, yeri gələndə işdə evlə bağlı problemlərini də həll etdiklərini bildirdilər.

Elə filmin adından da göründüyü kimi həmin məkan və prosedur personajların cəhənnəminə çevrilir. Bu səbəbdən sözügedən vəziyyət həqiqətən çətin və qorxuludur. Təsəvvür edin, işdə çox yaxın olduğunuz birini şəxsi həyatınızda tanımırsınız. Ya da şəxsi həyatınıza dair nələrisə, hətta övladlarınızı belə işdə olarkən xatırlaya bilmirsiniz. İşdə hansı pozisiyada çalışdığınızdan da xəbəriniz yoxdur, karyeranızla bağlı yüksəliş və ya enişləri ancaq rəhbərliyin göndərdiyi məktub vasitəsilə əldə edirsiniz. Özünüzün işdən evə, evdən işə hansısa yazılı mənbə gətirmək ixtiyarınız yoxdur. Bunu edə bilmədiyiniz üçün sosial yaşantınızda işinizin perspektivlərindən məmnun olub-olmadığınızı da bilmirsiniz. Ancaq insan beyni bunları qəbul edə bilməyəcək qədər mürəkkəbdir. O elə bir sxemə malikdir ki, özünü içində yaşadığı qəfəsdən çıxarmaq üçün daim çırpınacaq. Gerçəkləri öyrənmək, hisslərini yenidən özünə qaytarmağa çalışacaqdır.

Paylaş:
Baxılıb: 148 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Prezident bu gün

Prezident bu gün

24 May 10:33

Analitik

MEDİA

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31