Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Zəngin bilik və mədəniyyət xəzinəsi

Zəngin bilik və mədəniyyət xəzinəsi

24.05.2022 [10:48]

Azərbaycan Milli Kitabxanası - 99

MÜŞFİQƏ

Azərbaycan Milli Kitabxanasının fəaliyyətə başlamasından 99 il ötür. Azərbaycan Milli Kitabxanası -xalqımızın tarixi yaddaşını mühafizə edən ən zəngin mənəviyyat xəzinəsidir. Azərbaycan kitabını və respublika haqqında ədəbiyyatı toplayan, qoruyan və bütün dünyaya yayan yeganə universal elmi kitabxanadır. Azərbaycan mədəniyyətinin zəngin bilik xəzinəsi olan Milli Kitabxana 99 ildir ki, oxucularına təkcə Azərbaycanın deyil, dünya kitabxanalarının informasiya resurslarını təqdim edir. Azərbaycanın baş kitabxanası nəinki Qafqazda, Avropada, eləcə də bütün dünyada ən böyük milli kitabxana və ən iri kitabsaxlayıcılardan biridir. Kitabxananın fondunda 5 milyondan çox nüsxə var.

Kitabxana 1922-ci ildə yaradılsa da, rəsmi açılışı 1923-cü il may ayının 23-də baş tutub. Fəaliyyətə başladığı dövrdən etibarən zəngin inkişaf yolu keçərək böyük əhəmiyyətə malik nəşrləri mühafizə edən mədəni sərvətlər xəzinəsinə çevrilib. Ötən müddət ərzində o, cəmiyyətin intellektual-mənəvi potensialının artırılmasında əvəzsiz rol oynayıb, elm və mədəniyyət xadimlərinin bir neçə nəslinin formalaşmasına öz töhfəsini verib.

13 nəfər işçi ilə fəaliyyətə başlayan kitabxananın ilk direktoru Müseyib Səlimov olub. 1927-ci ildən etibarən oxu zalı hər gün saat 10-dan axşam saat 10-a kimi oxuculara xidmət edib. Vaxtilə AMEA-nın Rəyasət Heyətinin binasında (İstiqlaliyyət küçəsi) bir neçə otaqda yerləşən kitabxana zamanla iş fəaliyyətini genişləndirir. Onlarca yeni şöbə yaranır, fondlarda ədəbiyyat sayı milyonlara, işçilərinin sayı isə yüzlərə çatır.

1939-cu ildə kitabxanaya mütəfəkkir, dramaturq və maarifçi Mirzə Fətəli Axundovun adı verilir.

1961-cı ildən kitabxana memarlıq baxımından tarixi abidə kimi qiymətləndirilən əzəmətli binaya köçürülür. Tarixi mənbələrə görə, binanın yerinin seçilməsində və tikilməsində Xalq yazıçısı Süleyman Rəhimovun böyük xidməti olub. Bina görkəmli memar akademik Mikayıl Useynov tərəfindən layihələndirilib.

Xalq yazıçısı Süleyman Rəhimov Milli Kitabxananın ən yaxın dostlarından olub, onun inkişafı və tərəqqisi uğrunda böyük xidmətlər göstərib. Ötən əsrin 50-ci illərinin əvvəllərində Milli Kitabxana üçün tikilməsi nəzərdə tutulan binanın yerinin seçilməsində, Azərbaycan SSR Nazirlər Soveti yanında Mədəni Maarif Müəssisələri Komitəsinin sədri vəzifəsində işləyən zaman həmin binanın inşa olunmasına Moskvadan - keçmiş SSRİ rəhbərliyindən müvafiq icazənin alınmasında xüsusi xidmətləri olub, habelə bu binanın tikilməsində yaxından iştirak edib.

Azərbaycan Dövlət Kitabxanasının 1941-1952-ci illərdə direktoru olmuş Hidayət Əfəndiyev demişdi: “Respublika kitabxanasının binasının daxili və xarici interyerindəki milli ornamentlərin saxlanmasına görə hamımız Süleyman Rəhimova borcluyuq”. S.Rəhimov binanın açılışında da iştirak və çıxış edib, bir ziyalı kimi Azərbaycanın baş kitabxanasının fəaliyyətinə və inkişafına xüsusi diqqətlə yanaşıb.

Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətində Azərbaycanda kitabxana işinin inkişaf etdirilməsi məsələsi xüsusi yer tutur. Onun qayğısı və diqqəti sayəsində kitabxana işi üçün ayrılan xərclər ildən-ilə artırılır, yeni binalar tikilirdi. Məhz Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan 1970-1980-ci illərdə özünün ən yüksək inkişaf səviyyəsinə çatmışdı.

1995-1997-ci illərdə 4 dəfə bu elm məbədinə gələn və hər gəlişi ilə bu kitabxanaya müsbət dəyişikliklər gətirən ulu öndər Heydər Əliyev demişdi: “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”. Kitaba belə dahiyanə dəyər verən Heydər Əliyev kitabxanaya gələrkən öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitabı Milli Kitabxanaya bağışlamışdı.

Milli Kitabxananın bir çox şöbələrinin fəaliyyətində xeyli irəliləyişlər və yeniliklər qeydə alınıb. Belə ki, 2000-ci ildə kitabxanada İnternet zalı istifadəyə verilib. 2003-cü ildən kitabxanada avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqinə başlanılıb. 2004-ci ildə Kitabxanaya Nazirlər Kabinetinin qərarı ilə “Milli Kitabxana” statusu verilib. 2006-cı ilin mayında Milli Kitabxananın veb-saytının və elektron kataloqunun təqdimatı olub.

Bu gün Milli Kitabxana dünyanın 30-dan artıq kitabxanası ilə ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə Memorandum imzalayıb. Milli nəşrləri, xarici ölkələrdə Azərbaycan haqqında nəşr olunmuş çap məhsullarını və Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə çap olunmuş məlumat daşıyıcılarını toplayıb mühafizə edir. Hazırda elektron kitabxana, oxucu qeydiyyatı, kitab verilişi və b. sahələr avtomatlaşdırılıb. Bu gün Elektron kitabxanada artıq 76.543 elektron resurs var.

Bundan başqa, virtual sərgidə “Şuşa ili” çərçivəsində Şuşa haqqında rəsmi sənədlər, Azərbaycanın görkəmli şəxsiyyətlərinin fikirləri, şəhərin tarixi, mədəniyyəti, coğrafiyası haqqında kitablar, eləcə də dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar nümayiş olunur.

Prezident İlham Əliyevin ölkəmizin ən zəngin bilik xəzinəsi olan Milli Kitabxananın 90 illik yubileyinin keçirilməsinə dair 24 iyul 2013-cü il tarixli Sərəncamı dövlət başçısının bu elm məbədinə diqqət və qayğısının təzahürüdür. Sərəncamda deyilir: “2013-cü ildə Azərbaycan Milli Kitabxanasının yaradılmasının 90 ili tamam olur. Fəaliyyətə başladığı dövrdən etibarən Azərbaycan Milli Kitabxanası zəngin inkişaf yolu keçərək böyük əhəmiyyətə malik nəşrləri mühafizə edən mədəni sərvətlər xəzinəsinə çevrilmişdir. Ötən müddət ərzində o, cəmiyyətin intellektual-mənəvi potensialının artırılmasında əvəzsiz rol oynamış, elm və mədəniyyət xadimlərinin bir neçə nəslinin formalaşmasına öz töhfəsini vermişdir”.

Azərbaycan Milli Kitabxanasının 99 illiyi münasibətilə Milli Kitabxananın zəhmətkeş kollektivini, eləcə də bu müqəddəs kitab məbədinin bütün oxucularını ürəkdən təbrik edirik.

Paylaş:
Baxılıb: 197 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Sosial

Avropa imtina edir

02 İyul 12:09

Xarici siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Müsahibə

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

01 İyul 09:55

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31