Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Sosial / Əlillik təhsilə əngəl deyil!

Əlillik təhsilə əngəl deyil!

10.06.2022 [10:57]

Prezident inklüziv təhsilin təşkili üçün Sərəncam verdi

Y.BAYRAMOVA

Prezident İlham Əliyev “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanuna dəyişikliyin tətbiqi barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda inklüziv təhsilin təşkili qaydası hazırlanacaq. Nazirlər Kabinetinə inklüziv təhsilin təşkili qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək tapşırılıb.

Qeyd edək ki, inteqrasiya təlimli təhsil müəssisəsi sağlamlıq imkanları məhdud şəxslərlə sağlam şəxslərin birgə təhsil alması üçün xüsusi şərait yaradılmış ümumi təyinatlı və ya internat tipli təhsil müəssisəsidir.

Azərbaycanda inklüziv təhsillə bağlı görülən işlər

Ölkəmizdə “İnklüziv təhsil layihəsi”nin icrasına 2005-ci ildən başlanılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2005-ci il tarixli qərarına əsasən “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı (2005-2009-cu illər)” təsdiq olunub. İnkişaf proqramı çərçivəsində inklüziv təhsilin təşkili ilə bağlı 3 pilot layihənin icrasına başlanılıb. Layihələrin icrası gedişində 15 ümumi təhsil, 13 məktəbəqədər təhsil müəssisəsində 268 nəfər əlilliyi olan uşaq inklüziv təhsilə cəlb olunub. 2015-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə əməkdaşlığı çərçivəsində inklüziv təhsillə bağlı görülən işlər və bu sahədə beynəlxalq təcrübə təhlil edilib. Nəticə etibarilə əlilliyi olan şəxslərin təhsilinin təşkili yeni mərhələyə keçib. 2016-cı ildə  xüsusi təhsil sistemində  interaktiv proseslər həyata keçirilib və xüsusi qayğıya ehtiyacı olan uşaqların yaradıcılıq potensialının inkişafı sahəsində  inklüziv təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində səmərəli işlər görülüb. 2015-2016-cı tədris ilindən əlilliyi olan uşaqların ümumi təhsil müəssisəsində digər uşaqlarla birgə təhsilə cəlb olunması məqsədilə Azərbaycan Respublikasında “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlanılıb.

Prezident İlham Əliyevin 14 dekabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq olunan “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nda məhz, bu yönümdən həyatımızda humanist münasibətlərə daha nəcib keyfiyyətlərlə alışmağın inkişaf strategiyaları öz əksini tapıb.

Dünyada inklüziv təhsil

Məlumat üçün qeyd edək ki, inklüziya ingilis dilindən tərcümədə “daxil olma”, “qoşulma” deməkdir. İnklüziya sağlamlıq imkanları məhdud olan təhsil alanların öz güclərinə inamlarını artırmağa, həmçinin onları digər uşaqlarla birgə məktəbdə təhsil almağa stimullaşdıran cəhddir. Hazırda inklüziv təhsil bir çox Avropa ölkəsində geniş yayılıb. Xüsusilə də İngiltərədə bu təhsil sistemi geniş yayılıb və bu cür uşaqlara əlverişli təhsil imkanları yaradılır. Bu ölkədə hazırlanan İndividual Təhsil Planına (IEP) əsaslanaraq sağlamlığı məhdud uşaqların 90 faizi təhsilə cəlb olunub. Belə təhsil planı imkan verir ki, uşaqların hərtərəfli inkişafı təmin edilsin. Eyni zamanda siniflərdə uşaqların dərsliklərlə təmin olunmasına şərait yaradır. Türkiyədə isə belə uşaqlar üçün xüsusi təhsil və təlim verən məktəblər, mərkəzlər fəaliyyət göstərir və dərsliklərlə təmin olunur. Ümumiyyətlə, inklüziv təhsilin təməli ilk dəfə Parisdə görmə məhdudiyyətli usaqlar üçün məktəbin açılması ilə qoyulub. Daha sonra Avropanın bir çox ölkəsində və Rusiyada, 1830-cu illərdə isə ABŞ-da açılıb. Hazırda bu ölkələrdə inklüziv təhsil və təhsilə dair dərsliklər yüksək səviyyədədir.

Təhsil sistemimizdə yeni harmoniya...

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı “Yeni Azərbaycan”a açıqlamasında söyləyib ki, Prezidentin müvafiq Fərmanı təhsilimizdə əlçatanlığı təmin etmək üçün çox ciddi addımlardan biridir. Professorun sözlərinə görə, bu Fərmanla inklüziv təhsilin tətbiqi məsələləri təkmilləşdiriləcək, bir çox məsələlərdə problemli şagirdlərin hamı ilə birlikdə təhsil almalarına imkan yaranacaq: “Fiziki qüsurlu şəxslərin digərləri ilə bir yerdə təhsil alması həm bir harmoniya yaradacaq, eyni zamanda şəfqət hissi oyadacaq. Təbii ki, əngəlli uşaqların digərləri ilə bir məktəbə getməsi özü ilə bərabər bir çox dəyişiklikləri də gətirəcək. Onlar üçün bəlli şərait düzəlməlidir. Bu Fərman bir daha göstərir ki, dövlətimizin siyasətində mühüm yerlərdən birini təhsil tutur. Cənab Prezident çalışır ki, cəmiyyətimizdə kimsə təhsildən kənarda qalmasın. Bu Fərman tətbiq ediləndən sonra ailələrin də vəziyyətini nisbətən yüngülləşdirəcək. Heç kimə sirr deyil ki, bəzən həmin uşaqlar evdə təhsilə cəlb edilirlər, lakin onlar evdə lazımi təhsil ala bilmirlər. Deməli, Fərmanın tətbiqi təhsil sahəsində qarşıya yeni vəzifələr qoyur. Həmin vəzifələrin yerinə yetirilməsi təhsilimizin hamı üçün əlçatan olması, bərabər imkanlar qazanılması baxımından əhəmiyyətlidir”.

12 minə yaxın şəxs inklüziv təhsilə cəlb olunub

Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, Prezidentin siyasətinin əsas prioritetlərindən birini hər bir vətəndaşımızın təhsil alması təşkil edir: “Bununla bağlı müvafiq qurumlara tapşırıqlar verilib. Ölkə başçısının yeni Fərmanı Təhsil Nazirliyinin səlahiyyətlərini artırır. Nazirliyin öhdəsinə düşən əsas vəzifə paytaxtda, həmçinin rayonlarda yaşayan fiziki əngəlli şəxslərin inklüziv təhsilə cəlb edilməsini təmin etmək, müvafiq tədris planları və metodikalarının hazırlanmasını həyata keçirməkdir. Ölkəmizdə sağlamlıq imkanı məhdud olan 60 minə yaxın şəxs var ki, onlardan cəmi 12 minə yaxını inklüziv təhsilə cəlb olunub. Əlbəttə, istəyərdik ki, onların hər biri təhsil alsın. Müxtəlif şəhər və rayonlarımızda bu qəbildən olan şəxslərin təhsilə yönləndirilməsi mütərəqqi addımdır. Dövlət başçısı da məhz Azərbaycan təhsilinin gələcəyini düşünərək belə bir Fərman imzalayıb”.

Paylaş:
Baxılıb: 380 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31