Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Zəngilanın dirçəlişi – Tarixi Zəfərdən Böyük Qayıdışa doğru

Zəngilanın dirçəlişi – Tarixi Zəfərdən Böyük Qayıdışa doğru

20.10.2026 [10:10]

20 Oktyabr – Zəngilan Şəhəri Günü Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində xüsusi yer tutan tarixi hadisənin, milli iradənin və torpaqlarımıza qayıdış əzminin təcəssümüdür. 2020-ci il oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı parlaq qələbə nəticəsində Zəngilan şəhəri erməni işğalından azad edildi. Bu tarixi hadisə Vətən müharibəsinin gedişində mühüm dönüş nöqtələrindən biri olmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda qətiyyətli addım oldu.

Azərbaycanın cənub-qərbində yerləşən Zəngilan qədim tarixi, zəngin mədəni irsi və əlverişli coğrafi mövqeyi ilə seçilir. XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılan inzibati-ərazi bölgüsü zamanı Zəngəzur qəzası Gəncə quberniyasının tərkibinə daxil edilmişdi. Sonrakı tarixi-siyasi proseslər nəticəsində Zəngəzurun bir hissəsi Ermənistana verilmiş, Zəngilan isə Azərbaycanın tərkibində qalmışdır. 1930-cu il avqustun 8-də müstəqil inzibati rayon kimi təşkil edilən Zəngilan uzun illər kənd təsərrüfatı, dəmir yolu nəqliyyatı və təbii sərvətləri ilə ölkəmizin iqtisadi həyatında mühüm rol oynamışdır.

Araz, Həkəri və Oxçuçay kimi çayların əhatə etdiyi rayon əlverişli təbii şəraiti, meşələri və münbit torpaqları ilə fərqlənir. Xüsusilə Bəsitçay Dövlət Təbiət Qoruğunda qorunan nadir çinar meşələri Zəngilanın təbiət sərvətlərinin əvəzsiz nümunəsidir. Rayonun iqtisadi potensialı kənd təsərrüfatının, heyvandarlığın, meyvəçiliyin və nəqliyyat-logistika sahələrinin inkişafı üçün geniş imkanlar yaradır.

Zəngilanın uzun illər davam edən işğalı rayonun yaşayış məntəqələrinə, iqtisadiyyatına və mədəni irsinə ağır zərbə vurdu. Yaşayış və inzibati binalar dağıdıldı, təsərrüfat infrastrukturu sıradan çıxarıldı, tarixi abidələrə ciddi ziyan dəydi. İşğal nəticəsində doğma yurdlarından didərgin düşən zəngilanlılar uzun illər Vətən həsrəti ilə yaşamağa məcbur oldular.

Rayonun tarixi-mədəni irsini əks etdirən çoxsaylı abidələrin zədələnməsi və dağıdılması xalqımızın keçmişinə qarşı törədilmiş vandalizmin acı nəticələridir. Şərifan abidələri, Şəhri Şərifan yaşayış yeri, Ağca Aşıq yaşayış yeri, Qız qalası, Qəsr qalası, XIII və XIV əsrlərə aid sərdabələr, Hacallı dairəvi bürcü, Bartaz Qız qalası, Sobu kəndindəki Tağlı körpüsü və Məmmədbəyli kəndində yerləşən Yəhya ibn Məhəmməd əl-Hoca məqbərəsi Zəngilanın zəngin tarixi irsinin mühüm nümunələridir. Quyudərə Xəştab kəndindəki qədim nekropol və Yeməzli kəndindəki küp qəbirlər isə bölgənin qədim yaşayış tarixini öyrənmək baxımından böyük əhəmiyyət daşıyır.

Bu abidələrin qorunması və bərpası yalnız tarixi yaddaşın yaşadılması deyil, həm də milli-mədəni irsimizin gələcək nəsillərə ötürülməsi baxımından vacibdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 20 oktyabr Zəngilan Şəhəri Günü kimi təsis edilmişdir. Bu qərar Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əbədiləşdirilməsi və işğaldan azad edilmiş şəhərlərin tarixdəki yerinin vurğulanması baxımından mühüm əhəmiyyət daşıyır.

Zəngilanın azad edilməsi Azərbaycan Ordusunun döyüş qüdrətini, xalqımızın birliyini və dövlətimizin qətiyyətini nümayiş etdirdi. Bu Zəfər uzun illər doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayan insanların ümidlərini gerçəyə çevirdi. Zəngilan bu gün azadlığın, milli qürurun və yenidən dirçəlişin rəmzi kimi yaşayır.

Zəngilanın strateji coğrafi mövqeyi onun gələcək inkişafında mühüm rol oynayır. Azərbaycanın İranla və Ermənistanla həmsərhəd olması, Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşməsi və Naxçıvana bağlantı imkanları bu ərazini regional nəqliyyat-kommunikasiya layihələri baxımından xüsusi əhəmiyyətli edir.

İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri çərçivəsində Zəngilan Beynəlxalq Hava Limanının yaradılması və Horadiz–Zəngilan avtomobil yolunun tikintisi bölgənin nəqliyyat imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Bu layihələr yük və sərnişin daşımalarının inkişafına, iqtisadi əlaqələrin güclənməsinə, yeni iş yerlərinin açılmasına və Zəngilanın beynəlxalq logistika mərkəzinə çevrilməsinə xidmət edir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş Zəngilana səfərləri rayonun dirçəlişinin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini göstərir.

2021-ci il aprelin 26-da Zəngilana növbəti səfər zamanı rayon sakinləri ilə görüş keçirildi. Həmin gün Ağalı kəndlərinin əhatə olunduğu ilk “Ağıllı kənd” layihəsinin, Zəngilan Beynəlxalq Hava Limanının və Zəngilan–Horadiz avtomobil yolunun təməli qoyuldu. Bu layihələr azad edilmiş ərazilərdə müasir yaşayış mühitinin formalaşdırılması və Böyük Qayıdış prosesinin sürətləndirilməsi baxımından mühüm mərhələ oldu.

2021-ci il oktyabrın 20-də, Zəngilanın işğaldan azad edilməsinin birinci ildönümündə Prezident İlham Əliyev Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış oldu, hava limanında tikintinin gedişini və Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksində yaradılan şəraiti nəzərdən keçirdi. Səfər çərçivəsində “Zəngilan” yarımstansiyasının açılışı edildi, Rəqəmsal Yarımstansiyanın təməli qoyuldu. Bütün bunlar bölgədə müasir enerji təminatının, rəqəmsal infrastrukturun və dayanıqlı inkişafın əsaslarının yaradılmasına xidmət edir.

Bu gün Zəngilanda həyata keçirilən bərpa və yenidənqurma işləri Azərbaycanın güclü iqtisadi imkanlarını, quruculuq əzmini və vətəndaşlarının doğma yurdlarına qayıdışına verdiyi önəmi nümayiş etdirir. Ağalı kəndində tətbiq olunan müasir yaşayış modeli Böyük Qayıdışın başlanğıc mərhələsinin mühüm nümunəsidir.

20 Oktyabr – Zəngilan Şəhəri Günü xalqımızın tarixi Qələbəsini, qəhrəman əsgər və zabitlərimizin fədakarlığını, dövlətimizin qətiyyətini və gələcəyə inamını özündə birləşdirir. Zəngilanın yenidən qurulması, tarixi irsinin qorunması və sakinlərinin doğma torpaqlarına qayıdışı Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi böyük quruculuq siyasətinin mühüm tərkib hissəsidir. Zəngilanın hər bir yeni binası, çəkilən yolu və bərpa olunan infrastrukturu tarixi Zəfərin davam edən təntənəsidir.

Lalə Mədətova

YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Paylaş:
Baxılıb: 20 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Gündəm

Analitik

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31