Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / 20 Oktyabr – Zəngilan Şəhəri Günü

20 Oktyabr – Zəngilan Şəhəri Günü

20.10.2026 [10:32]

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Zəngilanın azadlığı Azərbaycanın tarixi Zəfərinin, milli iradəsinin və dövlətimizin qüdrətinin təntənəsidir.

Azərbaycan xalqının tarixində elə günlər var ki, həmin günlər təkcə təqvimdəki bir tarixi deyil, bütöv bir xalqın qürurunu, mübarizəsini, sarsılmaz iradəsini və böyük Zəfərini özündə əks etdirir. 20 Oktyabr – Zəngilan Şəhəri Günü də xalqımızın yaddaşına əbədi həkk olunmuş belə əlamətdar günlərdəndir. Bu tarix doğma torpaqlarımızın azadlığı uğrunda aparılan mübarizənin, Azərbaycan Ordusunun qəhrəmanlığının və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qələbənin rəmzidir.

Zəngilanın azad olunması Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atılmış mühüm addımlardan biri olmaqla yanaşı, uzun illər doğma yurd həsrəti ilə yaşayan minlərlə insanın qəlbində yenidən ümid və sevinc alovunu yandırdı.

Azərbaycanın dilbər guşələrindən olan Zəngilan rayonu coğrafi mövqeyi, zəngin təbii sərvətləri, münbit torpaqları, gözəl təbiəti və tarixi-mədəni irsi ilə seçilən bölgələrimizdəndir. Araz çayının sahilində yerləşən bu qədim diyarın ölkəmizin iqtisadi və strateji həyatında da mühüm yeri vardır.

Lakin Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da işğal olundu. Bundan əvvəl rayonun ətraf ərazilərinin işğalı və mühasirə şəraitinin ağırlaşması yerli əhalini son dərəcə çətin vəziyyətə salmışdı. İnsanlar doğma evlərini, ata-baba yurdlarını tərk etmək məcburiyyətində qaldılar. Minlərlə ailə məcburi köçkün həyatının ağır sınaqları ilə üzləşdi.

İşğal illərində Zəngilanın yaşayış məntəqələrinə, tarixi abidələrinə və infrastrukturuna ciddi ziyan vuruldu. Rayonun təbii sərvətləri talan edildi, meşələrə və ətraf mühitə böyük zərər dəydi. Zəngilanın taleyi bütövlükdə Qarabağ və Şərqi Zəngəzur bölgələrinin üzləşdiyi faciənin bir hissəsinə çevrildi.

Bununla belə, zəngilanlılar doğma torpaqlarına qayıtmaq ümidini heç vaxt itirmədilər. Onlar Azərbaycanın digər məcburi köçkünləri kimi, dövlətimizin ərazi bütövlüyünün bərpa olunacağına, üçrəngli bayrağımızın doğma yurdlarında dalğalanacağına inandılar. Bu inam xalqımızın milli birliyinin, vətənpərvərliyinin və dövlətinə sədaqətinin bariz nümunəsi idi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın uzun illər davam edən işğala son qoymaq əzmini bütün dünyaya nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın birliyi 44 günlük müharibədə tarixi Qələbənin əldə olunmasını təmin etdi.

Vətən müharibəsinin 24-cü günü – 2020-ci il oktyabrın 20-də Zəngilan şəhərinin işğaldan azad edilməsi xəbəri Azərbaycan xalqına böyük sevinc bəxş etdi. Həmin gün şəhərlə yanaşı, rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan və Muğanlı kəndlərinin də azad edildiyi elan olundu.

Zəngilanın azad edilməsi hərbi-strateji baxımdan mühüm əhəmiyyət daşıyırdı. Azərbaycan Ordusunun Arazboyu istiqamətdə əldə etdiyi uğurlar düşmənin müdafiə mövqelərinin yarılmasına və növbəti qələbələr üçün əlverişli şəraitin yaranmasına imkan verdi. Sonrakı günlərdə rayonun digər yaşayış məntəqələri də işğaldan azad edildi.

Bu tarixi hadisə bir daha sübut etdi ki, Azərbaycan xalqının iradəsini heç bir qüvvə sındıra bilməz. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, ordumuzun gücü və xalqımızın həmrəyliyi torpaqlarımızın azadlığına aparan yolu müəyyənləşdirdi.

2023-cü il iyulun 31-də Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, oktyabrın 20-si Zəngilan Şəhəri Günü kimi təsis edildi. Bununla da Zəngilanın azadlığına həsr olunmuş bu əlamətdar tarix dövlətçilik tariximizin mühüm günlərindən biri kimi rəsmiləşdirildi.

Bu gün Zəngilan yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir. İşğaldan azad olunan ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri dövlətimizin gücünü, iqtisadi imkanlarını və vətəndaşlarına göstərdiyi diqqəti nümayiş etdirir.

Zəngilanda müasir infrastrukturun yaradılması, avtomobil və dəmir yollarının çəkilməsi, yaşayış məntəqələrinin yenidən qurulması, sosial obyektlərin inşası və istehsal sahələrinin inkişafı bölgənin gələcək tərəqqisi üçün möhkəm təməl formalaşdırır. Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi də rayonun nəqliyyat imkanlarının genişləndirilməsi və beynəlxalq əlaqələrinin inkişafı baxımından mühüm hadisədir.

Bütün bu layihələr Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsinə xidmət edir. Məqsəd təkcə dağıdılmış evləri və infrastrukturu bərpa etmək deyil, həm də keçmiş məcburi köçkünlərin doğma torpaqlarında təhlükəsiz, rahat və firavan həyat sürmələri üçün müasir şərait yaratmaqdır.

Zəngilanın Ağalı kəndində həyata keçirilən müasir yaşayış layihəsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ağıllı kənd konsepsiyası əsasında qurulan Ağalı dövlətimizin işğaldan azad edilmiş ərazilərdə yeni həyatın təşkili istiqamətində atdığı mühüm addımların nümunəsidir. Burada yaradılan şərait doğma torpaqlara qayıdışın real məzmununu və gələcəyə yönəlmiş mahiyyətini əks etdirir.

Zəngilanın inkişafı, eyni zamanda, Şərqi Zəngəzur iqtisadi rayonunun potensialının reallaşdırılması, yeni iş yerlərinin yaradılması, sahibkarlığın genişləndirilməsi və regionun ölkə iqtisadiyyatına inteqrasiyası baxımından böyük əhəmiyyət kəsb edir.

Zəngilan Şəhəri Günü bizə yalnız qələbə sevincini yaşatmır, həm də şəhidlərimizin müqəddəs xatirəsi qarşısında məsuliyyətimizi xatırladır. Bu torpaqların azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın fədakarlığı heç vaxt unudulmayacaq. Qazilərimizin şücaəti, hərbçilərimizin qəhrəmanlığı və Azərbaycan xalqının müharibə dövründə nümayiş etdirdiyi birlik tariximizin ən şərəfli səhifələrindəndir.

Bu gün qarşımızda duran əsas vəzifələrdən biri qazanılmış tarixi Zəfəri qorumaq, azad edilmiş ərazilərdə quruculuq işlərini davam etdirmək və gələcək nəsillərə güclü, müstəqil, suveren Azərbaycan miras qoymaqdır.

İnanıram ki, Zəngilanın yenidən dirçəlməsi, doğma yurdlarına qayıdan insanların burada firavan həyat qurması və bölgənin ölkəmizin inkişafında mühüm rol oynaması qarşıdakı illərdə daha aydın görünəcək. Zəngilanın hər bir kəndində, hər bir küçəsində həyatın canlanması xalqımızın qayıdış əzminin və dövlətimizin qüdrətinin təcəssümü olacaq.

20 Oktyabr – Zəngilan Şəhəri Günü münasibətilə bütün Azərbaycan xalqını, xüsusilə zəngilanlı soydaşlarımızı ürəkdən təbrik edirəm. Zəngilanın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə möhkəm cansağlığı arzulayıram.

Zəngilanın azadlığı xalqımızın birliyinin, dövlətimizin qətiyyətinin və ordumuzun qəhrəmanlığının təntənəsidir. Bu tarixi Zəfər bir daha təsdiqlədi ki, Azərbaycan xalqı öz torpaqlarına sahib çıxmaq, milli suverenliyini qorumaq və gələcəyini müstəqil şəkildə müəyyən etmək əzmindədir.

Paylaş:
Baxılıb: 13 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Gündəm

Analitik

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31