Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ulu Öndər Heydər Əliyev Azərbaycan səhiyyəsinin inkişafında misilsiz xidmətlər göstərib

Ulu Öndər Heydər Əliyev Azərbaycan səhiyyəsinin inkişafında misilsiz xidmətlər göstərib

01.05.2021 [00:33]

Azərbaycanın müstəqil dövlət kimi qurulmasında, formalaşmasında və regionda lider dövlətə çevrilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna və əvəzedilməz xidmətləri olmuşdur. Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları müstəqil Azərbaycanda bütün sahələri - iqtisadi, sosial, ictimai, siyasi, hərbi, elm-təhsil, səhiyyə, mədəniyyət, tikinti-quruculuq, bir sözlə, həyatın bütün sahələrini əhatə etmişdir. Bütün bunların sayəsində, eyni zamanda, aparılan uğurlu xarici və daxili siyasət nəticəsində respublikamız regionda lider dövlətə, həmçinin regionda icra edilən bütün transmilli layihələrin əsas iştirakçısına və aparıcı qüvvəsinə çevrildi.

Bu məqamda xüsusi olaraq vurğulayaq ki, hələ sovet dövründə Ulu Öndər Heydər Əliyev elmə, təhsilə, tikinti-quruculuq işlərinə böyük önəm vermişdir. Keçən əsrin 70-80-ci illərində hər il Azərbaycandan 700-800 nəfər orta məktəb məzunu ali təhsil almaq üçün keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə (Moskva, Leninqrad, Kiyev, Rostor və s.) göndərilirdi. Ali təhsillərini bitirdikdən sonra respublikamıza qayıdan yüksəkixtisaslı kadrlardan sənayenin müxtəlif sahələrində, elmdə, kənd təsərrüfatında və başqa sahələrdə istifadə olunurdu.

Həmin dövrdə Ulu Öndərin Vətəni və xalqı üçün göstərdiyi misilsiz xidmətlərdən biri də Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması oldu. Ümummilli Lider azərbaycanlı gənclərin hərbi xidmətə marağının artırılması və onların keçmiş ittifaqın ordusu sıralarında ölkəmizi layiqincə təmsil etməsi üçün 1971-ci ildə bu məktəbin yaradılmasına nail oldu. Keçmiş SSRİ rəhbərliyi səviyyəsində bu işə maneələr olmasına baxmayaraq, Azərbaycan rəhbərliyi 20 iyul 1971-ci ildə “İxtisaslaşdırılmış internat məktəbinin yaradılması haqqında” qərar qəbul etdi. Hərbi təmayüllü məktəb Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradıldı və təhsil ocağına diviziya komandiri general Cəmşid Naxçıvanskinin adı verildi. 1997-ci il noyabrın 24-də Ulu Öndərin Sərəncamı ilə məktəb Cəmşid Naxçıvanski adına Hərbi Lisey adlandırılıb.

Qeyd edim ki, məhz sovet dövründə bu hərbi təhsil ocağının yaradılması ilə respublikamız üçün milli hərbi kadrların yetişdirilməsinin əsası qoyuldu. Xalqımızın Ümummilli Liderinin uzaqgörənliklə atdığı bu addımın bəhrəsini isə müstəqillik illərində gördük. Məlum olduğu kimi, həmin hərbi kadrlar həm Birinci, həm də İkinci Qarabağ müharibəsində ön sırada oldular. Onu da qeyd etmək vacibdir ki, məhz 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi düşmənlərimiz olan ermənilər üzərində, erməni ordusu üzərində qələbə qazandı. Bu tarixi qələbə ilə Azərbaycanın Ali Baş Komandanı və Azərbaycan Ordusu öz adlarını qızıl hərflərlə Azərbaycan və dünya tarixinə yazdılar.

Yuxarıda da vurğuladığımız kimi, Ulu Öndər Heydər Əliyev Azərbaycanda bütün sahələrin, o cümlədən elmin, səhiyyənin inkişafına da daim diqqət yetirmişdir. Məsələn, Ulu Öndər Azərbaycan tibb alimlərinin səsinin Sovet İttifaqında, eləcə də dünya miqyasında eşidilməsi üçün tibb elminin müxtəlif sahələrinə aid (cərrahiyyə, terapiya, onkologiya, pediatriya, endokrinologiya, kardiologiya, pulmonologiya, ginekologiya, epidemiologiya və s.) gənc alimləri Moskva, Leninqrad, Kiyev və digər şəhərlərdə yerləşən elmi-tibbi mərkəzlərə - doktoranturalara yönləndirilməsinə şərait yaratmışdı.

Bəlli olduğu kimi, sovet dövründə belə respublikanın səhiyyə sisteminin inkişafı üçün davamlı addımlar atan Ulu Öndərimiz, eyni zamanda, Azərbaycan Dövlət Tibb İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsini də daim diqqətdə saxlamış və nəticədə, Tibb İnstitutunda hazırlıq şöbəsi, internatura kursu, istehsalat təcrübə dekanlığı yaradılmışdır. Tibb İnstitutunun 50 illik yubileyində İnstitut SSRİ-nin Qırmızı Əmək Bayrağı Ordeninə layiq görülmüşdür və bu ordeni institutun bayrağına ovaxtkı Djerjinski (indiki Şəhriyar) adına klubda Heydər Əliyev şəxsən Özü sancmışdır. Bundan başqa həmin dövrdə bir sıra iri səhiyyə müəssisələri inşa edilib istifadəyə verilmişdir. Onlara Respublika Neyrocərrahiyyə Mərkəzini, Diaqnostika Mərkəzini, Əlillərin Reabilitasiya Mərkəzini, Toksikoloji Mərkəzi, Kliniki Uroloji Xəstəxananı, Kimya-Əczaçılıq zavodunu və s. tibbi müəssisələri nümunə göstərmək olar. 1993-cu ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətini parçalanmaqdan xilas etdi. İşinin həddindən artıq çox olmasına baxmayaraq, O, yenə də səhiyyə sisteminə diqqətini azaltmadı. 1998-ci ildə Azərbaycan Tibb Universitetinin yeni tədris binasının açılışında şəxsən iştirak etdi və geniş nitq söylədi, həkimlərin əməyinə yüksək qiymət verdi. 2000-ci ildə də Ulu Öndər Heydər Əliyev Tibb Universitetinin 500 yerlik akt zalının açılışında və eyni zamanda, Tibb Universitetinin 70 illik yubileyində də şəxsən iştirak etmiş və çox geniş nitq söyləmiş, universitetin əməkdaşlarını yüksək fəxri elmi adlarla təltif etmişdir. 2000-ci ildə Tibb Universitetində strateji əhəmiyyətli Hərbi Tibb fakültəsi yaradıldı ki, bu da məhz Ümummilli Liderin göstərişi ilə oldu. Ümummilli Liderimiz sonralar Tibb Universiteti klinikalarının yaradılmasına göstəriş verdi. Bu istiqamətdə ilkin olaraq Stomatoloji klinika yaradıldı və müasir avadanlıqlarla təmin olundu.

Səhiyyə sistemi Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasəti uğurla davam etdirən Prezident cənab İlham Əliyevin də daim diqqət mərkəzindədir. Məlum olduğu kimi, cənab Prezidentin təşəbbüsü, sərəncamları əsasında, eyni zamanda, şəxsən iştirakı ilə Tibb Universitetinin Onkoloji klinikası, Tədris Terapevtik və Tədris Cərrahiyyə klinikaları fəaliyyətə başlamışdır. Tədris Terapevtik və Tədris Cərrahiyyə klinikalarının həm təməlqoyma, həm də açılış mərasimlərində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva şəxsən iştirak ediblər.

Mayın 10-da müasir müstəqil Azərbaycanın qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür. Dahi şəxsiyyət Heydər Əliyev müstəqil dövlətçiliyimizin qurucusu kimi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.

Rafiq Məmmədhəsənov

YAP Veteranlar Şurasının üzvü, Əməkdar elm xadimi

Paylaş:
Baxılıb: 695 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31