Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir

Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir

05.05.2021 [08:37]

Bir neçə aydan sonra dahi şəxsiyyət Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövlət müstəqilliyinin yenidən bərpasının 30-cu ildönümünü qeyd edəcək. Qürurvericidir ki, müstəqilliyimizin 30 illiyini Qələbə qazanmış, Zəfər çalmış xalq kimi, dövlət kimi qeyd edəcəyik. 2020-ci ilin 8 noyabr tarixini salnaməsinə Zəfər Günü kimi yazan ölkəmiz bir daha, sözün əsl mənasında, müstəqil siyasət yürütdüyünü, heç kimin diktəsi ilə oturub-durmadığını, milli maraqların hər şeydən öndə dayandığını dünyaya nümayiş etdirdi. Xalqımız dillərdə əzbər olan “Zəfərin mübarək, Azərbaycan!” çağırışından fərəh hissi keçirir, bu günü gec-tez yaşayacaqlarına şübhələrinin olmadığını bildirir. Çünki müstəqil Azərbaycanımız 1993-cü ildən elə bir uğurlu yola çıxıb ki, ancaq inkişaf, tərəqqi, problemlərin həlli, xalqın sabaha ümidlərinin böyüklüyü, Prezidentinə inamı və etimadı arxada qalan illərin əsas xarakteristikası olub.
Xalq xilaskarına üz tutdu
Bu günümüzü düzgün dəyərləndirmək, Heydər Əliyev yolunun dövlətimizə, xalqımıza qazandırdığı uğurların miqyasının genişliyini dərk etmək üçün müstəqillik tariximizin ayrı-ayrı dövrlərinə nəzər salmağa böyük zərurət var. Azərbaycan xalqı müstəqilliyimizin ilk illərində böyük faciələrlə, çətinliklərlə üz-üzə qaldı. Həmin dövrdə ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları Azərbaycanı “olum, ya ölüm” dilemması qarşısında qoymuşdu. Digər tərəfdən, silahlı qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalına səbəb oldu. Ölkədə yaşanan xaos, anarxiya, özbaşınalıqlar, vətəndaş qarşıdurması, torpaqlarımızın itirilməsi xalqımızın sabaha ümidlərini itirdi, insanlar vəziyyətdən çıxmağın yollarını axtarmağa başladılar. Belə çətin günlərdə xalqımızın xilaskar kimi üz tutduğu yeganə ünvan Ulu Öndər Heydər Əliyev oldu. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən, ilk olaraq, göz önünə Onun xilaskarlıq missiyası gəlir.
Bugünkü uğurlarımızın başlanğıcı
Dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən, düşünülmüş və məqsədyönlü siyasətinin Azərbaycanımızın qarşısında açdığı imkanlardan, üfüqlərdən bəhs etmədən öncə Onun ən böyük xidməti olaraq 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasını qeyd etməliyik. Çünki uğurlarımızın başlanğıcı kimi partiyanın yaranması qeyd edilməlidir. 1992-ci il oktyabrın 16-da xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi kimi dəyərləndirilən 91 nəfər ziyalının müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevə bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, milyonların partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti dövlətçilik tariximizdə dönüş nöqtəsi oldu.
Yeni Azərbaycan Partiyasının yaradılmasından bizləri 29 ilə yaxın zaman ayırır. Təsis Konfrasını 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası bu gün milyonların partiyasına çevrilərək Ulu Öndər Heydər Əliyevin ideyalarının, həyata keçirilən siyasətin təbliğatçısı və iştirakçısı kimi davamlı uğurları ilə diqqət mərkəzindədir. Ən əsası bu günümüzün reallıqları Ulu Öndər Heydər Əliyevin ziyalıların müraciətinə cavabında əksini tapan arzu və istəklərinin təsdiqidir. Dünənin, bu günün partiyası kimi gələcəyə böyük inamla addımlayan Yeni Azərbaycan Partiyası sözlə əməl birliyini, monolitliyini daim qoruyur, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirir. Bu gün 760 mindən artıq üzvü sıralarında birləşdirən partiya dünya təcrübəsində analoqu olmayan bu mühüm uğura da imza atıb ki, yaranmasından 7 ay sonra iqtidar partiyası kimi fəaliyyətini davam etdirir, arxada qalan 29 illik tarixini qələbələr və uğurlar səhifəsi ilə zənginləşdirib. Azərbaycanın müstəqillik tarixinin 29 ilinə bələdçilik edən Yeni Azərbaycan Partiyası gələn il yaradılmasının 30 illiyini qeyd edəcək. Cari ilin martın 5-də ölkəmizin 44 günlük İkinci Qarabağ müharibəsində yaratdığı yeni reallıqlar fonunda VII qurultayını keçirən Yeni Azərbaycan Partiyasının 29 ilə yaxın dövrdə qazandığı uğurlardan geniş bəhs edən dövlətimizin başçısı İlham Əliyev bir daha bu məqamı xüsusi qeyd etdi ki, partiyanın adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Yeni Azərbaycan Partiyası Heydər Əliyevin ətrafında yaradılmış, Onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə nümayiş etdirdiyi əsl vətənpərvərlik və Öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını Onun ətrafında birləşdirdi.
Heydər Əliyev yeni Azərbaycan yaratdı, müstəqilliyimizi əbədi, dönməz etdi
Əlbəttə, müstəqillik tariximizin ilk illərini düzgün təhlil edərək bugünkü uğurlarımızın Heydər Əliyevin adı ilə bağlı olduğunu böyük inamla qeyd edirik. Möhtərəm Prezidentimiz İlham Əliyev daim bu çağırışı edir ki, müstəqillik tariximizi tarixi paralellər fonunda təhlil etməli, o günlər haqqında tam təsəvvürə malik olmayan gənc nəsil nəyin bahasına müstəqilliyimizi qoruyub saxlaya bildiyimizi bilməlidir.
Dahi şəxsiyyət Heydər Əliyev bildirirdi ki, müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər çətindir. Bugünkü uğurlarımız üçün kimə borclu olduğumuzu gənc nəsil bilməlidir. Bu, inkaredilməz həqiqətdir ki, əgər Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də, ancaq bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Heydər Əliyev Azərbaycanı müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Ulu Öndər hər bir ölkənin inkişafında sabitliyin əsas rol oynadığını önə çəkərək ölkəmizi xaosdan, anarxiyadan xilas etdi. Bu tarixi paralel daim xalqımız tərəfindən aparılır ki, Ümummilli Lider Heydər Əliyev necə hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş ittifaqın geridə qalmış ölkəsindən ən qabaqcıl ölkəsinə çevirdi, eləcə də 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanı yenidən qurdu. Azərbaycan qısa müddətdə sabitlik məkanına çevrildi, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin müstəqilliyimizin ilk illərinin tərəddüdlərinə son qoyuldu, Azərbaycan qısa müddətdə investisiyalar məkanına çevrildi.
Xalq 2003-cü ildə Heydər Əliyev siyasətinə səs verdi
2003-cü ildən başlanan Böyük yolun davamının Azərbaycana qazandırdığı ən böyük uğur 30 ilin işğalına, torpaq həsrətinə son qoyulması, ərazi bütövlüyümüzün bərpasıdır. Bu Zəfəri şərtləndirən amillər ölkəmizin ayrı-ayrı sahələrdə qazandığı uğurlar, ən əsası gənc nəsildə Vətən, torpaq sevgisinin dərinləşməsi, vətənpərvərlik hissinin daha da artmasıdır. 2003-cü ildə keçirilən andiçmə mərasimində Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdiriləcəyini bildirən cənab İlham Əliyevin son 18 ildə fəaliyyətinə diqqət yetirsək hər vədini konkret əməli işdə təsdiqlədiyini görmək mümkündür. Ölkədə sabitliyin, iqtisadi tərəqqinin mövcudluğunu bütün inkişafın əsası kimi dəyərləndirən ölkə Prezidenti neft gəlirlərindən səmərəli istifadəni təmin etməklə qeyri-neft sektorunu inkişaf etdirdi.
Bu gün Azərbaycana hansı sahədən baxsaq inkişaf, tərəqqi qaçılmazdır. Ölkəmizdə ordu quruculuğu sahəsində atılan addımların uğurlu nəticələri də göz önündədir. 44 günlük İkinci Qarabağ müharibəsində tarix yazan Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında olduğunu bir daha təsdiqlədi. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu Qələbənin sevincini yaşayır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində dünyaya səs salan bu Zəfərimiz tariximizin ən şanlı səhifəsidir. Azərbaycan Ordusu erməni silahlı qüvvələrini iti qovan kimi torpaqlarımızdan qovdu. Ordumuzun gücü, qüdrəti qarşısında diz çökən Ermənistanın illərdir yaratdığı “məğlubedilməz erməni ordusu” mifi darmadağın edildi. Bu gün dünya Azərbaycan Ordusunun qəhrəmanlığından, döyüş taktikasından bəhs edir. “Əlbəttə ki, hərbi sahədə müharibə bizim şanlı səhifəmizdir. Amma, eyni zamanda, təcrübədir” söyləyən ölkə Prezidenti bildirir ki, indi beynəlxalq hərbi ekspertlər deyirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıb: “Biz elə planlaşdırmalıyıq ki, bəlkə də əlli ildən sonra XXII əsrin müharibəsinə də hazır olaq. Çünki güc hər şeyi həll edir. Əfsuslar olsun ki, bu, belədir. Beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər”.
Artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub, ölkəmizin həyatında yeni səhifə açılıb, işğaldan azad edilmiş torpaqlarımızda quruculuq və bərpa işləri həyata keçirilir. Tezliklə xalqımız hər bir vədini konkret əməli ilə təsdiqləyən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Böyük Qayıdışın da sevincini yaşayacaq.
Heydər Əliyev siyasətinin uğurlarının miqyası o qədər genişdir ki, bir yazıda əhatə etmək qeyri-mümkündür. Bunların ümumiləşdirilmiş ifadəsi bu gün Azərbaycanın adının tarixə qalib ölkə, Prezident İlham Əliyevin qalib Sərkərdə, xalqımızın məğrur, yenilməz xalq, ordumuzun rəşadətli ordu kimi yazılmasıdır. Ata vəsiyyətini yerinə yetirdiyi üçün Özünü xoşbəxt hiss edən dövlətimizin başçısı İlham Əliyev hər birimizin qürur ünvanıdır. Cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşən xalqımızın öz Liderinə sevgisi sonsuzdur.
Musa Musayev
Yeni Azərbaycan Partiyası
Təftiş Komissiyasının üzvü

Paylaş:
Baxılıb: 701 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31