Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Toğrul Ağalarlının bulaq-abidə kompleksinin açılış mərasimi keçirilib

Toğrul Ağalarlının bulaq-abidə kompleksinin açılış mərasimi keçirilib

06.11.2021 [11:28]

Xətai rayonunun Şirin Mirzəyev küçəsində Vətən müharibəsi şəhidi Toğrul Ağalarlının xatirəsinə ehtiram əlaməti olaraq inşa edilmiş bulaq- abidə kompleksinin açılışına həsr edilən mərasimdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, şəhidin ailə üzvləri, yaxınları, Vətən müharibəsi iştirakçıları və digər ictimaiyyət nümayəndələri, məktəblilər iştirak edirdilər.

Əvvəlcə mərasim iştirakçıları xatirə bulağının qarşısına tər gül-çiçək dəstələri düzdülər. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev mərasimdə çıxış edərək şəhidin ailəsinə başsağlığı verdi. Bildirdi ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu 30 il düşmən tapdağı altında olan torpaqlarımızı Ermənistanın işğalından azad edərək tarixi qələbə qazandı: “Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edən və qəhrəmancasına vuruşaraq müqəddəs şəhidlik zirvəsinə ucalan cəsur döyüşçülərimizdən biri də Toğrul Ağalarlıdır. Toğrul qardaşımız Vətən müharibəsinə könüllü qatılıb, döyüşlərdə igidliyi ilə seçilib. Bir sıra döyüşlərdə düşmənin canlı qüvvəsinin məhv edilməsində, parlaq qələbələrin qazanılmasında yaxından iştirak edib. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların ruhu şad olsun.”

R.Quliyev bildirdi ki, xalqımız Vətən müharibəsinin başladığını eşidəndə  ayağa qalxdı, Ali Baş Komandan İlham Əliyevin və ordumuzun ətrafında sıx birləşdi: “Bu amil əsgər və zabitlərimizə yeni ruh verirdi, düşmənə qarşı nifrət hissini daha da artırırdı. Bunun nəticəsi idi ki, şəhidlərimiz Vətəni hər şeydən üstün tutdular. Hər birimiz onlara borcluyuq. Şəhidlərimizin hər biri canlı tarixdir. Biz bu tarixi, Vətəni necə sevmək lazım olduğunu Toğrul qardaşımızın timsalında şəhidlərimizdən öyrənməliyik. Şükürlər olsun ki, doğma torpaqlarımızın geri alınmasına nail olduq. Hər bir evdən şəhid çıxa bilməz, hər bir ana qəhrəman övlad böyüdə bilməz. Toğrul qardaşımızın anası qəhrəmandır. Toğrulun anası Çiçək xanımın qarşısında baş əyirəm. Həmçinin şəhidlərimizin ruhu qarşısında baş əyirəm.”

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə söylədi ki, bu gün biz şəhid Toğrul Ağalarlının xatirəsinə ucaldılmış bulaq-abidə kompleksinin açılış mərasiminə toplaşmışıq: “Bu igidlər həm adlarını əbədiləşdirməklə, həm də işğal altında olan torpaqlarımızı fəth etməklə bizim qəlbimizdə həmişə yaşayacaqlar. Bir neçə gündən sonra Zəfər Gününü qeyd edəcəyik. Mən bu bayramı bizə yaşadan bütün insanların, xüsusilə şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Bu şəhidlər öz canları, qanları ilə işğal altında olan əzəli dədə-baba torpaqlarımızı yağı düşməndən təmizlədilər, tariximizə öz adlarını əbədi həkk etdilər. Vətən müharibəsinə qədər bu insanlar öz valideynlərinin övladları olublar, öz yaxınlarının əzizləri olublar. Amma bu gün şəhidlərimiz bütün Azərbaycan xalqının övladlarıdır. Bu insanlar xalqımız, dövlətimiz durduqca hər bir azərbaycanlının, Azərbaycanı sevənlərin qəlbində əbədi yaşayacaqlar. Mən bütün şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirəm. Həmçinin bu şəhidləri böyütmüş qəhrəman valideynlərin, qazilərimizin qarşısında baş əyirəm.”

V.Rəhimzadə vurğuladı ki, şəhidlərimiz bizim qürurumuzun, qəhrəman xalqımızın, güclü dövlətimizin varlığını sübut etdilər: “Onlar savaşın davam etdiyi 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək uzun illər keçilməz istehkamlar qurmuş yağı düşmənə sarsıdıcı zərbələr vuraraq onları yerində oturtdular. Bu gün Azərbaycan xalqı çox qürurla, alnıaçıq gəzir. Hər birimiz qürurluyuq ki, bu dövlətin vətəndaşlarıyıq və bu xalqın övladlarıyıq. Bunu bizə yaşadan şəhidlərimiz canları, qanları bahasına öz Vətəninə, dövlətinə bağlılıq nümunəsini ortaya qoydular. Hesab edirəm ki, hazırda bu müqəddəs məkanda, məhəllədə şəhidimizin ruhu bizim başımız üzərində dolanır. Hesab edirəm ki, bu abidə kompleksinin qarşısından keçən hər bir gənc, bütün vətəndaşlar daim şəhidlərimizi ehtiramla anacaqlar. Mən dəfələrlə vurğulamışam və burada da qeyd etmək istəyirəm ki, xalqı, dövləti, Vətəni üçün canını fəda etmiş insanların doğum tarixi olur, onların ölüm tarixi olmur. Allah bütün şəhidlərimizə rəhmət eləsin.”       

Milli Qəhrəman, şəhid Tahir Bağırovun həyat yoldaşı Leyla Bağırova çıxış edərək söylədi ki, bu gün biz şəhid Toğrul Ağalarlı kimi qardaşlarımızın sayəsində Vətən müharibəsi haqqında qürurla, fəxrlə danışırıq: “Bu Qələbəni Azərbaycanın igid, qəhrəman oğullarının sayəsində qazandıq. Azərbaycan xalqının birliyi, gücü Vətən müharibəsində öz sözünü dedi, düşmənləri yerində oturtdu. Bütün dünyaya sübut etdik ki, Azərbaycan xalqı qəhrəman və qorxmaz xalqdır. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Şəhidlik ən böyük zirvədir. Onların valideynlərinə, yaxınlarına Allahdan səbir diləyirəm. Eyni zamanda, şəhidlərin valideynlərinin qarşısında baş əyirəm.”

Mərasimdə şəhid Rövşən Nurzadənin atası, Xalq artisti Əli Nur çıxış edərək xalqımızı qarşıdan gələn Zəfər Günü münasibəti ilə ürəkdən təbrik etdi. O, Vətən müharibəsi zamanı xalqımızın birliyindən, ordumuzun göstərdiyi şücaətdən, qəhrəmanlıqlardan danışdı: “Vətən müharibəsində Azərbaycan xalqı da, dövləti də torpaqlarımızın işğaldan azad olunması ilə bağlı var qüvvəsini ortaya qoydu. İllərdir qurulan güclü ordu, yetişən vətənpərvər nəsil düşmən qarşısında yenilməz gücə çevrildi. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirdilər. Təmas xətti yarıldı və rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı düşmən tapdağından xilas etdi.”

Əli Nur, həmçinin Vətənə, şəhidlərimizə həsr olunan şeirlər səsləndirdi.

Mərasimdə Xətai Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, qazi Anar Məmmədov, Milli Qəhrəman Tahir Bağırov adına 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədova çıxış edərək Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən, şəhidlərin döyüş yolundan danışdılar, onlarla bağlı xatirələrini bölüşdülər. Azərbaycan xalqını qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edən natiqlər bildirdilər ki, bizim hər birimiz şəhidlərimizin həyat yolunu özümüzə örnək bilməliyik. Onlar şəhidlərimizə Allahdan rəhmət dilədilər, qazilərimizə cansağlığı arzuladılar.

Mərasimdə şəhidin anası Çiçək Ağalarlı və yaxınları çıxış edərək respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Toğrulla bağlı xatirələrdən danışdılar, onun kimi qəhrəmanların həyat yolunun gənc nəslə örnək olduğunu vurğuladılar. Onlar şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər. Həmçinin bulaq-abidə kompleksinin yaradılmasına görə Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkür etdilər.

Sonra Milli Qəhrəman Tahir Bağırov adına 59 nömrəli tam orta məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər.

Mərasimin sonunda şəhidlərimizin ruhuna dualar oxundu.

Paylaş
Baxılıb: 122 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31