Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır

Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır

10.12.2021 [16:46]

Cavid Osmanov

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü,

Milli Məclisin deputatı

Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın  ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə sıx bağlıdır. Ulu Öndər rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.

Ulu Öndərin 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi dövr xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur. 1969-cu il Azərbaycan SSR‑in sosial-iqtisadi və mədəni inkişafında dönüş ili olmuşdur. Ulu Öndərin rəhbərliyi altında respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji 70-ci illərin bariz əlamətinə çevrilmişdi. Bu illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Əslində, Azərbaycanın dövlət suverenliyi və müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş iqtisadi potensiala əsaslanır.

Sovetlər birliyi dağıldıqdan sonra 1991-ci ildə xalqımız müstəqillik əldə etsə də səriştəsiz və naşı rəhbərlər, xüsusilə də AXC-Müsavat cütlüyünün ölkədə törətdiyi qanunsuzluqlar, xalqa edilən xəyanətlər nəticəsində Azərbaycan ciddi böhranlarla üz-üzə qalmışdı. 1993-cü ilin may-iyun aylarında dövlət böhranının, hakimiyyətsizliyin, xaosun, başıpozuqluğun son həddinə çatması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda xalq təkidlə Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı və bu, ümummilli hərəkata çevrildi. 15 iyun 1993-cü il tarixə Milli Qurtuluş günü kimi daxil oldu. Həmin gün müdrik siyasətçinin, təcrübəli və iradəli dövlət xadiminin hakimiyyətə tarixi qayıdışı baş verdi. Azərbaycan tarixinin Heydər Əliyev dövrü özünün yeni, daha şərəfli, daha əzəmətli mərhələsinə qədəm qoydu.

1993-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı dağılmaqdan və milli fəlakətdən qurtardı. O, Azərbaycan dövlətçiliyini xilas etdi. 1994-cü ilin may ayında atəşkəs imzalandı və Ermənistanın aktiv hərbi təcavüzünün  qarşısı alındı. Ölkədə silahlı müxalifətin qarşısı alınaraq cəmiyyətin inkişafı dinc, demokratik yola yönəldildi. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin əsaslarını qoruyub saxlaya bildi. İflic vəziyyətinə düşmüş dövlət aparatı yenidən işləməyə başladı. Azərbaycan xalqının milli qüruru özünə qaytarıldı. Xalqın millət, torpaq, Vətən və bayraq sevgisi bərpa olundu.

Ümummilli Lider Heydər Əliyev ölkənin üzləşdiyi bir-birindən ağır problemlərin həll edilməsində, milli müstəqilliyin möhkəmləndirilməsində və dönməzliyin təmin edilməsində, müasir cəmiyyət quruculuğu işində etibarlı siyasi dayaq oldu. Son dərəcə qısa zaman kəsiyində Azərbaycan cəmiyyəti əsrə bərabər inkişaf yolu keçmiş oldu. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı millətin və dövlətin sabahına inamını bərpa etdi. Ümummilli Liderimizin siyasəti ilə xalqın amallarının üst-üstə düşməsi taleyüklü vəzifələrin uğurla həyata keçirilməsinə möhkəm zəmin yaratdı.

Cəmiyyət həyatının bütün sahələrində aparılan köklü islahatlar Azərbaycanın simasını dəyişdirdi. 1995-ci ildə ümumxalq referendum yolu ilə qəbul edilmiş ilk konstitusiyamız dəqiq hakimiyyət bölgüsünü təsbit etdi, vətəndaş cəmiyyətinin hüquqi bazasını yaratdı. Demokratik, azad seçkilər yolu ilə icraedici, qanunverici və məhkəmə hakimiyyətlərinin formalaşdırılması, milli dövlətçiliyin inkişafı, müasir dövlət quruculuğu prosesinin təməlini qoydu. İnsan hüquq və azadlıqlarının təmin edilməsi və etibarlı şəkildə qorunması sivil cəmiyyətin formalaşmasına təkan verdi.

Ölkədə bazar münasibətlərinə əsaslanan iqtisadi sistem təşəkkül tapdı. Aqrar islahatlar, özəlləşdirmə prosesi uğurla həyata keçirildi. Nəticədə əhalinin sosial rifahı nəzərə çarpacaq dərəcədə yaxşılaşmağa başladı. Ulu Öndərimizin yürütdüyü daxili və xarici siyasət nəticəsində gündən-günə güclənən müstəqil Azərbaycan dövləti tezliklə beynəlxalq aləmdə özünə layiqli yer tutdu.

Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. O, idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Azərbaycanın coğrafi cəhətdən kiçik ölkə olması faktı Heydər Əliyevin böyük siyasət adamı olaraq beynəlxalq miqyasda özünü təsdiq etməsinə mane ola bilməmişdir. Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Ulu Öndərin ən böyük gücü dərin və universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində və müdrikliyində idi.

Ümummilli Lider Heydər Əliyev kimi dahi, müdrik, dünya miqyasında mahir siyasətçi, nüfuzlu dövlət xadimi və şəxsiyyət olmasaydı Azərbaycanı 1918-1920-ci illərin aqibəti gözləyirdi. Bir sözlə, xalqı bəla bəhrindən xilas edərək ona firavan həyat bəxş edən Ulu Öndər Heydər Əliyev ölkədə hər bir sahənin - təhsil, mədəniyyət, səhiyyə, iqtisadiyyat, idman, ordunun güclənməsi, əhalinin sosial rifahının yüksəldilməsi və digər bütün sahələrin inkişafı naminə misilsiz xidmətlər göstərmişdir.

2003-cü ildən isə cənab Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasi kursunu müasir dövrün tələbləri çərçivəsində uğurla davam etdirməsi Azərbaycanın davamlı inkişafını təmin etmiş oldu. Ulu Öndər Heydər Əliyevin 1994-cü il 20 sentyabr tarixində reallaşdırdığı “Əsrin müqaviləsi”nin bazasında yeni və daha böyük enerji layihələrinin həyata keçirilməsi Azərbaycan dövlətinin iqtisadi müstəqilliyini möhkəmləndirməyə xidmət etdi. Eyni zamanda Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan regional və beynəlxalq əhəmiyyətli nəqliyyat layihələri Azərbaycanın iqtisadi cəhətdən qüdrətlənməsində mühüm rol oynamağa başladı. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Ölkədə hər bir sahəyə göstərilən xüsusi diqqət və qayğı nəticəsində insanların rifah halı davamlı olaraq yüksəlir və xalqımız sabitlik,      əmin-amanlıq şəraitində firavan həyat tərzi sürür. Ümummilli Lider Heydər Əliyevin də əsas amalı Azərbaycan xalqının xoş, firavan yaşam tərzini təmin etmək idi.

Ulu Öndərin əsas arzularından biri də məhz düşmən tapdağında olan ərazilərimizin işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası idi. Ömrünü xalqına həsr edən dahi şəxsiyətin bu arzusu isə ötən il Vətən müharibəsində əldə etidiyimiz möhtəşəm Zəfərlə gerçəkləşdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu  torpaqlarımızı işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyü və suverenliyini bərpa etdi. Bütün bu möhtəşəm uğurlar isə məhz ulu öndər Heydər Əliyevin siyasi kursu və amalları əsasında həyata keçirilmiş düşünülmüş siyasətin nəticəsində qazanılmışdır. Xalqımız öz xilaskarını heç zaman unutmayacaq və müstəqil Azərbaycan dövlətinin gələcək inkişafı naminə Ulu Öndər Heydər Əliyevin ideyaları ölkəmizdə əbədi yaşayacaqdır. 

Paylaş
Baxılıb: 159 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Müsahibə

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31