Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qüdrətli lider, müzəffər Ali Baş Komandan

Qüdrətli lider, müzəffər Ali Baş Komandan

23.12.2021 [20:46]

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova 

- Hörmətli Sahibə xanım, hazırda ölkəmizdə həyata keçirilən çox genişmiqyaslı islahatlar kursu bütün sahələri əhatə etməklə, möhtəşəm uğurlarla müşayiət olunur. Son 18 ildə ölkəmizin əldə etdiyi tarixi nailiyyətlər bir daha 2003-cü ildə Azərbaycan xalqının Heydər Əliyev siyasətinə dəstək verməsinin, bu siyasətin möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin parlaq nəticələridir. İstərdik ki, Sizinlə söhbətimizə də bu mövzu ilə keçid edək.

- Əlbəttə, hər bir xalqın, hər bir dövlətin tarixində onun sonrakı inkişaf yolunu, müstəqillik yolunu müəyyənləşdirən taleyüklü məqamlar, tarixi qərarlar olmuşdur. Azərbaycan dövlətçilik tarixində də belə tarixi anlar olmuş və xalqımız bu məqamlarda doğru qərarlar qəbul edərək, öz taleyinə sahib çıxmışdır. Azərbaycan xalqı müdrik xalqdır. 1993-cü ildə müstəqilliyimiz, müstəqil dövlətçiliyimiz təhlükə qarşısında qalanda, Azərbaycan xalqı böyük müdriklik nümayiş etdirərək, ən düzgün qərar qəbul etmiş, ən doğru ünvana yönəlmişdir. Xalqımız həmin məşəqqətli günlərdə Azərbaycanın dövlət müstəqilliyini, xalqımızın gələcəyini xilas etmək üçün inandığı, etimad göstərdiyi, böyük lider Heydər Əliyevə müraciət edəndə də, 2003-cü ildə - yeni əsrin və yeni minilliyin başlanğıcında tarixi seçim anında Heydər Əliyev siyasətinə dəstək verəndə də eyni müdrikliyi, əzmi və qətiyyəti nümayiş etdirmişdir.

Ümummilli lider Heydər Əliyev 2003-cü il oktyabrın 1-də  Azərbaycan xalqına tarixi müraciətində tam haqlı olaraq, cənab İlham Əliyevə böyük etimadını ifadə etmiş və bəyan etmişdir ki, "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək". Azərbaycan xalqı isə heç bir tərəddüd etmədən və əminliklə Ümummilli Liderin bu müraciətinə dəstək vermişdir. Ona görə ki, xalq özünün böyük lideri Heydər Əliyevə sarsılmaz inam bəsləyir, Onun göstərdiyi yolun ən düzgün yol olduğunu birmənalı qəbul edirdi. Azərbaycan xalqı o reallığı da dərk edirdi ki, qarşıdakı dövrdə də ölkəmizin gələcəyi naminə Heydər Əliyev siyasətinin davam etdirilməsi taleyüklü və həlledici amildir və Heydər Əliyev siyasətini davam etdirmək gücündə və iqtidarında olan, başlanılan qlobal işləri, transmilli layihələri uğurla həyata keçirə biləcək, Azərbaycanı Ulu Öndərin görmək istədiyi zirvələrə qaldıracaq yeganə lider möhtərəm Prezident İlham Əliyevdir. Azərbaycan xalqının bu tarixi seçimini şərtləndirən digər vacib amil isə şübhəsiz ki, yeni əsrin yeni Lideri kimi xarakterizə olunan cənab İlham Əliyevin ali kürsüdə fəaliyyətə başlayana qədər də bütün dövləti vəzifələri çox böyük uğurla həyata keçirməsi, nümayiş etdirdiyi xarizmatik liderlik və yüksək idarəçilik məharəti ilə istisnasız hər kəsin inamını qazanması olmuşdur. Bəli, bu gün Azərbaycan xalqı xoşbəxtdir ki, onun cənab İlham Əliyev kimi görkəmli dövlət xadimi qüdrətli, güclü, dünyada böyük nüfuza və hörmətə malik Lideri var. Möhtərəm Prezident İlham Əliyev həm də adı bütün dünyada böyük ehtiram və hörmətlə səslənən qlobal miqyaslı şəxsiyyətdir. Tam əminliklə söyləyə bilərik ki, dünya tarixində iz buraxmış böyük dövlət xadimlərinə xas olan liderlik bacarığı, səriştəli idarəçilik qabiliyyəti, qətiyyətlilik və prinsipiallıq, humanizm və digər yüksək keyfiyyətləri Azərbaycanın dövlət başçısında müşahidə edirik.

Ali kürsüdə ilk gündən Prezident cənab İlham Əliyev bəyan etmişdir ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıca şərt ölkədə Heydər Əliyevin siyasətinin davam etdirilməsidir. Çünki təcrübəli siyasətçi, geniş dünyagörüşünə malik müasir lider və böyük strateq kimi cənab Prezident İlham Əliyev çox dəqiq müəyyən etmişdir ki, yalnız Heydər Əliyev strategiyasını həyata keçirməklə, Onun qoyduğu siyasi yolu davam etdirməklə  Azərbaycanı güclü dövlətə çevirmək mümkündür. Zaman bir daha Azərbaycan xalqını haqlı çıxardı və Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan 18 ildir ki, uğurla inkişaf edir və Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.

- Hörmətli Sahibə xanım, Sizin də qeyd etdiyiniz kimi, Azərbaycan dövləti özünün inkişaf tarixinin şərəfli mərhələsini yaşayır. Bu dövrdə - ötən 18 ildə Azərbaycan dövləti möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə hansı böyük uğurlara imza atmışdır, hansı taleyüklü məsələlər həllini tapmışdır?

- Düşünürəm ki, bu sual ətrafında saatlarla, günlərlə danışmaq olar. 18 il dövlətçilik baxımından, elə də böyük bir dövr olmasa da, bu zaman periodu xalqımızın dövlətçilik tarixində ölkəmizin qarşısında duran hədəflərin reallaşdırılması, respublikamızın parlaq, ardıcıl inkişafının təmin edilməsi, müstəqilliyinin daha da möhkəmləndirilməsi, tarixi nailiyyətlərin əldə olunması kontekstində ən parlaq, ən şanlı dövrlərdən birini təşkil edir.

Dövlətimizin başçısı yeni minillikdə və müasir çağırışlar fonunda Azərbaycanı modernləşdirmək, dövlətimizi yeni inkişaf mərhələsinə qovuşdurmaq missiyasını çox uğurla yerinə yetirmişdir. Son 18 il ərzində Azərbaycan modernləşərək yeni bir keyfiyyət mərhələsinə qədəm qoymuş, ölkənin siyasi, iqtisadi, mədəni həyatı yeniləşərək tamamilə dəyişmişdir. Möhtərəm Prezident İlham Əliyevin praqmatik, çevik siyasəti, sistemli və ardıcıl strateji kurs ölkəmizin müasir inkişafını təmin etmişdir.

Bu illər ərzində ölkəmizdə ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi daha da möhkəmlənmişdir. Prezident İlham Әliyevin liderliyi ilə Azərbaycan yeni əsrin əvvəllərində keçid iqtisadiyyatı ilə vidalaşaraq yeni tərəqqi və milli inkişaf arxitekturası üzərində möhkəmlənən iqtisadi modelin tətbiqinə başlamış, postsovet ölkəsi fazasından çıxaraq yüksək inkişaf göstəriciləri ilə irəliləyən innovativ və modern iqtisadiyyata  malik ölkə kimi inamla inkişaf etmişdir. Bu dövrdə iqtisadiyyatın dinamik inkişafı, uzunömürlü tərəqqi, dayanaqlı makroiqtisadi sabitlik təmin edilmiş, iqtisadiyyatın şaxələndirilməsinə nail olunmuş, həyata keçirilən dövlət proqramları bütün bölgələrin hərtərəfli və tarazlı sosial‐iqtisadi tərəqqisinə və qeyri-neft sektorunun inkişafına yol açmışdır. Prezident İlham Əliyevin milli inkişaf doktrinasının başlıca hədəflərini təşkil edən modern və innovativ iqtisadiyyatın idarə olunması şəffaflığa və açıq cəmiyyətin təmin edilməsinə əsaslanmışdır. Ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, milli istehsalın və ixracın genişləndirilməsi, regional inkişaf proqramlarının uğurlu icrası və iqtisadi aktivlik coğrafiyasının regionlara doğru genişlənməsi, modern sənaye quruculuğu, qeyri-neft sektorunun sabit inkişafının təmin olunması kimi başlıca strateji vəzifələr uğurla yerinə yetirilmişdir.

O da məlumdur ki, ölkəmizin iqtisadi imkanlarının genişlənməsi və iqtisadi qüdrətinin artması daha səmərəli və çoxşaxəli sosial müdafiə tədbirlərinin həyata keçirilməsinə imkan vermişdir. Son 18 ildə ölkənin infrastruktur sistemi tamamilə yenilənmiş, müasir əsaslarda yenidən qurulmuşdur. Məqsədyönlü sosial tədbirlər nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, rifah halının yüksəlməsinə xidmət edən, vətəndaşların ali mənafeyinin üstün tutulduğu uğurlu sosial dövlət modeli formalaşdırılmış, işsizliyin və yoxsulluğun səviyyəsinin aşağı salınmasına nail olunmuş, əməkhaqları, pensiya və təqaüdlər əsaslı şəkildə artırılmışdır. Möhtərəm Prezident İlham Əliyevin cari ilin oktyabr ayının 16-da "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncam imzalaması, bir neçə gün öncə isə yeni Sərəncam və Fərmanlarla əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətindəki islahatların uğurla davam etdirilməsi bir daha Azərbaycanda vətəndaşların rifah halının yüksəldilməsi və sosial müdafiə tədbirlərinin genişləndirilməsinin qarşıdakı illərdə də prioritet olacağını söyləməyə əsas verir.

Azərbaycanda iqtisadi islahatlar uğurlu siyasi islahatlarla tamamlanır. Başqa sözlə, Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir. Möhtərəm Prezidentin prinsipiallığı bu sahədə də ciddi uğurların əldə olunmasını təmin etmişdir. Onun "Biz çalışmalıyıq ki, dünyanın demokratik baxımdan ən inkişaf etmiş ölkələrinin standartlarına yaxınlaşaq və bunu edəcəyik", fikri ölkənin liderinin demokratik proseslərin ardıcıllığının və dönməzliyinin təmin edilməsi ilə bağlı tələbkarlığının ifadəsidir. Müasir Azərbaycan 1993-cü ildə "Yolumuz demokratiya yoludur" deyən Ulu Öndərin görmək istədiyi respublikaya çevrilmişdir.

Bu gün hakimiyyətin bütün qollarında-qanunverici, icraedici və məhkəmə hakimiyyətlərində dərin islahatlar həyata keçirilir. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi sistemin təkmilləşdirilməsi və siyasi dialoq mühitinin möhkəmləndirilməsi, yeni siyasi konfiqurasiyanın yaranması, demokratik təsisatların fəaliyyətinə geniş imkanların yaradılması, plüralizmin, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi, söz və məlumat azadlığının təmin olunması, məhkəmə - hüquq sisteminin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasət Azərbaycanın demokratik sütunlarının daha da möhkəmlənməsini şərtləndirmişdir.

Azərbaycanın hərtərəfli inkişafını xarakterizə edən mühüm məsələlərdən biri də bütün sahələri əhatə edən geniş və innovativ proqramların icrası, konseptual yanaşmanın tətbiqidir. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən yeni nəsil və modern islahatlar strategiyası Azərbaycanın dinamik inkişafını təmin edən mühüm şərtlərdən biridir. Qabaqcıl institusional islahatlar sırasında isə Birinci vitse-prezidentlik institutunun yaradılması müstəsna əhəmiyyətə malikdir. Ötən dövr göstərdi ki, ölkədə vitse-prezidentlik təsisatının yaradılması və hörmətli Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsi sonrakı mərhələdə vətəndaşlara dövlət diqqəti və qayğısının gücləndirilməsində, cəmiyyətin bütün təbəqələrini əhatə edən uğurlu sosial siyasətin davam etdirilməsində mühüm amil olmuşdur. Mehriban xanım Əliyevanın uğurlu və çoxşaxəli fəaliyyəti, ölkəmizin tərəqqisi, ayrı-ayrı sahələrdə mühüm inkişaf göstəricilərinin əldə olunması baxımından böyük əhəmiyyətə malikdir. Onun sosial və humanitar sahələrdə təşəbbüsləri, gördüyü mühüm işlər ölkəmizdə həyata keçirilən sosial müdafiə tədbirlərinin miqyasının genişlənməsində vacib rol oynayır. Mehriban xanım Əliyevanın istər 44 günlük Vətən müharibəsi dövründə Ordumuza dəstək, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində, istər pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirlər milli həmrəyliyimizin daha da möhkəmlənməsi üçün əvəzsiz töhfədir.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu dahi Heydər Əliyevin ölməz ideyalarını yaşadır, bu ideyalar işığında mənsub olduğu xalqa ləyaqətlə xidmət edir. Fondun milli-mənəvi dəyərlərin, multikulturalizm ənənələrimizin, mədəni irsimizin qorunmasında və dünyada təbliğində mühüm rolu, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafına verdiyi əvəzsiz töhfələri, xüsusi qayğıya ehtiyacı olan insanlara əl tutması onun xalqın hər kəsiminin böyük sevgisini qazanmasına səbəb olmuşdur. Fondun bir çox ölkələrdə həyata keçirdiyi humanitar təşəbbüslər isə Azərbaycanın adının  dünyada daha çox tanıdılmasına xidmət edir.

- Azərbaycanın iqtisadi, sosial, siyasi sahələrdə əldə etdiyi nailiyyətlər xarici siyasət sahəsində də uğurlu və qətiyyətli addımlar atmağa imkan vermişdir. Bu gün Azərbaycan qlobal miqyasda güclü və etibarlı tərəfdaş kimi qəbul olunur....

- Əlbəttə, bu tamamilə obyektiv rəydir. Azərbaycan Prezidentinin sülh və humanizm, birgə geniş əməkdaşlığı təmin edən xeyirxah missiyası qlobal məkanda birliyin, tolerantlığın, sivilizasiyalarararsı dialoqun, multikulturalizmin dərinləşməsinə töhfə verir, dövlətlərarası səmimi münasibətlərin təmas nöqtələrinin trayektoriyasını müəyyən edir. Azərbaycanın dövlət başçısının təşəbbüsləri ən yüksək səviyyədə qəbul olunur, Onun təşəbbüsü ilə BMT, Qoşulmama Hərəkatı və digər mühüm beynəlxalq təşkilatların vacib tədbirləri keçirilir.

Qeyd edim ki, ötən 18 ildə bütün digər istiqamətlərdə olduğu kimi, xarici siyasət sahəsində də ulu öndər Heydər Əliyevin əsasını qoyduğu prinsiplər uğurla tətbiq olunmuş, milli maraqlara söykənən müstəqil xarici siyasət həyata keçirilmişdir. Möhtərəm Prezident İlham Əliyev həmişə milli mənafe və maraqların qorunmasında uzaqgörənlik və prinsipiallıq nümayiş etdirmiş, hər zaman öz xalqına arxalanmışdır. Ölkə başçısının qətiyyəti, yüksək diplomatik səriştəsi, həmçinin, bütün məsələlərdə beynəlxalq hüquqa və ədalətə istinad edən prinsipial mövqeyi sayəsində Azərbaycanın beynəlxalq nüfuzu getdikcə yüksəlmiş, 2011-ci ildə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmiş, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv qəbul edilmişdir və təşkilata uğurla sədrlik etməkdədir. Digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq Azərbaycana inteqrasiyanın dərinləşməsinə, ölkə reallıqlarını dünya ictimaiyyətinə obyektiv və dolğun çatdırmağa imkan vermişdir.

Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada enerji və kommunikasiya təhlükəsizliyinin təmin olunmasına da əhəmiyyətli töhfələr verir. Son 18 ildə Prezident İlham Əliyevin təşəbbüsü və ölkəmizin müəllifliyi ilə nəhəng transmilli energetika layihələri həyata keçirilmiş, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəməri, Bakı-Tbilisi-Әrzurum qaz kəməri, XXI əsrin ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi kimi enerji təhlükəsizliyində mühüm rol oynayan nəhəng layihələr Avropanın enerji xəritəsini dəyişdirmişdir. Həmçinin Azərbaycanın təşəbbüsü ilə qlobal əhəmiyyət daşıyan trans-nəqliyyat, kommunikasiya layihələri reallaşdırılmış, Avropanı Asiya ilə birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması təmin edilmiş, Azərbaycan dünyada sayı məhdud olan kosmik ölkələr sırasına qoşulmuşdur. Həyata keçirilən qlobal layihələr nəticəsində Azərbaycan Avrasiyanın nəqliyyat habına çevrilmişdir. Hazırda ölkəmizdə altı beynəlxalq hava limanı var və Ermənistanın işğalından azad olunmuş ərazilərdə daha üç beynəlxalq hava limanı olacaqdır. Bildiyimiz kimi, artıq Füzuli rayonunda bu limanların birinin açılışı olmuşdur. Davos Forumunun reytinqinə əsasən, Azərbaycan yolların keyfiyyətinə görə 27-ci, hava nəqliyyatı xidməti və dəmir yolu nəqliyyatı xidmətinə görə 11-ci və 12-ci yerdə qərarlaşmışdır. Hazırda bu istiqamətdə əsas prioritetlərdən biri Zəngəzur dəhlizinin yaradılmasıdır. Həmin dəhliz Azərbaycandan Ermənistana və oradan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gedərək Türkiyə və Avropaya qədər uzanır. Şübhəsiz ki, bu dəhliz yeni nəqliyyat qovşağı üçün çox geniş imkanlara malik alternativ marşrut olacaqdır. Beləliklə, Prezident İlham Əliyevin təşəbbüsü və ölkəmizin müəllifliyi ilə həyata keçirilən nəhəng enerji və nəqliyyat layihələri ölkəmizin güclənməsinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə geniş imkanlar yaratmaqla yanaşı, daha geniş bir coğrafiyada əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasına mühüm töhfələr verir və Azərbaycan bu sahədə də güclü aktor rolunu məharətlə icra edir.

Təbiidir ki, uzun illər ərzində Azərbaycanın xarici siyasət institunun qarşısında duran bir nömrəli məsələ artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin həlli olmuşdur. Prezident cənab İlham Əliyev bu istiqamətdə də vəzifəni konkret müəyyənləşdirərək, qeyd etmişdir ki, "Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli yurdlarına qayıtmalıdırlar". 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan möhtərəm Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə özünün zəfər salnaməsinə daha bir möhtəşəm səhifə əlavə edərək, qalib dövlət kimi dünyaya öz gücünü göstərmişdir. Bu gün müzəffər Ali Baş Komandan İlham Əliyev dünyanın tanınmış ictimai-siyasi xadimləri tərəfindən haqlı olaraq müharibə və sülh dövrünün qəhrəmanı kimi qiymətlədirilir.

- Hörmətli Sahibə xanım, Siz tamamilə haqlı olaraq, vurğuladınız ki, son 30 ilə yaxın bir dövr ərzində Azərbaycan dövlətinin qarşısında dayanan bir nömrəli məsələ torpaqlarımızın işğaldan azad edilməsi olmuşdur. Azərbaycanın ötən il 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə sayəsində bu vəzifə də uğurla icra olunmuş və artıq ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur. Bu möhtəşəm qələbənin dövlətçilik tariximizdə yeri barədə nə demək olar?

- Əlbəttə, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ötən il Vətən müharibəsində qazandığı zəfər, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tariximizdə xüsusi əhəmiyyətə malik olan ən şanlı hadisələrdən biridir. İstər Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, istərsə də möhtərəm Prezident İlham Əliyevin fəaliyyətinin əsas qayəsini, nüvəsini torpaqlarımızın işğaldan azad edilməsi təşkil etmişdir. Artıq tarixdə qalmış münaqişənin sülh yolu ilə həll edilməsi üçün dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli, eləcə də çoxtərəfli görüşlərdə, ATƏT-in Zirvə toplantılarında, Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə və digər bütün platformalarda, eyni zamanda qarşı tərəflə birbaşa danışıqlarda göstərilən səylər ardıcıl və məqsədyönlü siyasətin mühüm tərkib hissəsini təşkil etmişdir. Bütün danışıq və görüşlərdə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, işğal faktının aradan qaldırılması məsələləri qətiyyətlə irəli sürülmüş, ölkəmizin bu ədalətli mövqeyinin bütün beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi və qəbul olunması üçün mümkün olan bütün addımlar atılmışdır. Nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair mühüm qərarların qəbul edilməsinə nail olunmuş, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət ifadə edilmiş, münaqişənin məhz bu prinsiplər əsasında həllinin vacibliyi qeyd olunmuşdur. Ölkəmiz münaqişənin sülh yolu ilə həllinə dair bütün təşəbbüsləri dəstəkləmiş, problemin ölkəmizin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həlli istiqmətində lazımi iradə ortaya qoymuşdur.

Biz Vətən müharibəsində əldə etdiyimiz qələbəni təmin edən bir çox amilləri qeyd edə bilərik. Ən mühüm amil son 28 il ərzində Azərbaycanda bərqərar olmuş səriştəli, etibarlı və məsuliyyətli siyasi rəhbərlik fenomenidir. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün reallıqlarına və çağırışlarına uyğun, böyük məharətlə həyata keçirilən siyasət ölkəmizin güclü iqtisadi əsaslara malik olması Vətən müharibəsində qələbəni təmin edən ən mühüm məsələlərdən biri olmuşdur. Dayanıqlı iqtisadi inkişaf Azərbaycanda bütün sahələrdə olduğu kimi, qüdrətli ordu quruculuğu istiqamətində də genişmiqyaslı tədbirlər həyata keçirməyə imkan vermiş, ölkəmizin müasir dövrün ən yüksək standartlarına cavab verən Silahlı Qüvvələri formalaşdırılmışdır. Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda döyüşən əsgər və zabitlərimizin əksəriyyəti məhz müstəqillik dövründə dünyaya gəlmiş gənclərimiz olmuşdur. Son illərdə Ordumuzun maddi-texniki bazası əsaslı şəkildə gücləndirilmiş, Silahlı Qüvvələrimiz ən müasir döyüş texnikaları ilə, silah-sursatla təmin olunmuşdur. Görülən məqsədyönlü tədbirlər nəticəsində dünya miqyasında 50 ən güclü ordu sırasında olan Azərbaycan Ordusunun texniki imkanları böyük dərəcədə artmışdır və İkinci Qarabağ müharibəsində biz bunu bir daha nümayiş etdirdik. Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi şücaət, yüksək döyüş qabiliyyəti və apardığı əməliyyatlar dünya hərb tarixinə qızıl hərflərlə yazılmışdır. 44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın kənd, çoxsaylı strateji yüksəkliklər azad olunmuş, Ermənistan ordusu şanlı Azərbaycan Ordusu tərəfindən darmadağın edilmişdir. Eyni zamanda, biz ölkəmizdəki sabitliyi, milli birliyi, həmrəyliyi, xalqımızın öz lideri ətrafında dəmir yumruq kimi birləşməsini tarixi zəfərin əsas səbəblərindən biri kimi dəyərləndirə bilərik.

Əlbəttə, Vətən müharibəsində əldə etdiyimiz qələbə Azərbaycan tarixində, Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bu qələbə sayəsində qalib xalq kimi özünü dünyaya ləyaqətlə təqdim etmişdir. Ali Baş Komandan Ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək, xalqımıza özünün çoxəsrlik tarixində ən böyük uğuru və xoşbəxtliyi yaşatmışdır. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi, Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və əbədi yaşayacaqdır.

- Artıq münaqişə başa çatmış və post-münaqişə dövründə həm ölkəmiz, həm də region üçün tamamilə yeni mənzərə yaranmışdır. Bu yeni mərhələdə Azərbaycan dövlətinin qarşısında hansı vəzifələr durur?

- Azərbaycanın gələcəklə bağlı hədəfləri kifayət qədər aydındır. Möhtərəm Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı nitqində bu hədəfləri ifadə edərək demişdir: "Ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti artsın, təsir imkanlarımız artsın və daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın". Eyni zamanda, dövlət başçısı yeni dövrü quruculuq inkişaf dövrü kimi xarakterizə etmişdir. Azərbaycan münaqişə sonrası bərpa və yenidənqurma mərhələsinə qədəm qoymuşdur. Söhbət işğaldan azad olunan ərazilərimizin yenidən qurulması ilə yanaşı, regionda yeni proseslərin başlanmasından gedir. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatı xüsusilə regionda kommunikasiya xətlərinin açılması ilə əlaqədar olan 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatı ilə daha da inkişaf etdirilmiş, regionda nəqliyyat kommunikasiya xətlərinin açılması üçün konkret istiqamətlərdə fəaliyyətə başlanılmışdır. Nəqliyyat, kommunikasiya, infrastruktur layihələri regionda sülh, təhlükəsizlik və inkişafa töhfə verəcək və bütün türk dünyası, eyni zamanda, digər ölkələr üçün də əlavə imkanlar yaradacaqdır. Regionda yeni kommunikasiya və nəqliyyat dəhlizlərinin, o cümlədən çox önəmli Zəngəzur dəhlizinin, yaradılması əməkdaşlığı daha da gücləndirəcək, habelə ticarət dövriyyəsinin artmasına xidmət edəcəkdir. Füzulidə yeni beynəlxalq aeroportun inşası, gələcəkdə Zəngilan və Laçında da tikintisi davam edən beynəlxalq hava limanlarının istismara verilməsi regionun nəqliyyat imkanlarını daha da genişləndiriləcək.

Azad olunmuş ərazilərimizin bərpasına gəlincə, bildiyiniz kimi, həmin ərazilərimizdə irimiqyaslı tikinti işləri həyata keçirilir. Azərbaycan müasir şəhərsalma üsulları, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarını tətbiq edərək, sıfırdan yeni şəhərlər və kəndlər inşa edir. Xüsusi olaraq, qeyd etmək lazımdır ki, Azərbaycan bütün bu işləri öz maddi imkanları hesabına görür. Düşünürəm ki, bölgənin zəngin yeraltı və yerüstü təbii ehtiyatlara malik olması, gələcəkdə əlverişli investisiya mühitinin yaradılması onun iqtisadi potensialını daha da artıracaqdır. Həyata keçiriləcək tədbirlər milli iqtisadiyyatımızın da inkişafına təkan verəcəkdir. Çünki azad edilmiş bölgələrin iqtisadi potensialı kifayət qədər böyükdür və ölkəmiz bu potensialdan məharətlə istifadə edərək Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirəcəkdir.

Məlumdur ki, cari ilin iyul ayında Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü müəyyənləşdirilib. Bu Fərmana əsasən, iki yeni rayon - Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb. Təbii ki, bu qərar strateji, iqtisadi və tarixi baxımdan kifayət qədər vacib qərar, əhəmiyyətli bir addımdır. Yeni bölgü işğaldan azad olunmuş ərazilərimizin, bütövlükdə Qarabağın bərpa və yenidənqurma prosesinin daha sürətli, eyni zamanda iqtisadi inkişafın formalaşmasına daha sistemli, dövlət proqramları çərçivəsində yanaşmanın həyata keçirilməsinə imkan verəcək, işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialından daha geniş istifadə edilməsinə şərait yaradacaq.

Təbii ki, işğaldan azad olunmuş ərazilərimizin bərpası və dirçəldilməsi, məcburi köçkünlərimizin öz dədə-baba torpaqlarına təhlükəsiz şəkildə qayıtması ilə yanaşı, ölkəmizdəki inkişaf dinamikasının qorunub saxlanılması, əhalinin sosial-müdafiəsinin və rifahının yüksəldilməsi, ölkəmizin beynəlxalq mövqelərinin daha da genişləndirilməsi, təhlükəsizlik və sərhədlərimizin möhkəmləndirilməsi kimi vacib məsələlər də qarşıdakı dövrdə ölkəmizin əsas prioritetləri sırasında olacaqdır.

- Biz növbəti sualımızı altıncı çağırış Milli Məclisin fəaliyyəti haqqında vermək istərdik. Ötən il fevral ayının 9-da Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər keçirilmiş və bu seçkilər nəticəsində yeni tərkibdə parlament formalaşmışdır. Milli Məclisdən cəmiyyətin gözləntiləri ölkəmizdə geniş vüsət alan islahatlar kursuna səmərəli töhfələr verməsi, müasir dövrün tələbləri ilə səsləşən qanunvericilik təşəbbüsləri ilə çıxış etməsi, parlament diplomatiyasının imkanlarından uğurla faydalanaraq, Azərbaycan gerçəkliklərinin beynəlxalq miqyasda tanıdılması, ölkəmizin mənafe və maraqlarının qorunmasında fəal iştirakı və digər vacib vəzifələrdir. Ötən dövrdə Milli Məclis bu vəzifələrin icrası istiqamətində hansı addımları atmışdır?

- Qeyd etdiyiniz kimi, ötən il ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların dərinləşdirilməsi, Milli Məclisin fəaliyyətinin səmərəliliyinin daha da artırılması məqsədilə keçirilən növbədənkənar seçkilər nəticəsində altıncı çağırış Milli Məclisin yeni tərkibi formalaşmışdır. Möhtərəm Prezidentimiz İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında söylədiyi nitqində parlamentin qarşıdakı dövrdə fəaliyyətinin həyata keçirilməsi ilə bağlı çox dəyərli tövsiyələr vermişdir.

O da məlumdur ki, altıncı çağırış Milli Məclisi fəaliyyətə başladığı gündən ötən dövr  ərzində ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyətli hadisələr baş vermişdir. Bu dövr müzəffər Azərbaycan Ordusunun tarixi Zəfəri, yeni parlamentin formalaşması, pandemiyaya qarşı mübarizə ilə xarakterizə olunur. İlk növbədə, xalqımızın Vətən müharibəsində qazanılmış Zəfərinə öz səlahiyyətləri çərçivəsində Azərbaycan parlamenti də  töhfəsini vermişdir. Belə ki, Qarabağda hərbi əməliyyatların başlandığı gündən Milli Məclis cəbhə bölgəsindəki  həqiqətləri, Ermənistanın dinc əhaliyə qarşı təxribatlarını, hərbi əməliyyatların getdiyi ərazidən kənarda yerləşən şəhər və rayonlarımızı artilleriya və raket atəşinə tutması ilə bağlı faktları beynəlxalq ictimaiyyətin  diqqətinə çatdırmaq məqsədi ilə 88 ölkənin parlamentinə və 11 beynəlxalq təşkilata 140-dan çox məktub göndərmişdir. Bir çox ölkələrin Spikerləri, beynəlxalq təşkilatların rəhbərləri ilə danışıqlar aparılmışdır. Ölkəmizdə akkreditə olunmuş səfirlərlə görüşlər keçirilmiş, deputatlarımız xarici media orqanlarında Ermənistanın törətdiyi təxribatlar barədə materiallarla çıxış etmiş, sosial şəbəkələrdə fəallıq nümayiş etdirmişlər. Həmçinin müharibə ilə əlaqədar parlamentimiz tərəfindən bir sıra bəyanatlar, qərarlar və digər sənədlər qəbul olunmuşdur.

Sirr deyil ki, Milli Məclisin qarşısında duran vəzifələr, ilk növbədə, ondan ibarətdir ki, Milli Məclis qanunvericilik sahəsində müasir tələblərlə ayaqlaşan, ölkəmizin reallıqlarına və inkişaf dinamikasına əsaslanan, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən quruculuq işlərinin hüquqi bazasının möhkəmləndirilməsinə xidmət edən təşəbbüslərlə çıxış etsin. Deyə bilərik ki, ötən dövrdə qanunvericilik fəaliyyəti daha da təkmilləşdirilmiş, qanun layihələrinin hazırlanması zamanı daha çox keyfiyyətə diqqət yetirilmiş və bir çox mühüm qanunlar qəbul olunmuş, bəzi qanunlara əlavə və düzəlişlər edilmişdir. Qanun layihələrinin müzakirəsi zamanı parlamentdə təmsil olunan müxalifət partiyalarının rəhbərlərinə və təmsilçilərinə çıxış üçün geniş imkanlar yaradılmış, qanun layihələri ilə bağlı ictimai dinləmələrin keçirilməsinə geniş yer verilmişdir. Elə bu günlərdə geniş ictimaiyyətin də böyük marağına səbəb olan "Media haqqında" Azərbaycan Respublikası Qanununun layihəsinin parlamentdə müzakirələrini örnək kimi qeyd edə bilərik. Bu layihə ilə bağlı parlamentin komitələrinin birgə iclaslarında keçirilən müzakirələrə Milli Məclisin üzvləri, müvafiq dövlət orqanlarının təmsilçiləri ilə yanaşı, media ictimaiyyətinin çoxsaylı üzvləri, vətəndaş cəmiyyətinin nümayəndələri də qatılmışdır. Milli Məclisdə qanun layihələrinin bu formatda  müzakirə olunması ənənəyə çevrilməkdədir.

Həmçinin parlament ölkəmizdə həyata keçirilən siyasi islahatların ruhuna uyğun olaraq, Azərbaycanda çoxpartiyalı sistemin təkmilləşdirilməsinə, siyasi münasibətlərin sağlam zəmində qurulmasına özünəməxsus töhfələr vermişdir.

Möhtərəm Prezident İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasında söylədiyi dərinməzmunlu nitqində parlamentin gələcək fəaliyyəti ilə bağlı mühüm tövsiyələrdən biri fəal parlament diplomatiyasının həyata keçirilməsi, ölkə həqiqətlərinin geniş ictimaiyyətə çatdırılmasında bu imkanlardan uğurla istifadə edilməsi olmuşdur. Azərbaycan Milli Məclisi olaraq, ötən dövr ərzində bu istiqamətdə də fəaliyyətimizi genişləndirməyə çalışmışıq. Müxtəlif platformalarda Azərbaycan dövlətinin və xalqının maraqlarını, milli mənafeyi qorumaq Milli Məclisin beynəlxalq sahədə fəaliyyətinin məğzini təşkil edir. Bu məqsədlə təkcə 2021-ci ildə mənim başçılığımla parlament nümayəndə heyətimizin xarici ölkələrə 13, Milli Məclisin sədr müavinlərinin 6, deputatlarımızın 64 səfəri baş tutmuşdur. Həmçinin parlamentdə mənim 1 baş nazir, 3 parlament rəhbəri, 3 xarici işlər naziri olmaqla, ümumilikdə 32 görüşüm olmuşdur. Deputatlarımızın keçirdikləri canlı və onlayn görüşlərin sayı isə 230-a yaxındır. Cari ildə Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının Sədri cənab Bakir İzetbeqoviç, Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Mustafa Şəntop, Pakistan İslam Respublikası Milli Assambleyasının Sədri cənab Əsəd Qeysər, Koreya Respublikası Milli Assambleyasının Sədri cənab Park Byonq-Soq ölkəmizə rəsmi səfərlər etmişlər. Bu dövrdə Azərbaycan, Pakistan, Türkiyə Parlament Sədrlərinin Bakıda keçirilmiş Birinci Üçtərəfli Görüşünü parlament diplomatiyamızın mühüm uğurlarından hesab etmək olar. Görüşün sonunda imzalanmış Bakı Bəyannaməsi, spikerlərin Şuşaya və işğaldan azad olunmuş digər ərazilərimizə birgə səfərləri parlamentlərarası əlaqələrimizin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da dərinləşməsinə töhfə vermişdir.

Parlamentin əsas funksiyalarından biri də təmsilçiliklə bağlıdır. Milli Məclisə seçilmiş deputatlar öz seçicilərinin maraqlarını təmsil və müdafiə etməlidirlər. Deputatlar seçildikləri dairələrdə fəal iş aparmalı, seçicilərlə daim təmasda olmalıdırlar. İnsanları narahat edən məsələlərin Milli Məclisdə, eləcə də digər dövlət orqanları qarşısında qaldırılması deputatlar qarşısında dayanan ən mühüm vəzifələrdən biridir. Bununla yanaşı, ictimai təşəbbüslər və çağırışlar qanun yaratma prosesində nəzərə alınmalıdır. Düşünürəm ki, ötən dövrdə Milli Məclisin deputatlarının bu istiqamətdə də fəaliyyəti müsbət qiymətə layiqdir.

Bizim hər birimizin fəaliyyəti üçün önümüzdə çox dəyərli örnəklər mövcuddur. Bu örnəkləri möhtərəm Prezident İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva yaradırlar. Onların dövlətə, xalqa sevgisi, milli və dövlətçilik maraqlarını qətiyyətlə, ən yüksək səviyyədə müdafiə etməsi, Azərbaycanın adını yüksəkliklərə qaldırması hesab edirəm ki, nəinki Milli Məclisin üzvləri, hər bir Azərbaycan vətəndaşı üçün örnək təşkil etməlidir.

Paylaş
Baxılıb: 155 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Müsahibə

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31