Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Gənc nəsil bilməlidir ki, biz kimə borcluyuq”

“Gənc nəsil bilməlidir ki, biz kimə borcluyuq”

24.12.2021 [11:10]

Beynəlxalq aləmdə güclü, qüdrətli, böyük nüfuza malik dövlət kimi tanınan Azərbaycan tarixinin 2020-ci il səhifəsinə Qalib ölkə adını da əlavə etdi. Əldə edilən uğurlar və Şanlı Zəfər böyük səylərin, qətiyyətin, yorulmaz fəaliyyətin, ən əsası dövlət, xalq, Vətən sevgisinin nəticəsidir. Ölkəmizin hər bir uğuru ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Vətənini, torpağını, xalqını canından artıq sevən Ümummilli Lider daim Azərbaycanın bu günü və gələcəyi barədə düşünərək ölkəmizi necə görmək istədiyini açıqlayırdı.

Hədəflər bəlli, onların reallığa çevrilməsini təmin edən siyasət isə düşünülmüş və məqsədyönlüdür. Müstəqilliyinin yenidən bərpasının 30 ilini arxada qoyan Azərbaycanın bu gününü dünəni ilə müqayisə etdikdə bu fikri böyük inamla və fəxrlə qeyd edirik ki, Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də kənar qüvvələr tərəfindən idarə olunan yarımmüstəmləkə idi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkəmizin həyatında aparıcı rol oynayan, Ümummilli Liderin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının VII qurultayındakı nitqində o illərin gerçəkliklərini xatırlayaraq qarşıya bu vəzifəni qoydu: “O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq.”

Heydər Əliyev siyasəti, Onun ideyaları Azərbaycanın davamlı uğurlarının, gələcəyimizin əsasıdır. Bu siyasət dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsi fonunda beynəlxalq imicinin yüksəldilməsi, söz sahibi olması kimi mühüm taleyüklü məsələlərdə öz təsdiqini tapıb. Azərbaycan möhkəm təmələ söykənərək bütün sahələrdə davamlı uğurlara imza atdı, dünya birliyinin layiqli üzvünə çevrildi. Azərbaycanın son 18 ildə əldə etdiyi uğurlara diqqət yetirmədən öncə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 1 oktyabr 2003-cü ildə xalqa müraciətini yada salaq. Ümummilli Lider bildirmişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”

2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən İlham Əliyev Azərbaycanın daha da qüdrətli, güclü dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bəyan etdi və bu yola sadiqliyini hər bir addımı ilə təsdiqləyir. Ötən illər ərzində görülən işlər, əldə olunan uğurlar dövlət başçısı İlham Əliyevin 2008, 2013 və 2018-ci illər prezident seçkilərində də parlaq qələbəsini təmin etdi. Hər bir vədini əməli işi ilə təsdiqləyən Prezident İlham Əliyev Azərbaycanı sözünün imzası qədər əhəmiyyəti olan ölkə kimi tanıdır. Ölkəmizin iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü də bunun bariz nümunəsidir. Azərbaycan, eyni zamanda, yerləşdiyi coğrafi məkana görə müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirərək ölkələr, xalqlar arasında körpü rolunu oynayır.

Prezident İlham Əliyevin son 18 ildə Azərbaycana qazandırdığı uğurlardan bəhs edərkən onların zirvəsində dayanan tarixi Zəfərimiz böyük qürurla vurğulanır. Xalqımıza Qarabağ Zəfərini bəxş edən, qalib, yenilməz, məğrur xalq olduğunu bir daha dünyaya nümayiş etdirən  Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin güclü dövlət konsepsiyasının əsasını üç mühüm amil - iqtisadi, siyasi, hərbi güc təşkil edir ki, onların vəhdəti 44 günlük Vətən müharibəsində Qələbə qazanılmasını təmin etdi.

Bu illər ərzində Azərbaycan iqtisadi müstəqilliyini daha da möhkəmləndirdi. 2003-cü ildən bəri qeyri-neft sektorunun inkişafının, enerji sektorundan asılılığın minimuma endirilməsinin prioritetliyi önə çəkilərək bu istiqamətdə mühüm addımlar atıldı. Qarşıya qoyulan hədəfə yüksək səviyyədə nail olmaq üçün regionların malik olduğu potensialdan maksimum istifadə etmək məqsədilə Regional inkişaf proqramları qəbul olunub və uğurla icra edilir. Bu sənədlərdə ayrı-ayrı rayonların malik olduqları iqtisadi potensiala uyğun olaraq hədəflər və onların icra mexanizmləri öz əksini tapıb. Təkcə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı fonunda digər bölgələr barədə aydın təsəvvür yaratmaq mümkündür. Prezident İlham Əliyevin Dövlət proqramlarından irəli gələn vəzifələrin icrası ilə yaxından tanış olmaq məqsədilə bölgələrə səfərləri, ictimaiyyət nümayəndələri ilə görüşərək onları narahat edən məsələləri özlərindən eşitmək istəyi, səmimi ünsiyyətin qurulması, bir sözlə, hər bir vətəndaşının Prezidenti olaraq onların rahat yaşayışının təmin olunması üçün bütün zəruri işlərin görülməsi ilə bağlı aidiyyəti qurumlar qarşısında vəzifələr qoyması, tapşırıqlarını verməsi ölkəmizdə xalq-iqtidar birliyinin möhkəmliyinin, sarsılmazlığının təsdiqidir. Bu birlik inkişafın təməlində dayanan əsas faktordur. Dövlət başçısı İlham Əliyevin bu ilin may ayında Naxçıvan Muxtar Respublikasına səfəri sayca 15-ci idi. Hər səfərin nə qədər yeni   obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qaldığını da nəzərə alsaq, inkişafın hansı səviyyədə olduğunu müəyyənləşdirmək çətin deyil. Bunun üçün təkcə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin yanvar-sentyabr ayları üçün təqdim etdiyi sosial-iqtisadi göstəricilərə diqqət yetirmək kifayətdir. Qeyd edilən dövrdə Naxçıvan Muxtar Respublikasında 2 milyard 151 milyon 583 min 500 manatlıq ümumi daxili məhsul istehsal olunub. Sənaye məhsulu istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz artıb. Kənd təsərrüfatı məhsulu istehsalı artıb. Əhaliyə göstərilən sosial xidmətin səviyyəsi olduqca yüksəkdir.  2021-ci ilin yanvar-sentyabr aylarının sosial-iqtisadi göstəriciləri cari ili də uğurla başa vuracağımız barədə aydın təsəvvür yaradır. Hazırda bütün bölgələrimiz inkişaf, tərəqqi dövrünü yaşayır, rayonlar arasında sağlam rəqabət həyata keçirilir, görülən işlər vətəndaş məmnunluğunun yüksəlməsinə stimul verir.

Ümummilli lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bu günümüzə hesablanmış mühüm addımlar sırasındandır. Belə ki, tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft müqaviləsi Azərbaycanın bugünkü reallıqlarının əsası oldu. Son 18 ildə çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri reallığa çevrildi. Həmçinin əməkdaşlığın coğrafiyası genişləndi və bu istiqamətdə başlanğıc kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, TANAP və TAP istifadəyə verildi. 2017-ci ildə “Əsrin müqaviləsi”nin davamı olaraq “Yeni əsrin müqaviləsi” imzalandı. Bütün bunlar Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin göstəriciləridir.

Prezident İlham Əliyevin “güclü dövlət” konsepsiyasının tərkib hissəsi olaraq Azərbaycanın siyasi mövqeyinin möhkəmlənməsi üçün geniş imkanlar yarandı. Dövlətimizin çoxşaxəli, çevik və açıq xarici siyasət kursu, ən əsası qarşılıqlı hörmət və maraqlar prinsipinə əsaslanması Azərbaycana yeni dostlar və tərəfdaşlar qazandırır. 30 il torpaqları işğal altında qalan, dünyadan ədalət gözləyən ölkəmiz üçün həqiqətlərinin təbliği, erməni yalanlarının ifşası, bir sözlə, diplomatik mübarizədə qələbə mütləq idi. Prezident İlham Əliyevin hər bir çıxışının mahiyyətində artıq bu gün tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqların təbliği dayanırdı. 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “Qarabağ Azərbaycandır və nida işarəsi” dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2019-cu ildə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Ermənistana və ona havadarlıq edən dövlətlərə tutarlı cavabı, ünvanladığı mesaj idi. Ölkə Prezidentinin qətiyyəti sayəsində bu bəyanat Vətən müharibəsində reallığa çevrildi. Azərbaycanın son 18 ildə xarici siyasət uğurlarından bəhs edərkən BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunmasını, həmçinin Qoşulmama Hərəkatına üzv qəbul olunaraq iki il quruma sədrliyin ölkəmizə həvalə olunması inam və etimadın göstəricidir. Onu da qeyd edək ki, bu il Qoşulmama Hərəkatına üzv dövlətlərin təşəbbüsü ilə Azərbaycanın quruma sədrliyinin müddəti bir il də uzadıldı. Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri, artıq iki ildən artıqdır dünyanı cənginə almış koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərini yalnız ölkə daxilində deyil, beynəlxalq miqyasda da genişləndirməsi ölkəmizə olan etimadı daha da artırdı. Möhtərəm Prezidentimiz bu çağırışı etdi ki, qlobal problemə qarşı birgə mübarizə aparılmalıdır. Ölkə Prezidentinin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə Görüşləri, BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirildi. 

Dövlət başçısı İlham Əliyevin güclü dövlət konsepsiyasının digər mühüm amili hərbi gücdür. Peşəkar hərbi qulluqçuların hazırlanması, ordunun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində bütün lazımi addımlar atıldı. İllər ötdükcə Azərbaycanın artan iqtisadi imkanları fonunda ordumuz dünyanın ən qabaqcıl ölkələrinin istehsalı olan müasir hərbi texnikalar ilə daha da gücləndirildi. Müxtəlif ölkələrlə hərbi əməkdaşlığa dair sənədlər imzalandı, hərbi qulluqçularımızın xarici dövlətlərdə müxtəlif təcrübə proqramlarında iştirakı təmin edildi. Beynəlxalq reytinqlərə görə, Azərbaycanın Silahlı Qüvvələri bu gün dünyada ən güclü 50 ordu sırasında yer tutur. Vətən müharibəsinə qədər Azərbaycan Ordusu öz gücünü və döyüş qabiliyyətini 2016-cı ilin aprelində həm işğalçı Ermənistana, həm də dünyaya nümayiş etdirdi. Azərbaycan tarixinə Zəfər səhifələrindən biri kimi daxil olmuş Aprel döyüşlərində qəhrəman Ordumuz Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi, Yerevan-Gorus-Laçın yolu nəzarətə götürüldü. Həmçinin 2020-ci ilin iyulunda düşmənin Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhədində törətdiyi təxribatdan sonra başlayan hərbi əməliyyatlar zamanı işğalçı ölkənin ordusuna ağır zərbələr endirildi. Ermənistanın bu təxribatları dövlətimizin, xalqımızın səbir kasasını doldururdu. Ötən il sentyabrın 27-də düşmən növbəti genişmiqyaslı təxribat törətdi. Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən ərazilərimizə hücumlarının qarşısını almaq üçün ordumuz Ali Baş Komandanın irəli əmrindən sonra əks-hücum əməliyyatına başladı. 44 gündə 30 ilin işğalına son qoyulması Azərbaycan dövlətinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, ordumuzun gücünün, qüdrətinin, xalqımızın birliyinin, torpağa, Vətənə bağlılığının təqdimatı oldu. İqtisadi, siyasi və hərbi gücün vəhdəti Dağlıq Qarabağ münaqişəsini tarixə qovuşdurdu, bölgədə yeni reallıqlar yaratdı. Dövlət başçısı İlham Əliyev 10 may 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində bu məqamı xüsusi qeyd etmişdir ki, Günnüt əməliyyatı Naxçıvan Ordusunun, Azərbaycan Ordusunun potensialını göstərdi. İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri - həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmiş və şəhidlər vermiş, böyük fədakarlıq göstərmişlər: “Bilirsiniz ki, Naxçıvandan Bakıya xüsusi qruplar gətirilmişdi. Eyni zamanda, mən onu da bildirməliyəm, yəni, artıq bildirə bilərəm ki, Naxçıvan Ordusunda olan silahların, sursatların bir hissəsi də Bakıya gətirilmişdir və cəbhə bölgəsinə göndərilmişdir. İndi biz həmin o silah-sursatların ehtiyatlarını təmin edirik, ancaq bu da olub. Ona görə Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır”.

Ötən 18 ilin reallıqları təsdiqləyir ki, Prezident İlham Əliyev qurucu, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi qarşıya qoyan və bütün gücünü bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi, etibar etdiyi Liderdir. 44 günlük Vətən müharibəsi xalq-Prezident birliyini bir daha təqdim etdi. Azərbaycanın dünyaya səs salan “Dəmir yumruq” əməliyyatı bu birliyin aydın mənzərəsini yaratdı. Cənab İlham Əliyevin 18 illik Prezidentlik dövrünün 17 ilini ərazi bütövlüyümüzün bərpasına hazırlıq illəri kimi xarakterizə etmək olar. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev istər Vətən müharibəsi dövründə xarici mətbuata çoxsaylı müsahibələrində, xalqa müraciətlərində, istərsə də tarixi Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizə səfərləri zamanı çıxışlarında bu fikri xüsusi qeyd edir ki, biz bu torpaqlara qayıtmaq üçün təbii ki, güclənməliydik. Gücləndik, münaqişənin həlli üçün möhkəm hüquqi baza yaradıldı və “Artıq yetər!” deyib torpaqlarımızı mənfur düşməndən xilas etdik. Artıq biz bu torpaqlardayıq, əbədi olacağıq. Ölkə Prezidenti İlham Əliyev ötən il noyabrın 8-də Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən bu fikirləri ifadə etməklə bir daha ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyini, onun vəsiyyətini yerinə yetirmək üçün səylər göstərdiyini, dövlətini, xalqını güclü, alnı açıq, üzü ağ, qürurlu, məğrur görməkdən xoşbəxt olduğunu təsdiqlədi: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına verdiyi sözü əməli fəaliyyəti ilə təsdiqlədi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider, torpaqlarımızın xilaskarı, qalib Sərkərdə kimi adını əbədi olaraq tarixə qızıl hərflərlə yazdı. Cənab İlham Əliyev 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. 2021-ci ilin 10 may tarixində ölkə Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri təsadüfi deyildi. Ümummilli Lider Heydər Əliyevin doğum günündə muxtar respublikaya səfər edən Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində “Cənab Prezident, bu gün ölkəmizin həyatında çox tarixi və əlamətdar bir gündür. Bu gün Ulu Öndərin doğum günüdür. Siz bu gün səhər Ulu Öndərin məzarını ziyarət etmisiniz. Burada - Naxçıvanda isə babanızın məzarını ziyarət etmisiniz. İstərdik hisslərinizi bölüşəsiniz” sualına cavabında bildirmişdir ki, “Tarixi Zəfərdən sonra bu, atamın birinci doğum günüdür. Ona görə hesab etdim ki, ənənəvi olaraq onun məzarını ziyarət edəndən sonra Vətəninə - Naxçıvana gəlim. Bu səfərin çox böyük rəmzi mənası var. 15-ci dəfədir ki, Naxçıvana gəlirəm. Amma ilk dəfə mayın 10-da Naxçıvandayam. Bu doğum günündə mütləq burada olmalıydım”.

Möhtərəm Prezidentimiz müsahibəsində bu mühüm məqamı xüsusi qeyd etdi ki, babam Əlirza Əliyevin məzarını ziyarət etdim. Əlirza Əliyev və nənəm İzzət xanım Azərbaycan xalqına Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş etmişlər. Heydər Əliyev nəinki Azərbaycan hüdudları çərçivəsində, dünya miqyasında böyük hörmət qazanmış və müstəsna xidmətləri olmuş şəxsiyyətdir. Heydər Əliyev həyatda nə əldə edibsə öz biliyi, bacarığı, zəkası və fədakarlığı nəticəsində əldə edib və bütün dövrlərdə xalqımıza ləyaqətlə xidmət edib: “Məhz onun rəhbərliyi ilə Azərbaycan 1970-ci illərdə ayağa qalxdı, ən geridə qalmış müttəfiq sovet respublikasından ən qabaqcıl respublikaya ucaldı. Onun rəhbərliyi ilə, bax, burada - Naxçıvanda naxçıvanlılar erməni işğalının qabağını ala bildilər. Çünki mənfur düşmənin niyyətləri də, məhz siyasəti də o idi ki, Naxçıvanı da işğal etsinlər. Bu, artıq onların növbəti işğal planı çərçivəsində idi. Bu təhlükə var idi, bu təhlükə çox ciddi idi. Azərbaycana o vaxt heç kim kömək etmirdi. Azərbaycanın ordusu yox idi, Silahlı Qüvvələri yox idi. Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas hissəsi ilə əlaqəni itirmişdi. Ermənilər Naxçıvanı blokadaya almışdılar. Üç tərəfdən Naxçıvan Ermənistanla əhatə olunur. Belə bir vəziyyətdə Naxçıvanı qorumaq, müdafiə etmək və düşməni yerinə oturtmaq Ulu Öndərin müstəsna xidmətlərindən biridir. Əlavə olaraq deməliyəm, o vaxt hakimiyyətdə olan AXC-”Müsavat” cütlüyü bütün imkanları səfərbər etmişdi ki, Naxçıvanda Heydər Əliyevi devirsinlər, öz marionetlərini gətirsinlər və faktiki olaraq Naxçıvanı da ermənilərə bağışlasınlar. Onlar buna da hazır idilər, təki Heydər Əliyev amili Azərbaycan siyasətindən götürülsün.”

Ancaq Ulu Öndərin qətiyyəti, cəsarəti, siyasi müdrikliyi, naxçıvanlıların fədakarlığı ermənilərin və AXC-Müsavat cütlüyünün planlarını alt-üst etdi. Ulu öndər Heydər Əliyev Naxçıvanı qorudu, necə ki, ondan sonra Azərbaycanı böyük bəlalardan qoruya bildi. 1993-cü ildə ölkəmiz demək olar ki, parçalanırdı, vətəndaş müharibəsi gedirdi və məhz ulu öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində bu ağır sınaqdan üzüağ çıxa bildik. Məhz tarixi Zəfərimizin təməli o vaxt qoyulmuşdur. “Naxçıvan bizim əziz diyarımızdır, Heydər Əliyevin Vətənidir” söyləyən Prezident İlham Əliyev vurğulayır ki, hər bir azərbaycanlı üçün əziz, doğma diyardır və Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı özümüz yaratmışıq. Bu gün Ulu Öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü bu inkişafda təcəssüm etdirir.

18 ilin uğurlarının ümumiləşdirilmiş ifadəsi olaraq deyə bilərik ki, uğurlu, düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı sabitlik diyarına, iqtisadi möcüzələr ölkəsinə çevirən ümummilli lider Heydər Əliyev ölkəmizin dünyaya Günəş kimi doğmasını təmin etməklə 2003-cü ildə xalqa inamın və etimadın növbəti ünvanını - cənab İlham Əliyevi və Yeni Azərbaycan Partiyasını göstərərkən bu gücə, qüdrətə əmin idi. 1993-cü ildə Azərbaycanı dağılmaq, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas edərək adını tariximizə müstəqilliyimizin xilaskarı kimi yazan Ümummilli Liderin layiqli davamçısı cənab İlham Əliyev ona göstərilən inamı və etimadı doğruldaraq yeganə problemimiz olan və artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinə son qoydu, ərazi bütövlüyümüzü bərpa etdi, torpaqlarımızın xilaskarı kimi adını tarixə yazdı.

Harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə qürur duyur, onların birgə səyləri nəticəsində Qarabağımızın və Şərqi Zəngəzurun cənnət məkana çevriləcəyinə, soydaşlarımızın Böyük Qayıdışına tam əmindirlər. Onların işğaldan azad edilmiş ərazilərimizə tarixi səfərləri çərçivəsində təməli qoyulan obyektlər, reallaşdırılan layihələr bu əminliyə əsas verir.

Bu gün Azərbaycanın hər bir bölgəsi, o cümlədən Naxçıvanımız inkişaf və tərəqqi dövrünü yaşayır. Hər bir bölgənin inkişafında dövlətin həyata keçirdiyi siyasət, göstərdiyi diqqət və qayğı ilə yanaşı, idarəçilik də əhəmiyyətli rol oynayır. Bu baxımdan Naxçıvan Muxtar Respublikasının idarəçiliyi daim təqdir edilir, muxtar respublikanın sürətli inkişafı xüsusi qeyd edilir.

Prezident İlham Əliyev 2019-cu il 18 noyabr tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovu qəbul edərkən bu məqamı xüsusi qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikasının inkişafı daim diqqət mərkəzindədir. Respublikada gedən abadlıq-quruculuq işləri məni çox sevindirir. Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Bu, çox sevindiricidir. Xüsusilə nəzərə alsaq ki, Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir.

Prezident İlham Əliyevin “Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq” tezisinin reallıqda öz əksini tapdığını muxtar respublikanın timsalında qeyd edə bilərik.

Sonda bir məqamı qeyd etmək istəyirəm. Yeni Azərbaycan Partiyasının 2001-ci ildə keçirilən II qurultayında Ümummilli Liderin istəyi ilə tələbə kimi çıxış edərkən qeyd etdiyim “Möhtərəm Prezidentimiz Heydər Əliyev! Sizdən sonra müstəqil Azərbaycanımızı idarə edə biləcək yeganə şəxsiyyət məhz İlham Əliyevdir! Nə yaxşı ki, Azərbaycana İlham Əliyev şəxsiyyətini bəxş etmisiniz!” fikirləri bu gün reallıqda öz əksini tapıb.

Bəxtiyar Əsgərov,

Bakı şəhərində Naxçıvan

Muxtar Respublikasının

Daimi nümayəndəliyinin rəhbəri

 

 

Paylaş
Baxılıb: 160 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Müsahibə

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31