Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Təhsildə psixoloji xidmət cəmiyyətimizin inkişafına dəstək verir

Təhsildə psixoloji xidmət cəmiyyətimizin inkişafına dəstək verir

17.11.2022 [11:08]

Müasir dövrdə istənilən fəaliyyətin və insan münasibətlərinin səmərəliliyi psixoloji biliklərin tətbiqinə əsaslanır. Bu baxımdan fəaliyyət məramından, məqsədindən asılı olmayaraq bütün sahələrdə psixoloji xidmətin təşkili olduqca vacibdir. Bu aktuallıq təhsil mühitindən də yan keçmir.

Təhsilin keyfiyyətinin, şagirdlərin və tələbələrin təlim motivlərinin və nailiyyətlərinin yüksəldilməsi, müəllim-şagird və tələbə münasibətlərində, eləcə də müəllim-müəllim, müəllim-valideyn, icma-məktəb-kollec münasibətlərinin daha da yaxşılaşdırılması işində məktəbdə və kollecdə təşkil edilmiş psixoloji işin mühüm əhəmiyyəti vardır. Bu mənada, məktəbdə və kollecdə psixoloji xidmət işi də müvafiq məqsəd və vəzifələrə, prinsip və funksiyalara əsaslanır. Məktəblərdəki  psixoloji xidmətin əsas vəzifəsi təhsildə çətinliklərlə qarşılaşan, inkişafı və davranışında çatışmazlığı olan uşaqların üzə çıxarılması məqsədilə şagirdlərin intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji xüsusiyyətlərini öyrənmək, siniflərdə və qruplarda sosial-psixoloji mühiti tədqiq etməkdir. Məktəb psixoloqu öz vəzifələrini yerinə yetirmək, qarşıya qoyduğu məqsədə çatmaq, daha doğrusu, təhsilalanların psixoloji sağlamlığına, təhsil uğurlarına nail olmaq üçün məktəb rəhbərliyi, müəllim və valideynlərlə birgə fəaliyyət göstərir və məsləhətlər verir. Bir sözlə, məktəb psixoloqunun başlıca məqsədi təhsilalanlar və təhsilverənlər üçün əlverişli psixoloji inkişaf mühitinin yaradılmasına nail olmaqdır. Məktəbin işi şagirdlərə təkcə bilik, bacarıq və vərdişlər aşılamaq deyil, həm də gələcək üçün komplekssiz, problemsiz şəxsiyyət yetişdirməkdir. Əlbəttə, söhbət məktəblərdə işini bilən, ixtisaslı, işinin öhdəsindən gələn psixoloqlardan gedir. Hazırda ölkə üzrə ümumi təhsil müəssisələrində üç mindən çox psixoloq çalışır. Bununla belə Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının qəbulundan sonra bu sahəyə xüsusi diqqət yetirilməsi və bu istiqamətdə müəyyən işlər görülməsinə baxmayaraq, istənilən halda ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkilinə və məktəb psixoloquna baxış bucağımız və yanaşma tərzimiz bir daha dəqiqləşdirilməlidir.

Elm və təhsil naziri Emin Əmrullayevin fikrincə, məktəb psixoloqları tədrisdə olduqca vacib rola malik insanlardır: “Məktəb psixoloqlarının sayı sinif komplektlərin sayından asılı olan ştat vahididir. Düşünürəm ki, Elm və Təhsil Nazirliyi olaraq bu istiqamətə daha çox diqqət ayırmalıyıq. Bu istiqamətdə daha çox təşəbbüslərlə çıxış etməyi öhdəmizə götürürük. Hər bir şagirdin psixoloji rifahı, sağlamlığı və təhlükəsizliyi Təhsil Nazirliyi üçün prioritetdir”.

Nazirin dediyinə görə hazırda məktəblərdə çox keyfiyyətli psixoloji xidmətin qurulması istiqamətində işlər aparılır: “Məktəblərdə həqiqətən də peşəkar psixoloqlar çalışmalıdır. Çünki məktəbdə psixoloji xidmət və konsultasiya məsuliyyətli məsələdir. Əksər  ölkələrdə bu, lisenziyalarla tənzimlənir, kifayət qədər ağır tənzimlənən bir məsələdir. Bu mənada çalışırıq ki, daha keyfiyyətli mərkəzləşmiş psixoloji xidmət quraq”. Deyə bilərik ki, psixoloji xidmət xalis praktik təşkilatdır. Psixoloji xidmətin əsas vəzifəsi psixologiya elminin nailiyyətləri səviyyəsində praktik problemləri həll etməkdən ibarətdir. İnkişaf etmiş ölkələrdə həmin məsələyə xüsusi diqqət yetirilir.

Hamımıza məlumdur ki, məktəb psixoloqları illərdir onların fəaliyyətinə dırnaqarası və biganə yanaşmadan şikayətçi idilər. Təsdiq olunmuş əsasnamənin olmaması, vahid bir sənədə əsaslanmadan pərakəndə fəaliyyət, vahid mərkəzləşmiş bir sistemin olmaması onların işinin nəticəsinin zəif olmasına, hətta deyə bilərəm ki, nəticəsiz qalmasına gətirib çıxarırdı. Bir çox məktəb psixoloqu öz işinin mahiyyətini, hüquq və vəzifələrini bilmədiyi, eyni zamanda məktəbdə psixoloqun işinin əhəmiyyəti başa düşülmədiyi üçün fəaliyyətini tənzimləyə bilmir, bunun nəticəsində məktəbdə psixoloqun təsiri azalırdı. Lakin, son zamanlar məktəblərdə baş verən intihar halları, yeniyetmələrin davranış və rəftarında yaranan problemlər, müəllim və şagird ünsiyyətində yaranan çətinliklər, yuxarı sinif şagirdlərində pis vərdişlərə aludəçiliyin artması onlara psixoloji xidmətin göstərilməsini zəruri etmiş, məktəblərdə psixoloqun fəaliyyətinin vacibliyini önə gətirmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 157 nömrəli qərarı ilə “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları” adlı sənəd də təsdiq edilmişdir. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.20-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və tabeliyindən, təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün təhsil müəssisələrində psixoloji xidmətin təşkili ilə bağlı münasibətləri tənzimləyir. Hazırda təhsilalanlara psixoloji yardım “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq göstərilir.

Bildirmək lazımdır ki, bu gün təhsil müəssisəsinin rəhbərliyini və pedaqoji kollektivi  birləşdirən  idarəedici  sistem  məktəbdə  təlim-tərbiyə işinin düzgün təşkilindən çox asılıdır. Odur ki, məktəbdə sağlam təhsil mühiti yaratmaq və məqsədə nail olmaq xüsusi nizam-intizamın və qaydaların tətbiqini zəruri edir. Çünki məktəb təhsilalanın təlim-tərbiyə sistemini həyata keçirir.

Təlim müəllimin rəhbərliyi altında insanın təhsil alması prosesidir. O, öyrədənin və öyrənənin məqsədyönlü qarşılıqlı əlaqəsinə əsaslanır. Təlim prosesində müəllim öz pedaqoji təsiri ilə təhsilalanları potensial imkanlarına uyğun inkişaf dərəcəsində fəaliyyətə cəlb edir. Belə fəaliyyətə öyrənənlərin cəlbetmə potensialı qanunauyğun şəkildə bir-biri ilə əvəz olunur.

Şagirdlərin təlim motivasiyasının yüksəldilməsi psixoloqun fəaliyyət predmeti olmalıdır. İdarəçiliyin psixoloji məqamları və valideynlərlə iş, məktəb-icma münasibətlərinin psixoloji məsələsi də psixoloqun səlahiyyətlərinə daxil olmalıdır. Psixi proseslərinin keyfiyyət, inkişaf və təzahür xüsusiyyətlərinin təlim prosesində mütəmadi müşahidə edilməsi, şəxsiyyətin intellektual, emosional və iradi inkişaf p?rspektivlərini müəyyən etməyə imkan verir. Fiziki, psixoloji, sosial, əqli və cinsi inkişaf şagirdlərin harmonik inkişafını şərtləndirir. İnkişafda harmonikliyin pozulması müxtəlif davranış pozuntularına, təhsildən yayınmalara və ən acınacaqlı halda suisidal davranışlara səbəb olur.

Son zamanlar intihar hallarına yeniyetmələr arasında da çox rast gəlinir. Yeniyetmə beyninin inkişaf qanunauyğunluqları, özünüifadə, özünütəsdiq yollarındakı problemlər, ailədaxili, məktəb və çevrə mühitindəki gərginliklər suisidal davranışların əsas səbəbləri kimi qiymətləndirilir. Problemin yaranmasında istər məktəbin, istərsə də ailənin öz çəki əmsalı var. Məktəb və sosial çevrəsi ilə problemi olan şagirdin isə son güman yeri ailəsidir. Ailə və valideynlərindən heç bir dəstək almayan yeniyetmənin intihara əl atması onun son ümid yerinin, ailədəki şəraitin, münasibətlərin yetərsizliyindən xəbər verir. Problem yalnız məktəblə bağlı olsaydı, şagird məktəbin dəyişdirilməsinə və ya ondan yayınmağa qərar verərdi. Ona görə də psixoloqun fəaliyyətində məktəb-müəllim-valideyn birliyi şagirdlərin psixoloji və sosial inkişafının əsas təminatı kimi dəyərləndirilməlidir. Suisidal davranışların tədqiq edilməsi, bu halların qarşısının alınması üçün müxtəlif ünvanlı təklif və tövsiyələr, baş vermiş intihar hadisələri ilə bağlı görülən işlər, baş tutmayan intihar cəhdlərindən sonra reabilitasiya işləri barədə bir çox mənbələrdən informasiyalar əldə etmək mümkündür. Məktəb psixoloqu bu barədə kifayət qədər məlumatlı olmalı və bu istiqamətdə profilaktik və maarifləndirmə işləri aparmalıdır.

Müasir təlim-tərbiyənin məzmunundan kənarda qalan məsələlərdən biri də cinsi inkişaf, cinsi tərbiyədir. Güzəran psixologiyasında cinsi tərbiyənin mahiyyətinin düzgün dəyərləndirilməməsi bu sahədə olan problemləri bir qədər də dramatikləşdirir.

Fikrimizcə, cinsi tərbiyə mövzusu təhsil müəssisələrində tərbiyə işinin ayrılmaz tərkib hissəsinə çevrilməlidir. Cinsi tərbiyə haqda müəllimlərin, valideynlərin, şagirdlərin yanlış fikir və düşüncələrinə aydınlıq gətirilməlidir. Şagirdlər cinsi rol baxımından düzgün və səhv olan davranışlar barədə məlumatlandırılmalı və onlarda bu davranış vərdişlərinin təməli düzgün formalaşdırılmalı, onların öz cinsi və qarşı cinsin nümayəndələrinin xüsusiyyətlərini qəbul edərək rahat yaşamasına kömək etməlidir. Valideynlərin övladları ilə yaşlarına uyğun cinsi tərbiyə mövzusunda söhbətlərə dair nümunələrlə tanış etmək məqsədilə psixoloq maarifləndirmə işi aparmalıdır. Digər bir məsələ isə dünyanın probleminə çevrilmiş narkomaniyanın Azərbaycandan da yan keçməməsidir. Statistika göstərir ki, indi hətta 13-14 yaşlı yeniyetmələrin narkotika istifadəçisinə çevrildiyi faktlara da rast gəlinir. Müasir məktəbli öz mövqeyi, tələbatı, motivasiyası, dəyərlər sistemi olan şəxsdir. Onunla 20-30 il əvvəl olduğu kimi davranmaq mümkün deyil. Əlbəttə, müasir təhsilalanların layiqli vətəndaş kimi böyüməsində valideyinlər, məktəbin pedaqoji kollektivi birgə, əlbir fəaliyyət göstərməlidirlər. Bu isə bütövlükdə təhsil sisteminin psixolojiləşdirilməsini tələb edir. Göründüyü kimi, təhsil sisteminin, o cümlədən təhsilə psixoloji xidmətin qarşısında ciddi, mürəkkəb, eyni zamanda şərəfli bir vəzifə durur: ləyaqətli, rəqabətə qabil, müstəqil fikirləşməyi, qərarlar qəbul etməyi, ünsiyyət qurmağı bacaran vətəndaşlar formalaşdırmaq. Bunun üçün məktəb psixoloqu öz fəaliyyətində bunları nəzərə almalıdır. Peşə məktəbində çalışan psixoloqlar da erkən gənclik yaşı dövrünün psixoloji xüsusiyyətlərinə bələd olmalı, tələbələrdə yaşanan keçid dövrünü nəzərə alaraq öz fəaliyyətlərində bunları normal qiymətləndirməyi bacarmalıdırlar. Onlar erkən gənclərin pis vərdişlərə yiyələnməsinin qarşısını almaq üçün maarifləndirici və psixoprofilaktik söhbətlər aparmalıdırlar. Qeyd etmək lazımdır ki, psixoloji ədəbiyyatda müəllimlər və tərbiyəçilər tərəfindən “çətin” uşaqlar anlayışına tez-tez rast gəlirik. Bunun səbəbini isə bir çox amillərlə izah edirlər. “Çətin” uşaqlar dedikdə çox vaxt sözə baxmayan, dərsdə səs salan, dərsi pozan uşaqlar nəzərdə tutulur. Buna pedaqoji baxımsızlıq səbəbindən yaranan uşaqları aid edirlər. Psixoloji ədəbiyyatda “çətin” uşaqların psixoloji təhlilini belə verirlər:

* davranışında, hərəkətlərində çətinlik dərəcəsi müəyyənləşdirilən uşaqlar;

* baxımsızlıq səbəbindən əxlaqında, dünyagörünüşündə, əqidəsində yaranan çətinlik dərəcəsi olan uşaqlar;

* əlverişsiz, çətin şəraitdə tərbiyə olunan uşaqlarda özünü göstərən çətinlik dərəcəsi olan uşaqlar;

* belə şagirdlərlə valideyinlərin, müəllimlərin və tərbiyəçilərin düzgün olmayan, düzgün təşkil olunmayan tərbiyə əsasında yaranan çətinlik dərəcəsi qeyd olunan çətin uşaqlar;

* düzgün qurulmayan münasibətlər əsasında yaranan çətin uşaqlar.

Ümumiyyətlə “çətin” uşaqların psixoloji təhlilini verərkən müxtəlif səbəblərə toxunmaq lazımdır. Yəni, belə uşaqların yaranma səbəbi müxtəlifdir. Bunlardan ən başlıcası və birincisi ailə tərbiyəsində yol verilən nöqsanlarla bağlıdır. Buna səbəb yarımçıq ailənin olması, ailədə valideyinlərin əxlaq tərbiyəsinin normal səviyyədə olmaması, ailədə uşağın inkişafı üçün normal şəraitin olmaması, valideynlər arasında yaranan söz-söhbət. Ailədə olan hər bir hərəkət və deyilən hər bir söz uşaq psixologiyasına təsir edir. Bu, uşağın sonrakı inkişafında, onun məktəb həyatında, sinif yoldaşları ilə münasibətində özünü göstərir. Amma bütöv ailədə, uşağın rəyi nəzərə alınan və onunla yaxşı münasibətdə olan ailələrin uşaqlarında təcavüzkarlıq az olur. Buna görə də ailələr uşaqlarla münasibəti düzgün qurmalıdır ki, onlarda belə hallar olmasın.

“Çətin” uşaqlarla iş məktəb psixoloqlarının öhdəsinə düşür. Belə ki, məktəb psixoloqları çalışmalıdır ki, uşaqlarda belə halların yaranma səbəblərini diaqnostik metodların köməyi ilə vaxtında araşdırıb, vaxtında tapıb, ona uyğun da psixoprofilaktik işlər aparsınlar.          

Psixoprofilaktik işləri apararkən mütləq şagirdlərin fərdi xüsusiyyətləri nəzərə alınmalıdır. Bəzən müəllimlər belə uşaqlarla işdən çəkinir və bir sözlə onlardan yaxa qurtarmağa çalışırlar. Belə olan hallarda müəllimlər onlarla heç bir tərbiyəvi tədbirlər aparmırlar. Təcrübəsiz müəllimlərin isə bu uşaqlarla apardıqları işlər plansız və məqsədsiz olduqları üçün onların işləri heç bir müsbət təsirini vermir və əksinə uşaqların tərbiyəsini daha da pozur. Hansı ki, bu gün müasir psixologiyanın imkanları genişdir və bu imkanlarla əsasən şagirdlərin bu cür hallarının qarşısını almaq olar.

Son günlərdə mediada məktəbdə şagirdin digər şagirdə qarşı şiddət göstərməsi, fiziki güc tətbiq etməsi gündəmə gəldi. Bununla bağlı qeyd etmək yerinə düşər ki, “UNESCO-nun 2019-cu ilin əvvəlində yaydığı məlumata əsasən, dünya üzrə məktəblərdə hər üç şagirddən biri qısnamaya, yəni digər şagirdlər tərəfindən təkrarlanan zorakı davranışa məruz qalır. UNICEF-ə görə, bullinq (ing. bullying) uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır. Şagirdlərə qarşı aqressiv davranışların qarşısının alınması üçün maariflənməyə, tərbiyəyə və düzgün yanaşmaya ciddi ehtiyac var.

Məktəblərdə şagirdlərin sosial-psixoloji təhlükəsizliyi mühitinin yaranması məqsədilə 11-15 yaşlı yeniyetmələr arasında bullinq - qısnama probleminin həlli yolunda bu davranışın səbəbləri müəyyən edilməlidir. Məktəb mühitində həm 5-9-cu sinif şagirdlərinin zorakı davranışının səbəbləri aşkarlanmalı, bu səbəblərə fokuslanan həll yolları təklif olunmalı, həm də müəllim və məktəb psixoloqları bu davranışın effektiv həllində pozitiv və etibarlı rol oynamalıdırlar. Müəllim və psixoloqların məktəb mühitində şagirdlərin destruktiv davranış modellərilə bağlı məlumatlılığı, bu spesifik davranışın müəllim-şagird-valideyn üçbucağına dayanaraq effektiv həll yolları tapılmalıdır.

Şiddətə məruz qalan və şiddət göstərən şagirdlərlə aşağıdakı işlər aparılmalıdır:

* məktəbdə şagirdlərin fiziki (müayinə etmədən, göyərmələr, şişliklər və s.) psixoloji dəyişikliklər (özünə qapanma, əsəbilik, aqressivlik, iştahsızlıq və s.) müşahidə edilməli, izlənməlidir;

* fiziki və psixoloji dəyişikliklər müşahidə edilən şagird haqqında müəllim, sinif rəhbəri və idarə heyyəti ilə birlikdə tədbir görülməlidir;

* şiddətə məruz qalan şagirdin kim və kimlər tərəfindən şiddətə məruz qaldığı müəyyən edilməlidir;

* şiddətə məruz qalan şagirdlə konsultasiya aparılmalıdır;

* şiddətə məruz qalan şagirdin valideynlərindən məlumat alınmalı və onlara məlumat verilməlidir;

* uşağa şiddət valideynləri tərəfindən olunursa, bu zaman hüquq mühafizə orqanlarına məktəbin idarə heyyəti ilə birlikdə məlumat verilməlidir;

* şagirdə tətbiq ediləcək psixokorreksiya işi planlaşdırılaraq həyata keçirilməlidir;

* korreksiya müddəti barədə ailəyə, müəllimə və məktəbin idarə heyyətinə məlumat verilməlidir; eyni zamanda bu prosesə onlar da cəlb edilməlidir;

* zərurət yarandığı təqdirdə şagirdi psixoloji mərkəzlərə yönləndirmək lazımdır;

* məktəbdə və ya məktəbdən kənarda yaşanan şiddətlə bağlı şagirdlə konsultasiya aparıldıqdan sonra protokol tutularaq hüquq mühafizə orqanlarına xəbər verilməlidir;

* şiddət göstərən şagirdin ailəsi də işə cəlb edilməlidir;

* məktəb içərisində şiddətə mane olacaq xidmətlər planlanıb, həyata keçirilməlidir.

Demək olar ki, bu gün, müasir dövrdə ailə xidməti problemləri də xüsusi aktuallıq kəsb edir. Müxtəlif iqtisadi, demoqrafik, psixoloji, pedaqoji və s. dəlillərlə əlaqədar olaraq ailədə köklü dəyişikliklər baş vermişdir. Ailə-nikah münasibətlərində psixoloji amillərin rolu daha da artmışdır. Hər bir ailə təkrarolunmazdır. Ailə xidməti üçün bu fakt prinsipial əhəmiyyətə malikdir. Psixoloji xidmət hər bir konkret ailəyə və onun ayrı-ayrı üzvlərinə fərdi yanaşır, geniş psixoprofilaktik iş aparır, ailənin dağılmasını, ailə üzvləri arasındakı uyğunsuzluğu, ailə üzvlərində alkoqolizmin, əsəb xəstəliklərinin əmələ gəlməsini şərtləndirən psixoloji səbəbləri müəyyən edib aradan qaldırır. Ailə xidmətlərinin əsas istiqamətlərdən birini də yeniyetmə və gənclərlə aparılan iş təşkil edir.

Nəzərə çatdırmaq lazımdır ki, təhsilalanların koqnitiv, emosional, sosial inkişafı, şəxsiyyətin formalaşması, eləcə də baş verə biləcək neqativ halların, narkotik maddələrin, spirtli içkilərin istifadəçisinə çevrilməyin, suisid hallarının, məktəbdən yayınma, aqressiya kimi deviant davranışın vaxtında qarşısının alınması üçün psixoloji xidmətin yardımından istifadə olunmasına tələbat günbəgün artmaqdadır. Psixoloji xidmət işi dünya təcrübəsində artıq çoxdan tətbiq olunmaqla inkişaf etmiş ölkələrin təhsil sisteminin zəruri tərkib hissəsinə çevrilmişdir. BMT-nin uşaq hüquqları Konvensiyalarına qoşulan ölkələr uşaqların fiziki, intellektual, əxlaqi, mənəvi, sosial inkişafı üçün tələb olunan maksimum şəraitin yaradılmasına çalışırlar. Məlum olduğu kimi, təhsil sistemi yüksək əqli qabiliyyətə malik, milli, mənəvi-psixoloji dəyərlərin daşıyıcıları olan şəxsiyyətlər formalaşdırmaqla cəmiyyət həyatının humanistləşdirilməsi və demokratikləşdirilməsinə xidmət edir.   

Bu gün Prezident İlham Əliyevin yüksək qayğısı ilə Azərbaycanda prioritet istiqamətlərdən birinə çevrilmiş təhsilin inkişafına böyük diqqət göstərilir, bu sahədə keyfiyyət, təhsil işçilərinin sosial rifahı ilbəil yaxşılaşır. Bu məqsədyönlü fəaliyyət nəticəsində son illərdə müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində ciddi addımlar atılmışdır. Müəllimlərin işə qəbulu qaydaları şəffaflıq və obyektivlik baxımından əhəmiyyətli şəkildə təkmilləşdirilmiş, müəllimlərin yerdəyişməsi və müddətli əmək müqaviləsi əsasında işə qəbulu mərkəzləşdirilmiş, nəticədə son illərdə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından xeyli yaxşılaşmış, cəmiyyətdə müəllim nüfuzu yüksəlmişdir.

Hamımıza məlumdur ki, təhsil cəmiyyətin inkişafında müstəsna əhəmiyyətə malikdir, təhsil almadan, insan cəmiyyətinin yaranışı, təkmilləşməsi, formalaşması qeyri-mümkündür. Bu səbəbdən də təhsildə psixoloji xidmətin düzgün qurulması, istər təhsilin, istərsə də cəmiyyətin inkişafına öz töhfəsini verəcəkdir.

 Alqayeva Simnarə

Azərbaycan Dövlət Pedaqoji Kolleci Pedaqogika Psixologiya fənn birləşməsinin müəllimi

Paylaş:
Baxılıb: 124 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xarici siyasət

Siyasət

Prezident bu gün

Prezident bu gün

07 Dekabr 10:10

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

06 Dekabr 12:28

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31