Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Heydər Əliyev siyasətinin alternativsizliyi bir daha təsdiqlənəcək!

Heydər Əliyev siyasətinin alternativsizliyi bir daha təsdiqlənəcək!

30.01.2024 [12:55]

Milli Məclisin deputatı Məşhur Məmmədovun yap.org.az-a müsahibəsi 

- Məşhur müəllim, 2024-cü il 7 fevralda ölkəmizdə prezident seçkiləri keçiriləcək. Hər bir seçki prosesi ötən dövrün təhlilini bir zərurət kimi qarşıya qoyur. Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin son 20 ildə düşünülmüş və gələcəyə hesablanmış siyasəti  Azərbaycanın qarşısında hansı imkanları yaratdı?

-  Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bugünkü uğurlarımızın əsası oldu. İnkaredilməz həqiqətdir ki, Ümummilli Lider hakimiyyətə qayıtmasaydı, Azərbaycanın bu gün hansı vəziyyətdə olacaqdı – bunu təsəvvür etmək heç də çətin deyil. Müstəqilliyimizin bərpasının ilk illərində hakimiyyətsizliyin mövcudluğu Azərbaycanı böyük təhlükələrlə üz-üzə qoymuşdu. Ölkəmiz müstəqilliyini itirmək təhlükəsini yaşayırdı. Dahi şəxsiyyət Heydər Əliyev qayıdışı ilə Azərbaycanı bütün təhlükələrdən xilas etdi. Müstəqilliyimizin bərpasının ilk illərindəki durum bu həqiqəti bir daha təsdiqlədi ki, hər bir ölkənin  inkişafında lider və düşünülmüş siyasət amili əsasdır. O illərdə ölkəyə rəhbərlik edənlərin Azərbaycanın taleyi haqqında  düşünməmələri,  şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları  ölkəmizi “olum, ya ölüm” dilemması qarşısında qoymuşdu. Ümummilli Lider Heydər Əliyevin zəngin idarəçilik təcrübəsi, dövlətinə, xalqına bağlılığından irəli gələn yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan o çətin günləri arxada qoyub inkişaf, tərəqqi dövrünü yaşadı.

Ulu Öndərin layiqli davamçısı olan cənab İlham Əliyev istər 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində, istərsə də  dövlət başçısı kimi jurnalistlərə ilk müsahibəsində qarşıdakı dövrün əsas hədəflərini diqqətə çatdırmışdır. Azərbaycanın xoşbəxt gələcəyinə inamını ifadə edən dövlət başçısı  belə bir əminliyi bildirmişdi ki, ölkəmizdə Heydər Əliyev siyasəti davam etdiriləcək, Azərbaycan bundan sonra da inkişaf edəcək, daha da güclənəcək.

Prezident İlham Əliyevin bu ilin 10 yanvar tarixində yerli televiziya kanallarına müsahibəsində söylədiyi “2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Hesab edirəm ki, bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu. Son 20 ilin tarixinə gəldikdə isə hər şey göz qabağındadır” fikirləri 1993-cü ildən bu günədək keçilən yolun aydın mənzərəsini təqdim edir. Dövlət başçısı İlham Əliyev son 20 ildə  uğurlu  və düşünülmüş siyasəti ilə Azərbaycana biri-birindən möhtəşəm uğurlar qazandırdı, bütün sahələrdə zəngin təcrübəsi ilə dünyanın diqqətində oldu. Əsas hədəflərdən biri iqtisadi inkişafın dayanıqlılığının təmin edilməsi idi. Dövlət başçısı İlham Əliyev ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu və bu çağırışı etdi ki, neft kapitalını insan kapitalına çevirək! Qarşıya qoyulan bu hədəf regionların malik olduğu potensialdan səmərəli istifadəni bir tələbə çevirərək  regional inkişaf proqramlarının icrasına yol açdı. Son 20 ildə regionların sosial-iqtisadi inkişafına dair dörd Dövlət Proqramının uğurlu icrası nəticəsində bölgələrimiz sürətli inkişafa nail oldu, şəhərlə kənd arasında fərq aradan götürüldü. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi  mühüm sosial-iqtisadi nəticələrə yol açdı ki, bu da öz növbəsində Azərbaycanın hazırda ən islahatçı ölkələr sırasında qərarlaşmasında stimulverici amildir. Cənab İlham Əliyev mütəmadi olaraq bölgələrə səfəri ilə Dövlət Proqramlarından irəli gələn vəzifələrin icrası ilə yaxından tanış olur, ictimaiyyət nümayəndələri ilə görüşərək onları narahat edən məsələləri öyrənir və bununla bağlı aidiyyəti qurumlara tapşırıqlarını verir. Vətəndaş məmnunluğunun artırılması dövlətimizin siyasətində əsasdır.

Təbii ki, bu gün qeyri-neft sektorunun inkişafını şərtləndirən əsas amil Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının uğurlu icrasıdır. Azərbaycanın enerji diplomatiyasının uğurları iqtisadi və siyasi müstəqilliyimizin möhkəmləndirilməsində əhəmiyyətli rola malikdir. Son 20 ilin sosial-iqtisadi göstəriciləri Azərbaycanın  bu günü və gələcəyi barədə aydın təsəvvür yaradır.

 Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə geniş  imkanlar yaradır. Dünya birliyinin fəal üzvünə çevrilən Azərbaycanın sözü imzası qədər dəyərlidir.

- Son 20  ilin uğurlarının  zirvəsində tarixi Zəfərimiz  və suverenliyimizin tam təmin olunması dayanır. Artıq bu reallıqların fonunda yeni dövr başlayır. Yeni çağırışlar öz növbəsində prezident seçkilərinin keçirilməsini zərurətə çevirib... 

-  2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz Azərbaycanın 1993-cü ildən başlanan inkişaf yolunun nəticəsi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev həm 2003-cü ildə keçirilən andiçmə mərasimində “Heydər Əliyev yolu ilə yeni qələbələrə doğru gedəcəyik” vədini, eyni zamanda Ulu Öndərin 2003-cü il 1 oktyabr tarixində xalqa müraciətində böyük inamla ifadə etdiyi “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” etimadını doğrultdu. Məhz buna görə 2020-ci il 8 noyabr tarixində Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini inamla və qürurla bildirdi.

   Tarixi Zəfərimizdən üç il sonra  - 2023-cü ilin aprelin 23-də Laçın buraxılış-keçid məntəqəsinin yaradılması ilə ərazi bütövlüyümüz və  sentyabrın 19-da birgünlük  lokal antiterror tədbirlərinin həyata keçirilməsi nəticəsində suverenliyimiz tam təmin olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən ilin 15 oktyabr tarixində Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra xalqa müraciətində böyük qürur hissi ilə bildirdi: “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.

  Son 20 ilin uğurlarını sadalamaqla bitməz. Cənab İlham Əliyev beynəlxalq miqyasda yeni liderlik modeli yaratdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi yazıldı. Qalibiyyət rəmzi olan üçrəngli bayrağımız 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanır. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrilib.

Bu gün böyük qürur hissi ilə qalib xalqın qalib Liderinin Azərbaycana qazandırdığı uğurlardan və onların fonunda qədəm qoyduğumuz yeni dövrün hədəflərindən bəhs edirik. “Dəmir yumruq” gücümüzün, eyni zamanda, birliyimizin rəmzinə çevrilib. Qurucu Lider olan cənab  İlham Əliyev işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın reallaşması istiqamətində böyük  qətiyyət və əzmkarlıq göstərir. Bu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlişin mütərəqqi nümunəsini dünyaya təqdim edir. Artıq bir sıra yaşayış məntəqələrinə keçmiş məcburi köçkünlər qayıdıb. Cari ildə bu torpaqlara qayıdış davam edəcək. Bu torpaqlar sözün əsl mənasında cənnət məkana çevrilir. Qarşıda yeni hədəflər dayanır. 7 fevral prezident seçkiləri yeni dövrün başlanğıcı olaraq bu hədəflərin uğurlu icrasına yol açacaq.

- Məşhur müəllim, Azərbaycan xalqı hər zaman görülən işləri, əldə olunan uğurları yüksək dəyərləndirir, seçimini məhz buna əsaslanaraq edir. Xalqımıza hansı çağırışı edərdiniz?

- Cənab İlham Əliyevin daim xalqın səsini qazanması Ona böyük etimadın, inamın, eyni zamanda, qazanılan uğurlara yüksək qiymətin göstəricisidir. Xalqımız bu seçkilərdə də fəal iştirak edəcək, Heydər Əliyev siyasətinin alternativsizliyini səsi ilə təsdiqləyəcək. Qalib Liderə harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının etimadı sonsuzdur. Cənab İlham Əliyev “Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam” vədini doğrultdu. Hər zaman xalqın dəstəyinə arxalanan dövlət başçısı İlham Əliyevin atdığı hər bir addım, irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar dövlətimizin qüdrətinin artmasına, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, Azərbaycanın beynəlxalq aləmdə söz sahibliyinin möhkəmlənməsinə xidmət edir. Xalqımızı 7 fevral prezident seçkilərində fəal olmağa, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıram. Bu seçim həm dövlətimizin, həm də  xalqımızın xoşbəxt, firavan, təhlükəsiz gələcəyinin təminatıdır. Qalib Liderimiz cənab İlham Əliyev ilə birgə  yeni dövrün hədəflərinə doğru inamla addımlayaq.

Paylaş:
Baxılıb: 162 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Saxta üz kremləri...

21 Fevral 11:14

Xəbər lenti

Mənəviyyat bayrağı

21 Fevral 10:44

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29