Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Dünyanın ən böyük siyasi təşkilatı

Dünyanın ən böyük siyasi təşkilatı

28.06.2024 [16:18]

İyulun 1-də Çin Kommunist Partiyasının yaradılmasının 103-cü ildönümü tamam olur

Nardar BAYRAMLI

İyulun 1-də Çin Kommunist Partiyasının yaradılmasının 103-cü ildönümü tamam olur. Kommunist Partiyası Çin Xalq Respublikasının hakim partiyası və üzvlərinin sayına görə dünyanın ən böyük siyasi təşkilatıdır.

Tarixinə gəldikdə isə, partiyanın yaranmasında XX əsrin əvvəllərində populyar olan marksist ideyaları mühüm rol oynayıb. Rusiyadakı bolşeviklərin oktyabr inqilabının təsiri altında 1919-cu ildə Çində məşhur 4 May Hərəkatı başlayıb, 1921-ci ildə isə ölkədəki bütün inqilabi qrupları təmsil edən Mao Tszedunun liderliyi ilə Çin Kommunist Partiyası təsis edilib.

Çin Kommunist Partiyası 28 illik mübarizədən sonra – 1949-cu ildə inqilab yolu ilə  hakimiyyətə gəlib və Çin Xalq Respublikası yaradılıb. Ali orqanı 5 ildən bir keçirilən qurultay olan partiyanın Mərkəzi Komitəsi, Mərkəzi Komitənin Siyasi Bürosu, Siyasi Büronun Daimi Komitəsi fəaliyyət göstərir. Çin Kommunist Partiyasının sonuncu – XX Qurultayı 16-22 oktyabr 2022-ci ildə keçirilib. Çin Xalq Respublikasının siyasi həyatında ən mühüm hadisələrdən olan partiyanın budəfəki qurultayına 2296 nümayəndə qatılıb. ÇKP-nin Mərkəzi Komitəsinin Baş katibi, Çin Xalq Respublikasının Sədri Si Cinpinin başçılığı ilə keçirilən qurultayda Mərkəzi Komitənin və partiyanın Mərkəzi İntizam Nəzarəti Komitəsinin hesabat məruzələri, nizamnaməyə dəyişiklər təsdiqlənib. Bundan başqa, partiyanın Mərkəzi Komitəsinin 205 nəfərlik yeni tərkibi, habelə Mərkəzi İntizam Nəzarəti Komitəsinin tərkibi formalaşdırılıb.

ÇKP-nin Mərkəzi Komitəsinin qurultaydan bir gün sonra - oktyabrın 23-də keçirilən ilk plenumunda isə Mərkəzi Komitənin 205 nəfər yeni üzvü arasından 25 nəfər Komitənin Siyasi Bürosunun tərkibinə, onlar arasından 7 nəfər isə Siyasi Büronun Daimi Komitəsinə üzv seçilib. Mərkəzi Komitənin Siyasi Bürosunun Daimi Komitəsi partiyanın ən yüksək səviyyədə idarəetmə orqanıdır. Plenumda Daimi Komitənin 7 üzvündən biri – ÇXR-in Sədri Si Cinpin yenidən Çin Kommunist Partiyasının rəhbəri (Mərkəzi Komitənin baş katibi) seçilib.

Hazırda dünyanın ən böyük siyasi partiyası olan ÇKP-nin 98 milyondan çox üzvü var, partiyanın ilk təşkilatlarının sayı isə təxminən 5 milyondur.

Çin Kommunist Partiyasının hakimiyyəti dövründə ölkə böyük inkişaf yolu keçib. Hazırda dünyada iqtisadiyyatın böyüklüyünə görə Çin ikinci sırada qərarlaşıb. Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” layihəsi də bu ölkənin iqtisadi gücünü artırır. Belə ki, Çin Xalq Respublikası Avrasiya ölkələri arasında infrastrukturun yaradılması və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər, bir yol” adlı iqtisadi inkişaf strategiyası elan edib. Strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur. Bunlardan biri  “İpək Yolu İqtisadi Kəməri”, ikincisi isə “Dəniz İpək Yolu”dur. Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir.

Azərbaycan da Çinlə əlaqələrə böyük önəm verir. Ötən dövr ərzində bu əlaqələr yüksələn xətlə inkişaf edib. Eyni zamanda, Azərbaycan “Bir kəmər, bir yol” layihəsini ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, özünün iqtisadi potensialı, əlverişli coğrafi mövqeyi, eləcə də nəqliyyat-logistika imkanları ilə onun icrasına önəmli töhfələr verir. Prezident İlham Əliyev hələ 2015-ci ilin dekabrında Çində dövlət səfərində olarkən, iki ölkə arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Dövlətimizin başçısı 2019-cu ildə 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edib. Bütövlükdə, Azərbaycan-Çin əlaqələrinin inkişafında dövlət başçılarının şəxsi dostluq münasibətləri də mühüm rol oynayır. Təsadüfi deyil ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi Çinin “böyük dostu” adlandırıb.

Onu da qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Çin 30 il davam etmiş keçmiş Qarabağ münaqişəsi dövründə hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Öz növbəsində, ölkəmiz də “Vahid Çin” siyasətini dəstəkləyir.  

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası da Çin Kommunist Partiyası ilə geniş əlaqələrə malikdir. Partiyalar arasında səmərəli, qarşılıqlı faydalı və çoxşaxəli əlaqələr mövcuddur. Yüksək səviyyəli əlaqələr fonunda hakim partiyalar tərəfindən qarşılıqlı səfərlərin təşkil olunması və təcrübə mübadilələrinin aparılması münasibətlərin gələcək inkişafı baxımından böyük önəm daşıyır. Bu mənada, qarşılıqlı səfərlərin də önəmi xüsusi qeyd edilməlidir. Xatırladaq ki, ötən ilin may ayında YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdə olub. Səfər zamanı keçirilən görüşlərdə Azərbaycan-Çin münasibətlərinin inkişafında iki ölkənin hakim partiyalarının daimi təmaslarının və əməkdaşlıq əlaqələrinin mühüm rolu olduğunu diqqətə çatdırılıb. Eləcə də, qarşılıqlı səfərlərin partiyalararası əlaqələrin bütün istiqamətlərdə inkişafına təkan verəcəyinə əminlik ifadə edilib.

Qeyd edək ki, bununla yanaşı digər qarşılıqlı səfərlər də reallaşıb, həmçinin 2021-ci ilin iyul ayında Çin Kommunist Partiyasının yaranmasının 100 illiyi münasibətilə Çin Kommunist Partiyası və Dünya Siyasi Partiyalarının videokonfrans formatında keçirilən sammitində Yeni Azərbaycan Partiyasının nümayəndələri də iştirak ediblər.  Hazırda Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında əməkdaşlıq uğurla inkişaf edir.

Paylaş:
Baxılıb: 236 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Makronun yalanı...

20 İyul 10:50

Xarici siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31