Soyuq müharibə təfəkkürü dövlətlərin kompromis axtarışını çətinləşdirir
27.08.2024 [10:09]
İkinci Dünya müharibəsi planetimizdə mövcud olan qüvvələr nisbətini köklü surətdə dəyişdi, ənənəvi müstəmləkəçilik transformasiyaya məruz qaldı, iqtisadi-siyasi asılılığın yeni formaları yarandı, Avropanın aparıcı ölkələrinin təsir dairəsi Avropa ilə məhdudlaşdı. Nəticədə Avropa dövlətləri dünya arenasına çıxmaq üçün yollar arayaraq birləşməli oldular. Bu baxımdan Avropa İttifaqını da İkinci Dünya müharibəsinin yetirməsi hesab etmək olar.
1947-ci il iyunun 5-də ABŞ-nin dövlət katibi Corc Marşall Harvard Universitetindəki çıxışında sonradan “Marşall planı” kimi məşhurlaşan planın konturlarını açıqladı. Müharibənin gətirdiyi fəlakətlər və məhrumiyyətlər Avropanı çox ağır duruma salmışdı. Avropa ölkələrində dünya bazarına çıxarılacaq rəqabət qabiliyyətli məhsul yox dərəcəsində idi, siyasi və sosial-iqtisadi sahələrdə əsaslı islahatlar həyata keçirilməsinə ciddi ehtiyac duyulsa da, bu ölkələrin hökumətləri liberal fikirli iqtisadçıların irəli sürdükləri ağrıverici bərpa tədbirlərini qəbul etmək niyyətində deyildilər.
Belə bir məqamda Birləşmiş Ştatlar Avropa dövlətlərinə 20 milyard dollarlıq yardım təklif etdi. Yardımın şərtlərinə görə Avropa dövlətləri bir-biri ilə sıx əməkdaşlıq qurmalı, vahid iqtisadi qurum kimi fəaliyyət göstərməli, bu yardımdan çevik, planlı və müştərək şəkildə istifadə etməli idilər. Corc Marşall Sovet İttifaqına və onun Şərqi Avropadakı müttəfiqlərinə də yardım təklif etmişdi. Lakin İosif Stalin bu proqramı uzaqmənzilli hiyləgər bir plan hesab edərək yardımdan imtina etdi. Stalin Qərblə iqtisadi inteqrasiyanın bir müddət sonra Şərqi Avropa ölkələrinin SSRİ-nin nəzarətindən qoparılması ilə nəticələnəcəyinə əmin idi. Buna görə də Stalin Şərq Bloku ölkələrinin Marşall planı çərçivəsində yardım almasına mane oldu. Sovet İttifaqı Marşall planına alternativ olaraq, Molotov planını təklif etdi və 1949-cu ilin yanvarında Qarşılıqlı İqtisadi Yardım Şurası təsis olundu.
Belçika, Birləşmiş Krallıq, Fransa, Hollandiya və Lüksemburq tərəfindən 1948-ci il martın 17-də imzalanan və soyuq müharibənin başlanğıcındakı sovet təhdidinə qarşı ortaq müdafiə razılaşması olan Brüssel müqaviləsi NATO-nun qurulması yolunda ilk addım idi. Corc Marşallın təlimatı ilə 1948-ci ildə Pentaqonda Avropanın və ABŞ-ın hərbi-siyasi rəsmiləri arasında görüş təşkil olundu. Yeni hərbi ittifaq yaratmaq üçün təşkil olunan bu görüşlər 1949-cu il aprelin 4-də Vaşinqton şəhərində Şimali Atlantika müqaviləsinin imzalanması ilə nəticələndi. Bu sənədi Brüssel müqaviləsinin iştirakçıları, həmçinin ABŞ, Danimarka, İtaliya, İslandiya, Kanada, Norveç və Potuqaliya imzaladılar. Britaniyalı hərbi-siyasi xadim, NATO-nun ilk Baş katibi general Hastings Lionel İsmay verdiyi açıqlamada bildirmişdi ki, Şimali Atlantika blokunun yaradılmasında əsas məqsəd “Sovet İttifaqını Avropadan kənarda, Amerikanı içəridə, Almaniyanı isə asılı vəziyyətdə qoymaq idi”.
“Şərqdən hücum” təhlükəsinin qarşısını almaq məqsədilə Şimali Atlantika blokunun - NATO-nun yaradılması dünyada qütbləşmənin dərinləşməsi və soyuq müharibə vəziyyətinin qızışdırılması ilə nəticələndi. O vaxtdan SSRİ Qərb üçün demokratiya və azadlıq müstəvisində qorxunc təhlükə mənbəyi kimi qələmə verildi. 1991-ci il dekabrın 8-də Belovejsk sazişinin, dekabrın 21-də Alma-Ata bəyannaməsinin imzalanmasından sonra dekabrın 26-da SSRİ Ali Sovetinin yuxarı palatası olan Respublikalar Soveti SSRİ-nin öz fəaliyyətini dayandırması barədə bəyannamə qəbul etdi. SSRİ-nin dağılması rəsmən elan olunduqdan sonra ABŞ Prezidenti Corc Buş hadisəyə münasibətini belə açıqladı: “Dünyada həyatımda, həyatımızda baş verən ən böyük şey budur: Allahın lütfü ilə Amerika soyuq müharibəni qazandı”.
SSRİ-nin dağılmasından sonra böyük dövlətlərin öz maraqlarını güdməsi, digər dövlətlərin hüquqlarını tapdalaması, yanlış mövqe tutması beynəlxalq koordinatlar sistemində yeni böhranın yaranmasına səbəb oldu. Nəticədə beynəlxalq hüququn tələblərinə riayət edilmədi, beynəlxalq münasibətlər kompleksində dağıdıcı meyillər gücləndi. Bu günün prizmasından baxanda soyuq müharibə mənafelərin tarixi toqquşması epopeyasında təhdidlə dolu bir epizod kimi görünsə də, əslində, bu qarşıdurma iki fövqəldövlətin təkbaşına dünya ağalığı uğrunda qanlı döyüş hazırlığının qorxunc təzahürü idi.
Müasir dövrdə Qərb özünün qeyri-hökumət təşkilatları, fondları vasitəsilə müxtəlif etiraz hərəkatlarını dəstəkləməklə, Şərqi Avropa ölkələrində və postsovet məkanında “rəngli inqilablar”, sanksiyalaşdırılmamış bombardmanlar və “sülhyaratma” əməliyyatları təşkil etməklə, qiyamçıları silahla təchiz etməklə həm Avropa ilə yaxınlaşmağa çalışan ölkələrdə ciddi narazılıq və məyusluq yaratdı, həm də dünya nizamının təməlindən sarsıldığını göstərdi. Bu böhran beynəlxalq hüquqla tənzimlənməyən qeyri-konvensional və hibrid müharibələr təhlükəsini getdikcə daha da artırır.
Görkəmli siyasi xadim Henri Kissincer də müasir dünya nizamının böhranından danışır və belə hesab edirdi ki, vəziyyətin gərginləşməsinə və qlobal şəraitin pisləşməsinə görə Qərb məsuliyyət daşıyır. Kissincer bildirirdi ki, Avropa və ABŞ Ukraynanın Rusiya üçün xüsusi əhəmiyyət kəsb etdiyini lazımınca qiymətləndirməyiblər: “Səhv onda idi ki, onlar vəziyyəti başa düşmədilər... Qərbdə heç kəs Krımın qaytarılmasına dair konkret proqram təklif etmədi.... Heç kəs Şərqi Ukraynada döyüşmək istəmir. Həyatın sərt reallığı belədir”.
Dünya nizamının böhranına və beynəlxalq hüququn fəaliyyətsizliyinə gətirib çıxarmış siyasi proseslərin, habelə beynəlxalq münasibətlərin aktoru kimi Avropa İttifaqının institusional və funksional fəaliyyətinin obyektiv dəyərləndirilməsi aparılmalıdır. Artmaqda olan islamofobiya, Avropada ayrı-seçkilik düşüncəsinin həyatın bütün sahələrinə sirayət etməsi, rəsmi Brüsselin xarici siyasətində ikili standartların kəskin təzahürləri kimi tendensioz təbəddülatlar ciddi narahatlıq doğurur. Geosiyasi maraqlar bir-biri ilə o qədər sərt toqquşur, güclü ziddiyyətə girir ki, onlardan hər birinin tarazlığı öz xeyrinə dəyişmək cəhdləri qarşı tərəfin şiddətli cavab reaksiyasına səbəb olur. Bu cür amansız qarşıdurmalar böyük gücləri bəzən yeni dünya müharibəsinin astanasına sürükləyir.
Avropa İttifaqı, ATƏT, Avropa Şurası, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi kimi kontinental təsisatların ikili standartlara söykənən ədalətsiz siyasətinin təhlili kiçik və gənc müstəqil dövlətləri ehtiyatlı siyasət yeritməyə sövq edir. Bu strukturların postsovet məkanındakı bəzi dövlətlərə, o cümlədən Azərbaycana münasibətdə qərəzli siyasətinin həm qlobal, həm də regional determinantlarının öyrənilməsi rəsmi Bakı üçün vacibdir. Avropa təsisatlarının gənc müstəqil ölkələrlə münasibətdə ayrı-seçkiliyə yol verməsi, insan hüquqları məsələsindən suveren dövlətlərə qarşı siyasi təzyiq metodu kimi istifadə etməsi beynəlxalq hüquq normaları ilə bir araya sığmır. Süni şəkildə şişirdilən problemlərin və ənənəvi təsir mexanizmlərinin köməyi ilə dövlətlərin daxili işlərinə müdaxilə edilir, mühüm qərarların qəbulu praktikasında ikili standartlar tətbiq olunur.
Azərbaycanın müstəqil siyasət yeritməsi, işğal olunmuş torpaqlarımızı azad etməsi, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməsi, iqtisadi inkişaf və dövlət quruculuğu sahəsində ciddi uğurlar qazanması Qərb strukturları tərəfindən birmənalı qarşılanmır. ABŞ, Fransa, Kanada ölkəmizə qarşı qərəzli siyasət yeridir. Avropa İttifaqı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası kimi beynəlxalq təşkilatlar öz geosiyasi istəklərini reallaşdırmaq üçün regionda sabitliyi pozmağa çalışırlar.
Yaxın tarixi keçmişin təcrübəsi göstərir ki, birqütblü dünya şəraitində tarazlığın olmaması, dövlətlər arasında qarşıdurmanın güclənməsi, dünyanın müxtəlif regionlarında eksperimental ssenarilərin köməyi ilə qanuni seçilmiş hökumətlərin zorla devrilməsi prosesində güc tətbiq edilməsi təhlükəli presedentlər yaradır. ABŞ və onun müttəfiqləri təhlükəli özbaşınalıq presedentlərinə söykənərək, beynəlxalq hüququn tələblərinə nümayişkaranə şəkildə məhəl qoymurlar.
İkili standartlar siyasətinin geniş yayılması, “soyuq müharibə” dövrünün blok təfəkkürünə qayıdış, Qərbin hərbi-siyasi təsirinin sərhədləri aşması onunla nəticələnib ki, Şərqi Avropanın və postsovet məkanının bəzi kiçik dövlətləri bu eskalasiyanın qurbanlarına çevrilib və dərin böhranla üzləşiblər. Qondarma “rəngli inqilablarla” bağlı siyasi və sosial-iqtisadi eksperimentlər artdıqca ümumbəşəri dəyərlər sistemində demokratiyanın mövqeyi zəifləyir, dövlətlərin və bütöv regionların inkişafının regional, mədəni, dini, tarixi determinantlarına məhəl qoyulmaması qlobal miqyasda konfliktlərin və qeyri-sabitliyin artmasına gətirib çıxarır. Yeni müstəqil dövlətlərin yerləşdiyi coğrafi məkanlar şiddətli mübarizə meydanına çevrilir.
İkinci və üçüncü minilliklərin ayrıcında postsovet məkanında, Balkan yarımadasında, Yaxın Şərqdə və digər regionlarda baş verən rəngli inqilabları yaxşı xatırlayırıq. Yuqoslaviyada baş verən buldozer inqilabı (oktyabr, 2000-ci il), Gürcüstanda gızılgül (noyabr, 2003), Ukraynada narıncı (noyabr, 2004 - yanvar, 2005), İraqda bənövşəyi (yanvar, 2005), Qırğızıstanda zanbaq (fevral - aprel, 2005), Moldovada üzüm (aprel, 2009), Tunisdə yasəmən (dekabr, 2010), Misirdə lotos (yanvar, 2011), Yəməndə qəhvəyi (yanvar - noyabr, 2011), Ermənistanda məxməri (mart - may, 2018) inqilabların nə ilə nəticələndiyi, ölkələrin uzunsürən xaotik duruma sürükləndiyi, son dərəcə ağır itkilərə məruz qaldığı siyasi mənzərə yetərincə aydındır və hamıya bəllidir.
Qərb uzun illər ərzində Azərbaycanda rəngli inqilab planını reallaşdırmağa səy göstərsə də, müxalif cəbhəni səfərbər etmək üçün böyük məbləğdə vəsait xərcləsə də çirkin məqsədlərinə nail ola bilmədi. Prezident İlham Əliyev Qərbin planlarını müdrikliklə alt-üst etdi, ölkəni demokratiya pərdəsi altında yeni müstəmləkəçilik toxumu səpənlərin cənginə vermədi. Möhtərəm Prezidentimizin bu misilsiz xidmətinin dəyərini anlamaq üçün Ukraynanın, Moldovanın, Gürcüstanın, Ermənistanın bugünkü durumuna nəzər salmaq kifayətdir. Böhranın dərinləşməsi və beynəlxalq hüququn nəzarətindən kənarda qalan qaynar regionların əmələ gəlməsinə şərait yaradılması suveren milli dövlətçiliyin inkişafı prosesinə hədsiz ziyan vurur, qarşıdurma vəziyyətində olan tərəflərin kompromis axtarışını çətinləşdirir.
Müasir dünyada böhranın genişlənməsində Avropa təsisatları və təşkilatları da az rol oynamırlar, onlar başqa dövlətlərdə və regionlarda yaranmış mürəkkəb problemlərlə bağlı qərarlar qəbul etmək hüququnu inhisara almağa çalışırlar. Avropa İttifaqı bu prosesdə daha çox fəallıq göstərir.
Azərbaycan 2009-cu ildən bəri Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. Azərbaycan Aİ-yə “Modernləşdirilmiş strateji tərəfdaşlıq haqqında Saziş” adlanan yeni müqavilə bağlamağı təklif etmişdir. Bu sazişə dair danışıqlar 2017- ci ildən başlanmışdır. 2022 - ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev Avropa İttifaqı ilə münasibətlərin perspektivlərinə dair verdiyi açıqlamada bildirirdi ki, biz indi Avropa İttifaqı ilə yeni saziş üzərində bəzi məsələlərin razılaşdırılmasının son mərhələsindəyik: “Bu razılaşmanın 90 faizdən çox hissəsi bizim və Avropa İttifaqının dəyərləndirməsinə görə hazırdır. Yəni razılaşma çox hərtəflidir. İkinci Qarabağ müharibəsindən sonrakı reallıqları əks etdirir”. Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin mürəkkəb geosiyasi şəraitdə tamamilə yeni mərhələyə qədəm qoyduğu bir məqamda Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Komissarı Cozef Borrelin Azərbaycanı Ermənistana qarşı “ərazi iddialarında” günahlandırması nəinki Azərbaycan - Aİ əlaqələrini zədələyir, həmçinin Azərbyacan — Ermənistan münasibətlərinin normallaşması prosesinə mənfi təsir göstərir, sülh müqaviləsinin bağlanmasına əngəl törədir. Hətta Avropa İttifaqı rəsmilərinin bu mövqeyi təşkilatın təməl prinsipləri ilə ziddiyyət təşkil edir. Hədəflənən yeni sazişin imzalanması və münasibətlərin gələcək inkişafı İttifaqın Azərbaycana qarşı mövqeyinin dəyişməsindən və ədalətli yanaşma sərgiləməsindən asılıdır.
Avropa Parlamentinin 2023-cü il yanvarın 19-da xüsusi prosedur qaydasında qəbul etdiyi qeyri-obyektiv və ədalətsiz qətnaməyə Azərbaycan sərt etirazını bildirərək, yalan və saxta məlumatlar üzərində qurulmuş əsassız ittihamları qətiyyətlə rədd etdi. Fransalı nümayəndələr başda olmaqla Azərbaycana qarşı qərəzli mövqe tutan deputatların təşəbbüsü ilə müzakirəyə çıxarılan və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağın dağlıq hissəsinin guya blokadaya alınmasının humanitar nəticələrindən bəhs edən qətnamə həmin sənədin müəlliflərinin ikili standartlardan hələ də əl çəkə bilmədiklərinin göstəricisidir.
Avropalı deputatlar Azərbaycanın bölgədə yaratdığı yeni reallığı görmür və ya görmək istəmirlər, müharibədən sonrakı illər ərzində Azərbaycanın irəliyə apardığı sülh danışıqları prosesini ardıcıl və metodik surətdə pozur və təhlükə altında qoyurlar. Xatırlatmaq yerinə düşər ki, vaxtı ilə Avropa Parlamenti Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən, bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan “Cənub Qaz Dəhlizi” layihəsinin də əleyhinə çıxırdı.
Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqlarına dair 2024-cü il aprelin 25-də qəbul etdiyi qətnamə də tamamilə obyektivlikdən uzaq, qərəzli siyasi cəfəngiyat kimi respublika ictimaiyyətində hiddət doğurdu. Beynəlxalq münasibətlərin mühüm aktoru olan Avropa İttifaqının institusional və funksional fəaliyyətinin obyektiv təhlili, mövcud anlaşılmazlıqların və problemlərin araşdırılması rəsmi Brüsselin xarici siyasətində ikili standartların, tendensioz yanaşmaların aradan qaldırılmasına faydalı təsir göstərə bilər.
2024-cü il iyulun 20-də Şuşada “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən 2-ci Qlobal Media Forumunda çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev qeyd etdi ki, Azərbaycan gələcəyə inamla baxır, haqqın-ədalətin təntənəsinə inanır: “Sovet İttifaqının süqutundan sonra Qərbdə və keçmiş sovet respublikalarının çoxunda belə bir fikir var idi ki, irəli getməyin və mövcudluğu təmin etməyin yeganə yolu böyük ölkələrin diktəsi altında yaşamaqdır. Biz fərqli yol seçdik. Bu, asan deyildi. Bizim ölkədə sabitliyi pozmaq səyləri oldu. 2000-ci illərin əvvəllərində narıncı inqilablar, rəngli inqilablar cəhdləri olurdu. Eyni zamanda, bizim seçimimiz Azərbaycanın satellit ölkəyə, “proksi” ölkəyə, vassal, qul ölkəyə çevrilməsinin qarşısını aldı və bu da əlbəttə ki, bizim xalqımızın çox dəhşətli dərəcədə əziyyət çəkməsinə imkan vermədi. Biz de-fakto və de-yure müstəqilliyi seçdik... Müstəqil xarici siyasət, özünü təmin edən iqtisadiyyat, tərəfdaşlarımızla, - o ölkələrlə ki, onlar bizimlə əməkdaşlığa can atırdı, - səmərəli əməkdaşlıq. Əlbəttə ki, daxili potensialımıza söykənirdik. Eyni zamanda, biz region ölkələri ilə də sıx əlaqələr qurduq. Bu, bizə imkan verdi ki, iqtisadi problemlərin böyük əksəriyyətini həll edək və biz öz üzərimizdə çalışdıq, diqqətimizi xalqımıza, ölkəmizə yönəltdik və dedi-qodulara, Avropa Parlamentində və ya Avropa Şurasında kiminsə hansısa bəyanatına məhəl qoymadıq, fikir vermədik. Biz onlara tamamilə biganə yanaşırıq... Biz sülh içində yaşayan, münaqişəsiz, müharibəsiz, ərazi iddiası olmayan, hamının bir-birini sevdiyi, əməkdaşlıq etdiyi Cənubi Qafqaz istəyirik”.
Həsən Həsənov,
Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü,
Respublikanın Əməkdar jurnalisti
Xəbər lenti
Hamısına baxİdman
12 Sentyabr 23:31
Dünya
12 Sentyabr 22:18
Xəbər lenti
12 Sentyabr 21:15
İdman
12 Sentyabr 21:00
Siyasət
12 Sentyabr 20:45
Hadisə
12 Sentyabr 20:30
İqtisadiyyat
12 Sentyabr 20:15
Xəbər lenti
12 Sentyabr 20:00
Siyasət
12 Sentyabr 19:45
Siyasət
12 Sentyabr 19:42
İdman
12 Sentyabr 19:30
Mədəniyyət
12 Sentyabr 19:25
Mədəniyyət
12 Sentyabr 19:15
İqtisadiyyat
12 Sentyabr 19:00
Sosial
12 Sentyabr 18:45
İqtisadiyyat
12 Sentyabr 18:25
Hadisə
12 Sentyabr 18:05
İqtisadiyyat
12 Sentyabr 17:49
YAP xəbərləri
12 Sentyabr 17:47
Dünya
12 Sentyabr 17:12
Dünya
12 Sentyabr 16:58
Dünya
12 Sentyabr 16:57
Dünya
12 Sentyabr 16:56
Siyasət
12 Sentyabr 16:55
Sosial
12 Sentyabr 16:52
Dünya
12 Sentyabr 16:50
İqtisadiyyat
12 Sentyabr 16:47
YAP xəbərləri
12 Sentyabr 16:44
Sosial
12 Sentyabr 16:43
Mədəniyyət
12 Sentyabr 15:48
İqtisadiyyat
12 Sentyabr 15:45
İqtisadiyyat
12 Sentyabr 15:44
Sosial
12 Sentyabr 15:38
Gündəm
12 Sentyabr 15:19
Gündəm
12 Sentyabr 15:01
Elm
12 Sentyabr 14:59
İdman
12 Sentyabr 14:56
YAP xəbərləri
12 Sentyabr 14:53
Xəbər lenti
12 Sentyabr 14:43
İdman
12 Sentyabr 14:30
Diaspor
12 Sentyabr 14:28
Dünya
12 Sentyabr 14:27
Sosial
12 Sentyabr 14:26
Dünya
12 Sentyabr 14:25
Elm
12 Sentyabr 14:21
YAP xəbərləri
12 Sentyabr 14:09
YAP xəbərləri
12 Sentyabr 14:06
Siyasət
12 Sentyabr 13:19
Elm
12 Sentyabr 13:03
Sosial
12 Sentyabr 12:53
Sosial
12 Sentyabr 12:47
Sosial
12 Sentyabr 12:45
Dünya
12 Sentyabr 12:44
İqtisadiyyat
12 Sentyabr 12:40
İdman
12 Sentyabr 12:38
Dünya
12 Sentyabr 12:35
Mədəniyyət
12 Sentyabr 12:06
Sosial
12 Sentyabr 12:05
İqtisadiyyat
12 Sentyabr 12:04
Sosial
12 Sentyabr 11:01
İdman
12 Sentyabr 10:54
Hərbi
12 Sentyabr 10:53
Siyasət
12 Sentyabr 10:23
Sosial
12 Sentyabr 10:20
Siyasət
12 Sentyabr 10:00
İqtisadiyyat
12 Sentyabr 09:56
İqtisadiyyat
12 Sentyabr 09:47
İqtisadiyyat
12 Sentyabr 09:37
Siyasət
12 Sentyabr 09:33
İqtisadiyyat
12 Sentyabr 09:28