Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Kiçik ölkələrin problemlərinə böyük dövlətlərin laqeydliyi…

Kiçik ölkələrin problemlərinə böyük dövlətlərin laqeydliyi…

12.11.2024 [13:17]

Bakı ən mühüm problemin həllinə töhfə vəd edir…

COP29 əsas iqlim proiritetlərinin müzakirəsi üçün ən mühüm platforma kimi 

İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyası müstəvisində hər il keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransları problemin həllində çoxtərəfli imkanların səfərbər olunmasına xidmət göstərir. 1990-cı illərin ortalarından etibarən inkişaf etmiş ölkələr üçün istixana qazı emissiyalarını azaltmaq üçün hüquqi cəhətdən məcburi öhdəliklər qoyan Kioto Protokolunu müzakirə etmək üçün təşkil edilən Tərəflər Konfransı (COP) həm də bu mənada mühüm əməkdaşlıq platformasıdır. 

Azərbaycanın ev sahibliyi etdiyi COP29 sammiti də iqlim dəyişikliyindən ən çox əziyyət çəkən və həssas vəziyyətdə olan kiçik dövlətlərin problemlərinin həllində yeni və mühüm bir mərhələ kimi qiymətləndirilir. Bu sammit çərçivəsində hədəflənən ən mühüm istiqamətlərdən biri də məhz kiçik dövlətlərin səsinin qlobal səviyyədə daha geniş eşitdirilməsi, onların iqlim problemlərinin həlli üçün xüsusi platformaların, maliyyə və texniki dəstək mexanizmlərinin gücləndirilməsidir. 

İqlim problemləri ilə bağlı SOS çağırışları… 

Qeyd edək ki, Azərbaycan hər zaman və iştirakçısı olduğu bütün platformalarda kiçik dövlətlərin mənafeynin qoruyucusu kimi çıxış edib. İstər Qoşulmama Hərəkatı çərçivəsində, istər qlobal pendemiya dövründə "vaksin bölgüsü" məsələsində, istərsə də neokolonializmə qarşı mübarizədə kiçik dövlətlərə verilən dəstək bunun bariz sübutudur. Bu baxımdan, Azərbaycanın ev sahibliyi etdiyi COP29 həm də kiçik ölkələrin üzləşdiyi bəzi unikal problemlərə – yüksələn dəniz səviyyəsi, intensiv daşqın və quraqlıq kimi fəsadlara, eyni zamanda iqlim dəyişikliyindən qaynaqlanan fərqli problemlərə qarşı mübarizə effekti yaradır. Bununla bağlı KİV-ə açıqlamasında bir sıra qurumların və dövlətlərin təmsilçiləri öz fikirlərini bölüşürlər – məsələn, Antiqua və Barbudanın iqlim məsələləri üzrə səfiri Ruleta Kamaço Tomas inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün iddialı qlobal liderliyin və əhəmiyyətli maliyyə dəstəyinin kritik əhəmiyyətini vurğulayıb. Səfir Antiqua və Barbuda kimi kiçik ada dövlətləri üçün iqlim dəyişikliyinin ağır nəticələrinə diqqət çəkərək, beynəlxalq ictimaiyyəti həssas ölkələrə yardım öhdəliyini təsdiqləməyə çağırıb. "Biz gözləyirik ki, iqlim dəyişikliyi ilə bağlı qlobal liderlik əvvəlki kimi iddialı və təsirli qalacaq. Xüsusilə inkişaf etməkdə olan kiçik ada dövlətlərinə təsirinə gəldikdə, dünya liderlərinin qarşılaşdığımız risk səviyyəsini azaltmağa kömək etmək əzmini təsdiqləməyə ümid edirik ", - o bildirib. Antiqua və Barbuda üçün ən kəskin problemlərdən biri haqqında danışan səfir iqlim dəyişikliyinə uyğunlaşmanın maliyyələşdirilməsinin vacibliyini vurğulayıb. R.Tomas iqlim dəyişikliyinin yaratdığı maliyyə problemlərinin həlli üçün kreditlərdən deyil, qrant alətlərindən istifadə etməyə, böyük ölkələri və emissiya mənbələrini real addımlar atmağa və hesabatlı olmağa çağırıb. O, həmçinin, COP29-un təşkilində Azərbaycanın rolunu dəstəkləyərək, ölkənin iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini yüksək qiymətləndirib.

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İqlim strategiyası və inkişafı üzrə idarəedici direktoru Harri Boyd-Karpenter türkiyəli jurnalistlərə açıqlamasında iqlim böhranının təsirləri ilə mübarizə aparmaq üçün zəif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını ödəmək üçün 2030-cu ilə qədər 2,4 trilyon dollar lazım olduğunu bildirib. Onun sözlərinə görə, COP29 üçün prioritet Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) kontekstində iqlim maliyyələşməsi çərçivələrinin razılaşdırılmasıdır. O vurğulayıb ki, zəif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin iqlim maliyyələşdirilməsində gecikmənin hər ili bəşəriyyəti daha mürəkkəb nəticələrə gətirib çıxaracaq.

Bəli, Azərbaycanın bu qlobal problemdə rolu böyük dövlətləri iqlim dəyişikliyi ilə mübarizədə daha məsuliyyətli olmağa təşviq edəcək bir nümunə kimi dəyərləndirilir. COP29-un Bakıda keçirilməsi, Azərbaycanı həm regional, həm də qlobal səviyyədə iqlim dəyişikliyi məsələlərində aparıcı ölkələr sırasına çıxararaq kiçik dövlətlərin qlobal səylərdə daha güclü mövqe qazanmasına imkan yaradır. Bu addım kiçik dövlətlərin iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizədə daha güclü dəstəklənməsinə və onların maraqlarının COP çərçivəsində daha əhatəli şəkildə nəzərə alınmasına xidmət edir. 

Böyük təhlükələr…

Ümumiyyətlə, kiçik ada dövlətləri və inkişaf etməkdə olan ölkələr iqlim dəyişikliyinin fəsadlarına ən çox məruz qalan ölkələr arasındadır. Bu ölkələr həm coğrafi, həm də iqtisadi cəhətdən iqlim dəyişikliyinə qarşı ən zəif müdafiəyə malikdir. Birləşmiş Millətlər Təşkilatlarının müvafiq hesabağlarına görə, iqlim dəyişikliyi səbəbilə əhali köçlərinin, su resurslarının tükənməsinin, kənd təsərrüfatı məhsuldarlığının azalmasının və dəniz səviyyəsinin qalxmasının əsas təsirini bu ölkələr görməkdədir. Məsələn, Maldiv adaları, 2100-cü ilə qədər tamamilə su altında qalmaq riski ilə üzləşir. Dəniz səviyyəsinin ildə 1 sm qalxması nəticəsində Maldiv adaları kimi kiçik ada dövlətləri ciddi ekoloji təhlükə altındadır. Bangladeş kimi ölkələr isə daha böyük miqyasda daşqınlarla üzləşir. İllik daşqın hadisələri artıq əhalinin 30%-ni birbaşa təsir altına alır.

Böyük dövlətlərin məsuliyyəti və laqeydliyi…

BMT-nin iqlim dəyişikliyi ilə bağlı qlobal sazişlərində böyük dövlətlərin inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi verməsi nəzərdə tutulur. 2009-cu ildə keçirilən COP15 Kopenhagen samitində ildə 100 milyard dollar dəyərində dəstək fondu vəd olunmuşdu. Lakin bu öhdəlik tam olaraq yerinə yetirilməyib. 2020-ci ildə bu məbləğin 83 milyard dollarına çatıldığı bildirilmişdi, yəni nəzərdə tutulan maliyyənin yalnız 83%-i təmin olunub. 2016-2019-cu illərdə verilən vəsaitlərin 71%-i kredit şəklində, yalnız 29%-i isə qrant olaraq verilib. Bu da az inkişaf etmiş ölkələr üçün əlavə borc təzyiqi yaradır. ABŞ, Kanada və Avstraliya kimi ölkələr COP öhdəliklərində böyük pay sahibləri olmalarına baxmayaraq, maliyyə dəstəyini tam təmin etmirlər. Məsələn, ABŞ 2021-ci ildə COP26 zamanı 11.4 milyard dollar maliyyə vədi versə də, indiyədək bu miqdarın yalnız bir hissəsi reallaşıb.

Paralel olaraq böyük dövlətlər dünya miqyasında karbon emissiyalarının əsas mənbəyi olaraq qalır. 2019-cu il məlumatlarına görə:

- Dünyada karbon emissiyalarının təxminən 47%-i böyük dövlətlərin payına düşür;

- Əksinə, kiçik ada dövlətləri və az inkişaf etmiş ölkələr bu payın yalnız 0.5%-ni təşkil edir, lakin əks təsirə məruz qalan əsas dövlətlər də elə bu ölkələrdir.
İqlim dəyişikliyi ilə bağlı müzakirələrdə böyük dövlətlər öz iqtisadi maraqlarını müdafiə edərək emissiyaların azaldılması barədə ciddi addımlardan çəkinirlər. Bu, əsasən sənaye sektorunun iqtisadi zərurətlərlə əsaslandırılması və bərpa olunan enerji keçidində ləngliklə bağlıdır. 

"Yaşamaq üçün saziş" tövsiyyə olaraq qaldı…

Təəssüfləndirici haldır ki, kiçik dövlətlər COP samitlərində öz səsini duyurmağa çalışsalar da, onların təklif və tələbəri çox vaxt diqqətdən kənarda qalır. COP26-da Tuvalu, Fiji, Maldiv adaları kimi ölkələrin nümayəndələri emissiyaların təcili azaldılması üçün həyəcan təbili çalsa da, böyük dövlətlər yenə də lazımi dəstəyi göstərmədilər. Əvvəlki konfranslarda kiçik ada ölkələrinin nümayəndələri tərəfindən "Loss and Damage" (Ziyan və Zərər) adı altında böyük dövlətlərdən təzminat tələb olunsa da, təklif böyük dövlətlər tərəfindən rədd edildi. 2021-ci ildə Maldiv və Tuvalu nümayəndələri tərəfindən "Yaşamaq üçün saziş" təklifi təqdim olundu. Bu təklif qlobal istilik artışının 1.5°C-lə məhdudlaşdırılmasını tələb edirdi. Lakin COP26 qərarında bu hədəf yalnız tövsiyə olaraq qaldı.

Maliyyə dəstəyi tam yerinə yetirilməli, öhdəliklərə daha ciddi yanaşılmalıdır 

Nəticə etibarı ilə COP sammitləri əsasən, qlobal iqlim dəyişikliyi ilə mübarizə üçün yaradılan ən mühüm platformalardan biridir, lakin böyük dövlətlərin laqeydliyi kiçik ölkələrin qlobal iqlim dəyişikliyi ilə mübarizəsini çətinləşdirir. Böyük iqtisadi güclər iqlim dəyişikliyi ilə bağlı tədbirlərdə qlobal məsuliyyətlərini daha ciddi qəbul etmədikcə, kiçik və həssas ölkələrin yaşadığı çətinliklər daha da dərinləşəcək. Bu məsələdə böyük dövlətlərin həm maliyyə dəstəyini tam yerinə yetirməsi, həm də iqlim dəyişiklikləri ilə bağlı öhdəlikləri daha ciddi şəkildə qəbul etməsi olduqca vacibdir.
 

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 170 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

MEDİA

NASCO XXVII...

14 Dekabr 11:54

Siyasət

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

14 Dekabr 09:49  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31