Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / 7 il sonra üz-üzə...

7 il sonra üz-üzə...

26.06.2025 [09:53]

Tramp ilə Ərdoğan nələri müzakirə etdi?

İyunun 24-25-də Niderlandın Haaqa şəhərində baş tutan NATO Zirvəsi bir çox məqamları ilə diqqət çəkib. Xüsusilə maraq doğuran hadisələrdən biri isə 7 ildən sonra Donald Tramp ilə Rəcəb Tayyib Ərdoğan arasında baş tutan üz-üzə görüş olub. Qeyd edək ki, iki lider arasında son görüş 2018-ci ilin dekabrında Argentinanın paytaxtı Buenos-Ayresdə G20 sammiti çərçivəsində olmuşdu. “Costa Salguero” sərgi mərkəzində keçirilən görüş bağlı qapı arxasında keçirilmiş və 50 dəqiqə davam etmişdi.

Hədəf 100 milyard dollardır...

Budəfəki görüş isə bir sıra məqamlara görə həddən artıq maraq kəsb edirdi. İkitərəfli münasibətlərin, son dövrlərdə, xüsusilə Yaxın Şərqdə baş verənlərin iki lider arasında müzakirəsi gözlənilirdi - qeyd edək ki, görüşün nəticələri ilə bağlı yayılan məlumatda bütün bunlar öz əksini tapıb. Türkiyə Prezidentinin Dəftərxanasının yaydığı məlumata görə, görüşdə Türkiyə ilə ABŞ arasında münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib. Prezident Ərdoğan ABŞ prezidentinin səyləri nəticəsində İsrail və İran arasında əldə olunan atəşkəs razılaşmasını alqışlayıb və bunun daimi olmasını arzulayıb. O, Qəzzada baş verən humanitar faciənin qısa zamanda dayandırılması və Rusiya - Ukrayna müharibəsinin sülh yolu ilə həlli üçün sıx dialoqun vacibliyini vurğulayıb.

Həmçinin qeyd edilir ki, hər iki lider NATO-nun çəkindirici potensialının gücləndirilməsi üçün tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar. “Prezident Ərdoğan hər iki ölkənin müxtəlif, xüsusən enerji və investisiya sahəsində böyük potensiala malik olduğunu və əməkdaşlığın inkişaf etdirilməsinin, xüsusilə də müdafiə sənayesində ümumi ticarətin 100 milyard dollarlıq hədəfə çatmasına töhfə verəcəyini bildirib”, - Dəftərxanadan bildirilib.

İki qlobal aktor yeni nizamın təhlükəsizlik doktrinasını hazırlayır?

Qeyd edək ki, Trampın ikinci dəfə ABŞ prezidenti seçilməsinin ardından ölkə liderləri arasında iki dəfə telefon danışığı olub. Mayın 5-də reallaşan telefon danışığı zamanı Ukrayna, Suriya, Qəzza münaqişələri və İranla nüvə danışıqları kimi mövzular müzakirə edilib. Ərdoğan Trampı Türkiyəyə dəvət edib. Telefon danışığı zamanı Türkiyə ilə ABŞ arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib. Türkiyənin ABŞ ilə bir çox sahədə, xüsusilə müdafiə sənayesində əməkdaşlığı inkişaf etdirmək üçün addımlar atmağa davam edəcəyi bildirilib.

İyunun 23-də baş tutan telefon danışığı zamanı isə əsas müzakirə predmeti İsrail-İran münaqişəsi olub - liderlər Qəzza, Rusiya-Ukrayna müharibəsi kimi məsələlərdə də əməkdaşlığı müzakirə ediblər. Ərdoğan, Trampın vasitəçiliyi ilə əldə edilən İsrail-İran atəşkəsini müsbət qiymətləndirib və bu atəşkəsin daimi olmasına ümid etdiyini bildirib.

Üz-üzə baş tutan görüşə qədər telefon danışıqlarına və onların məzmunlarına diqqət yetirsək, ABŞ liderinin bölgə ilə bağlı məsələlərdə Türkiyənin mövqeyinə verdiyi dəyəri görmək mümkündür. Nəzərə alsaq ki, Ukrayna müharibəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində keçirilən əsas görüşlər də İstanbulda reallaşıb, demək ki, Ərdoğan - Tramp görüşü bölgənin gələcək təhlükəsizlik arxitekturasının qurulması prosesində böyük əhəmiyyət daşıyır. Qlobal oyunçular olaraq həm Türkiyə, həm də ABŞ bölgədə yeni iqtisadi düzənin yaranması üçün stabilliyə nail olunmasının vacibliyini ön plana çəkirlər. Bunun üçün isə eskalasiyaların dayandırılması, masaya oturulması ön şərtdir - diqqət yetirilsə, görüşdə ən ümdə məsələ kimi “NATO-nun çəkindirici potensialının gücləndirilməsi üçün tədbirlərin görülməsinin vacibliyi” vurğulanır. Demək ki, həm Türkiyə, həm də ABŞ-ın məqsədi sülhün bərpa olunmasıdır.

Dünya mətbuatının diqqətində...

Görüşlə bağlı dünya KİV-lərində də müxtəlif təhlillər aparılır. Yunanıstanın “Sigma Live” telekanalı 45 dəqiqəlik görüş haqqında geniş reportaj yayımlayıb. Kanadanın mühüm xəbər platformasından olan “Financial Post” isə görüşü Türkiyə-ABŞ əlaqələrində yeni səhifə adlandırıb. Bildirilir ki, görüşdə əsas məqsəd iki ölkə arasında gərgin olan münasibətlərdə yeni səhifə açmaqdır. Nəşr yazır ki, NATO-nun ikinci böyük ordusuna sahib olan Türkiyənin prezidenti Ərdoğan ilə Trampın ittifaqı çəkindiriciliyi artırmaq üçün vacib addımdır. “Financial Post”un dəyərləndirməsinə görə, Ankara ABŞ istehsalı olan yeni nəsil qırıcı təyyarələrdə istifadə edilən və GE Aerospace istehsalı olan F110 və F404 mühərriklərinin də alınıb montaj edilməsi ilə bağlı danışıqları davam etdirir. Bu mühərriklərin KAAN döyüş və Hürjet təlim təyyarələrində istifadəsi nəzərdə tutulur. Xəbərin “Bloomberg”ə istinad olunduğu hissəsində isə Türkiyənin 40 ədəd F-35 və 40 ədəd F-16 almaq arzusunda olduğu yazılıb.

Ərəb mətbuatının aparıcı platformalarından sayılan “Gulf News” isə yazır ki, Ərdoğan İran və İsrail arasında əldə olunan atəşkəslə bağlı Trampa məmnunluğunu ifadə edib və daimi atəşkəs arzulayıb. Türkiyə prezidenti Rusiya-Ukrayna müharibəsini bitirmək üçün də yaxın dialoqa çağırış edib. “Arab News” isə bildirib ki, Ərdoğan, Qəzzadakı müharibəyə və Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün Ankara ilə Vaşinqton arasında sıx əməkdaşlığın vacibliyini önə çəkib. “Ərdoğan həmçinin ABŞ-ı müdafiə sənayesində daha sıx əməkdaşlığa çağırıb və bunun iki ölkə arasındakı ticarət həcmini əhəmiyyətli dərəcədə artıra biləcəyini söyləyib. O, müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin hədəflənən 100 milyard dollarlıq ticarət həcminə nail olunmasını asanlaşdıracağını vurğulayıb”, - deyə xəbərdə bildirilir.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 104 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

14 iyul plenumu...

12 İyul 10:38  

Sosial

Siyasət

8-ci səfər...

12 İyul 09:55  

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

12 İyul 08:31  

YAP xəbərləri

Turizm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31