Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Vaşinqtonda böyük dönüş

Vaşinqtonda böyük dönüş

28.02.2026 [09:55]

Tramp administrasiyası iqlim siyasətini dəyişir

ABŞ iqtisadi kursu yenidən formalaşır

16 fevral 2026-cı ildə prezident Donald Trampın Vaşinqtonda etdiyi çıxış ABŞ siyasətində yalnız texniki qərar deyil, bütöv bir ideoloji dönüş kimi qiymətləndirilir. Prezidentin Ağ Evdə ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) rəhbəri Li Zeldin ilə birlikdə elan etdiyi qərar - 2009-cu ildə Barak Obama administrasiyası tərəfindən qəbul edilmiş məşhur “Endangerment Finding” sənədinin ləğvi Amerika tarixində “ən böyük derequlyasiya addımı” kimi təqdim olundu. Bu qərar təkcə ekoloji siyasətin dəyişməsi deyil, həm də ABŞ-da enerji, avtomobil sənayesi və qlobal iqlim diplomatiyası üzərində gedən böyük siyasi mübarizənin yeni mərhələyə keçdiyini göstərir.

Hadisələrin kökü 2009-cu ilə gedib çıxır. Həmin il prezident Barak Obama EPA karbon emissiyalarını və fosil yanacaqları insan sağlamlığı üçün təhlükə kimi tanıyan hüquqi qərar qəbul etmişdi. Bu qərar sonrakı 15 il ərzində ABŞ-da avtomobil emissiya standartlarının sərtləşdirilməsi, elektrik avtomobillərinin təşviqi, enerji sektorunda iqlim məhdudiyyətləri, “Green New Deal” ideologiyasının hüquqi bazası üçün əsas mexanizmə çevrildi. Tramp isə bu sənədi “iqtisadiyyata qarşı ən böyük inzibati müdaxilə” adlandıraraq onun hüquqi əsasının olmadığını iddia etdi. Prezidentin sözlərinə görə, yeni qərar ABŞ iqtisadiyyatından 1,3 trilyon dollar həcmində tənzimləmə xərclərini aradan qaldıracaq. EPA rəhbəri Li Zeldin konkret rəqəmlər açıqladı: yeni avtomobillərin qiyməti orta hesabla 2400-3000 dollar ucuzlaşa bilər. İstehsalçılar emissiya hesabatları və ölçmə prosedurlarından azad edilir, elektrik avtomobillərinə keçid üzrə faktiki məcburiyyət ləğv olunur. Administrasiya bunu “istehlakçı seçiminin geri qaytarılması” kimi təqdim edir.

Tramp çıxışında xüsusi olaraq “Ford” zavodunun bağlanmaqdan xilas edildiyini xatırlatdı. ABŞ avtomobil sənayesi uzun illər iqlim standartlarının istehsal xərclərini artırdığını iddia edirdi. Prezidentin açıqlamasına görə, xarici avtomobil şirkətləri ABŞ-da yeni zavodlara 100 milyard dollardan çox investisiya elan edib. Ümumi investisiya axını artıq 18 trilyon dollar səviyyəsinə çatır. Bu rəqəmlər seçkiqabağı iqtisadi narrativin əsas hissəsinə çevrilir: derequlyasiya + tarif siyasəti = sənayenin geri dönüşü.

Elektrik avtomobilləri və “məcburi keçid” mübahisəsi

Administrasiya xüsusilə elektrik avtomobilləri ilə bağlı əvvəlki siyasəti sərt tənqid edir. Trampın fikrincə, ABŞ-ın elektrik nəqliyyatına tam keçidi üçün təxminən beş trilyon dollar enerji infrastrukturu tələb olunacaqdı. EPA rəhbərliyi bildirir ki, ABŞ vətəndaşları benzin, dizel, hibrid, elektrik avtomobilləri arasında seçim etməkdə sərbəst olmalıdırlar. Bu yanaşma Avropa İttifaqının 2035-ci ildən daxili yanma mühərriklərini mərhələli şəkildə qadağan etmə planına tam zidd istiqamət hesab olunur. Çıxışın ən çox diqqət çəkən hissələrindən biri külək enerjisinə qarşı sərt mövqe oldu. Tramp külək turbinlərini “ən bahalı enerji mənbəyi”, “landşaftı məhv edən obyektlər”, “hava nəqliyyatı və hərbi təhlükəsizlik üçün risk” kimi xarakterizə etdi. Administrasiya artıq yeni külək layihələrinin böyük hissəsini dayandırmağa çalışdığını açıqladı. Bu isə ABŞ-ın bərpa olunan enerji strategiyasında ciddi dönüş kimi qiymətləndirilir.

Çin, İran və Yaxın Şərq paraleli

Mətbuat konfransı yalnız iqtisadi mövzularla məhdudlaşmadı: prezident aprel ayında Çin lideri Si Cinpin ilə görüş planını təsdiqlədi; İsrail baş naziri Benyamin Netanyahu ilə danışıqlardan sonra İranla razılaşma üçün bir ay vaxt qaldığını bildirdi, razılaşma baş tutmazsa çox ağır mərhələnin başlanacağını vurğuladı. Bu açıqlamalar derequlyasiya qərarının yalnız daxili iqtisadi addım olmadığını, enerji geopolitikasına da təsir etdiyini göstərir.

Tramp eyni çıxışda SAVE America Act adlı seçki qanunu təşəbbüsünü də müdafiə etdi. Layihə fotoşəkilli seçici identifikasiyası, ABŞ vətəndaşlığının təsdiqi, geniş poçt səsverməsinin məhdudlaşdırılması kimi maddələri ehtiva edir. Prezident demokratları seçki sistemindən siyasi fayda qazanmaqda ittiham etdi ki, bu mövzu ABŞ-da növbəti siyasi qarşıdurmanın əsas xəttinə çevrilə bilər.

Çıxışı zamanı Tramp bir neçə diqqətçəkən göstərici səsləndirdi: Dow Jones indeksi 50 000 həddini keçib, S&P 500 7000 səviyyəsinə çatıb, federal işçi sayı azaldılsa da, məşğulluq artıb, tikinti sektorunda rekord iş yerləri yaranır. Administrasiya bu rəqəmləri derequlyasiya siyasətinin nəticəsi kimi təqdim edir. Derequlyasiya siyasəti isə, bildiyimiz kimi, dövlətin iqtisadiyyat üzərində tətbiq etdiyi qaydaların, məhdudiyyətlərin və nəzarət mexanizmlərinin azaldılması, yaxud da ləğvi deməkdir.

ABŞ-da “iqlim siyasətindən sənaye siyasətinə” keçid

Vaşinqtonda elan olunan qərar bir qaydanın ləğvindən daha artıq məna daşıyır. Bu addım ABŞ-ın son 20 ildə formalaşmış iqlim siyasətinin əsas hüquqi sütununu dəyişir və ölkəni yeni modelə yönəldir: ekoloji prioritetlərdən iqtisadi rəqabətə, karbon məhdudiyyətlərindən enerji müstəqilliyinə, qlobal iqlim liderliyindən milli sənaye strategiyasına. Tramp administrasiyası bunu “Amerikanın qızıl dövrünün başlanğıcı” adlandırır. Lakin tənqidçilər hesab edirlər ki, bu qərar ABŞ-ı beynəlxalq iqlim siyasətindən təcrid edib gələcək ekoloji riskləri artıra bilər.

Bir məsələ isə artıq aydındır: 2009-cu ildə Obama administrasiyası ilə başlanan iqlim siyasəti dövrü Vaşinqtonda faktiki olaraq bağlandı və ABŞ yeni enerji-iqtisadi mərhələyə daxil oldu. Bu mərhələnin nəticələri yalnız Amerika üçün yox, bütün qlobal enerji balansı üçün həlledici ola bilər.

Kəramət QƏNBƏROV,

Beynəlxalq hüquq üzrə ekspert

Paylaş:
Baxılıb: 240 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Maraqlı

Ədəbiyyat

Oxucunun ürəyi

14 Mart 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

14 Mart 08:30  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31