Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Rusiyanın veto hüququ məhdudlaşdırılır?

Rusiyanın veto hüququ məhdudlaşdırılır?

28.04.2022 [10:35]

Məlik MƏMMƏDOV

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası aprelin 26-da Təhlükəsizlik Şurasının beş daimi üzvündən veto hüququndan istifadə etmələrini əsaslandırmağı tələb edən qətnamə qəbul etdi. BMT Baş Assambleyasının sədri Abdulla Şahidin sözlərinə görə, sənəd konsensusla qəbul edilib.

Təhlükəsizlik Şurası 15 dövlətdən ibarətdir, onlardan beşi Təhlükəsizlik Şurasının daimi üzvləridir və veto hüququna malikdir - Rusiya, Çin, ABŞ, Böyük Britaniya və Fransa. Şuranın 10 qeyri-daimi üzvü iki il müddətinə seçilir. Təhlükəsizlik Şurası beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün məsuliyyət daşıyır. Məhz Təhlükəsizlik Şurası BMT çərçivəsində təşkilatın bütün üzvləri üçün məcburi olan fundamental qərarlar qəbul edir.

Təəccüblü deyil ki, “seçilmişlər”də veto hüququnun olması heç də hər kəsin xoşuna gəlmir. Lixtenşteynin təşəbbüsü ilə təqdim edilən qətnamə bu vəziyyətin qismən düzəldilməsini nəzərdə tutur. BMT-yə üzv olan 80-dən çox ölkə bu qətnaməyə imzasını qoyub. Maraqlıdır ki, özü də Təhlükəsizlik Şurasının qərarlarını əngəlləmək imkanına malik olan ABŞ bu qətnaməni fəal şəkildə dəstəkləyib.

Lixtenşteynin BMT-dəki daimi nümayəndəsi Kristian Venavezer bildirib ki, bu təşəbbüslə bağlı iş iki ildən çoxdur ki, başlayıb. O, qeyd edib ki, Təhlükəsizlik Şurası öz funksiya və səlahiyyətlərinə uyğun fəaliyyət göstərə bilmədikdə BMT-nin bütün üzvləri bütövlükdə söz sahibi olmalıdır.

Qətnamə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququnu ləğv etmir və ya məhdudlaşdırmır. Bununla belə, sənədə əsasən, Təhlükəsizlik Şurasında daimi üzvlərdən hər hansı biri tərəfindən veto hüququ tətbiq edildiyi halda, veto qoyulduğu məsələ üzrə 10 iş günü ərzində Baş Assambleyanın iclası çağırılır.  Bu, BMT-də islahatların aparılması, Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququndan istifadəsinə nəzarət və Baş Assambleyanın təsirinin gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir. Diplomatların fikrincə, bu, gələcəkdə bəzi ölkələr tərəfindən sui-istifadə edilən veto hüququndan istifadəyə görə məsuliyyətin təmin olunmasına kömək edəcək. Başqa bir yanaşma da var ki, veto hüququndan istifadə ilə bağlı məcburi əsaslandırma tələbi təşkilatın onsuz da bürokratikləşmiş işini ləngidəcək, lakin Təhlükəsizlik Şurasının daimi üzvlərini imtiyazlarından məhrum etməyəcək.

Belə bir qətnamənin qəbulunun, ilk növbədə, Rusiyaya qarşı yönəldiyini təxmin etmək çətin deyil. Onun veto hüququ bir sıra məsələlərdə, o cümlədən Ukrayna istiqamətində Qərbin əl-qolunu bağlayır. Statistikaya görə, indiyədək veto hüququndan ən çox (143 dəfə) Rusiya istifadə edib. Ondan sonra ABŞ (86), Böyük Britaniya (30), Çin və Fransa (hər biri 18 dəfə) gəlir. Qətnaməni dəstəkləməyən Rusiya nümayəndəsi bildirib ki, bu qərar Təhlükəsizlik Şurasının daimi üzvlərinə təzyiq cəhdidir.

Maraqlıdır ki, bu qərarın qəbul edilməsi BMT-nin Baş katibi Antonio Quterreşin Rusiyaya səfəri ilə eyni vaxta düşüb. Səfər zamanı baş katib qeyd edib ki, veto hüququ həddən artıq çox istifadə edilib və bir çox hallarda ondan istifadə vacib əhəmiyyət kəsb etməyib.

Qeyd edək ki, daha əvvəl ABŞ Rusiyanı BMT Təhlükəsizlik Şurasından çıxarmaq imkanlarını araşdırsa da, sonda belə bir qənaətə gəlib ki, BMT nizamnaməsində belə bir prosedur nəzərdə tutulmayıb. Təşkilatın nizamnaməsinin dəyişdirilməsi yalnız Təhlükəsizlik Şurasının bütün beş daimi üzvünün bu qərarı təsdiqləməsi ilə mümkündür. Və təbii ki, Rusiya ona qarşı yönəlmiş qərara veto qoyacaq. Bu baxımdan, Baş Assambleyanın qəbul etdiyi qətnamə həm də Rusiyanın Təhlükəsizlik Şurasından çıxarılması prosedurunun işlənib hazırlanması istiqamətində atılan addım kimi qiymətləndirilə bilər.

Xatırladaq ki, mart ayında Rusiya Avropa Şurasından çıxarılıb. Aprelin əvvəlində BMT Baş Assambleyası səsvermədən sonra Rusiyanın BMT-nin İnsan Hüquqları Şurasına üzvlüyünü dayandırıb. Təşəbbüs ABŞ-a məxsus idi.

Rusiyanın beynəlxalq təşkilat və strukturlardan kənarlaşdırılması onun diplomatik fəaliyyət meydanını daraltmaq məqsədi daşıyır. Bu mənada, ABŞ və müttəfiqlərinin Rusiyaya münasibətdə hərəkətləri uzunmüddətli xarakter daşıya bilər və yəqin ki, məsələnin İHŞ ilə məhdudlaşmayacağını gözləmək olar. Ancaq görünür, Rusiya bu perspektivdən o qədər də narahat deyil. Belə ki, aprelin 27-də Rusiya BMT-nin Ümumdünya Turizm Təşkilatından çıxacağını bəyan edib. Bundan əvvəl Rusiyanın Dövlət Dumasının sədri Vyaçeslav Volodin müvafiq komitələrə Rusiyanın Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Valyuta Fondu və Ümumdünya Səhiyyə Təşkilatında iştirakının məqsədəuyğunluğunu araşdırmağı tapşırmışdı.

Paylaş:
Baxılıb: 855 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31