Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Aİ-nin “Metsamor planı”: enerji təhlükəsizliyi, yoxsa yeni geosiyasi məqsədlər?

Aİ-nin “Metsamor planı”: enerji təhlükəsizliyi, yoxsa yeni geosiyasi məqsədlər?

07.11.2025 [10:14]

Brüsselin köhnə və təhlükəli atom stansiyasına dəstəyinin əsl sirri

Ermənistan Avropa İttifaqından (Aİ) 5 milyon avro məbləğində maliyyə dəstəyi alacaq. Ermənistan mediasının məlumatında vəsaitin ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsi və Metsamor Atom Elektrik Stansiyasında qəza risklərinin azaldılması məqsədilə ayrıldığı bildirilir. Məlumata görə, Aİ-nin dəstəyi çərçivəsində stansiyada təhlükəsizlik sistemlərinin yenilənməsi, müasir texnologiyaların tətbiqi və beynəlxalq standartlara uyğunlaşdırması işləri həyata keçiriləcək. Ekspertlər bildirirlər ki, köhnəlmiş texnologiyalar və təhlükəsizlik qaydalarının pozulması səbəbindən Metsamor AES region üçün potensial təhlükə yaradır.

Milyonları “yeyən” Metsamor...

Qeyd edək ki, Metsamor Ermənistanda yeganə atom elektrik stansiyasıdır və 1970-ci illərdə tikilib. Stansiyanın fəaliyyəti 1988-ci ildə Ermənistanda baş vermiş güclü zəlzələdən sonra dayandırılıb. 1995-ci ildə isə ağır iqtisadi vəziyyətlə əlaqədar olaraq stansiyada olan nüvə reaktorlardan birinin - ikinci bölmənin fəaliyyəti bərpa edilib. Ermənistanın elektrik enerjisi istehsalında bu stansiya ən böyük paya - təxminən 40 faizə sahibdir.  Stansiyanın idarə edilməsi və fəaliyyəti üzərində nəzarət isə Rusiyanın “Rosatom” dövlət şirkəti tərəfindən təmin edilir. Stansiyada işləyən ikinci bölmənin istismar müddəti 2016-cı ildə bitdiyindən Ermənistan yeni stansiya qurmaq niyyətində idi. Lakin yeni stansiyanın tikilməsinin çox baha başa gəlməsi, buna təxminən 5 milyard ABŞ dolları tələb olunduğu üçün Ermənistan yalnız fəaliyyət göstərən köhnə bölmənin yenilənməsinə “qol qoydu”. Bunun üçün isə Beynəlxalq Atom Enerjisi Agentliyindən icazə alındı və yenidənqurma işlərinə başlanıldı.

Maliyyə qaynağına gəldikdə isə, 2014-cü ilin sonunda Rusiya ikinci bölmənin yenidən qurulması və xidmət müddətinin 2026-cı ilə qədər uzadılmasının təmin edilməsi üçün 270 milyon ABŞ dolları həcmində kredit və 30 milyon dollar qrant ayırmağa hazır olduğunu bəyan etdi. 2015-ci ilin fevral ayında isə kreditin və qrantın əldə edilməsi üçün müqavilə imzalandı. Kredit Ermənistana güzəştli şərtlərlə - illik 3 faiz, maksimum 15 il üçün verildi. Yenidənqurma işlərinin 2019-cu ildə bitməsi planlaşdırılsa da, işlər gözlənildiyi kimi inkişaf etmədi. 2020-ci il II Qarabağ müharibəsinin başlaması ilə ayrılmış ümumi vəsaitin 107 milyon dolları istifadəsiz qaldı. Ondan öncə isə qlobal pandemiya ilə bağlı işlər uzanmışdı. Ermənistanın baş naziri Nikol Paşinyanın 2022-ci ilin aprelində Moskvaya səfəri zamanı Rusiya ilə Ermənistan arasında imzalanan dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilədə Metsamorla bağlı müddəalar yer alırdı - hətta sənəddə Rusiyanın yardımı ilə yeni AES-in tikintisi nəzərdə tutulurdu.

2023-cü ildə isə vəziyyət dəyişdi - baş nazir Nikol Paşinyan Ermənistanın Metsamordakı AES-in yenidən qurulmasında “Rosatom”un xidmətlərindən imtina etdi. Həmin dövrdə Ermənistan mətbuatı bununla bağlı ABŞ-ın Nüvə Tənzimləmə Komissiyası ilə sazişin təsdiqləndiyini və bu komissiyanın Ermənistanda yeni AES-in lisenziyalaşdırılmasına, kadr hazırlığına, təhlükəsizliyin qiymətləndirilməsinə və stansiya layihəsinin digər əsas elementlərinə nəzarət edəcəyini yazmışdı. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-a 2023-cü ildə reallaşan səfəri zamanı isə mülki nüvə enerjisi sahəsində strateji əməkdaşlığa dair anlaşma memorandumu imzalanmışdı.

Maliyyə tranşı, yoxsa siyasi manevr...

İndiki halda isə artıq vəziyyət bir az da dəyişir - maliyyə qaynağı müstəvisində bu dəfə Aİ-nin çıxış etməsi bir çox suallara yol açır. Bəzi siyasi ekspertlər bu maliyyə vəsaitinin sadəcə ilkin baxışda humanitar və ya təhlükəsizlik yönümlü addım kimi göründüyü qənaətindədir. Məsələnin geosiyasi tərəfləri, xüsusilə də Avropa-Rusiya qarşıdurmasının genişləndiyi, regionda yeni enerji xəritəsinin formalaşdığı bir dövrdə bu qərarın pərdəarxası motivlərini diqqətlə təhlil etməyin zəruriliyi önə çəkilir.

Əsl plan: Rusiyanın Cənubi Qafqazla əlaqəsi tam kəsilsin

Qeyd edildiyi kimi, bu addım Brüsselin Cənubi Qafqazda Rusiyanın təsir mexanizmlərini tamamilə zəiflətmək niyyətinin yeni mərhələsi sayılır. Sirr deyil ki, Moskva uzun illər Ermənistan vasitəsilə regionda həm iqtisadi, həm də siyasi alətə malik olub - Metsamor da bu vasitələrdən biri olub. Ermənistanın enerji balansının böyük hissəsi bu stansiyanın hesabına formalaşır və onun idarəetmə sisteminin mühüm seqmentləri Rusiya mütəxəssislərinin nəzarətində olub. Brüsselin indi “qəza risklərini azaltmaq” tezisi ilə bu sahəyə daxil olması faktiki olaraq həmin nəzarəti tədricən Moskvanın əlindən almaq planıdır. Aİ yaxşı anlayır ki, enerji asılılığını dəyişmədən Ermənistanı Avropanın təsir dairəsinə tam daxil etmək mümkün deyil. Buna görə də Metsamor üzərində texnoloji, maliyyə və normativ təsir əldə etməklə Rusiyanın Ermənistandakı varlığı çəmbərini bir az da daraltmaq istəyir.

Bu isə həm də Ukrayna müharibəsindən sonra formalaşan yeni Avropa strategiyasına tam uyğun gəlir. Siyasi mütəxəssislərin rəyinə görə, Avropa İttifaqı artıq hərbi qarşıdurmadan daha çox, iqtisadi və enerji mexanizmləri üzərindən təsir qurmağa üstünlük verir - qəbul edilən 20-yə yaxın sanksiya paketi buna misaldır. Ermənistan həm də bu baxımdan Aİ üçün əlverişli poliqondur - həm Rusiyadan asılı, həm də Qərbə inteqrasiya arzusunda olan bir ölkədir.

Bir sözlə, düşünülür ki, Metsamorun “modernləşdirilməsi” adı altında atılan addımlar əslində geosiyasi manevrdir. Çünki Avropa enerji mütəxəssislərinin, təhlükəsizlik nəzarətçilərinin və texniki müşavirlərinin Ermənistana daxil olması Rusiya üçün strateji zərbə deməkdir. Brüssel bununla həm Kremlə siyasi mesaj verir, həm də Cənubi Qafqazda yeni enerji xəritəsini formalaşdırmaq “arzusunu” ortaya qoyur. Beləliklə,  Brüsselin hədəfi açıqdır: Rusiyanın Ermənistandakı strateji enerji obyektləri üzərindəki nəzarətini zəiflətmək, uzunmüddətli perspektivdə isə onu tam aradan qaldırmaq. Metsamor layihəsi bu planın başlanğıcıdır.

“Üçlü ox”: Ermənistanın ənənəvi “çətir” oyunu...

Ermənistanın bu maliyyə tranşına razılıq verməsi isə onun növbəti dəfə “geosiyasi alət” rolunu qəbul etməsi anlamına gəlir. Rəsmi İrəvan Aİ-yə inteqrasiya istiqamətində hərəkət etdiyini göstərməyə çalışır, lakin bu, regionda yeni qarşıdurmaların təməlini qoya bilər. Metsamor məsələsi əslində Ermənistanın ziddiyyətli siyasətinin göstəricisidir. Belə siyasət nəinki ölkənin sabitliyinə, həm də bütün regionun təhlükəsizliyinə risk yaradır. Ermənistan bir tərəfdən Rusiyanın orbitindən tam çıxmaq istəmir, digər tərəfdən Avropa Birliyinə yaxınlaşmaqla Qərbin himayəsini qazanmağa çalışır. Amma bu oyun uzunmüddətli perspektivdə onun üçün təhlükəlidir - çünki geosiyasi ziddiyyətlərin mərkəzinə çevrilmək riski artır.

Metsamor: ekoloji və siyasi təhlükə mənbəyi

Azərbaycan dəfələrlə Metsamor AES-in bağlanması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciətlər ünvanlayıb. Bu stansiya texnoloji cəhətdən köhnəlib, seysmik zonada yerləşir və regionun ekoloji təhlükəsizliyi üçün ciddi təhdid yaradır. Ən təhlükəli məqamlardan biri də stansiyada yaranan radioaktiv tullantıların sərhədə yaxın ərazilərdə basdırılması və bu artıqların Azərbaycanın su hövzələrinə yönləndirilməsidir. Bu, yalnız ekoloji deyil, həm də humanitar fəlakət riskidir. Belə bir şəraitdə Aİ-nin “qəza risklərinin azaldılması” adı altında Metsamorun fəaliyyətinə milyonlarla avro ayırması məntiqsiz görünür. Bir tərəfdən Avropa “yaşıl enerji”yə, bərpaolunan mənbələrə keçidlə bağlı çağırışlar edir, amma paralel şəkildə köhnəlmiş atom stansiyasını maliyyələşdirir. Bu, Brüsselin real niyyətlərinin təhlükəsizlikdən daha çox, siyasətlə bağlı olduğunu təsdiqləyir.

Avropa İttifaqının addımı regionun təhlükəsizliyinə təhdiddir

Azərbaycan bu gün qlobal “yaşıl enerji” prosesində öncül mövqe tutur. COP29-a ev sahibliyi edən ölkə kimi Bakı dünyanın iqlim gündəliyində aparıcı tərəfdaş statusu qazanıb. Quru, külək və günəş enerjisi layihələri, həmçinin azad edilmiş ərazilərdə “yaşıl zona” konsepsiyası Azərbaycanın strateji hədəflərinin reallığını göstərir. Bu, Aİ tərəfindən də dəstəklənir - dəfələrlə bununla bağlı qurum rəsmiləri öz açıqlamalarında bildiriblər. Bu baxımdan Aİ-nin Metsamor kimi riskli və ekoloji cəhətdən zərərli bir obyektə dəstək verməsi açıq şəkildə öz prinsiplərinə zidd getməsidir. Azərbaycan haqlı olaraq hesab edir ki, regionda enerji sabitliyi yalnız bərpa olunan enerji və ekoloji balans əsasında qurulmalıdır. Metsamor kimi riskli obyektlərin saxlanılması isə bölgənin sabitliyini pozur.

Beləliklə, Avropa İttifaqının addımı regionun təhlükəsizliyinə təhdiddir - yeni gərginliklər yarada bilər. Ermənistan anlamalıdır ki, belə oyunlar nə onun, nə də regionun xeyrinədir. Əsl enerji təhlükəsizliyi yalnız ekoloji təmiz texnologiyalar, şəffaf əməkdaşlıq və qonşularla qarşılıqlı etimad üzərində qurula bilər. Azərbaycan isə bu istiqamətdə nümunəvi mövqedədir - Avropa bu nümunədən nəticə çıxarmalı, köhnə riskləri maliyyələşdirmək əvəzinə, regionda dayanıqlı inkişaf təşəbbüslərinə dəstək verməlidir.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 62 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

YAP xəbərləri

MEDİA

Bakıda ilk dəfə...

07 Noyabr 09:51

Mədəniyyət

Sosial

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30