Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Avropa ölkələri müharibə ilə üz-üzə...

Avropa ölkələri müharibə ilə üz-üzə...

21.05.2022 [11:26]

Ehtimallar artır

Taleh AĞAVERDİYEV

Qərbdə Ukraynadakı müharibənin onun hüdudlarından kənara çıxa biləcəyi ilə bağlı qorxular artır. Bunu Fransa prezidenti Emmanuel Makronun bu yaxınlarda verdiyi açıqlama sübut edir. Belə ki, mayın 19-da Moldova prezidenti Maya Sandunu Yelisey sarayında qəbul edərkən Makron bildirib ki, Fransa Ukraynadakı müharibənin qonşu ölkələrə də keçə biləcəyini istisna etmir.

“Dnestryanıda baş verən son hadisələr göstərir ki, münaqişənin qonşu ölkələrə yayılması istisna oluna bilməz”, - deyə Makron bildirib. Bununla bağlı Fransa lideri həm də bildirib ki, Moldovanın Aİ-yə üzvlük üçün martın 3-də təqdim etdiyi müraciətə qarşıdakı həftələrdə cavab almaq istəyir. O əlavə edib ki, Fransa Moldovada təhlükəsizlik vəziyyətini diqqətlə izləyir.

Maya Sandu Ukraynanın Rusiya ilə genişmiqyaslı müharibəsinin Moldova və regiona təsirini müzakirə etmək üçün Brüsseldə Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə də görüşüb. Mayın 18-də Sandu Avropa Parlamentinin tribunasından bəyan edib ki, Rusiya hərbçiləri Dnestryanı ərazilərdən çıxarılmalıdır, çünki onlar respublikanın neytrallığını pozurlar. Bundan əvvəl bu ölkənin baş naziri Nataliya Qavrilitsa da Moldovanın bu niyyətdə olduğunu bəyan etmişdi.

Qeyd edək ki, Ukraynadakı müharibənin başqa ölkələrə, xüsusən də Moldovaya yayıla biləcəyi ilə bağlı ehtimallar artıq bir neçə həftədir ki, səslənir və onları əsassız adlandırmaq olmaz. Aprelin ikinci yarısında rus generalı Rüstəm Minnekayev Ukraynadakı müharibənin məqsədlərindən birinin Ukraynanın cənubuna nəzarət yaratmaqla “Dnestryanıya çıxış” olduğunu bildirib və orada rusdilli əhalinin sıxışdırılmasından danışıb. Aprelin 24-də “Vahid Rusiya”-dan olan deputat Viktor Vodolatski Rusiyanın “bölgədə yaşayan 220 min vətəndaşını Moldovada yenidən canlanan neofaşizm və mütərəqqi rusofobiya qorumaq üçün 30 ildir ki, buna can atan separatçı “Dnestryanı Moldova Respublikasının” müstəqilliyini tanıya biləcəyi” ehtimalını istisna etməyib. Bir gün sonra Dnestryanıda bir sıra partlayışlar baş verdi.

Regionda sonuncu dəfə mayın 13-də təxribatlar qeydə alınıb: naməlum şəxslər Tiraspolda neft bazasını və hərbi komissarlığı yandırmağa cəhd ediblər. Ardıcıl partlayışlar və təxribatlardan sonra Rusiyanın Moldovanı işğal etmək planı hazırladığı barədə xəbərlər yayılmağa başladı.

Dnestryanıda təxminən 1500 nəfərdən ibarət Rusiya hərbi kontingenti var və bu kontingent 1995-ci ildən atəşkəs razılaşmasına əsasən bölgədə yerləşdirilib. Rusiya hərbi qrupu kiçik olsa da, bəzi ekspertlərin fikrincə, Moldovanın bütün ordusundan güclüdür. Əgər Rusiya bölgəyə nəzarəti bərqərar edərsə, ora əlavə qüvvələr göndərilə bilər ki, bu da Ukrayna ərazisinə yeni hücum istiqamətinin yaranmasına şərait yaradır.

Parlamentin sədri İqor Qrosu bildirib ki, Moldovanın döyüşə hazır ordusu yoxdur və vəziyyət gərginləşərsə, qonşu dövlətlərdən kömək istəməli olacaq. Maya Sandu həm də Moldova və Rumıniyanın birləşməsini istisna etməyib. Bu iki ölkənin birləşməsi baş verərsə, Rusiyanın Moldova ərazisinə hücumu Rumıniyanın hərbi reaksiyasına səbəb olacaq və bu halda Rusiya ilə NATO arasında müharibə qaçılmaz olacaq. Qeyd edək ki, Dnestryanıda vəziyyətin gərginləşməsi fonunda Rumıniyada NATO-nun xüsusi təyinatlı qüvvələrinin təlimləri elan edilib.

Rusiya ilə Polşa arasında da son dərəcə gərgin münasibətlər var. Və bu yaxınlarda Polşa baş nazirinin Rusiya dünyasının “xərçəng şişi” ilə müqayisəsindən sonra gərginlik yalnız artdı. Moskva Varşavanın baş nazirin xoşagəlməz sözlərinə cavab verəcəyini vəd etdi, Dövlət Dumasının deputatı isə Oleq Morozov hətta Polşanın “denasifikasiya sırasında növbəti ola biləcəyini” söylədi. Öz növbəsində Polşa XİN-in nümayəndəsi Lukaş Yasina bildirib ki, ölkə Rusiyanın təcavüzünə cavab verməyə hazırdır. Qeyd edək ki, son günlər Rusiya tərəfindən Polşa ilə sərhədə yaxın yerləşən Lvova raket hücumları artıb.

Finlandiya və İsveçin NATO-ya üzv olmaq qərarına da Rusiya çox kəskin reaksiya verib. Hələ ölkələr üzvlük üçün müraciət etməzdən əvvəl Moskva Skandinaviya ölkələrini açıq şəkildə xəbərdar etmişdi. Ölkə r?hbərlikləri yekun qərarı verdikdən sonra Moskvanın ritorikası daha da sərtləşdi. Mayın 18-də Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Finlandiyanın NATO-ya daxil olmasına cavab olaraq “sürpriz” vəd edib, mayın 19-da isə Dövlət Dumasının deputatı Aleksey Juravlyov bildirib ki, NATO ilə mümkün münaqişə yaranarsa (nüvə xarakterli - T.A), bu ölkələr tam məhv olmaq təhlükəsi altındadır. “Biz nə qədər NATO ölkəsini məhv etməyimizin fərqinə varmırıq - 28 və ya 32. Onlar bunu aydın başa düşməlidirlər” deyib. Bir müddət əvvəl Britaniyanın “Daily Mail” qəzeti Rusiya sosial şəbəkələrində yerləşdirilmiş videoya istinadən nüvə başlıqları ilə təchiz oluna bilən “İsgəndər” raketlərini daşıyan maşınların Finlandiya ilə sərhəddə yerləşən Vıborq şəhərinə doğru getdiyini qeyd etmişdi.

Rusiyanın onu “terrorçuluğu dəstəkləyən və həyata keçirən” dövlət və onun Ukraynadakı hərəkətlərini soyqırım kimi tanıyan Baltikyanı ölkələrlə - Litva, Latviya və Estoniya ilə də, yumşaq desək, çətin münasibətləri var. Mayın 16-da Estoniyada 10 NATO ölkəsinin və alyans tərəfdaşlarının müttəfiq qüvvələrinin iştirakı ilə genişmiqyaslı “Siil 2022” hərbi təlimləri başlayıb. Öz növbəsində, mayın 17-də Rusiya Baltik Dənizi Dövlətləri Şurasından çıxdığını elan etdi. Mayın 18-də Baltikyanı ölkələr və Polşa NATO-dan alyansın öz ərazilərində hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə genişləndirməyi, həmçinin orada əlavə silahlar yerləşdirməyi xahiş edib. Qeyd edək ki, NATO üçün Baltikyanı regionda əsas təhlükə daşıyan faktor Polşa ilə Litva arasında yerləşən və hələ 2016-cı ildən Avropa istiqamətində Rusiyanın nüvə forpostuna çevrilmiş Kalininqrad bölgəsi hesab olunur.

Hələ mayın əvvəlində Qərb ölkələrində bir sıra hərbi ekspertlər müharibənin genişlənməsi riskinin çox yüksək olduğu barədə fikir bildiriblər. Onların fikrincə, ABŞ və müttəfiqlərinin Ukraynaya getdikcə daha güclü silahlar göndərməsi səbəbindən Rusiyanın itkiləri çoxalır və gec-tez Rusiya kəşfiyyatı NATO ölkələrinin ərazisində təchizat marşrutlarını izləyəcək və onlar rus ordusunun hədəfinə çevrilə bilərlər. Rusiyanın yeni nüvə müharibəsi təhdidləri, Polşa, Bolqarıstan və Finlandiyaya qaz axınının dayandırılması, Rusiya qoşunlarının böyük hissəsinin Suriyadan çıxarılması kimi son addımları müharibənin Ukraynadan kənara çıxacağına dair ehtimalları daha da artırır. Mayın 19-da Brüsseldə keçirilən mətbuat konfransında NATO-nun Avropadakı Müttəfiq Silahlı Qüvvələrinin Ali Baş Komandanı, amerikalı general Tod Uolters bildirib ki, NATO Avropada 42 mindən çox əsgər, 120 təyyarə və 20-dən çox gəmini yüksək hazırlıq vəziyyətinə gətirib. Bu da açıq şəkildə göstərir ki, Qərbin narahatlığı artır.

Paylaş:
Baxılıb: 576 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Xəbər lenti

Xarici siyasət

50 illik qadağa

02 İyun 10:42

Gündəm

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30