Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Anlaşmaların ünvanı - Türkiyə

Anlaşmaların ünvanı - Türkiyə

24.08.2022 [08:48]

Ərdoğan prioritetləri açıqladı

P.İSMAYILOV

Avqustun 22-də Türkiyədə Nazirlər Kabinetinin iclası keçirilib. Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasda daxili və xarici siyasətlə bağlı mühüm prioritetlər, iqtisadiyyat və onun inkişafı ilə bağlı mühüm məsələlər müzakirə olunub. İclasda Türkiyə prezidentinin Rusiya və Ukrayna liderləri ilə danışıqlarının təfərrüatları da müzakirə edilib. Bundan başqa, İstanbulda imzalanan “taxıl sazişi” ilə bağlı proses qiymətləndirilib. Əsas müzakirə obyekti olan məsələlərdən biri isə ölkə iqtisadiyyatının hazırki vəziyyəti olub. Belə ki, yüksək qiymət artımının qarşısının alınması və inflyasiya ilə mübarizə məsələləri də müzakirə predmetləri arasında yer alıb.

Bununla yanaşı, Nazirlər Kabinetinin iclasında Kənd Təsərrüfatı Kredit Kooperativləri dükanlarında endirimlərin qorunub saxlanması və bu dükanların sayının artırılması ilə bağlı görülə biləcək işlər də müzakirə olunan məsələlər sırasında yer alıb. İclasda bir müddət öncə Prezident Ərdoğanın bu tip dükanların sayını artırılması ilə bağlı təklif etdiyi yeni formullar da müzakirə edilib. Bu formullar sayəsində Kənd Təsərrüfatı Kredit marketlərinin sayının 2 min 500-dən çox olacağı proqnozlaşdırılır.

Müzakirələrdə həm ölkə daxilində, həm də Şimali İraq və Suriyada həyata keçirilən terrorla mübarizə əməliyyatları da dəyərləndirilib. Eləcə də, İsraillə münasibətlərin normallaşması ilə bağlı proses, Şərqi Aralıq dənizindəki hadisələr də iclasın əsas gündəm müzakirələrindən olub.

20 ilə 605 su elektrik stansiyası

Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib. Ötən iclasdan keçən müddət ərzində çox işlərin görüldüyünü qeyd edən Prezident Ərdoğan Aralıq dənizində qazma işləri aparacaq “Abdülhamit Han” gəmisinin istifadəyə verildiyini bildirib. “Abdülhamid Han” adlı gəmimiz dünyanın qabaqcıl dəniz qazma donanmasına sahib ölkəyə çevrildiyimizin konkret nümunələrindən biridir. Gəmi avqustun 9-da Antalya Gazipaşa yaxınlığındakı növbətçi məntəqəsinə xidməti vəzifəsinə yola salındı. Qara dənizdə kəşf etdiyimiz 540 milyard kubmetr təbii qaz sevincimizi yeni müjdə ilə taclandıracağına inandığımız bu qazma gəmisi həm də Aralıq dənizində hüquq və maraqlarımızı müdafiə, iradəmizin simvoluna çevriləcək”.

Türkiyənin məhdud su ehtiyatlarından ən təsirli və səmərəli şəkildə istifadə etmək üçün bəndlərin inşasına xüsusi əhəmiyyət verdiklərini vurğulayan Ərdoğan 605 yeni su elektrik stansiyası ilə bəndlərin sayını 703-ə çatdırdıqlarını da bəyan edib. Bu, son 20 ildə ölkədə tikilən yeni su elektrik stansiyalarıdır: “Onu da deyim ki, suvarma və içməli su təyinatlı bəndlərlə bu rəqəm 930-a çatıb. Biz qoyduğumuz sərmayələr sayəsində ölkəmizi su elektrik enerjisinə görə dünyada 9-cu yerə yüksəltmişik. Su anbar tutumumuzu 180 milyard kubmetrdən çox artırmaqla həm quraqlığa, həm də daşqınlara qarşı mühüm infrastruktur yaratmışıq. Avqustun 11-də daha 34 su elektrik bəndini istifadəyə verməklə bu sahədə gücümüzü daha da artırdıq”.

Tarixi görüşün ünvanı Türkiyə ola bilər

Rusiya-Ukrayna müharibəsi ilə yanaşı, onun təsirlərinin də davam etdiyini dilə gətirən Ərdoğan vurğulayıb ki, Türkiyənin müharibənin qarşısını almaq və sülhə nail olmaq uğrunda səylərinə hər kəs şahiddir. Ukrayna taxılının Türkiyə vasitəsilə ixracı probleminin həllinin dünya üçün böyük əhəmiyyət daşıdığını önə çəkən Türkiyə Prezidenti ölkəsinin bu kimi uğurlarının yaxın günlərdə digər sahələrdə də əksini tapması üçün səyləri davam etdirdiyini söyləyib. O, Soçi görüşündə Prezident Putinlə baş verənləri ətraflı müzakirə etdiyini vurğulayıb. Ukrayna səfəri zamanı da Zelenski ilə də analoji müzakirələr aparılıb. “Məqsədimiz Putinlə Zelenskini yaxın tarixdə ölkəmizdə bir araya gətirmək, böhranın həllinə yol açmaqdır”, - deyə Ərdoğan əlavə edib.

Öz iqtisadi modeli sayəsində tarixində ən yüksək göstərici əldə edib

Türkiyə Prezidenti bildirib ki, ölkəsi son 20 ildə hədəflərinə çatmaq yolunda kritik günlər yaşamaqdadır. “Qarşımıza hər cür maneələr çıxarırlar. Milli iradənin üstünlüyünü bərqərar etməklə, terror təşkilatlarını darmadağın etməklə mübarizəmizin böyük hissəsini qələbə ilə yekunlaşdırdıq. Bu bir həqiqətdir ki, son vaxtlar bizi çətinə salan məsələ faiz, məzənnə və inflyasiya, bir sözlə iqtisadiyyatdır. Biz yeni iqtisadi proqramı 2018-ci ildən, iyrənc hücuma məruz qaldığımız gündən həyata keçirməyə başlamışıq. Nə etdiyimizi yaxşı bildiyimiz üçün müzakirələrə əhəmiyyət vermədən işimizi gördük və köklü transformasiya həyata keçirdik”, -deyə Ərdoğan vurğulayıb.

Türkiyənin öz iqtisadi modeli sayəsində tarixində ən yüksək göstəricilərə çataraq çətinliklərin öhdəsindən gəlməyi bacardığını bildirən Ərdoğan əlavə edib ki, məhz inflyasiyanın səviyyəsinin iqtisadiyyata təsirləri nəzərə alınmalıdır. “Biz bütün təbəqələrin gəlir səviyyəsini yüksəltməklə inflyasiya rəqəmlərinin xalqımızın həyatına mənfi təsirlərini aradan qaldırmağa çalışırıq. Bununla yanaşı, inflyasiyanın azaldılması istiqamətində də tədbirlər görürük. Uzun müddət qeyri-inflyasiya mühitində yaşayan ölkələrdə onların təsiri bizimkinə nisbətən daha dağıdıcı hiss olunur. Bunu 1994 və 2001-ci il böhranları ilə müqayisə etmək ədalətsizlik olardı. Bugünkü inflyasiya işsizliyə deyil, xərclərə əsaslanan inflyasiyadır”.

3,5 trilyon dollarlıq sərmayə

İclasdan sonra xalqa müraciət edən Prezident Ərdoğan bildirib ki, Türkiyənin ehtiyacı faiz artırmaq yox, ixracı və cari balansı artırmaqdır. Ola bilsin ki, biz 15 il əvvəl bugünkü proqramımızı həyata keçirməmişik. Bizim gücümüz və infrastrukturumuz onu dəstəkləmək üçün yetərli deyildi. “Köhnə Türkiyə geridə qalıb. Biz enerji, təhlükəsizlik və sosial iqtisadiyyat siyasətimizi öz maraqlarımıza uyğun olaraq davam etdirəcəyik. Qoyulan investisiyalar bu günlər üçün idi. Biz bunu vətəndaşlarımızın həyat səviyyəsini yüksəltmək üçün etdik. Ümumilikdə 3,5 trilyon dollarlıq sərmayə ilə ölkəmizi hər sahədə bu günə hazırlamışıq. Biz ətraf mühitdən nəqliyyata, kənd təsərrüfatından mənzilə qədər bu vizyonun sütunlarını qaldırmağa başladıq. Türkiyənin yeni oyunlarla isti pul koloniyasına çevrilməsinə razı olmayacağıq. Biz heç vaxt büdcə intizamında güzəştə getməyəcəyik. Pulun dəyərindən narahat olaraq xarici valyutaya və qızıla üz tutulmasına heç bir əsas yoxdur. Vətəndaşlarımızı TL əmanətlərinə qayıtmağa dəvət edirəm”, - deyən Ərdoğan əlavə edib ki, sırf pul qazanmaq xatirinə investisiya etməmək, istehsal etməmək, satmamaq “türk gəmisində çuxur qazmaq” deməkdir. O bildirib ki, müəyyən etdiyimiz problemlərin əxlaqi əsaslı olduğunu gördüyümüz üçün həll yollarını axtarırıq: “Bazara nəzarəti gücləndirdik. Xarici valyutaya və qızıla kredit axınının qarşısını aldıq. Biz kənd təsərrüfatı məhsullarının alış qiymətlərini düzgün hesablamışıq. Qarğıdalı istehsalçılarımıza şad xəbər vermək istərdim. Qarğıdalının alış qiymətini ton başına 5 min 700 lirə olaraq tətbiq edəcək”.

Paylaş:
Baxılıb: 145 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xarici siyasət

Xarici siyasət

Xəbər lenti

Analitik

Xəbər lenti

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

04 Oktyabr 10:30

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31