Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Yeni anlaşma memorandumu

Yeni anlaşma memorandumu

09.10.2026 [11:43]

Azərbaycan və Türkiyə sənaye zonaları ilə bağlı əməkdaşlığı genişləndirir

Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycana səfər edən Adana Hacı Sabancı Organize Sənaye Zonasının nümayəndələri ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Sənaye Parkında görüş keçirilib. Görüşdə sənaye sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Sonra İZİA ilə Adana Hacı Sabancı Organize Sənaye Zonası arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədi Agentliyin İdarə Heyəti sədrinin müavini Aqil Əzizov və Adana Hacı Sabancı Organize Sənaye Zonasının İdarə Heyətinin sədri Bekir Sütçü imzalayıblar.

Memoranduma uyğun olaraq, sənaye müəssisələri və investorlar arasında B2B (şirkətdən şirkətə) əlaqələrin genişləndirilməsi, sənaye zonalarında yaşıl texnologiyaların tətbiqi, enerji səmərəliliyinin artırılması, rəqəmsallaşma, innovasiya və klasterləşmə sahələrində təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsi üzrə əməkdaşlıq nəzərdə tutulur.

Adana Hacı Sabancı Organize Sənaye Zonası ölkəmizin sənaye zəncirinə qoşulur

Sənaye zonalarına daxil olan sənaye parkları və məhəllələri ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, innovativ və rəqabətqabiliyyətli sənayenin inkişafına, istehsal sahəsində iş yerlərinin artırılmasına yeni imkanlar açır. Ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafını daha da artırmaqdır. Bu məqsədlə sənaye zonalarında rezidentlər üçün əlverişli biznes və investisiya mühiti yaradılıb. İnvestorların fəaliyyətinin təşviqi məqsədilə sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə bir sıra mühüm vergi güzəştlərindən yararlanır. Belə ki, bu təsisatlar əmlak, torpaq və mənfəət vergilərindən azad edilir, həmçinin istehsal məqsədi ilə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara 10 il müddətinə ƏDV və gömrük rüsumları üzrə azadolmalar tətbiq olunur.

Sözsüz ki, bu təşviqlər və stimullaşdırıcı rejim qardaş Türkiyənin sənaye icmasının da böyük marağına səbəb olmaqdadır. Hazırda Türkiyə şirkətləri ölkəmizdə sənaye parklarında rezident kimi aktiv fəaliyyət göstərir. Məsələn, Türkiyə kapitallı “Eurotec Group” MMC Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi 2 hektar ərazidə ildə 200 min ədəd metal çəllək istehsal etmək gücündə olan zavodun qurulmasını reallaşdırıb. İnvestisiya həcmi 9 milyon manat olan müəssisədə 120 nəfərlik daimi iş yeri yaradılıb.

Eləcə də, digər sənaye zonalarında Türkiyə kapitallı şirkətlərin iştirakı ilə reallaşdırılan layihələrin investisiya dəyəri on milyonlarla dollarla ölçülür. Bir sıra yeni qurulmuş müəssisələr məhsullarını artıq ixrac etməyə başlayıb.

Sumqayıt Kimya Sənaye Parkı üçün yeni texnoloji mərhələ

Türkiyə investorları ilə birgə Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında əməkdaşlığın daha da artırılması, o cümlədəm Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə anlaşmanın əldə edilməsi sənaye Sektorunun yeni sahələrini formalaşdıracaq. 1973-cü ildə qurulan və 1990-cı illərdə Türkiyə sənaye sektorunun nəhənglərindən birinə çevrilən Adana Hacı Sabancı Organize Sənaye Zonası qardaş ölkənin iqtisadiyyatına verdiyi töhfə baxımından ilk 6-lıqda yer alır. Bu sənaye zonası hazırda 25 milyon kvadratmetr ərazini əhatə edir və ildə 4 milyard dollara yaxın istehsal gücünə malikdir. İstehsalın 65 faizi ixraca yönəldilir ki, bu da müəssisənin dayanıqlı rəqabət potensialını nümayiş etdirir. Təxminən 45 min işçisi olan müəssisədə xarici kapitala malik 26 şirkət fəaliyyət göstərir.

Hazırda istehsal sahəsini 35 milyon kvadratmetrə çatdırmağı hədəfləyən Adana Sənaye Zonası Azərbaycanın və Sumqayıt Sənaye Parkının inkişafına böyük töhfə verə bilər. Sumqayıt Sənaye Parkı ilə sıx əlaqələrin qurulması bu müəssisədə müasir sənaye klasterlərinin və texnologiyalarının qurulması, sənaye imkanlarının daha da artırılması, qeyri-neft sektorunun davamlı inkişafına töhfə verəcək resursların tam hərəkətə gətirilməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun daha da artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu əməkdaşlıq sənaye zonalarında istehsal zəncirinin daha da böyüməsinə və ixracın artmasına da töhfə verəcək.

Qeyd edək ki, 2026-cı ilin birinci yarısında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında istehsalın həcmi 1 milyard 940 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz artım deməkdir. İstehsal olunan məhsulların 554,7 milyon manatlıq hissəsi ixrac edilib.

Xarici rezidentlərlə, o cümlədən, Adana Hacı Sabancı Organize Sənaye Zonasının investorlar ilə B2B formatının möhkəmlənməsi sənaye istehsalında dinamikanı artırmaqla, növbəti mərhələdə sənaye zonalarında istehsalın həcminin 2 milyard manatı ötməsinə imkan verəcək.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 8 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Analitik

Braziliya seçkiləri

08 Oktyabr 09:17  

Sosial

Payız depressiyası...

08 Oktyabr 08:52

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31