Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan Polisi - dövlətə və xalqa sədaqətlə xidmət

Azərbaycan Polisi - dövlətə və xalqa sədaqətlə xidmət

02.07.2023 [13:58]

İyulun 2-də Azərbaycan Polisi yaranmasının 105-ci ildönümünü qeyd edir.  
Azərbaycan Polisi bu müddətdə şərəfli və keşməkeşli yol keçib.

Daxili İşlər Nazirliyi (DİN) və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynayıb, müstəqilliyin müdafiəsinin ön sıralarında olub. 1920-ci il aprelin 27-də cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində daxili işlər orqanları uğurla inkişaf edib, cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və asayişin qorunmasında böyük təcrübə, yüksək bilik əldə edib. Xüsusilə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın bir çox sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər nazirliyin tarixinə ən mühüm mərhələ kimi həkk olunub. SSRİ dövründə Azərbaycanın Daxili İşlər Nazirliyi və ona bağlı orqanlar yüksək peşəkarlığı ilə fərqlənib.

Ulu Öndərin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub

Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın daxili işlər orqanlarının fəaliyyəti daim diqqət mərkəzində saxlanılıb.

Ümummilli Liderin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. Dahi şəxsiyyət Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar milli kadrlarla komplektləşdirilməsi ilə bağlı önəmli fərman və sərəncamlar imzalayıb. Bu da Azərbaycanın daxili işlər orqanlarının müstəqillik dövründə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasındakı misilsiz xidmətləri ilə yanaşı, ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizədə də özünü göstərdi.

Azərbaycan Polisi Birinci Qarabağ müharibəsində daim ön cəbhədə vuruşub

Şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri olub. Birinci Qarabağ müharibəsindəki döyüşlərdə 1700-ə yaxın polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, 1710 nəfər isə yaralanıb. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görülüb.

Daxili işlər orqanlarının fəaliyyəti müstəqilliyimizin sonrakı illərində də uğurlu olub. Ölkəmizdə cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olub, 2640 nəfər xəsarət alıb.

DİN əməkdaşları öz şücaət və qəhrəmanlıqlarını şanlı İkinci Qarabağ müharibəsində də göstəriblər

Vətən müharibəsində qazanılmış tarixi zəfərdə polis orqanları və əməkdaşlarının da müstəsna xidmətləri olub. Belə ki, Azərbaycan daxili işlər orqanlarının əməkdaşları öz şücaət və qəhrəmanlıqlarını şanlı İkinci Qarabağ müharibəsində də nümayiş etdiriblər. Doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirən Daxili Qoşunların xüsusi təyinatlıları düşmənə sarsıdıcı zərbələr vuraraq, yüzlərlə canlı qüvvəsini və döyüş texnikasını məhv edərək qəhrəmanlıq salnaməsi yaradıblar. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Doğma yurdumuzun işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin imzaladığı sərəncamlarla müxtəlif orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq yaradılan və hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların fəaliyyətinin təşkilinin DİN-ə həvalə edilməsi Azərbaycan Polisinə göstərilən yüksək etimadın daha bir göstəricisi oldu. Ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad olunan şəhər və rayonlarımızda bu mühüm məsuliyyətin öhdəsindən layiqincə gələn daxili işlər orqanlarının əməkdaşları göstərilən etimadı doğrultmaq üçün gecə-gündüz uğurla xidmət aparırlar.

Ali Baş Komandan İlham Əliyev Daxili Qoşunların döyüş hazırlığının yüksəldilməsini daim nəzarətdə saxlayır

2003-cü ilin oktyabrında İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoydu, ictimai-siyasi sabitliyin, asayişin təmin olunması gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin rəmzinə çevrildi. Dövlətimizin başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görüldü.

Ali Baş Komandan İlham Əliyev Daxili Qoşunların döyüş hazırlığının yüksəldilməsini daim nəzarətdə saxlayıb, müasir silah və texnika ilə təminatı, şəxsi heyətinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox vacib qərarlar qəbul edib. Məhz bu ali diqqətin nəticəsidir ki, Daxili Qoşunlar qarşıya qoyulan xidməti-döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməyə qadir silahlı birləşməyə çevrilib.

Hazırda Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inamı doğruldur.

Azərbaycan Polisi ölkəmizdə istənilən təxribatın qarşısının alınmasında yüksək peşəkarlığa malikdir

Gündəlik həyatımızda kriminal elementlərlə qarşılaşmadığımız üçün polisin fəaliyyətini qabarıq şəkildə görməyə bilərik. Amma hər bir Azərbaycan vətəndaşı anlamalıdır ki, hazırkı təhlükəsizlik mühiti həm də polisin gözəgörünməz, önləyici fəaliyyətinin nəticəsidir. Bu gün ölkəmizdə ictimai asayişin və ictimai qaydanın keşiyində ayıq-sayıq dayanan Azərbaycan Polisi istənilən təxribatın qarşısının operativ şəkildə alınmasında yüksək peşəkarlığa malikdir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə təsadüf edən Azərbaycan Polisinin yaranmasının növbəti ildönümü münasibətilə Nazirliyin şəxsi heyəti Fəxri xiyabana gələrək ulu öndərin abidə kompleksi önünə tər çiçək dəstələri düzüblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad edilib.

Respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər xiyabanı da ziyarət olunub.

Silsilə tədbirlər Daxili İşlər Nazirliyinin Polis Akademiyasında davam edib. Burada nazir general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə  “Polis Günü”nə və 2022-2023-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

Tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, habelə respublikamızın ərazi  bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış və xidməti vəzifələri yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi yad olunub.

Sonra peşə bayramı münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdıran general-polkovnik  Vilayət Eyvazov ötən 105 ildə polisin keçdiyi şərəfli və zəngin xidmət yolundan, yaratdığı dəyərli ənənələrdən, xüsusən ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, milli ruhlu vətənpərvər kadrlarla möhkəmlənməsi sahəsində gördüyü mühüm işlərdən danışıb.

Həmçinin, dövlət başçısı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Daxili İşlər Nazirliyinin fəaliyyətinin və infrastrukturunun təkmilləşdirilməsi, o cümlədən maddi-texniki bazasının və qabaqcıl texnologiyalarla təchizatının müasir dövrün tələblərinə və standartlarına cavab verən səviyyəyə çatdırılması, əməliyyat-xidməti fəaliyyətin vətəndaş məmnunluğunun təmini prinsipləri üzərində qurulması ilə bağlı həyata keçirilmiş tədbirləri vurğulayıb.

Hər bir şəxsin qanuni mənafeyinin, hüquq və azadlıqlarının etibarlı təmin olunması üçün davamlı tədbirlərin həyata keçirildiyini, vətəndaşlarımızın da bəhrələndiyi çoxsaylı məlumatlandırma-maarifləndirmə sistemlərinin istifadəyə verildiyini qeyd edib. Polisin professionallığının yeni keyfiyyət səviyyəsinə yüksəldilməsi istiqamətində sistemli tədbirlərin görülməsinə, o cümlədən bütün peşə tələblərinə cavab verən xüsusi qurumun – Təlim Mərkəzinin yaradılmasına, şəxsi heyətin planlı şəkildə həmin Mərkəzdə və Polis Akademiyasında ixtisasartırma və yenidən hazırlıq kurslarına cəlb olunmasına və minlərlə əməkdaşın başqa ölkələrdə keçirilən treninq və konfranslarda iştirak etməsinə diqqət çəkib.

Nazir xidməti vəzifələrin dəqiq və qüsursuz yerinə yetirilməsində dürüstlük, prinsipiallıq və məsuliyyət kimi keyfiyyətlərin böyük önəm kəsb etdiyini, cinayətlərin açılmasının yüksək səviyyədə saxlanılmasının, hüquqpozmaların profilaktikasının daha da yaxşılaşdırılmasının, orqan və hissələrin mürəkkəb şəraitdə xidmət aparmaq bacarıqlarının artırılmasının, bütövlükdə xalqa xidmət funksiyalarının daha təkmil icrası üçün əlavə tədbirlərin həyata keçirilməsinin başlıca vəzifələr olduğunu şəxsi heyətə çatdırıb.

Eyni zamanda bildirib ki, son 20 ildə cinayətlərin qarşısının alınması, açılması, istintaqı, bütövlükdə vətəndaşların qanuni mənafelərinin qorunması sahəsində davamlı iş aparılıb, o cümlədən 24 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 22 mindən çox odlu silah yığılıb və onun tətbiqilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub, axtarışda olan 69 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 20 tona yaxın narkotik vasitə çıxarılıb. Eləcə də cinayətkarlıqla mübarizədə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasında vətəndaşların iştirakını, onların məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyatların keçirildiyini vurğulayıb. Vətəndaşların ərizə və şikayətlərinin obyektiv və həssaslıqla araşdırılması, qanunçuluğun qorunması, şəxsi heyətin etik davranış qaydalarına riayət etməsi kimi mühüm vəzifələrin səmərəli icrasının vacibliyinə toxunub.                 Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbəmizlə nəticələnmiş Vətən müharibəsindən sonra regionda yeni reallıqların yarandığını nəzərə çatdıran nazir V.Eyvazov işğaldan azad edilmiş ərazilərə “Böyük qayıdış”ın ilk addımlarının atıldığını, belə bir taleyüklü dönəmdə polis orqanlarının və Daxili Qoşunların fəaliyyətinin də mövcud vəziyyətə uyğunlaşdırıldığını, bütövlükdə Qarabağ və Şərqi Zəngəzurda asayişin və təhlükəsizliyin etibarlı təmin edildiyini, xidmətin böyük əzm və peşəkarlıqla davam etdirildiyini bildirib.

Nazir xidməti vəzifələrin icrasında daxili işlər orqanlarına hər zaman yardımçı olan, polisin peşə bayramının sevincini bölüşən vətəndaşlara, polis veteranlarına, dövlət qurumlarının rəhbərlərinə və əməkdaşlarına, qeyri-hökumət təşkilatlarının və medianın nümayəndələrinə təşəkkürünü bildirib.

Qazanılan uğurlarda Azərbaycan polisinin müasir dünyagörüşlü yeni nəslini yetirən Polis Akademiyasının da xüsusi rolunu qeyd edən V.Eyvazov məzunları təhsili başa vurmaları münasibətilə təbrik edib, eləcə də bu təhsil müəssisəsini fərqlənmə ilə bitirmiş məzunlara diplomlar və "polis baş leytenantı" xüsusi rütbələrinin paqonlarını təqdim edib.

General-polkovnik Vilayət Eyvazov təntənəli mərasimin iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham  Əliyevi əmin edib ki, öz andına həmişə sadiq olan daxili işlər orqanları bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək, bu yolda qüvvə və bacarığını əsirgəməyəcək.

Paylaş:
Baxılıb: 808 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

3 badam, 1 qoz

15 Oktyabr 15:07  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31