Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Sağ qalmaq üçün ölmək

Sağ qalmaq üçün ölmək

02.09.2023 [13:00]

Çingiz Aytmatovun “Dəniz kənarıyla qaçan Alabaş” povesti haqqında

Əvvəli ötən sayımızda

Yuxudan ayılanda uşağın axıra qalmış bir-iki ovuc suyu içməyə belə heyi çatmır. Sonsuz göyün altında, ucsuz-bucaqsız okeanın qoynunda mübtəla olduğu tənhalıq dərdi, təklik mərəzi canına sirişt olmamış yerlə-göylə, təbiətlə ünsiyyətə girir. Göydəki ulduzlardan birinə atasının adını verir - Əmrayin ulduzu. Həmin ulduz Kiriskə atalıq eləyir, onun yolunu işıqlandırır, ona yurdunu nişan verir. Əsən yelə Orqan babanın adını qoyur; babası kimi müdrik külək ona bələdçilik eləyir, onu düzgün səmtə yönəldir. Qıvrılıb açılan dalğaları Mılğun əmisinin adıyla çağırır, əmisi kimi güclü dalğalar onun qayığını xilas yoluna itələyir.

İnsan ana təbiətə könül açdıqca, onun sirrinə açar tapıb ondan nicat umduqca təbiət də insana mehir salır, bütün gücüylə onun yardımına tələsir, əli-qolu bağlı onun qulluğunda durur. Kirisk iti gözlü aqukuk quşunun başı üstündə qanad çalıb qayığın su üzündə sürüşdüyü səmtə uçduğunu görəndə Orqan babadan eşitdiklərini yada salır: demək, qütb bayquşu ona işarə verir ki, torpaq yaxındadır; demək, külək, dalğalar qayığı doğru yola çəkir; demək, atasının ulduz dilində dediyini oğlu düzgün anlayıb.

Bir azdan nivxlərin qibləsi, ağsaqqalı, himayədarı, yolgöstərəni Alabaş da görünəcək. Körpə balasını uzaqdan salamlayacaq, onu xoş üzlə qarşılayıb bağrına basacaq. Ulduz dənizlə, dəniz yellə, yel dalğayla, dalğa quşla, quş da dağla birləşib, həm öz təbiətinə, həm də ana təbiətə qalib gəlmiş üç igid, comərd kişinin gələcəyini xilas eləyəcək. Heminqueyin dediyi yenilməz insan, bax, belə, bu cür olar. Bəli, qoca Orqan da, qoçaq Mılğun da, enlikürək Əmrayin də həm naqis insan təbiətinə, həm də o naqis insan təbiətini doğub ərsəyə gətirmiş ana təbiətə qalib gəlir. Öz təbiətinə dov gəlmiş insan bütövlükdə təbiəti, yeri-göyü, kainatı yenmiş sayıla bilər.

***

Heminqueyin qocasıyla Aytmatovun qocası arasında çox mühüm prinsipial fərqlər var.

Orada qoca yeniyetmə şagirdini ondan ötrü yetişdirir ki, yeri gələndə onun qolundan tutsun, ona kömək, dayaq olsun. Santyaqo okeanda nəhəng balıqla çarpışanda da oğlanı buna görə arzulayır, düşünür ki, Manolin yanında olsaydı, bunca əziyyət çəkməzdi. Burada isə qoca Orqan Kiriski öz yerinə hazırlayır, ona ömrünü tapşırmağa hazırlaşır; hərçənd təbii fəlakət ucbatından bu müqəddəs akt nəzərdə tutulduğundan xeyli tez, xeyli əvvəl baş verir.

Heminqueyin əsərində uşaq qocaya həyan durur, onun qayğısını çəkir, ona acıyır. Aytmatovun əsərində isə qoca özünü uşağa fəda eləyir, öz ömründən kəsib onun ömrünə calayır, həm də bu işi heç bir qəhrəmanlıq ədası göstərmədən, sakit, təvazökar bir məhəbbətlə, müqəddəs vəzifə borcu kimi minnətsiz-filansız yerinə yetirir.

Heminqueyin qocası mənəvi cəhətdən sonsuzdur, hətta onu çox sevən şagirdi də atasının qadağası üzündən Santyaqoya yoldaşlıq eləyə bilmir. Onların yenidən birgə ova çıxmaq arzuları da xam xəyaldır, özlərinə təskinlikdən başqa bir şey deyil; ikisi də yaxşı bilir ki, daha yolları həmişəlik ayrılıb. Santyaqo bu ağrını içində çəkir, korun-korun yansa da, tüstüsünü çölə buraxmır. Aytmatovun qocası isə heç vaxt sonsuzluq acısı çəkməyəcək, övlad dağı görməyəcək; çünki o, göz qırpmadan, ağlayıb sızlamadan atıb getdiyi qayıqda - özünün balaca dünyasında oğlu yerində iki kişi, nəvəsi yerində bir oğlan uşağı qoyub gedib.

Heminqueyin qocası məğlub, Aytmatovun qocası qalibdir. Okeanla savaşdan sağ çıxan məğlub, özünü okeana qurban verən qalibdir. Sağ qalmaq heç də hər zaman qalibiyyət əlaməti deyil.

Heminqueyin pessimist əsəri mahiyyətcə poeziya, Aytmatovun optimist əsəri mahiyyətcə dindir. Biri poetik təfəkkürün, o biri mistik təfəkkürün məhsuludur.

Bütün bunları nəzərə alanda görürsən ki, Aytmatovun povesti Heminqueyin povestindən bir baş üstündür.

***

Bəs niyə “Qoca və dəniz”in haqlı olaraq layiq görüldüyü Nobel mükafatını “Dəniz kənarıyla qaçan Alabaş”ın müəllifinə qıymadılar? Hələ orasını demirəm ki, Aytmatovun əsəri Nobelin şərtlərinə daha çox uyğundur.

Üstəlik də “Alabaş” onun yaradıcılığının zirvəsi deyildi, bundan sonra “Gün var əsrə bərabər”, “Qiyamət” kimi bütün dünyaya səs salan fəlsəfi romanlar gələcəkdi. Hələ mən onun iyirminci əsrin texnoloji xarabalığında, poeziyanın yol tapa bilmədiyi fabriklərin, zavodların gurultusu altında can verdiyi neçə-neçə mifdən, manqurt əfsanəsi kimi yeni mənəvi istilah, əxlaqi imperativ yaratmış kəşfindən danışmıram. Əsərləri 174 dildə (!) 80 milyon tirajla çap olunmuş bir yazıçının Nobel komitəsi necə oldu böyründən keçdi?

Əgər söhbət üzünə xoş baxılan sovet yazıçısı olmaqda, Lenin mükafatı almaqdadırsa, Stalinin sevimlisi, sovet hökumətinin əziz-xələfi Mixail Şoloxov kommunistlərin icad elədiyi mükafatların hamısını almışdı, bununla belə ondan Nobel mükafatını da əsirgəmədilər. Sosialist düşərgəsindən uzaqlarda da bu mükafatların hər ikisinə layiq görülmüş böyük sənətkarlar vardı - məsələn, Qvatemala yazıçısı Migel Anxel Asturias.

Adını çəkdiyim hər iki yazıçıya Nobel mükafatının verilməsi, şübhəsiz, çox ədalətli qərardır. Bəs o gözəl ədalətdən dünyanın xəritəsində lupayla da görünməyən bir kənddən çıxmış qırğız oğlunun payına niyə bir çimdik düşmədi?

Görünür, bu məsələdə bizim bilmədiyimiz məqamlar var. Ona qalsa, kimsə deyə bilər ki, həmin ədalətdən Prusta, Coysa, Kafkaya, Akutaqavaya, Borxesə, Nabokova... da pay düşməliydi. Deyər, haqlı da olar.

***

Çingiz Aytmatovun türk milli kimliyinin oyanışında da misilsiz xidməti olub. Bu səbəbdən, sonrakı illəri deyə bilmərəm, sovet dövründə onu Azərbaycanda da çox sevir, çox oxuyurdular. “Cəmilə”, “Qırmızı yaylıqlı qovağım mənim”, “İlk müəllim”, “Köşək gözü”, “Ana tarla”, “Əlvida, Gülsarı”, “Ağ gəmi”, “Erkən gələn durnalar” kimi əsərlər mənim uşaq, yeniyetmə çağlarımda ən ucqar kəndlərimizə belə gedib çıxır, əl-əl gəzirdi.

Böyük yazıçının mərhum şairimiz Bəxtiyar Vahabzadənin 1985-ci ildə Akademik Dram Teatrında keçirilmiş 60 illik yubiley tədbirində iştirakını yaxşı xatırlayıram. Çingiz Aytmatov çıxışına qırğızca başladı, bu zaman ağzınacan dolu zalda hamı ayağa qalxıb onu gurultuyla alqışladı. Ta ruscaya keçənə qədər dediyi hər cümlə belə qarşılandı.

Mən Azdramanın böyük tamaşa salonunu iki dəfə elə coşqulu görmüşəm - bir Hüseyn Cavidin “İblis” faciəsinin premyerasının sonunda (bununla bağlı xatirəmi şəhid şairimizə həsr olunmuş yazımda danışmışam), bir də Çingiz Aytmatovun Bəxtiyar müəllimin yubileyindəki təbrik çıxışının əvvəlində. İndi o coşqudan yalnız sönük atəş, közərən yaddaş qalıb.

F.Uğurlu

Paylaş:
Baxılıb: 690 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Səmərəli fəaliyyət

10 Sentyabr 14:50

Xəbər lenti

YAP xəbərləri

Gündəm

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30