Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan - ŞƏT: Dialoq üzrə tərəfdaşlıqdan müşahidəçi üzvlüyə doğru

Azərbaycan - ŞƏT: Dialoq üzrə tərəfdaşlıqdan müşahidəçi üzvlüyə doğru

04.07.2024 [10:00]

İyulun 3-də Qazaxıstanın paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin növbəti Zirvə görüşü işə başlayıb. “ŞƏT+” formatında keçirilən Sammitə 16 ölkənin dövlət və hökumət başçıları qatılıblar. Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının  Qazaxıstanda keçirilən növbəti Zirvə görüşündə iştirak etmək üçün Astanaya səfər edib.

“Çoxtərəfli dialoqun möhkəmləndirilməsi - davamlı sülhə və inkişafa nail olmaq” mövzusuna həsr olunan Zirvə görüşündə ŞƏT-ə üzv ölkələrin dövlət və hökumət başçıları siyasi, iqtisadi-ticari, mədəni-humanitar əməkdaşlıq və digər məsələlərə dair geniş spektrdə aktual mövzularla bağlı müzakirələr aparırlar. Zirvə görüşü çərçivəsində imzalanacaq əsas siyasi sənəd olan Astana Bəyannaməsi ŞƏT-in bir çox aktual məsələlərlə bağlı mövqeyini ortaya qoyacaq, təşkilatın fəaliyyətini qiymətləndirəcək və gələcək üçün istiqamətləri müəyyənləşdirəcək.

Sıraları getdikcə genişlənən ŞƏT

Həm ərazisinə, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 9 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran), 3 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan, Belarus) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var. Xatırladaq ki, 2022-ci ilin sentyabrında Səmərqənddə keçirilən Zirvə görüşündə Belarusun bu təşkilat çərçivəsində statusunun üzv dövlət səviyyəsinə yüksəldilməsi prosesi başlanıb. Astana Sammitində Belarusun Şanxay Əməkdaşlıq Təşkilatına qoşulması barədə qərar qəbul ediləcəyi gözlənilir.

Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.

Qarşılıqlı maraqlara xidmət edən əməkdaşlıq

Dünyaya nümunəvi inkişaf modeli təqdim edən ölkəmiz, eyni zamanda, milli maraqlar üzərində qurulan multiregional xarici siyasət kursuna malikdir. Azərbaycan qonşuluqda və uzaq regionlarda yerləşən ölkələrlə münasibətlərini qarşılıqlı maraqları nəzərə almaqla və suverenlik prinsipini əsas götürməklə inkişaf etdirir ki, bu da bütün dünyada böyük rəğbətlə qarşılanır. Bu gün respublikamızın ayrı-ayrı beynəlxalq təşkilatlarda təmsilçiliyi də yüksək səviyyədədir. Ölkəmiz üzv olduğu beynəlxalq təşkilatlarla əlaqələrini davamlı olaraq genişləndirir, həmçinin üzv olmadığı qurumlarla da perspektivə hesablanan münasibətlər qurur. Azərbaycanın son illərdə əməkdaşlıq əlaqələrini genişləndirdiyi təşkilatlardan biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır.

Şanxay Əməkdaşlıq Təşkilatının regional və qlobal səviyyədə böyük perspektiv vəd etməsini, geniş iqtisadi potensial, siyasi dvidendlər amilini, həmçinin  qurumun prinsiplərinin,  məqsədlərinin Azərbaycanın gündəliyinin bir çox məsələləri üst-üstə düşməsini nəzərə alan ölkə rəhbərliyi ŞƏT-lə əlaqələrin genişlənməsinə güclü siyasi iradə göstərir. Qeyd edək ki, Azərbaycan qurumda təmsil olunan əksər dövlətlərlə ikitərəfli platformada siyasi dialoqu və bu əsasda iqtisadi məzmunlu əməkdaşlığı uğurla inkişaf etdirir, hətta ayrı-ayrı ölkələrlə strateji tərəfdaşlıq sənədləri imzalayıb. Bu baxımdan Azərbaycanın ŞƏT-də təmsilçiliyi arzuolunandır və bu yolda hər hansı bir maneə yoxdur. 2015-ci ilin 9-10 iyul tarixlərində Rusiyanın Ufa şəhərində keçirilmiş ŞƏT-in Zirvə toplantısı zamanı qəbul edilmiş qərara əsasən Azərbaycana ŞƏT-də dialoq üzrə tərəfdaş statusu verilib. Prezident İlham Əliyev 17 may 2016-cı il tarixində “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” Memorandumu təsdiqləyib. Ölkəmiz, eyni zamanda, bir neçə il öncə  təşkilatdakı statusunu müşahidəçi statusuna qədər yüksəltmək üçün ŞƏT-in Katibliyinə rəsmən müraciət edib.

Azərbaycan-ŞƏT əməkdaşlığı hər iki tərəfin qarşılıqlı maraqlarına xidmət edir. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir. Ölkəmiz Avrasiya məkanında xüsusi mövqe və çəkisi olan ŞƏT ilə əməkdaşlıqda iqtisadiyyat, ticarət, energetika, investisiyalar, humanitar, turizm və digər sahələr üzrə mövcud əməkdaşlıq perspektivlərini yüksək dəyərləndirir. O cümlədən son illərdə Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin, Transxəzər marşrutunun inkişaf etdirilməsinə böyük töhfələr verməsi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşasına nail olması, hazırda isə Orta Dəhlizin davamı kimi Zəngəzur Dəhlizinin yaradılmasına güclü siyasi iradə göstərməsi ŞƏT üçün ölkəmizin önəmini əhəmiyyətli dərəcədə artırıb. Onu da vurğulayaq ki, hazırda dünyanın ən böyük beynəlxalq tədbirlərindən olan COP29-a hazırlıq çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatı ilə ölkəmiz arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində saxlanılır.

Qısa əməkdaşlıq tarixində humanitar sahədə də yaxşı əlaqələr qurulub. Belə ki, Azərbaycan ŞƏT-in dialoq üzrə tərəfdaşı statusunu aldıqdan sonra Heydər Əliyev Fondu ŞƏT ilə əməkdaşlıq əlaqələrinin genişlənməsinə mühüm töhfələr verir. Fondun təşkilatçılığı ilə ŞƏT-in Pekindəki mənzil-qərargahında 2018-ci ildə Azərbaycan mədəniyyəti günü, 2021-ci ildə isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib və qərargahda Nizami Gəncəvinin büstü qoyulub. N.Gəncəvi Çin filosofu Konfutsidən sonra ŞƏT-in qərargahında büstü qoyulmuş ikinci tarixi şəxsiyyətdir.

Azərbaycan Liderinə göstərilən böyük ehtiram

Artıq Azərbaycan Prezidentinin xüsusi dəvət əsasında ŞƏT-in Zirvə görüşlərində iştirakı ənənə halını alıb. Dövlətimizin başçısı 2022-ci ilin sentyabr ayında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə baş tutan sammitində fəxri qonaq qismində iştirak edib. Hazırda isə ŞƏT-ə Qazaxıstan sədrlik edir. Prezident İlham Əliyev ŞƏT-in Astanadakı Zirvə görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə iştirak edir. Prezident İlham Əliyevin Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə xüsusi dəvət alması, həmin tədbirlərdə fəal iştirakı Azərbaycan Liderinə və ölkəmizə göstərilən böyük ehtiramın göstəricisidir. 

Azərbaycanın ŞƏT-ə üzv dövlətlərlə yüksəksəviyyəli ikitərəfli münasibətlər qurması təşkilatla əməkdaşlığın inkişaf etdirilməsinə öz töhfəsini verməklə yanaşı, Azərbaycanın regional güc kimi dəstək qazanmasını da şərtləndirir. ŞƏT ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq səviyyədə səsinin eşidilməsi, mövqeyinin çatdırılması baxımından vacib bir platformadır. Prezident İlham Əliyevin Zirvə görüşlərində iştirakı və etdiyi çıxışlar ölkəmizlə bağlı ən mühüm məsələlərin, prioritetlərin qlobal səviyyədə geniş ictimaiyyətə çatdırılmasını təmin edir.

Şübhə yoxdur ki, Astana Zirvə görüşü Azərbaycan üçün təşkilat ilə əməkdaşlığın daha geniş sahələri əhatə etməklə, gələcək inkişaf perspektivlərinin müəyyən edilməsi baxımından böyük əhəmiyyət daşıyacaq. Bütün bunlar Azərbaycanın xarici siyasətinin, uğurlu çoxtərəfli və ikitərəfli diplomatiyasının təzahürüdür. Azərbaycanın COP29-a sədrliyi ölkənin qlobal səviyyədə siyasət yürüdən ölkə olduğunu, qlobal aktora çevrildiyini və dünyanın aparıcı ölkələrinin Azərbaycanla əməkdaşlığı gücləndirməyə böyük maraq göstərdiklərini təsdiqləyir.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 491 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

9 ayda 2,5 milyard manat

24 Oktyabr 11:10  

YAP xəbərləri

Analitik

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Sosial

121 yaşlı metropoliten...

24 Oktyabr 08:32  

Ədəbiyyat

Azadlıq şairi...

24 Oktyabr 08:15

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31