Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Dünya üçün mühüm platforma - Şuşa Qlobal Media Forumu 

Dünya üçün mühüm platforma - Şuşa Qlobal Media Forumu 

24.07.2024 [10:00]

Mədəniyyət paytaxtımız Şuşanın qonaq-qaralı, çal-çağırlı günləri geri qayıdıb. Postmüharibə dövründə şəhərdə “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri bərpa olunub, bir neçə beynəlxalq idman tədbiri keçirilib. Bir qədər bundan əvvəl bütün Türk dünyasının nəbzi Şuşada döyündü - burada Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-formal Zirvə görüşü uğurla baş tutdu. Son olaraq isə iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib.

Azərbaycan Prezidentinin təşəbbüsü ilə əsası qoyulan ənənə

Hər bir azərbaycanlı kimi Prezident İlham Əliyev də ecazkar bir şəhər olan Şuşaya qəlbən bağlıdır. O, dəfələrlə hisslərini dilə gətirərək bildirib ki, adam Şuşaya gələndə buradan geri qayıtmaq istəmir. Dövlətimizin başçısının Şuşaya olan sonsuz bağlılığı və rəğbəti Onun göstərişləri əsasında şəhərdə postmüharibə dövründə dərhal başlayan və bu gün də intensiv şəkildə davam etdirilən genişmiyqaslı quruculuq-abadlıq işlərində təzahür edir. Prezident İlham Əliyev şəhərin tarixi  simasının özünə qaytarılmasına güclü siyasi iradə göstərdiyi kimi, həm də onun ənənələrinin bərpası ilə bağlı göstərişlərini verib. Elə Şuşada Qlobal Media Forumunun keçirilməsi təşəbbüsü də dövlətimizin başçısından gəlib. “Mən xatırlayıram ki, ötən il məhz bu auditoriyada, məhz bu tarixdə mənim iştirakçılarla çox maraqlı söhbətim oldu və o vaxt mən arzumu bildirdim ki, bu forum bir ənənəyə çevrilsin və gördüyünüz kimi, bu tədbir artıq bir ənənəyə çevrilibdir”, - deyə İlham Əliyev 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində bildirib.

Ötən il baş tutan 1-cu Şuşa Qlobal Media Forumu “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilib. Bu, qlobal və milli səviyyələrdə böyük aktuallıq daşıyan bir mövzudur. Yeni sənaye inqilabı innovativ texnologiyaların inkişafı ilə səciyyələnir. Transformasiyalar çox sürətlə gedir. İnternet dövrü informasiyaların alınmasını və ötürülməsini hədsiz dərəcədə asanlaşdırmaqla yanaşı, yeni çağırışlar da meydana gətirib. Qloballaşma şəraitində bu çağırışlar xüsusilə milli səviyyələrdə özünəməxsusluğun qorunması, dövlətlərin informasiya təhlükəsizliyinin təmin edilməsi kimi mühüm məqamları əhatə edir. Başlanğıc olsa da, 1-ci Şuşa Qlobal Media Forumu yaddaşlarda dərin iz buraxdı. Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlərə fərqli yanaşmalar ortaya qoyulub. 

Ötən bir ildə dünyada Şuşa Qlobal Media Forumuna maraq artıb. Qeyd edək ki, budəfəki foruma 50-yə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyin, 3 beynəlxalq təşkilatın və 82 media qurumunun təmsilçiləri qatılıblar. Bütün bunlar ondan xəbər verir ki, Şuşa Qlobal Media Forumu artıq beynəlxalq səviyyədə mühüm bir platforma kimi qəbul olunur. Deyə bilərik ki, Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır. 

Şuşadan dünyaya verilən mühüm mesajlar

Hər bir platformanın miqyası və önəmi  orada müzakirələrə çıxarılan məsələlərin, verilən mesajların qlobal və milli müstəvilərdə aktuallığı ilə ölçülür. 1-ci Şuşa Qlobal Media Forumunun gündəliyi barədə yuxarıda bəhs etdik. Sayca 2-ci Forum isə “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilib. Bu da çox aktual mövzudur. Burada söhbət yalnız ayrı-ayrı media qurumlarının auditoriyalara ötürdükləri informasiyaların bir sıra hallarda doğru çıxmamasından və təsdiqlənməməsindən getmir. Narahatlıq doğuran həm də o məqamdır ki, feyk məlumatlar bəzən məqsədli şəkildə tirajlanır və yaxud onlar hansısa bir dövlətin milli maraqlarına xələl gətirməyi hədəfləyir. Bu, qərəzli informasiya təxribatıdır, məqsədli şəkildə aparılan “qara piar”dır. Forumun açılış mərasimində Prezident İlham Əliyevin bildirdiyi kimi, təəssüflər olsun ki, bu gün dünyada baş verənlər məhz bu mövzunun bir növ qurbanına çevrilibdir. Təəssüf ki, bu, bizim artıq həyat tərzimizin bir hissəsinə çevrilibdir. Hətta Amerika Prezidenti də buna məruz qalıb. Prezident Tramp “Vaşinqton Post”u və “Nyu-York Tayms”ı feyknyus, yəni yalan xəbər mənbəyi adlandırıb. Onunla razılaşmamaq mümkün deyil. 

Azərbaycan da dəfələrlə transmilli mediada “qara piar” kampaniyalarına tuş gəlib. Qarabağ münaqişəsinin mövcud olduğu dövrdə ölkəmiz haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər. Belə hallar hətta postkonflikt dövründə də təkrarlanır. Prezident İlham Əliyev respublikamızın birmənalı mövqeyini növbəti dəfə diqqətə çatdıraraq vurğulayıb: “Əlbəttə, biz çox arzu edirik ki, media obyektiv olsun, hər kəs obyektiv olsun. Ancaq medianın xüsusi məsuliyyəti var. Çünki medianın mesajları, məsələni işıqlandırması bir çox insanların həyatına təsir edir”.

Şuşadan verilən mühüm mesajlardan biri kolonializmdən əziyyət çəkən bütün xalqların dəstəkləməsinin zəruriliyini özündə ehtiva edir. Ədalətli dünya naminə bu dəstək hədsiz dərəcədə vacibdir. Çox kədərlidir ki, kolonializmdən əziyyət çəkən xalqların səsini heç kəs eşitmir. Çünki az sayda ölkə var ki, Fransanı əməllərinə görə ittiham etsin. Bir çox ölkələr buna göz yummağa çalışırlar, başqa tərəfə baxmağa çalışırlar. Özlərinə başağrısı axtarmırlar. Onlar qorxurlar ki, “Fiqaro” və ya “Le Monde” qəzetlərində demonizasiyaya məruz qalarlar. Həmin qəzetlər bu gün Fransa prezidentinin rejiminin təsiri altındadır. Həmin o media şirkətlərinə Yelisey sarayından hansı mesajların ötürüldüyü bəllidir. Azərbaycan köməyə ehtiyacı olan xalqlarla həmrəyliyin önündə yer alır. “Biz sizi hər zaman dəstəkləyəcəyik. Əlimizdən gələni edəcəyik ki, siz və sizin kimi milyonlarla insan öz torpağında azad yaşaya bilsin. Siz öz gələcəyinizi planlaşdırmalısınız. Siz öz irsinizi və ləyaqətinizi, dilinizi qorumalısınız, hansı ki, bu gün sizi ondan məhrum etməyə çalışırlar. Biz sizin yanınızda olacağıq”, - deyə Prezident İlham Əliyev Fransanın sümürmə siyasətindən əziyyət çəkən ölkələrin təmsilçilərinə xitabən bildirib.

Şuşada ikinci dəfə baş tutan tədbirdə, həmçinin cari ilin noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi COP29 ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri barədə də geniş müzakirələr aparılıb. Təəssüf ki, ötən ilin sonlarında COP29- a ev sahibliyi hüququ Azərbaycana veriləndə yenə də Fransa kimi bəlli ölkələrin təhriki ilə transmilli mediada respublikamıza qarşı çox geniş və koordinasiya edilmiş “qara piar” başladı. Hətta ölkəmizi cəzalandırmağa çağırışlar da edilirdi. Halbuki səsləndirlən ittihamların heç bir əsası yox idi. Belə qərəzli cəhdlərə məhəl qoymayan Azərbaycan hazırda qlobal tədbirə məsuliyyətli hazırlıq həyata keçirir. Prezident İlham Əliyev COP29-un gündəliyinin ən mühüm mövzularından birinə diqqət çəkərək vurğulayıb: “Biz inkişafda olan kiçik ada ölkələri ilə əməkdaşlıq edirik. Bizim COP29 çərçivəsində bununla bağlı tədbirimiz olacaqdır və orada ittifaq ölkələri də iştirak edəcək. Biz ittifaq ölkələri ilə birgə fond yaradacağıq ki, inkişafda olan həmin kiçik ada ölkələrinə kömək edək. Çünki bu vəziyyət onların mövcudluğuna təhlükədir”.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 378 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31