Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Milli Qurtuluş Günü - Azərbaycan tarixinin dönüş nöqtəsi

Milli Qurtuluş Günü - Azərbaycan tarixinin dönüş nöqtəsi

13.06.2026 [13:32]

Müstəqilliyinin yaşı elə də çox olmayan Azərbaycanın həyatında ölkəmizin, xalqımızın bu günü və gələcəyi üçün müstəsna önəm daşıyan bir neçə tarixi günü xüsusi fərqləndirə bilərik. Bunların siyahısında 15 İyun Qurtuluş Günü ən ön sırada dayanır.

Bu tarix Özünün müdrik zəkası və fədakar fəaliyyəti ilə ötən əsrin 70-80-ci və 90-cı illərinin əvvəlində Azərbaycanın inkişaf salnaməsini yazan, xalqımızın ümummilli lideri səviyyəsinə yüksələn böyük siyasətçi Heydər Əliyevin adı ilə bağlıdır. Xalqın təkidli tələbi və o dövrdəki iqtidarın xahişi ilə  Azərbaycanda siyasi hakimiyyətə qayıdıb ölkəni böhran vəziyyətindən çıxarmaq üçün 1993-cü il 9 iyun tarixində Naxçıvandan xüsusi təyyarə ilə Bakıya gələn Heydər Əliyev iyunun 15-də  Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilib. 1997-ci ilin  iyun ayında isə Milli Məclis 15 iyunu bayram günü elan edib. Qurtuluş Gününə yüksək dəyər verən Prezident İlham Əliyev “Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”, - deyə vurğulayıb.

Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra Azərbaycanda problemlər yaranmağa başladı

Heydər Əliyev ötən əsrin 70-80-ci illərində birinci dəfə Azərbaycana rəhbərlik edərkən respublikamızı güclü inkişaf yoluna çıxarmağa nail olmuşdu. Çox doğru olaraq həmin illərdə Heydər Əliyevin yorulmaz fəaliyyəti və milli təəssübkeşliyi sayəsində yaradılan iqtisadi və ideoloji əsaslar  Azərbaycanın müstəqilliyinin möhkəm bünövrəsi kimi dəyərləndirilir. Heydər Əliyev həmçinin Qarabağda erməni separatçılarının baş qaldırmalarına imkan vermirdi, təxribatların qarşısını vaxtında və qətiyyətlə alırdı.

Böyük siyasətçi Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verdi. Bununla da Azərbaycanda problemlər yaranmağa başladı. Onun istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların keçmiş sovet iqtidarında olan himayədarları keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmış və Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər.

Həmçinin ölkə daxilində də çox ziddiyyətli vəziyyət yaranmışdı. Dövlət müstəqilliyinə nail olmaq hər bir xalqın müqayisəyəgəlməz tarixi nailiyyətidir.   Azərbaycan da keçmiş ittifaq məkanında gedən məlum proseslər nəticəsində 1991-ci ildə XX əsrdə ikinci dəfə müstəqillik qazanmağa müvəffəq oldu. Ancaq müstəqilliyimizin ilk illərində xalqımız bir sıra məhrumiyyətlərə qatlaşmaq məcburiyyətində qaldı. Bunun da əsas səbəbi o dövrdə hakimiyyətdə olan bütün qüvvələrin dövlətçilik təfəkküründən uzaq olmalarında idi. Vəzirov-Mütəllibov rejiminin, daha sonra Xalq Cəbhəsi-“Müsavat” cütlüyünün Azərbaycanı Heydər Əliyev yolundan döndərməyə çalışmaları böyük səhv idi. Həmin qüvvələr  müstəqilliyin ilk illərində sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi - Heydər Əliyevi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini yaşamazdı, Laçın, Şuşa xəyanətləri mümkün olmazdı, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi.

Xüsusilə də 1992-ci ilin yazında hakimiyyəti zorla ələ keçirən və cəmi bir il iqtidarda qalan AXC-“Müsavat” iqtidarının səriştəsizliyi ucbatından müstəqilliyimiz və bütövlükdə ölkənin taleyi üçün çox ciddi təhdidlər yaranmışdı.1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. Beləliklə, AXC-“Müsavat” cütlüyünün birillik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi. Hakimiyyəti zəbt etmiş qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşdü.

Problemlər getdikcə artırdı. Hakimiyyət strukturlarına, o cümlədən silahlı birləşmələrə nəzarəti itirən o zamankı Azərbaycan iqtidarı 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. 1993-cü il iyunun 4-də Gəncədə sabiq korpus komandiri və AXC-“Müsavat” hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar imzalanması isə Gəncədə böyük miqyaslı qarşıdurmaya rəvac verdi. Respublikanın ikinci böyük şəhərində qiyam başladı.

Nüfuzlu liderə ehtiyac duyulurdu - xalq Heydər Əliyevin ölkənin siyasi rəhbərliyinə gəlməsini təkid edirdi

Müstəqilliyimiz sürətlə süquta doğru gedirdi. Aydın görünürdü ki,  AXC-“Müsavat” iqtidarı ölkədəki vəziyyəti düzəltmək, iqtisadi tənəzzülün qarşısını almaq, Surət Hüseynovun qiyamçı dəstəsini dayandırmaq iqtidarında deyil. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının davam etməsi, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə lider məhz Heydər Əliyevdir. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Paytaxtda və regionlarda xalq mitinqlərə toplaşaraq böyük dövlətçilik təcrübəsi olan Heydər Əliyevin Azərbaycanın siyasi  rəhbərliyinə qayıtmasını tələb edirdi.

Eyni zamanda, Gəncə qiyamı baş verəndən sonra AXC-“Müsavat” iqtidarının təmsilçiləri də Heydər Əliyevin yeganə ümid yeri olduğunu etiraf etməyə başladılar və Ondan bir neçə dəfə Bakıya gəlib ölkəyə rəhbərliyi həyata keçirməyi xahiş etdilər. Əslində, Gəncədə baş verən hadisələrdən sonra o dövrdəki iqtidar mənsublarının Ulu Öndər Heydər Əliyevi Bakıya dəvət etmələri xalqın təkidli tələbləri ilə hesablaşmaqdan daha çox özlərinin xilasını düşünmələri ilə bağlı idi. Yada salaq ki, məhz AXC-“Müsavat” hakimiyyəti 1992-ci il oktyabrın 24-də Naxçıvan Muxtar Respublikasında hakimiyyət çevrilişinə cəhd göstərmişdi. Onların məqsədi naxçıvanlılar tərəfindən yekdilliklə Ali Məclisin Sədri seçilən Ulu Öndərimizi bu vəzifədən uzaqlaşdırmaq idi. Ancaq alınmadı. Bu hadisədən xəbər tutan Naxçıvan camaatı ayağa qalxdı və dağıdıcı ünsürlərə tutarlı cavab verdi.

Görkəmli dövlət xadimi Heydər Əliyev o dövrün Azərbaycanını belə xarakterizə edirdi: “1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycan ərazisinin, demək olar ki, yarıdan çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”.

Naxçıvandan başlayan qurtuluş yolu bütün ölkə miqyasında davam etdirildi

Tam cəsarətlə demək mümkündür ki, bəhs olunan dövrdə Azərbaycanın müstəqilliyə gedən yolunun, qurtuluş tarixinin əsası Ümummilli Lider Heydər Əliyevin səyləri və cəsarəti sayəsində məhz qədim diyarda-Naxçıvanda qoyulub. Məlumdur ki, Heydər Əliyev keçmiş ittifaq rəhbərliyində tutduğu bütün vəzifələrdən istefa verdikdən sonra Bakıya qayıtmaq, doğma xalqı ilə bir yerdə olmaq istəyirdi. Bu qayıdış 1990-cı ildə baş tutsa da, imperiya nökərləri-bəhs olunan dövrdə Azərbaycanın rəhbərliyində təmsil olunan şəxslər Heydər Əliyevin Bakıya qayıdışını kresloları üçün təhlükə hesab edərək Onun paytaxtda qalmasını əngəllədilər. Ulu Öndər doğulduğu Naxçıvana üz tutdu və burada insanlar Onu böyük sayğı ilə qarşıladılar. Həmin ilin payızında Heydər Əliyev Babək rayonunun Nehrəm kəndindən Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçildi. Ulu Öndər, eyni zamanda, Naxçıvan Ali Sovetinə də deputat seçilmişdi. Muxtar Respublikanın Ali Sovetinin seçkilərdən bir qədər sonra-17 noyabr 1990-cı il tarixində çağrılan sessiyasına sədrlik Heydər Əliyevə həvalə olundu. Həmin sessiyada Heydər Əliyevin cəsarəti, milli təəssübkeşliyi, xalqına bağlılığı bütün cəhətləri ilə bir daha özünü büruzə verdi. Sessiyada Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək onun Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarıldı, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı.

Bu gün Heydər Əliyevin o dövrdə atdığı cəsarətli addımlar kimlərə isə adi görünə bilər. Lakin bu, belə deyil. Bəhs olunan dövr çox ziddiyyətli idi, hadisələrin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətin idi, hələ Sovet İttifaqı, kommunist partiyası fəaliyyət göstərirdi. Heydər Əliyev isə təhdidlərdən, Özü və ailəsi üçün yarana biləcək təhlükələrdən çəkinməyərək, respublikamızın gələcək taleyi baxımından müstəsna əhəmiyyət daşıyan qərarların qəbul olunmasına nail oldu. Bir qədər sonra-1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi.

Ulu Öndərin bu kimi cəsarətli addımları bütün Azərbaycan üçün müstəqilliyə bir çağırış idi. Heydər Əliyev respublikanın o vaxtkı rəhbərliyinin “bəlkə də qaytardılar” mövqeyində qalmasına baxmayaraq, çəkinmədən müxtəlif tribunalardan yolumuzun müstəqillik yolu olduğunu bildirdi.

Sonradan isə Heydər Əliyev Naxçıvandan başladığı qurtuluş yolunu bütün ölkə miqyasında davam etdirmək missiyasını yerinə yetirdi. Yuxarıda təsvir etdiyimiz ağır şəraitdə respublikamızda hakimiyyətə gəlmək böyük məsuliyyət idi. Başqa birisi olsaydı, siyasi karyerasını təhlükəyə atmadan çəkinər və gözləmə mövqeyində dayanardı. Ancaq söhbət bütün varlığı ilə xalqına bağlı olan, doğma Azərbaycanı çox sevən Heydər Əliyevdən gedirdi. Şüurlu həyatını respublikanın inkişafına həsr etmiş bu dahi şəxsiyyət həmin çətin günlərdə Özünü proseslərdən kənarda saxlaya bilməzdi və bilmədi də!

Tənəzzüldən tərəqqiyə - Azərbaycan xalqına sədaqətlə xidmət

Böyük siyasətçi Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilməsi, iyunun 24 -də isə Milli Şuranın qərarı ilə respublika Prezidentinin səlahiyyətlərinin Ona ötürülməsi ilə Azərbaycanda yeni bir tarix yazılmağa başlandı - ölkə tənəzzüldən tərəqqiyə istiqamətləndi. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilib. Xalq respublikamızda 1998-ci il oktyabrın 11-də keçirilən seçkilərdə də Ulu Öndərə böyük etimadını növbəti dəfə nümayiş etdirərək Onun namizədliyini dəstəkləyib. Heydər Əliyev bu dəfə seçicilərin 76,1 faizinin səsini toplayaraq yenidən Azərbaycan Prezidenti seçilib. Heydər Əliyev ilk dəfə Prezident seçildikdən sonra andiçmə mərasimində bildirib ki, ömrünün sonunadək Azərbaycan xalqına sədaqətlə xidmət edəcək. Sonradan bu vəd bütünlüklə yerinə yetirildi. Onun fədakarlığı, misilsiz uzaqgörənliyi ilə nail olduğumuz qurtuluşun aşağıdakı rəmzlərini böyük məmnunluq hissi ilə qeyd edə bilərik:

•  Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi.

•  Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu.

•  Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı.

•  İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı.

•  Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu.

•  Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu.

•  İlk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi.

•  Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi sürətləndi.

•  Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı.

Bugünkü müstəqil, suveren, güclü Azərbaycan Heydər Əliyev siyasətinin təntənəsidir

Ulu Öndərin əsasını qoyduğu işləri sonrakı mərhələdə Prezident İlham Əliyev eyni ardıcıllıqla davam etdirir. Aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin tam təmin edilməsi böyük uğurdur. Bu gün respublikamız heç bir güc mərkəzindən asılı deyil, öz problemlərini özü həll etmək iqtidarındadır. Verilən siyasi qərarlar da məhz paytaxt Bakıda dövlətimizin başçısı tərəfindən imzalanır. Real müstəqillik də məhz bundan ibarətdir. Bugünkü müstəqil, suveren, güclü Azərbaycan Heydər Əliyev siyasətinin təntənəsidir.

Burada daha bir məqamı da xüsusi qeyd etmək istərdik. Məlumdur ki, Azərbaycan xalqının mental dəyərlər sistemində ata vəsiyyətinin yerinə yetirilməsi  mühüm yer tutur. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Liderin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiyi fikir belə idi: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”.

Bu gün Ulu Öndərin arzuları həyata keçib - torpaqlarımız işğaldan azad edilib, ölkənin bütün ərazisində suverenliyimiz tam təmin edilib. Prezident İlham Əliyev xoşbəxt övladdır, qeyrətli oğuldur ki, ata vəsiyyətini yerinə yetirməyə müvəffəq olub. Bu gün Azərbaycan xalqı qürur duyur ki, Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Şanlı zəfərlərimiz tarixdə əbədi qalacaq!

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 7 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Dünya

Dünya

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30