Regionların hərtərəfli inkişafı Azərbaycanın iqtisadi və siyasi potensialını gücləndirir
04.09.2009 [10:19]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Hacıqabul rayonuna gəlib.
Dövlətimizin başçısı əvvəlcə rayon mərkəzindəki Heydər Əliyev parkında xalqımızın ümummilli liderinin abidəsini ziyarət edərək gül dəstəsi qoyub.
Prezident İlham Əliyevə məlumat verən rayon İcra hakimiyyətinin başçısı Əhməd Muxtarov deyib ki, açılışı 2008-ci il mayın 10-na - Ulu öndərin doğum gününə təsadüf edən parkın ümumi sahəsi 1,5 hektardır. Burada geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolağı salınıb, fəvvarələr quraşdırılıb. Müasir formada işıqlandırılmış Heydər Əliyev parkında sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.
Dövlətimizin başçısı rayonda aparılan abadlıq və yaşıllaşdırma tədbirləri ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Prezidenti İlham Əliyev dünən Hacıqabul şəhərində Heydər Əliyev muzeyi ilə tanış olub. Heydər Əliyev parkının ərazisində yerləşən muzey 2008-ci ildə inşa olunub. ümumi sahəsi 204 kvadratmetr olan muzeydəki eksponatlar Ulu öndərin müxtəlif dövrlərdə respublikamızın inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlərin ayrı-ayrı məqamlarını, xarici səfərlərini əks etdirir.
Muzeydə Ulu öndərin uşaqlıq və gənclik illərinə aid şəkillər, ötən əsrin 70-80-ci illərində və müstəqilliyini bərpa etdikdən sonra ölkəmizə rəhbərlik etdiyi dövrləri əhatə edən eksponatlar ayrı-ayrı bölmələrdə yerləşdirilib. Muzeyə gələnlər burada quraşdırılan monitor vasitəsilə ümummilli liderin həyat və fəaliyyətini əks etdirən videoxronikaya da baxa bilirlər. Dövlətimizin başçısı muzeylə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazıb.
Dünən Hacıqabul rayon Uşaq Tibb Mərkəzinin açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Mərasimə toplaşan səhiyyə işçiləri, ictimaiyyətin nümayəndələri dövlətimizin başçısını böyük hörmət və ehtiramla, hərarətli alqışlarla qarşılayıblar. Prezident İlham Əliyev uşaq xəstəliklərinin qarşısının alınması, profilaktikası məqsədi ilə tikilən mərkəzin açılışını bildirən lenti kəsib və səhiyyə ocağı ilə yaxından tanış olub.
Təməli 2007-ci ilin avqustunda Prezident İlham Əliyev tərəfindən qoyulan Hacıqabul rayon Uşaq Tibb Mərkəzinin ümumi sahəsi 5 min kvadratmetr, ikimərtəbəli binanın sahəsi isə 688 kvadratmetrdir. Müasir standartlara uyğun inşa edilmiş səhiyyə ocağının ayrıca qazanxanası, su anbarı və elektrikpaylayıcı generatoru var. Mərkəzin həyətyanı sahəsi abadlaşdırılıb, yaşıllıq zolağı salınıb, tibb müəssisəsinə gələn yola asfalt döşənib, yeni işıqlandırma sistemi quraşdırılıb.
Mərkəzin tikintisində yerli və xarici ölkələrdən gətirilmiş inşaat materiallarından və avadanlıqdan istifadə olunub. ümumilikdə, 250 kvadratmetr əraziyə qranit, 150 kvadratmetr sahəyə isə mərmər döşənib.
Uşaq Tibb Mərkəzinin birinci mərtəbəsində poliklinika, stomatologiya, cərrahiyyə, oftalmologiya, travmatologiya şöbələri, nevropatoloq, LOR həkim kabinetləri, manipulyasiya, peyvənd, masaj, fizioterapiya və yeniyetmələr otaqları yerləşir. İkinci mərtəbədəki 15 çarpayılıq stasionar şöbədə isə qəbul, prosedur otaqları, yeməkxana var. Mərkəzdə uşaqlar üçün əyləncə otağı və bufet də fəaliyyət göstərir.
Dövlətimizin başçısına məlumat verilib ki, Uşaq Tibb Mərkəzində 17 həkim və 30 nəfərdən ibarət orta tibb heyətinin işləyəcəyi nəzərdə tutulub. Mərkəz Hacıqabul rayonu ilə yanaşı qonşu rayonların da əhalisinə xidmət göstərəcək. Mərkəzin fəaliyyəti ilə tanış olan dövlətimizin başçısı səhiyyə ocağının kollektivi ilə görüşüb. Prezident İlham Əliyev onları təbrik edərək deyib ki, Uşaq Tibb Mərkəzi ən yüksək standartlara malikdir: “Dünyada mövcud olan ən gözəl avadanlıq burada vardır və quraşdırılıb. Mərkəz keyfiyyətlə tikilib və əminəm ki, uşaqlara burada çox gözəl tibbi xidmət göstəriləcəkdir. Hacıqabul rayonunda səhiyyə məsələlərinin həlli uğurla gedir. Xəstəxana istifadəyə verilibdir, indi isə Uşaq Tibb Mərkəzi. Elə etməliyik ki, bütün rayonlarda, bütün yaşayış məntəqələrində, Azərbaycanda səhiyyənin səviyyəsi yüksək olsun və buna nail oluruq. Azərbaycanın müxtəlif yerlərində, müxtəlif bölgələrində ən müasir, gözəl xəstəxanalar tikilir, ən gözəl avadanlıqla təchiz edilir və insanlara yaxşı tibbi xidmət göstərilir. Eyni zamanda, belə gözəl xəstəxananın həkimlərin iş şəraitinin yaxşılaşdırılması üçün də öz rolu olacaqdır. çünki həkimlər də gərək yaxşı şəraitdə işləsinlər, xəstələr yaxşı tibbi xidmət almalıdırlar”.
Həkim Aynur Qasımzadə dövlətimizin başçısına təşəkkür edərək deyib ki, Prezident İlham Əliyevin tapşırığı və böyük köməyilə inşa olunan müasir sağlamlıq ocağında müxtəlif uşaq xəstəliklərinin müalicəsi və diaqnostikası üçün hər cür imkan və şərait var: “Biz hacıqabullular Sizi daim dəstəkləyir, hər addımınızı bəyənirik və Sizi çox sevirik”.
Sonda Prezident İlham Əliyev kollektivlə xatirə şəkli çəkdirib.
Prezident İlham Əliyev dünən əsaslı yenidənqurma və bərpa işlərindən sonra Hacıqabul rayon mədəniyyət evi ilə tanış olub. ötən əsrin ortalarında inşa olunan Hacıqabul mədəniyyət evinin binası əvvəllər dəmiryolçular klubu kimi fəaliyyət göstərib. Uzun müddət baxımsızlıq üzündən yararsız vəziyyətə düşmüş mədəniyyət evi 10 il idi ki, fəaliyyət göstərmirdi. Prezident İlham Əliyev 2007-ci ilin avqustunda Hacıqabul rayonuna səfəri çərçivəsində bu mədəniyyət evinin yenidən qurulması layihəsi ilə tanış olandan sonra Mədəniyyət və Turizm Nazirliyinə bu binanın əsaslı şəkildə təmir edilməsi ilə bağlı tapşırıqlarını verib. 2008-ci ilin mayında başlanmış təmir-bərpa işləri qısa müddətdə başa çatdırılıb. İkimərtəbəli bina müasir tələblərə uyğun yenidən qurulub. Mədəniyyət evində xanəndəlik, rəqs və digər dərnəklər fəaliyyət göstərir. Binanın həyətyanı sahəsində yaşıllaşdırma işləri aparılıb, çoxlu ağac və dekorativ güllər əkilib.
Mədəniyyət evində yenidənqurma və konstruksiya dəyişikliyi nəticəsində müasir tələblərə cavab verən 340 nəfərlik tamaşa zalı, qrim, rejissor və inzibati otaqlar tamamilə yeniləşib, müasir avadanlıqla təchiz edilib. Tamaşa zalının səhnəsində müasir işıqlandırma və səs sistemləri quraşdırılıb. Avadanlıq Yaponiya, İtaliya, Almaniya və ABŞ-dan gətirilib.
Prezident İlham Əliyev binanın foyesində ümummilli lider Heydər Əliyevə həsr olunmuş guşəyə baxıb. Foyedə Azərbaycan filmlərindən fraqmentləri əks etdirən fotoşəkillər asılıb.
Dövlətimizin başçısı mədəniyyət evindən səmərəli istifadə edilməsi ilə bağlı tövsiyələrini verib.
Dünən Prezident İlham Əliyev Hacıqabulda kərpic zavodunun açılışında iştirak edib.
Zavodun kollektivi dövlətimizin başçısını hərarətlə qarşılayıb. Azərbaycan Prezidenti zavodu işə salıb, müəssisə ilə yaxından tanış olub, istehsal prosesini izləyib.
Məlumat verilib ki, yeni zavodun inşasına “R-Turan” MMC-nin sifarişi ilə ötən ilin iyulunda başlanıb. İnşaat işləri yerli şirkətlər tərəfindən yüksək səviyyədə həyata keçirilib. Müəssisənin tikintisində ayda orta hesabla 220 işçi çalışıb. Zavodun ümumi sahəsi 5 hektardır. Buraya qapalı istehsalat korpusu, inzibati bölmə və mehmanxananın yerləşdiyi bina, avtomobil dayanacağı və digər yardımçı binalar daxildir.
Əraziyə asfalt döşənib, yaşıllıq zolaqları salınıb, 5 min ağac əkilib. Yerli və xarici müştərilərin istirahəti də diqqətdə saxlanılıb. Bunun üçün ərazidə ümumi sahəsi 600 kvadratmetr olan 28 yerlik mehmanxana inşa edilib. Zavodun inzibati bölməsi də yüksək səviyyədə tərtib olunub. Bölmənin foyesində ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin fəaliyyətləri barədə fotostendlər yaradılıb.
Zavodun istehsal sahəsinin elektrik və təbii qazla təminatı tam həll olunub. Bu məqsədlə ayrıca yarımstansiya tikilib, əraziyə 4,5 kilometrlik elektrik, 4 kilometrlik qaz xəttləri çəkilib. Müəssisəni fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün ayrıca generator quraşdırılıb. İstehsal zamanı yaranan qazların ətraf mühitə zərər vurmaması üçün texniki tədbirlər görülüb. Zavodda, ofisdə və mehmanxanada mərkəzləşdirilmiş havalandırma sistemləri yaradılıb. Zavodda videomüşahidə sistemi də var.
Müəssisənin fəaliyyətini Bakı ilə yanaşı, çexiyadan da izləmək olar. Bu əməliyyatı mobil telefon vasitəsilə də həyata keçirmək mümkündür.
Yeni zavodun inşasına 3,5 milyon, maşın və mexanizmlərin alınmasına 700 min manat vəsait xərclənib. Yaponiya, İtaliya, Almaniya, Polşa və çexiya istehsalı olan müasir avadanlığın quraşdırıldığı müəssisənin illik istehsal gücü 30 milyon şərti kərpicdir. Burada gündə 8 çeşiddə 300 ton bişmiş kərpic istehsal edilir. Gələcəkdə istehsal gücünün artırılması nəzərdə tutulur. İstehsalatda 75 nəfər daimi işlə təmin olunub. İkinövbəli iş rejimi tətbiq edildikdən sonra işçilərin sayını artırmaq nəzərdə tutulur. Xammalın götürüldüyü ərazinin zavoda yaxın olması hazır məhsulun maya dəyərinin aşağı olmasına imkan verir. Müxtəlif ölçülərdə kərpiclərin kəsilməsi və qəlibdən çıxan kərpiclərin qurğuya yığılması proseslərini robotlar yerinə yetirir. Zavodun Almaniya istehsalı olan 4 yük avtomobili də var. Bu maşınlar kərpici özüboşaldan kranlarla təchiz olunub.
Azərbaycanda ilk dəfə bu müəssisədə istehsal ediləcək böyük ölçülərdə və yeni növ kərpiclər həm divar, həm də tavan üçün nəzərdə tutulur. Zavodun bütün fəaliyyəti mərkəzləşdirilmiş proqramla robotlar vasitəsilə həyata keçirilir. Zavodda avtomatik aerodinamika sistemi quraşdırılıb.
Bundan əlavə, zavodda elektrik enerjisinə qənaət edən konvertor sistemi yaradılıb, müəssisə tək kompyuterdən idarə olunur. İstehsal prosesində baş verə biləcək qüsur dərhal aşkar edilir və avtomatik surətdə aradan qaldırılır. Bazar günlərində isə zavod xüsusi proqramlı avtopilotla çalışır. Zavodda yaradılan şərait dünya standartları səviyyəsində məhsul istehsal etməyə imkan verir. Burada məhsulun keyfiyyətini yoxlamaq üçün laboratoriyalar da yaradılıb. Hazır məhsulun satışı ilə bağlı bir neçə yerli inşaat şirkəti ilə müqavilə imzalanıb. Məhsulun xarici bazara da çıxarılması üçün konkret tədbirlər görülür. Bəzi ölkələrin şirkətləri ilə danışıqlar aparılıb və artıq müəyyən nəticələr var.
Prezident İlham Əliyev istehsal sexinin idarəetmə mərkəzi ilə də tanış olub. Bildirilib ki, sexdəki bütün avadanlıq və robotların fəaliyyəti bu mərkəzdən idarə olunur.
Zavodun fəaliyyəti ilə tanış olan dövlətimizin başçısı kollektivlə görüşüb. Prezident İlham Əliyev müəssisənin işçilərini təbrik edərək deyib: “Gözəl zavodun açılışı münasibətilə sizi təbrik edirəm. Azərbaycanda son illər ərzində bir neçə kərpic zavodu tikilmişdir. Amma bu kərpic zavodu o biri zavodlardan fərqlənir. Burada tam avtomatlaşdırma sistemi qurulub. Mən gəzdim, baxdım, gördüm ki, burada ən müasir texnologiya tətbiq olunub, müəssisə yüksək keyfiyyətlə tikilib. Burada quraşdırılan robotlar, yeni avadanlıq, kompyuter texnologiyaları müasirlikdir, yenilikdir, Azərbaycanın inkişafıdır, istehsal mədəniyyətidir. Azərbaycanda istehsal artır, sənaye istehsalı bu il də artıb. Baxmayaraq ki, dünyada əksər ölkələrdə sənaye istehsalı aşağı düşür, Azərbaycanda artım vardır. Kərpic zavodunun tikintisi o deməkdir ki, inşaat sektorunun inkişafı davam edir. Əgər belə olmasaydı, kərpic zavodunun tikintisinə ehtiyac olmazdı. çox şadam ki, belə gözəl zavod Hacıqabulda tikilib. Bölgələrin, regionların inkişafı sürətlə gedir və belə yeni, gözəl müəssisələrin yaradılması bizim regional proqramın uğurla icrasını təmin edir. Azərbaycanda son illər ərzində minlərlə yeni müəssisə yaradılıb, yerli istehsal artıb, idxal azalıb. Biz özümüzü demək olar ki, kənd təsərrüfatı məhsulları ilə maksimum dərəcədə təmin edirik. Azərbaycanda inşaat materialları istehsal olunur, yeni sənaye sahələri yaradılır. çox sevindiricidir ki, bu müddətdə, bu mərhələdə Azərbaycanda yaradılan yeni istehsal sahələri artıq dünyanın ən yüksək standartlarına cavab verir”.
Sonda Prezident İlham Əliyev zavodun kollektivi ilə xatirə şəkli çəkdirib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32

