Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Son dörd il ərzində Azərbaycanda 300-dən çox səhiyyə müəssisəsi tikilib

Son dörd il ərzində Azərbaycanda 300-dən çox səhiyyə müəssisəsi tikilib

18.09.2009 [10:57]

Dövlət başçısı İlham Əliyev Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusunun açılışında iştirak edib
Dünən Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusunun açılışı olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Səhiyyə ocağının kollektivi və inşaatçılar dövlətimizin başçısını və xanımını hərarətlə qarşılayıblar.
Mehriban xanıma və qızı Leylaya gül dəstələri təqdim olunub.
Dövlətimizin başçısı cərrahiyyə korpusunun açılışını bildirən lenti kəsib və bina ilə yaxından tanış olub.
Binanın foyesində Ulu öndər Heydər Əliyevin “Səhiyyə cəmiyyətimizin müqəddəs sahələrindən biridir” kəlamı yazılıb. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin səhiyyənin inkişafına diqqət və qayğısını əks etdirən fotoguşələr yaradılıb.
Foyedəki monitorda Ulu öndərin həyatını əks etdirən fotolar və kadrlar nümayiş olunub.
Prezident İlham Əliyev Milli Onkologiya Mərkəzinin uşaq onkologiyası və stasionar şüa-terapiyası korpuslarının eskizlərinə baxıb.
Prezident yanında Xüsusi Tibb Xidmətinin rəisi, Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev məlumat verib ki, təməli 2006-cı ilin iyunun 1-də dövlətimizin başçısının iştirakı ilə qoyulmuş mərkəzin cərrahiyyə korpusu ən müasir üslubda inşa olunub. Layihənin müəllifi gənc memar Vüqar Həsənovdur. “Xəzər” Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzi tərəfindən inşa olunmuş bina 7 mərtəbədən, kürsü qatından və texniki mərtəbədən ibarətdir. Binanın ümumi sahəsi 26 min kvadratmetrdir. Korpusda 190 çarpayılıq 110 palata, 8 əməliyyat otağı, 23 sarğı otağı var.
Birinci mərtəbədə qəbul şöbəsi, inzibati otaqlar, mühasibatlıq, dəftərxana, elmi hissə, kitabxana, kafe, aptek fəaliyyət göstərəcək. İkinci mərtəbədə ümumi onkologiya, üçüncü mərtəbədə onkoginekologiya və torakal onkologiya, dördüncü mərtəbədə abdominal onkologiya, beşinci mərtəbədə baş-burun şişləri və onkourologiya şöbələri, altıncı mərtəbədə reanimasiya şöbəsi, yeddinci mərtəbədə iki əməliyyat bloku yerləşir. Kürsü qatında mərkəzi sterilləşdirmə şöbəsi, qan bankı, ambulator sarğı otaqları, təsərrüfat sahəsi və digər otaqlar var.
Əsasən Almaniya istehsalı olan ən müasir avadanlığın quraşdırıldığı bina yanğından mühafizə, rabitə, havalandırma və videomüşahidə sistemləri ilə təchiz edilib. Bu avadanlıqdan istifadə qaydalarına yiyələnmək üçün mərkəzin əməkdaşları Almaniya və Avstriyada ezamiyyətdə olublar.
Bundan başqa, binada 520 nömrəlik ATS, 11 müasir lift quraşdırılıb, ərazidə 8 min 600 kvadratmetr sahədə abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Əməliyyat blokları ilə tanışlıq zamanı məlumat verilib ki, ən müasir standartlara uyğun yaradılan əməliyyat otaqlarında bütün qapılar avtomat idarə olunur. Paslanmaya, yanğına, rentgen şüalarına davamlı olan xüsusi metaldan üzlənib, divarların konstruksiyası maqnit yapışdırılması üsulu ilə hazırlanıb. Bu, sterillik üçün çox vacib amildir.
Əməliyyat otaqları istiliyin divarlardan verilməsi ilə qızdırılır. Bu nadir metodun tətbiqinə dünyada son vaxtlar başlanıb.
Buradakı cərrahiyyə stolları da özünəməxsusluğu ilə seçilir. Hərəkət edən bu stollar palatadakı xəstələrin yanına aparılır. Xəstələr stolun üzərində yerləşdirildikdən sonra əməliyyat otağına gətirilir.
LED lampaları da Azərbaycanda ilk dəfə buradakı əməliyyat otaqlarında quraşdırılıb. Müxtəlif ölçülü bu lampalar 5 min kilolüksə qədər işıq verə bilir. Bu lampaların üstün cəhəti odur ki, işıqlandırma zamanı kölgə və istilik yaranmır.
Blokdakı otaqların bütün mexanizm və avadanlığı təlimatları Azərbaycan dilində yazılmış bir lövhədən idarə olunur. Əməliyyat otaqlarında anesteziologiya və elektrocərrahiyyə cihazları, xəstənin həyat fəaliyyətinə nəzarət etmək üçün xüsusi monitorlar və digər avadanlıq quraşdırılıb.
Əməliyyat üçün alətlər kürsü qatında yerləşən sterilləşdirmə şöbəsindən xüsusi lift ilə birbaşa əməliyyat blokuna gətirilir.
Reanimasiya şöbəsinin divarları şüşədəndir. Bu, cərrahiyyə əməliyyatından sonra intensiv terapiyanın yüksək səviyyədə həyata keçirilməsinə imkan yaradır. Bundan başqa, reanimasiya şöbəsində təcili analizlər aparan laboratoriya fəaliyyət göstərir.
Müalicə şöbələrindəki palatalarda funksional çarpayılar var. Hər bir xəstəyə fərdi tibbi xidmət göstərmək üçün ayrıca lövhələr quraşdırılıb. İşıqlandırma, telefon rabitəsi, oksigen qazının verilməsi prosesi bu lövhələrdən idarə edilir.
Bundan əlavə, mərkəzdə rəqəmli rentgen aparatı, ultrasəs müayinəsi və digər cihazlar quraşdırılıb. Səhiyyə ocağındakı bütün avadanlığı yerli “Arash Medical” şirkəti quraşdırıb.
Məlumat verilib ki, Milli Onkologiya Mərkəzinin uşaq onkologiyası korpusunda hazırda tikinti-quraşdırma işləri davam edir. Korpus gələn ilin əvvəlində istifadəyə veriləcək.
Prezident İlham Əliyev bina ilə tanışlıqdan sonra səhiyyə ocağının kollektivi ilə görüşüb. Dövlətimizin başçısı kollektivi təbrik edərək deyib: “Bir daha sizi ürəkdən təbrik edirəm. Cərrahiyyə korpusu həqiqətən, sözün əsl mənasında, dünyanın ən yüksək standartlarına cavab verir. Bəlkə də dünya standartlarından da yüksəkdir. çünki sirr deyil ki, xəstəxanalar və cərrahiyyə korpusları adətən daha sadə şəkildə tikilir. Binanın həm gözəl memarlıq üslubu vardır, həm də istifadə olunmuş materiallar çox keyfiyyətlidir. Bina çox genişdir, işıqlıdır. Burada ən müasir avadanlıq quraşdırılmışdır. Yəni, bir sözlə, bu korpus ən yüksək standartlara cavab verir. Bundan sonra Azərbaycanda tikiləcək bütün səhiyyə ocaqları gərək bu standartlara yaxın olsun. Bildiyiniz kimi, Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsinə böyük diqqət göstərilir. Son dörd il ərzində Azərbaycanda 300-dən çox səhiyyə müəssisəsi tikilibdir. Onlardan 124-ü xəstəxanadır. Bakıda, bütün bölgələrdə yeni, müasir avadanlıqla təchiz edilmiş səhiyyə ocaqları tikilmişdir. Onların arasında Milli Onkologiya Mərkəzi əlbəttə ki, xüsusi yerə malikdir. Mən xatırlayıram, üç il bundan əvvəl burada biz sizinlə bərabər bu gözəl korpusun təməl daşını qoyduq. O vaxt mən bilirdim ki, bu bina əlbəttə, yüksək səviyyədə tikilib istifadəyə veriləcəkdir. Ancaq təsəvvür etmirdim ki, bu dərəcədə gözəl bir səhiyyə müəssisəsi yaradılacaqdır. üç il keçdi və gözəl bir əsər yaradıldı. Həm yeni cərrahiyyə korpusu tikildi, eyni zamanda, uşaq onkologiyası korpusu, terapevtik korpus tikilməkdədir. Yəni, bu, böyük bir cərrahiyyə və elmi mərkəzdir. Burada quraşdırılan bütün avadanlıq dünyanın aparıcı şirkətləri tərəfindən istehsal edilmişdir və dünyanın ən məşhur tibbi klinikalarında quraşdırılan avadanlıqdan da geri qalmır. Bu onu göstərir ki, Azərbaycanda bütün sahələrdə, o cümlədən səhiyyə məsələlərinin həllində ən yüksək standartlar tətbiq edilir. Bu korpusun tikintisinin də çox maraqlı tarixi vardır. Uzun illər idi ki, korpusun tikintisi ilə bağlı fəaliyyət göstərilirdi. Yəni, korpusun tikintisinə çox böyük ehtiyac var idi. Ancaq əvvəlki illərdə maliyyə imkanlarımız məhdud olduğuna görə biz xarici kreditlərə daha çox bel bağlayırdıq, güvənirdik. Milli Onkologiya Mərkəzinin direktoru Cəmil Əliyev çox böyük səylər göstərirdi, müxtəlif şirkətlərlə, kredit təşkilatları ilə danışıqlar aparırdı. Ancaq o vaxt Azərbaycana o qədər də, xüsusilə də səhiyyə sahəsinə kredit vermək istəyən tərəflər tapılmadı. Ona görə biz qərar qəbul etdik ki, Azərbaycan dövləti hesabına, dövlət büdcəsi hesabına gözəl cərrahiyyə korpusu tikək və çox şadam ki, biz buna nail ola bildik. Eyni zamanda, çox şadam ki, bu korpusun tikintisində Azərbaycan şirkətləri iştirak ediblər. Bu da göstərir ki, Azərbaycan şirkətlərinin gözəl təcrübəsi, gözəl peşəkarlığı vardır. İstənilən müəssisəni, istənilən səhiyyə ocağını yaxşı tikə bilərlər. Burada xəstələrə əlbəttə ki, çox gözəl tibbi xidmət göstəriləcəkdir. Bunu etmək üçün bütün şərait vardır. Eyni zamanda, burada həkimlərin iş şəraiti də ən yüksək səviyyədədir. Biz bunu da heç vaxt unutmamalıyıq. çünki əlbəttə, xəstəxanalarda ilk növbədə xəstələrin müalicəsi prioritetdir, amma həkimlərin də iş şəraiti yüksək səviyyədə olmalıdır. Bir sözlə, mən sizin hamınızı bir daha bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm və sizə fəaliyyətinizdə uğurlar arzulayıram”.
Həkim Suzən Vətənxan səhiyyə ocağının kollektivi adından dövlətimizin başçısına minnətdarlıq edərək deyib ki, Prezident İlham Əliyevin sayəsində Azərbaycan onkologiyasının tarixində yeni səhifə yazılır: “Fəaliyyətinin 70 illik yubileyi ərəfəsində olan Milli Onkologiya Mərkəzi tarixi boyu ilk dəfə olaraq yüksək səviyyədə xüsusi inşa edilmiş və ən müasir avadanlıqla təchiz olunmuş binada xəstələrə onkoloji xidmət göstərəcəkdir. Nəinki Azərbaycanda, hətta MDB ölkələrində analoqu olmayan bu cərrahiyyə korpusunda onko-cərrahiyyənin bütün problemləri birmənalı olaraq öz həllini tapacaqdır”.
Tibb bacısı Sevil Həsənova ürək sözlərini bildirərək Prezident İlham Əliyevə təşəkkür edib.
Prezident İlham Əliyev Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusunun istifadəyə verilməsi münasibətilə bir daha təbriklərini çatdırıb.
Sonda xatirə şəkli çəkdirilib.

Paylaş:
Baxılıb: 1139 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31