/ / Heydər Əliyev Fondu kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaqların taleyini diqqət mərkəzində saxlayır
Heydər Əliyev Fondu kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaqların taleyini diqqət mərkəzində saxlayır
23.10.2009 [09:29]
Dünən Bakıda, “Gülüstan” sarayında Azərbaycanda “Uşaq ili”nə və BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 20 illiyinə həsr olunmuş Azərbaycanda uşaqların müdafiəsi islahatı üzrə milli konfrans işə başlayıb. Azərbaycan hökuməti, Heydər Əliyev Fondu və BMT-nin Uşaq Fondunun (YUNİSEF) və “Azercell Telekom” birgə müəssisəsinin təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak edib.
Dövlət qurumlarının, beynəlxalq təşkilatların, Milli Məclisin deputatlarının qatıldığı konfransı Baş nazirin müavini Elçin Əfəndiyev açaraq bildirib ki, son illər ərzində ölkənin iqtisadi-sosial vəziyyətində böyük və əsaslı dəyişikliklər baş verib: “Bütün bunlar ilk növbədə ölkədə uşaq hüquqlarının həyata keçirilməsi, xüsusən də uşaqların müdafiəsi sahəsində konkret addımların atılmasına və ümumilikdə uşaqların vəziyyətinin yaxşılaşdırılmasına zəmin yaradıb. Bu baxımdan Azərbaycan Prezidentinin 2006-cı il 29 mart tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramının (2006-2015-ci illər)” qəbul edilməsi böyük əhəmiyyətə malikdir. Bu proqramdan irəli gələn vəzifələrin icrası istiqamətində atılan mühüm addımlar xüsusi yer tutur. Prosesin uğurla həyata keçirilməsinə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva hərtərəfli dəstək verir”.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva konfransda çıxış edərək deyib: “Hörmətli xanımlar və cənablar! Əziz dostlar!
İlk növbədə konfransın iştirakçılarını səmimi qəlbdən salamlayır, ölkəmizə gələn bütün qonaqlara “Azərbaycana xoş gəlmisiniz” deyirəm. çox sevindirici haldır ki, son zamanlar paytaxtımız bir sıra beynəlxalq konfranslara, sammitlərə, görüşlərə ev sahibliyi edir. Belə görüşlərdə siyasi və ictimai xadimlər, alimlər, dövlət məmurları, qeyri-hökumət qurumlarının nümayəndələri bir araya gələrək, həm konkret problemlərin həllinə öz töhfəsini verir, həm də insanların bir-birini daha yaxından tanımasına, dialoq qurmasına güclü təkan verirlər. Sirr deyil ki, müasir dünya bir sıra qlobal problemlərlə üzləşib, bir çox ciddi suallar bu gün öz cavabını axtarır. Sivilizasiyalar və mədəniyyətlərin qarşıdurması, dünyanın müxtəlif hissələrində davam edən hərbi toqquşmalar və münaqişələr, texnogen faciələr, qlobal iqlim dəyişməsi, epidemiyalar və pandemiyalar - hamısı XXI əsrin reallıqlarıdır və dünya ictimaiyyətini narahat edən çağırışlardır. Bu problemlər sırasında uşaq taleyinə aid olan məsələlər aktuallığını itirmir, demək olar ki, öz vacibliyini saxlayır. Fikrimcə uşaqlıq dövrü insan həyatının ən rəngarəng, ən yaddaqalan və ən xoşbəxt dövrüdür. Məhz bu illərdə, bu dövrdə insanın gələcək taleyinin, onun fiziki və mənəvi sağlamlığının, vətəndaş mövqeyinin, insani cəhətlərinin əsası qoyulur. Əlbəttə, hər şəxsin formalaşmasında ailənin, ailə mühitinin, ailə tərbiyəsinin rolu əvəzsizdir. Ailəyə bağlılıq, ailə dəyərləri, uşaqlara qayğı, böyüklərə hörmət Azərbaycan xalqına məxsus olan ən gözəl xüsusiyyətlərdən biridir. Əsrlər boyu bu xüsusiyyət formalaşıb və bu gün də ənənəvi olaraq davam edir. Bu gün Azərbaycan qadını demək olar ki, ölkəmizin həyatının bütün sahələrində çox fəaldır və həm dövlət qurumlarında, həm özəl sektorda bir sıra nailiyyətlər əldə edibdir. Bu gün Azərbaycan qadını öz sözünü deyir və öz mövqeyini nümayiş etdirir. Bununla yanaşı, mən əminəm ki, hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm. Əlbəttə hər bir valideyn arzulayır ki, onun uşağı sağlam, bilikli, savadlı, xoşbəxt böyüsün və bunun üçün əlindən gələni edir. Amma əfsuslar olsun, elə uşaqlar vardır ki, onlar valideyn himayəsindən məhrumdurlar, kimsəsizdirlər və dövlət müəssisələrində tərbiyə olunurlar. Bu uşaqların bir qismi həyatının ilk günündən, digərləri çox az yaşından arxasız, ana və ata məhəbbətindən məhrum böyüyür. Taleyin belə ağır olmağında bu uşaqların heç bir günahı yoxdur və belə ağır taleyi dəyişdirməyə də heç bir imkanı yoxdur. Ona görə, məncə, bu uşaqların həyatı və gələcəyi bizim hamımızı narahat etməli, hamımızı düşündürməlidir. Heydər Əliyev Fondu yarandığı ilk gündən valideyn himayəsindən məhrum olmuş, dövlət müəssisələrində tərbiyə olunan uşaqların taleyini diqqət mərkəzində saxlayır. “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” çərçivəsində Fond tərəfindən 31 dövlət müəssiəsi əsaslı təmir edilib, bütün lazımi avadanlıqla təmin olunubdur. Biz çalışırıq ki, bu uşaqlarla daim ünsiyyət quraq, onların problemləri ilə maraqlanaq, onların asudə vaxtını səmərəli quraq, onlara diqqət və məhəbbət göstərək. Mən çox şadam ki, Fondun bu təşəbbüsü bu gün həm təşkilatlar tərəfindən, həm də ayrı-ayrı insanlar tərəfindən çox geniş şəkildə dəstəklənir. Bu gün Azərbaycanda ən yüksək standartlara cavab verən uşaq evləri və internat məktəbləri fəaliyyət göstərir. Burada yüksək peşəkarlığa malik olan insanlar çalışır. Amma həqiqət ondan ibarətdir ki, ən yaxşı uşaq evi, ən müasir internat məktəbi ailə mühitini, ailə tərbiyəsini, valideyn məhəbbətini əvəz edə bilməz. Son illər belə müəssisələrdə uşaqların artması bizi çox narahat edir. Heydər Əliyev Fondu bu sahədə beynəlxalq təşkilatlarla, ilk növbədə, BMT-nin Uşaq Fondu ilə çox uğurlu əməkdaşlıq qurub və bir sıra proqramlar həyata keçirir. Dövlət tərəfindən bu sahədə çox vacib addımlar həyata keçirilir və gələcəkdə görülən işlər planlaşdırılıb. 2006-2015-ci illəri əhatə edən Azərbaycanda dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı təsdiq edilmişdir. Bu il təsdiq olunmuş baş plana əsasən bir il ərzində 11 dövlət uşaq müəssisəsinin, 3-5 il ərzində isə 44 müəssisənin transformasiyası nəzərdə tutulur. Amma mən bir də qeyd etmək istəyirəm ki, valideyn himayəsindən məhrum olmuş uşaqların taleyi, gələcəyi dövlət orqanlarının fəaliyyəti ilə yanaşı, beynəlxalq qurumların, qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti təşkilatlarının, bizim hər birimizin fəallığından asılıdır. Uşaqlar bizim gələcəyimizdir, uşaqlar Azərbaycanın sabahıdır. Gəlin onların problemlərinə biganə qalmayaq. Gəlin unutmayaq ki, məhz bu anda bizim qayğı və məhəbbətimizə ehtiyacı olan minlərlə kimsəsiz uşaqlar vardır. Mən ümidvaram ki, bu sahədə olan məsələlərin müzakirəsi üçün, təcrübə və ideyaların paylaşılması və problemlərin həlli yollarının axtarılması üçün bugünkü konfrans çox yaxşı fürsətdir. Bir daha konfransın bütün iştirakçılarına və təşkilatçılarına öz dərin minnətdarlığımı bildirirəm, konfransın işinə uğurlar, hər birinizə cansağlığı arzulayıram. çox sağ olun”.
Konfransda çıxış edən YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard, “Azercell Telekom” Birgə Müəssisənin prezidenti Ali Ağan tədbirin həsr olunduğu mövzunun aktuallığından danışaraq, bu sahədə Azərbaycanda həyata keçirilən dövlət siyasətini yüksək qiymətləndiriblər.
Təhsil naziri Misir Mərdanov, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Azərbaycanda Uşaqların Müdafiəsi İslahatlarına doğru”, “Ailəyə dəstək üzrə sosial müdafiə tədbirləri” və “Uşaq Hüquqları Konvensiyası: dövlətin dövri hesabatı” mövzularında məruzələrlə çıxış ediblər.
Sonra YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard uşaqların hüquqlarının müdafiəsi sahəsindəki nəcib fəaliyyətinə görə Mehriban xanım Əliyevaya xüsusi mükafat təqdim edib.
Konfrans işini sessiya iclaslarında davam etdirib.
Qeyd edək ki, konfrans işini oktyabrın 23-də davam etdirəcək.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48

