Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Məmurlara Prezident örnəyi

Məmurlara Prezident örnəyi

03.08.2022 [10:01]

Prezident İlham Əliyev: Əminəm ki, hər bir rayonda, hər bir yerdə müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir çox problemlər aradan qaldırılacaq

Mübariz  ABDULLAYEV

Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif auditoriyalar qarşısındakı çıxışlarında və ictimaiyyət nümayəndələri ilə görüşlərində məmur-vətəndaş münasibətlərini həmişə həm dövlət, həm də cəmiyyət üçün böyük aktuallıq daşıyan məsələlərdən biri kimi təqdim edib. Dövlət başçısı bunu müxtəlif amillərlə əsaslandırır. Bildirir ki, qarşıya qoyulan hədəflərə çatılması -  ölkədə sabitliyin və inkişafın davamlılığının təmin olunması, vətəndaş məmnunluğunun artırılması çevik, səmərəli idarəetmədən çox asılıdır. İcra mexanizminin çox mühüm, bəlkə də, əsas fiquru  qismində isə məhz məmurlar çıxış edirlər. Yerində olan məmurlar idarəetməyə güclü impuls verir, prosesləri irəli aparır, qüvvələri vahid məqsədlərə səfərbər edir və beləliklə də, dövlətə inamı artırırlar. Prezident İlham Əliyev elə bu günlərdə Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən ölkəmizdə idarəetmə ilə bağlı tələblərini növbəti dəfə diqqətə çatdıraraq vurğulayıb: “Əminəm ki, hər bir rayonda, hər bir yerdə müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir çox problemlər aradan qaldırılacaq. Bax, dövlətin siyasəti bundan ibarətdir. Mən hər zaman Azərbaycan dövlətinin siyasətini birmənalı şəkildə ifadə edirdim, bunu ictimaiyyətə təqdim edirdim. Mənim bir çox çıxışlarım ictimaiyyət qarşısında hesabat xarakterli çıxışlardır və eyni zamanda, bütün dövlət məmurlarına, o cümlədən sahibkarlara dediyim sözlər hesab edirəm ki, əsas olmalıdır”.

Liderin nümunəsi

Azərbaycan məmurlarının, necə deyərlər, uzağa gedib haradansa təcrübə öyrənmələrinə əsla lüzum yoxdur. Onlar üçün yaxşı nümunə uzaqda deyil. Prezident İlham Əliyevin vətəndaşlara qayğı prinsipinə əsaslanan çoxşaxəli fəaliyyəti arzulanan və hamı tərəfindən tərəddüdsüz qəbul edilən, əvəzolunmaz sayılan ideal məmur obrazını göz önündə canlandırır. Biz müşahidə edirik: Xalqın istəyi, cəmiyyətdən gələn sosial sifarişlər Prezident İlham Əliyev üçün bir növ fəaliyyət proqramını təşkil edir. O, mətbuatı, sosial şəbəkələri müntəzəm izlədiyini, informasiyaları müxtəlif mənbələrdən aldığını bildirir, poçtuna gələn məktubları bir-bir şəxsən oxuduğunu deyir. Eyni zamanda, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tez-tez ölkənin müxtəlif bölgələrinə səfərlərə çıxır, ictimaiyyət nümayəndələri ilə çoxsaylı görüşlərə qatılırlar. Bu görüşlər və səfərlər izsiz ötüşmür. Mətbuatda, məktublarda, görüşlərdə qaldırılan məsələlər istisnasız olaraq Prezidentin, birinci xanımın nəzarətinə götürülür və onların həlli operativ qaydada təmin edilir. Ayrı-ayrı şəhər və kəndlərdə müxtəlif təyinatlı infrastruktur obyektlərinin inşasının, sahibkarların, sıravi  vətəndaşların üzləşdikləri çətinliklərin məhz bu yolla aradan qaldırıldığına aid çoxsaylı faktlar sadalaya bilərik. Prezident İlham Əliyev dəfələrlə açıq mətnlə bəyan edib ki, özünü xalqın birinci xidmətçisi sayır. Deyilənlərin təsdiqi olaraq o, həyatının əlamətdar anlarını, məsələn, ad günlərini bir qayda olaraq həssas qruplardan olan insanların, ailələrin əhatəsində keçirir. Eləcə də birinci xanım Mehriban Əliyeva bayramlarda mütləq uşaq evlərinə, qayğıya ehtiyacı olan insanlara, xəstəxanalara baş çəkir, valideyn himayəsindən məhrum qalan uşaqları hədiyyələrlə sevindirir. Ən kritik məqamlarda - zəlzələlər, daşqınlar, yanğınlar zamanı kim çətinliyə düşən insanların yanında olur? Yenə də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva! Ayrı-ayrı ölkələrdə bəzi siyasətçilər reytinq və populyarlıq qazanmaqdan ötrü populist vədlər verirlər. Lakin siyasətçi üçün göydən ulduzu, ayı yerə endirməyə ehtiyac yoxdur.  Bunun üçün tutduğun vəzifənin məsuliyyətini bütün miqyası ilə dərk etmək, can-başla onların icrasına çalışmaq, daim xalqın yanında olmaq və insanlara yalan vədlər verməmək lazımdır. Bundan sonra populyarlıq, reytinq sənin qapını özü döyəcək. İndiyədək Azərbaycan xalqı Prezident İlham Əliyevə dörd dəfə etimad göstərərək Onu dövlət başçısı seçib. Aparılan sorğular dəfələrlə təsdiqləyib ki, respublikamızda böyük əksəriyyət bu seçimdən razıdır, İlham Əliyev bütün siyasətçiləri böyük fərqlə arxada qoyur və elə bu gün seçkilər keçirilsə, O, yenidən xalqın böyük inamını qazanacaq. Xalq əmindir ki, Prezident İlham Əliyev indiyədək dövlət başçısı vəzifəsində Azərbaycanın sükanını inamla idarə edib və bundan sonra da inamla idarə edəcək. Xalqın dövlət başçısına inamı və dəstəyi, Prezidentin uzaqgörənliyi, fədakarlığı, milli təəssübkeşliyi, yüksək liderlik keyfiyyətləri Azərbaycanı bundan sonra da uğurlardan-uğurlara, zəfərlərdən-zəfərlərə daşıyacaq!

Sosial ədalət, yenə də sosial ədalət!

Son illərdə vəzifəyə yeni təyin olunan məmurların Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi, dövlət başçısının onlara dəyərli tövsiyələrini və tapşırıqlarını verməsi ənənə halını alıb. Yuxarıda bəhs olunan qəbul da bu baxımdan istisna deyildir. Həmin qəbulda dövlət başçısı məmurlardan nə istədiyini, onlardan necə bir fəaliyyət gözlədiyini açıq mətnlə tələb edib.  Qəbuldakı çıxışında fikirlərini diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb: “Bilirsiniz ki, bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir, bəzilərinin hökmü verilmişdir, bəzilərinin işləri məhkəmədədir. Bu, onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır”.

Prezident İlham Əliyev özünün fəaliyyət nümunəsini müxtəlif vəzifələrə təyin etdiyi məmurlara da aşılamaq istəyir. İcra başçıları daim yaşayış məntəqələrinə getməli, insanlarla sıx ünsiyyət qurmalı və onların problemlərini öyrənməlidirlər. Bəzi məsələlərin həllinə, əlbəttə ki, rayon icra hakimiyyətləri səviyyəsində nail olmaq mümkündür. Elə məsələlər də var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də vaxtında aidiyyəti dövlət orqanlarına - Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, digər icra qurumlarına müraciətlər göndərilməlidir ki, mövcud problemlər öz həllini tapsın. Dövlət başçısının qeyd etdiyi kimi, əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq.

Qəbulda da bildirildiyi kimi, Prezident İlham Əliyevin məmurların qarşısına qoyduğu mühüm tələblərdən biri sosial ədalətlə bağlıdır.  “Əlbəttə, fəaliyyətinizdə sosial ədalət prinsipinə əməl etməlisiniz. Sosial ədalət, bütövlükdə ədalət prinsipləri cəmiyyətin əsas prinsiplərindən biridir və sağlam cəmiyyətdə ədalət hökm sürür. Biz isə sağlam cəmiyyət qururuq və demək olar ki, bu işdə müvəffəqiyyətlər qazanmışıq. Bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, Azərbaycan cəmiyyəti ölkədə gedən prosesləri dəstəkləyir, bizim xarici, daxili siyasətimizi dəstəkləyir. Çünki bizim siyasətimiz Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib. Bizim siyasətimiz ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir. Bizim siyasətimiz nəticəsində Azərbaycan hərbi və ondan sonra siyasi yollarla Ermənistanın işğalçılıq siyasətinə son qoydu, əzəli torpaqlarımızı azad etdi, tarixi ədaləti bərpa etdi, milli qüruru bərpa etdi”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Sahibkarlar incidilməməlidirlər

Son illərdə milli iqtisadiyyatımızda böyük uğurların qazanılmasında özəl sektorun getdikcə artan rolunu xüsusi qeyd edə bilərik. Aparılan məqsədyönlü siyasət nəticəsində qeyri-neft sektorunda özəl bölmənin payı əhəmiyyətli dərəcədə artıb. Belə ki, ÜDM-də özəl sektorun xüsusi çəkisi 2019-cu ildə 85% olub, pandemiya səbəbindən 2020-ci ildə bu göstərici 80,8%-ə ensə də, artıq 2021-ci ildə 83%-i ötüb. Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev ölkədə özəl sektorun bundan sonra da sürətli inkişafını təmin etmək əzmindədir. Bu günlərdə dövlət başçısının imzaladığı Sərəncamla təsdiqlənən müvafiq Strategiyaya əsasən,  ölkəmizdə 2026-cı ilədək olan dövrdə özəl sektorun iqtisadiyyatda payının 88%-ə çatdırılması hədəflənib.

Qəbulda bildirildiyi kimi, son illərdə Göygöl, Masallı və Lerik rayonlarında da özəl sektorun inkişafı məqsədilə müəyyən tədbirlər həyata keçirilib. O cümlədən hər üç rayonda zəngin turizm potensialından istifadə olunması məqsədilə müasir infrastruktur qurulub, turistyerləşdirmə obyektləri inşa olunub. Bunun da sayəsində bəhs olunan rayonlara turist axını artıb.  Lakin deyilənlərlə yanaşı, biz bir sıra hallarda müşahidə edirik ki, yerlərdə sahibkarlar icra strukturlarının rəhbərləri tərəfindən nəinki qayğı ilə əhatə olunmurlar, hətta incidilirlər, get-gələ salınırlar. Ayrı-ayrı bölgələrdə rayon icra hakimiyyətlərinin rəhbərləri özəl investisiyaların cəlb edilməsinə maraq göstərmirlər və yaxud bunun müqabilində hansısa şərtlər irəli sürürlər. Halbuki, bu investisiyalar rayonların inkişafı üçün çox vacibdir. Bu kimi məqamlardan bəhs edən dövlətimizin başçısı vurğulayıb: “Rayonların inkişafı ilə bağlı siz özünüz təşəbbüs göstərməlisiniz. Bəzi hallarda yerli icra orqanları bir qədər tənbəllik edirlər, ya gözləyirlər ki, dövlət tərəfindən hansısa layihələr icra ediləcək, ya da ki, sahibkar gəlib onların qapısını döyəcək. Belə olan halda, bəzi hallarda sahibkarlar qarşısında müəyyən qanunsuz, əsassız tələblər irəli sürülür. Siz özünüz sahibkarları rayonlarınıza cəlb etməlisiniz, həm yerli sahibkarları, həm də xarici sahibkarları”.

Torpaqlardan səmərəli istifadə olunsa...

Bəhs olunan qəbulda Prezident İlham Əliyev respublikamız üçün vacib olan digər bir məsələyə də xüsusi diqqət çəkib. Söhbət torpaqlardan səmərəli şəkildə istifadə olunması kimi mühüm məsələdən gedir. Bu xüsusda fikirlərini ifadə edən dövlətimizin başçısı “Azərbaycan ərazi baxımından o qədər də böyük ölkə deyil. Bizim üçün hər qarış torpaq qiymətlidir, dəyərlidir və torpaqdan insanlar istifadə etməlidirlər. Fermerlər, kəndlilər məhsul yetişdirmək üçün istifadə etməlidirlər. Biz ölkəmizin ekoloji sistemini qorumalıyıq və sizə də tövsiyələrimin biri bundan ibarətdir. Görülən və görüləcək bütün işlər elə aparılmalıdır ki, ekologiyaya ziyan dəyməsin. Xüsusilə həm Göygöl, həm Lerik, həm də Masallı çox zəngin təbiəti olan rayonlardır. Ona görə ekoloji tarazlıq, ekoloji normalar qorunmalıdır. Bunu mütləq nəzərə alın”, - deyə bildirib.

Bəhs olunan hər üç rayonda kənd təsərrüfatının inkişafı üçün də çox gözəl imkanlar var. Bu bölgələrdə müasir tələblərə uyğun kənd təsərrüfatı yaradılmalıdır. Müasir aqrotexniki tədbirlərin görülməsi, tətbiq edilməsi şərtilə heyvandarlıq, bitkiçilik rayonların xüsusiyyətlərinə görə inkişaf etməlidir. Prezident İlham Əliyev vurğulayıb ki, bununla bağlı olan çox ciddi məsələ torpaqlardan səmərəli istifadə edilməsidir. “Əfsuslar olsun ki, əvvəlki illərdə bəzi dövlət məmurları və bəzi sahibkarlar tərəfindən böyük torpaq sahələri hasarlanmışdır, qanunsuz zəbt edilmişdir. Kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaqlarda ya evlər tikilmişdir, ya da ki, sadəcə olaraq, o sahələr hasarlanıb kiminsə mülkiyyətinə çevrilmişdir. Biz bu məsələni bu yaxınlarda ciddi araşdırmağa başladıq və gördük ki, burada çox böyük pozuntular var. Vəzifəli şəxslər yerli icra orqanlarının nümayəndələrinə göstəriş verirdilər ki, o torpağı mənə ver, bu torpağı mənə ver. Beləliklə də torpaq fondu azalırdı və torpaqların qanunsuz zəbt edilməsi prosesi əfsuslar olsun ki, geniş vüsət almışdır”.

Təbii ki, belə hallara qarşı həm də ciddi mübarizə tədbirləri görülür. Müvafiq qaydaları pozanları sərt cəza tədbirlərinin gözlədiyini bildirən Prezident İlham Əliyev vurğulayıb: “Əfsuslar olsun ki, belə hallar çoxdur. Bu gün bir daha demək istəyirəm ki, bu hallara qarşı çox ciddi mübarizə aparılır. Çünki idarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır. Bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyət təmizlənir və insanlar da bunu görürlər. Ona görə siz dövlət məmurları kimi bu hallara çox ciddi fikir verməlisiniz. Bunu mən sizə deyirəm və bütün dövlət orqanlarının nümayəndələrinə deyirəm, eyni zamanda, qanunsuz işlərlə məşğul olmaq istəyən insanlara deyirəm: Əl çəkin bundan! Cəzalandırılacaqsınız və cəzalandırılırlar. Biz kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik. Ona görə torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılmalıdır”.

Paylaş:
Baxılıb: 103 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

08 Avqust 11:08

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

İqtisadiyyat

İqtisadiyyat

Xəbər lenti

Müsahibə

Xəbər lenti

8 avqust 1991-ci il...

06 Avqust 10:12

Prezident bu gün

Prezident bu gün

06 Avqust 10:08

Siyasət

Səfirliyimizə hücum...

06 Avqust 10:05  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31