Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanla Aİ arasında “yaşıl enerji” dialoqu

Azərbaycanla Aİ arasında “yaşıl enerji” dialoqu

08.09.2022 [10:08]

MÜBARİZ

Avrasiyada artan geosiyasi gərginliklər fonunda Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında əlaqələrin intensivləşməsi diqqət çəkir. Son vaxtlarda Aİ rəsmilərinin Bakıya çoxsaylı səfərləri baş tutub, paytaxtımızda Avropa şirkətlərinin geniş təmsilçiliyi ilə enerji həftəsi təşkil olunub. Eyni zamanda, Prezident İlham Əliyev ötən ilin dekabr ayından bəri “qoca qitə”nin siyasi paytaxtı sayılan Brüsselə dörd dəfə səfərə gedib. Bu təmaslarda aktuallıq doğuran digər vacib məsələlərlə yanaşı, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi də müzakirələrin mövzusu olub. Aydın şəkildə hiss olunur ki, Aİ Azərbaycanın etibarlı partnyorluğunu yüksək dəyərləndirir və ölkəmizlə əməkdaşlığı ənənəvi sahələr qorunmaqla, yeni müstəvilərə də keçirmək istəyir.

Ticarət dövriyyəsinin mövcud səviyyəsi

Azərbaycanla Aİ arasında tərəflərin xoş niyyətinə uyğun olaraq çoxvektorlu əməkdaşlıq formalaşıb. Buna siyasi dialoqun yüksək səviyyəsini, investisiya qoyuluşunu, enerji sektorunda əməkdaşlığı misal göstərə bilərik. Təkcə belə bir faktı vurğulamaq yerinə düşər ki, indiyədək Azərbaycanla Aİ məkanına daxil olan 9 dövlət arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. O cümlədən hazırda Azərbaycanla Avropa İttifaqı arasında mükəmməl hüquqi baza ilə tənzimlənən iqtisadi əməkdaşlıq yüksək səviyyəsi ilə diqqət çəkir. Rəqəmlərə istinadən deyə bilərik ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Aİ-nin Cənubi Qafqazda ümumi ticarət dövriyyəsində Azərbaycan  lider mövqeyə malikdir. Ölkəmiz  Aİ üçün investisiya cəlbediciliyi baxımından da öz prioritetliyini qoruyub saxlayır. Qurum pandemiyadan əvvəl - 2019-cu ildə Azərbaycanda 2.6, Gürcüstanda 1.2, Ermənistanda isə cəmi 1 milyard avro həcmində sərmayə qoyuluşu həyata keçirib.

Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi 2021-ci ildə 15 milyard dollaradək yüksəlib. Bütövlükdə, ölkəmizin ixrac partnyorları arasında Aİ-nin üzvü olan İtaliya 48 faiz payla birinci sırada gəlir. Eyni zamanda, Avropa İttifaqının Cənubi Qafqazda ticarət dövriyyəsinin 2/3-i Azərbaycanın payına düşür.

Enerji sahəsində partnyorluq Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi əlaqələrin mühüm seqmentini təşkil edir. Azərbaycan artıq bir neçə onillikdir ki, “qoca qitə”nin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan ölkəyə çevrilib. Respublikamız Avropa üçün yeni və etibarlı enerji mənbəyi sayılır. 2021-ci ilin əvvəlindən etibarən Azərbaycan Avropa bazarlarına neftlə yanaşı, qaz ixracına da başlayıb. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib. Azərbaycanın ixrac potensialı isə daha böyükdür. Aİ məlum geosiyasi gərginliklər fonunda özünün artan tələbatını ödəmək üçün respublikamızdan daha çox həcmlərdə “mavi yanacaq” almaq istəyir. Bu tələbatı qarşılamağa Azərbaycanın geniş imkanları var. Cari ildə ixrac həcminin artırılması planlaşdırılır. Ölkənin ümumi “mavi yanacaq” ixracının həcminin 22 milyard kubmetri ötəcəyi gözlənilir. Bir qədər bundan əvvəl Bakıda Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar. Bu, ölkəmizin enerji resurslarının daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır. Qarşıya qoyulan ixrac hədəflərinə çatmaq üçün Cənub Qaz Dəhlizinin müxtəlif seqmentlər üzrə genişləndirilməsinə ehtiyac var. O cümlədən TANAP-ın ötürmə qabiliyyətini 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ın ötürmə qabiliyyətini isə10 milyard kubmetrdən ən azı 20 milyard kubmetrə çatdırmaq planlaşdırılıb.

Enerji əməkdaşlığında yeni istiqamət

Ölkəmizin Avropanın enerji təhlükəsizliyində artan rolu sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House - Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunda xüsusi olaraq diqqətə çatdırılıb. Mötəbər qlobal tədbirdə əsas qonaq qismində çıxış edən Prezident İlham Əliyev müstəqil Azərbaycanın uğurlu enerji siyasətinin üç mərhələsini fərqləndirib. Burada ilk iki mərhələ neft və qaz hasilatını və ixracını əhatə edir. Prezident İlham Əliyevin dəyərləndirməsinə əsasən, ölkənin enerji strategiyasının sayca üçüncü, məzmun etibarı ilə yeni olan mərhələsi bərpaolunan enerji seqmenti ilə bağlıdır. “Yaşıl enerji” dialoqu həm də Azərbaycanla Aİ arasında əməkdaşlığın yeni səhifəsini təşkil edəcək. Öz çıxışında bunu diqqətə çatdıran Prezident İlham Əliyev “Artan ehtiyacı təmin etmək üçün bizim sıx əməkdaşlığa və əlaqələndirməyə ehtiyacımız var. Bu məqsədlə biz artıq rəsmi olaraq Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start vermişik. Buraya yalnız təbii qaz deyil, həmçinin enerji bazarının digər seqmentləri də daxil olacaq, xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen daxildir. Bununla biz Azərbaycanın enerji strategiyasının üçüncü mərhələsinə gəlib çıxdıq. Bu isə bərpaolunan enerji mənbələrinə sərmayənin qoyulmasıdır. Biz bir neçə il əvvəl bu prosesə başlamışıq”, - deyə vurğulayıb.

Müasir dövrdə dünya üzrə meydana çıxan əsas çağırışlardan biri enerji keçidinin təmin edilməsi ilə bağlıdır. Yeni geosiyasi reallıqlar fonunda Avropa İttifaqı ölkələrində enerji transformasiyasının sürətləndirilməsinə və bunun üçün bir sıra zəruri tədbirlərin görülməsinə başlanıb. Avropa Komissiyasının hazırladığı və hazırda reallaşdırılmaqda olan xilas planında enerji keçidi ilə bağlı mühüm müddəalar yer alıb. Müasir dövlət kimi inkişaf edən Azərbaycan da özünün bərpaolunan enerji potensialından səmərəli şəkildə istifadə etməyi planlaşdırır. O cümlədən perspektivdə Azərbaycanla Avropanın enerji dialoqu yalnız nefti və qazı deyil, həm də enerji bazarının digər seqmentlərini, xüsusilə də elektrik enerjisini, hidrogen və yaşıl hidrogen enerjisini əhatə edəcək. Respublikamızın bərpaolunan enerji potensialı kifayət qədər böyükdür. Bu sahədə təkcə Xəzərin Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavata bərabərdir.

Bütövlükdə, respublikamızın elektrik enerjisinin istehsalı mənbələrinin şaxələndirilməsi imkanları kifayət qədər genişdir. Ölkəmizdə bərpaolunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bio?nerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Hazırda bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1300,7 MVt-dır ki, bu da ölkənin ümumi elektrik enerjisi istehsalı gücünün  təxminən 17,3%-ni təşkil edir. Bundan əvvəl 2030-cu ilədək Azərbaycanın enerji balansında bərpaolunan enerji seqmentinin payının 30 faizə çatdırılması nəzərdə tutulmuşdu. Prezident İlham Əliyev isə bu rəqəmin 40 faizə çatdırılmasının mümkünlüyünü bəyan edib. Bu hədəfin də reallaşması tam realdır. Qeyd edək ki, təkcə 2022-ci ilin əvvəlindən bəri xarici şirkətlərlə yeni bərpaolunan enerji stansiyalarının tikintisinə dair yeni müqavilələr imzalanıb. Bu stansiyalar işə salındıqdan sonra respublikamızda bərpaolunan mənbələrdən alınan elektrik enerjisi həcmləri daha da artacaq.

Bərpaolunan enerji vadisi

Azərbaycanın bərpaolunan enerji mənbələrinin böyük bir qismi 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə cəmləşib. Müharibənin başa çatmasından sonrakı qısa zaman kəsiyində burada 4 su elektrik stansiyası tikilərək istifadəyə verilib. Hazırda bəhs olunan ərazilərdə 5 stansiyanın tikintisi davam etdirilir. Gələcəkdə isə işğaldan azad edilmiş ərazilərdə daha 18 kiçik su elektrik stansiyasının tikintisi nəzərdə tutulur. O cümlədən Laçın-Kəlbəcərdə 100 MVt gücündə külək elektrik stansiyasının tikintisi həyata keçiriləcək. İşğaldan azad edilmiş ərazilərin cənubunda - Cəbrayıl rayonunun ərazisində gücü 240 MVt olan günəş elektrik stansiyasının tikintisi məsələsi barəsində BP ilə danışıqlar aparılır. Sözügedən ərazilərin cənubunda - ikinci “ağıllı kənd”də isə 50 meqavat gücündə günəş elektrik stansiyasının inşası planlaşdırılıb. İndiyədək işğaldan azad edilmiş ərazilərdə istifadəyə verilən stansiyalarda 30 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub.

Bəhs olunan çıxışında Prezident İlham Əliyev ölkəmizdən Avropaya elektrik enerjisinin mümkün ixrac marşrutlarına da diqqət çəkib. Dövlət başçısının bildirdiyi kimi, Azərbaycanın enerji sistemini Gürcüstan, Türkiyə və Bolqarıstan üzərindən Aİ məkanı ilə əlaqələndirməyə imkan verən infrastruktur mövcuddur. Burada müəyyən işləri görməklə ölkəmizdən Avropaya elektrik enerjisi ixracının həcmini artırmaq mümkündür. Digər bir marşrut isə enerji təchizatı üzrə geniş potensialı olan Zəngəzur dəhlizini əhatə edə bilər.

Paylaş:
Baxılıb: 655 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31