İlham Əliyev mövzunu bitirdi!
03.05.2023 [10:20]
100 illik əsassız erməni iddialarına son
Mübariz ABDULLAYEV
Rəqəmlər arasında sehirli bir bağlılıq var. 1923-cü ildə Dağlıq Qarabağa muxtariyyt statusu verilib. Aradan 100 il ötəndən sonra - 2023-cü il aprelin 23-də Azərbaycan beynəlxalq prinsiplərə uyğun olaraq Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurdu. Bu isə artıq regionda yeni reallıqların yaranması, bir əsrlik əsassız erməni iddialarının sonunun gəlməsi deməkdir.
Kürəkçay müqaviləsi və Qarabağa ermənilərin köçü
Erməni xislətində “özümə yer edərəm, gör, sənə nə edərəm” yanaşması dominantlıq təşkil edir. Onlar ayaq basdıqları ərazilərə xaçkarlar basdıraraq yerlərini nişanlayıblar. Aradan illər ötəndən sonra həmin nişangah xəritələri əsasında “arxeoloji” qazıntılar aparıblar və “tapılan” xaçkarlara istinad etməklə bu yerlərin qədim erməni torpaqları olduğunu iddia ediblər. Belə hallar, həmçinin tarixi abidələrin divarlarına xaçkarların yamaq edilməsi ilə də təkrarlanıb.
Ermənilər bədnam özününküləşdirmə texnologiyalarını, həmçinin ulu əcdadlarımızın yaşadıqları Qarabağda da işlədiblər. Tarixi mənbələrdə Qarabağın dağlıq hissəsində ermənilərin yaşadıqlarına dair hər hansı bir məlumata rast gəlinmir. Prezident İlham Əliyev deyəndə ki, biz tarixi ədaləti bərpa etmişik, tam haqlıdır. Dövlətimizin başçısı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən canlı debatda, digər yerli və xarici auditoriyalar qarşısındakı çıxışlarında Qarabağın tarixinə dair təkzibolunmaz faktlar təqdim edib. Aparılan ardıcıl təbliğatın nəticəsində dünyada bu məsələ ilə bağlı daha obyektiv fikir və təsəvvür formalaşıb.
Hər şey 1805-ci ildə imzalanan Kürəkçay müqaviləsindən sonra başlayıb. Prezident İlham Əliyevin açıqlamalarınadək beynəlxalq ictimaiyyətdə Kürəkçay sülh anlaşmasına diqqət çox az idi. Elə respublikamızın özündə də bu sənədlə bağlı təsəvvürlər məhdud idi. Kürəkçay sülh müqaviləsini bir tərəfdən Qarabağ və Şuşa xanı İbrahimxəlil xan, digər tərəfdən isə Çar Rusiyasının generalı imzalayıblar. Həmin müqavilə barədə məlumatlar internetdə də yerləşdirilib, hər kəs baxa bilər. Həmin sənəddə ermənilər haqqında bir kəlmə də yazılmayıb. Sadəcə o səbəbdən ki, erməni mənşəli əhali o vaxt orada yox idi. Ermənilər Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrindən sonra bizim dədə-baba torpaqlarımıza məqsədli şəkildə köçürülüblər. Prezident İlham Əliyevin vurğuladığı kimi, məqsəd aydın idi - imperiyanın yeni torpaqlarında dini tərkibi dəyişdirmək, müsəlmanları öz dədə-baba torpaqlarından qovmaq, didərgin salmaq və yeni reallıq yaratmaq idi. Bu idi məqsəd və əfsuslar olsun ki, bu məqsədə çatdılar. “Ondan sonra erməni əhalisi qonşu ölkələrdən kütləvi qaydada gətirildi, Dağlıq Qarabağ bölgəsində, azərbaycanlıların dədə-baba torpaqlarına yerləşdirildi və ermənilər onlara xas olan xasiyyəti nümayiş etdirərək yavaş-yavaş bizim bütün torpaqlarımıza sahib çıxmağa başladılar”, - deyə dövlətimizin başçısı 26 oktyabr 2020-ci il tarixli xalqa müraciətində bildirib.
Azərbaycanın içinə qoyulan bomba
XX əsrin əvvəllərində baş verən inqilabdan sonra böyük təhlükə var idi ki, bolşevik hakimiyyəti Dağlıq Qarabağı Ermənistana verəcək. Bununla bağlı Qafqaz bürosunun protokolları var. Ancaq o dövrdə Nəriman Nərimanovun və reallığı düzgün qiymətləndirən digər şəxslərin səyləri nəticəsində buna nail ola bilmədilər. Qafqaz bürosunun 1921-ci il iyul tarixli protokolunda da göstərilir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Bəli, ermənilərin iddia etdikləri kimi, verilsin yox, məhz Azərbaycanın tərkibində saxlanılsın. Uzun zaman kəsiyində millətçi erməni alimləri, və ermənilərə havadarlıq edən dairələr sübut etməyə çalışırdılar ki, Stalin Dağlıq Qarabağı Ermənistandan ayırıb Azərbaycana verib. Bu iddia başdan ayağa yalandır! Qafqaz bürosunun protokolunda deyilir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın! Bu, bir daha onu təsdiqləyir ki, Qarabağ Azərbaycanın ərazisidir və Ermənistanla hər hansı bir tarixi bağlılığı yoxdur. Təəssüflər olsun ki, Qarabağı Ermənistana birləşdirməyə çalışan qüvvələr sonrakı mərhələdə - 1923-cü ildə Dağlıq Qarabağ muxtar vilayətinin yaradılmasına nail oldular. Moskvada, Tiflisdə, Zaqafqaziya Federasiyasında Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsi qaldırılanda Nəriman Nərimanov ciddi bəyanatla çıxış edərək bildirib ki, belə olan təqdirdə biz Rusiyaya neft tədarükünü dayandıracağıq. Məhz bu kəskin mübarizə nəticəsində Qarabağın süni şəkildə Ermənistana birləşdirilməsinin qarşısı alındı. Aparılan kəskin mübarizə bəhs olunan əraziyə muxtariyyət statusunun verilməsi ilə sonuclandı.
Ulu öndər Heydər Əliyev 10 noyabr 1999-cu ildə Azərbaycan yazıçılarının bir qrupu ilə Prezident Administrasiyasında keçirilən görüşdə söhbət əsnasında zamanında Dağlıq Qarabağa muxtariyyət verilməsinə münasibətini bildirərək deyirdi: “Mən 14 il Azərbaycana başçılıq eləmişəm. Dağlıq Qarabağ muxtariyyətinin 1923-cü ildə yaranmasının tarixini çox yaxşı bilirəm. 1923-cü ildə Dağlıq Qarabağa muxtariyyət verilməsi Azərbaycanın başına bir bəla olub, bilin.Düzdür, o vaxtlar buranı Ermənistana vermək istəyirdilər. Azərbaycanın rəhbərləri çalışıblar və nəhayət, nail olublar ki, o, Azərbaycanda qalsın. Qalmalı idi, amma muxtariyyət yox! 1923-cü ildə verilən o muxtariyyət Azərbaycanın içinə qoyulmuş bir bombadır, nə vaxtsa partlamalı idi...”.
Erməni məkri və nankorluğu
Keçmiş sovet dönəmində Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilər üçün geniş hüquqlar təmin edilmişdi. Rəhbər vəzifələrdə erməni əsilli məmurlar çalışırdılar. Azərbaycan büdcəsindən DQMV-nə böyük həcmlərdə investisiyalar üçün vəsaitlər ayrılırdı. Həmin investisiyalar hesabına bölgəyə dəmir yolu çəkilib, Sərsəng su anbarı inşa olunub, Suqovuşan su anbarı, böyük yaşayış fondu tikilib. Bütün bunların müqabilində Azərbaycan ötən əsrin səksəninci illərin sonları - doxsanıncı illərin əvvəllərində ermənilərin məkri və nankorluğu ilə üzləşdi. Ermənilər Moskvada anti-Azərbaycan rəhbərliyinin mövcudluğundan istifadə etdilər və separatizm meyilləri baş qaldırdı. Buna zəmin də hazırlanmışdı. Ermənilərin separatizmə hazırlıq işlərinin hədəfində Heydər Əliyev dayanmışdı. Çünki ermənilər yaxşı başa düşürdülər ki, Heydər Əliyevin varlığı, sovet rəhbərliyində onun böyük nüfuza malik olması şəraitində özlərinin məkrli planlarını həyata keçirə bilməyəcəklər. Məkrli planın gerçəkləşməsi üçün Ermənistandan, digər yerlərdən Moskvaya Heydər Əliyevin əleyhinə yazılan məktublar ünvanlanırdı. Təəssüf doğuran haldır ki, bu şantaj kampaniyasında milli satqınlar da yer aldılar. Bəhs etdiyimiz müraciətində həmin dövrdə baş verənləri xatırlayan Prezident İlham Əliyev bildirib: “Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra 2 həftə keçməmiş baş qaldıran erməni separatçılar məsələ qaldırmışdılar ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılsın, Ermənistana verilsin və bizim xalqımızın bəlaları o gündən başladı. Ondan sonra Dağlıq Qarabağda qanunsuz xüsusi idarəetmə komitəsi yaradıldı, qatı ermənipərəst bir insan ora rəhbər təyin edildi və faktiki olaraq Dağlıq Qarabağın Azərbaycandan qoparılması üçün zəmin yaradıldı. O vaxtkı Azərbaycan rəhbərliyi əfsuslar ki, sadəcə olaraq bütün bu təhlükəli hadisələrə tamaşa edirdi. Səs qaldıra bilmədi, cəsarət göstərmədi, sadəcə olaraq başını salıb aşağı Moskvadan nə deyirdilər onu da edirdi. Çünki o vaxt Azərbaycana rəhbərlik edən adamlarda bir qram Azərbaycan qanı yox idi. Azərbaycanlı sayılsalar da, bir qram milli ruh yox idi, kosmopolit insanlar idi, heç Azərbaycan dilində düz-əməlli danışa bilmirdilər. Dağlıq Qarabağın tarixi budur və ondan sonra Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlar başlamışdır, torpaqlarımız işğal altına düşmüşdür. 1992-ci ilin may ayında Şuşa və Laçının itirilməsi, 1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaratdı. Halbuki bu bağlantı yox idi. Dağlıq Qarabağ muxtar vilayətinin Ermənistan Respublikası ilə sərhədi yox idi”.
Müzəffər Liderin erməni iddialarının axırını gətirən strategiyası və taktikası
Azərbaycan xalqının Müzəffər Lideri İlham Əliyevin son 20 ildə apardığı uğurlu siyasət, Qarabağ düyününün açılmasında düzgün strategiya və taktika seçməsi əsassız erməni iddialarının sonunu gətirdi. Təbii ki, Azərbaycan dövləti və xalqı ölkə ərazisinin bir hissəsinin işğal altına düşməsi faktı ilə heç vaxt barışmadı. Prezident İlham Əliyevin iradəsi ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsi Azərbaycanın siyasi gündəliyinin mərkəzində dayandı. Dövlətimizin başçısı yerli və xarici auditoriyalar qarşısında çıxışlarında ölkəmizin keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini qətiyyətlə və yüksək diplomatik məharətlə dünya ictimaiyyətinin diqqətinə çatdırırdı. Prezident İlham Əliyev, eyni zamanda, ölkəmizin milli gücünün artırılmasına hesablanan ardıcıl siyasət həyata keçirirdi. Bu siyasət, ilk növbədə, müharibə vəziyyətində olan respublikamızın iqtisadi gücünün və maliyyə imkanlarının artırılmasına, müasir ordu quruculuğuna hesablanmışdı.
Qürurverici haldır ki, Azərbaycan tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına öz gücü hesabına hərbi-siyasi yolla nail oldu. Azərbaycan Ordusu 44 gün ərzində düşməni diz çökdürdü, onun belini qırdı və təslim olmağa məcbur etdi. Silahlı Qüvvələrimiz Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən çox yaşayış məntəqəsinin işğaldan azad edilməsindən sonra düşmən kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Xatırladaq ki, Azərbaycan, Rusiyanın prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları Bəyanat qalib Azərbaycanın şərtləri əsasında formalaşdırıldı. İşğalçı Ermənistan həmin Bəyanatla üzərinə götürdüyü öhdəliklərə əsasən, sonrakı mərhələdə Ağdam, Kəlbəcər və Laçın rayonlarını respublikamıza döyüşsüz təslim etdi. Beləliklə, qüdrətli Azərbaycan tarixi ədaləti və özünün ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etməyə nail oldu.
Son akkord
Azərbaycanın Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurması erməni iddialarının puç olmasında son akkord kimi dəyərləndirilir. Nəzarət-buraxılış məntəqəsində xidmətlə bağlı yayılan kadrlardan göründüyü kimi, vətəndaşların sərhədi keçməsi qaydalara uyğun olaraq, nizam-intizamla və nəzakətli şəkildə təşkil edilir. Azərbaycan sərhədçiləri vəzifələrinin icrasında yüksək peşəkarlıq nümayiş etdirirlər.
Beləliklə, Ermənistan rəsmilərinin Qarabağ ermənilərinə qarşı “etnik təmizləmə” və Laçın yolunun “blokada”sı ilə bağlı iddiaları növbəti yalan təbliğatından başqa bir şey deyil. Laçın yolunda qurulan sərhəd-keçid məntəqəsində təhlükəsizliyə və hərəkətə nəzarət tam təmin edilib, insanların qayda-qanun çərçivəsində sərhədi keçməsi ilə bağlı heç bir problem müşahidə olunmur. Bu, bir daha göstərir ki, Azərbaycanın sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratmasının məqsədi heç də Ermənistan tərəfinin iddia etdiyi kimi, hərəkəti məhdudlaşdırmaq deyil, əksinə, Laçın-Xankəndi yolunda avtomobillərin və insanların təhlükəsiz hərəkətini təmin etmək, ölkəmizin ərazisinə qeyri-qanuni daşımaların qarşısını almaqdır. Qeyd edək ki, üçtərəfli Bəyanatın müddəalarına əməl etməyən Ermənistan Laçın yolu ilə Qarabağdakı separatçı rejimə silah-sursat göndərirdi. Bu yolla daşınan və ən ağlagəlməz yerlərdə basdırılan minalar can almaqda davam edir. Eyni zamanda, Qarabağdakı faydalı qazıntı yataqlarımız qanunsuz istismar edilərək sərvətlərimiz Ermənistana daşınırdı. Sülhməramlı kontingent isə bütün bunlara seyirçi qalırdı. Beynəlxalq hüquqa zidd olan bu kimi fəaliyyətlərə son qoyulmalı idi və Azərbaycan bunu etdi.
Yaradılan nəzarət-buraxılış məntəqəsi ermənilər üçün yolun başlanğıcı və yaxud sonudur. Azərbaycan bayrağı altında yaşamaq istəyən ermənilərin bu yoldan keçidi təhlükəsiz şəkildə təmin ediləcək.
Separatçıların yolu isə, əlbəttə ki, bağlı olacaq!
Xəbər lenti
Hamısına baxDünya
03 Fevral 18:20
YAP xəbərləri
03 Fevral 17:40
YAP xəbərləri
03 Fevral 17:36
Xəbər lenti
03 Fevral 17:28
YAP xəbərləri
03 Fevral 17:28
Siyasət
03 Fevral 17:25
Siyasət
03 Fevral 16:01
Gündəm
03 Fevral 15:56
Xəbər lenti
03 Fevral 15:54
Elanlar
03 Fevral 15:20
Sosial
03 Fevral 14:52
Dünya
03 Fevral 14:52
Dünya
03 Fevral 14:50
Dünya
03 Fevral 14:19
Sosial
03 Fevral 13:46
Sosial
03 Fevral 13:25
Sosial
03 Fevral 12:44
Xəbər lenti
03 Fevral 12:44
Sosial
03 Fevral 12:13
Sosial
03 Fevral 12:12
Sosial
03 Fevral 12:11
İqtisadiyyat
03 Fevral 12:10
İqtisadiyyat
03 Fevral 12:09
Analitik
03 Fevral 11:45
Siyasət
03 Fevral 11:34
Siyasət
03 Fevral 11:19
Gündəm
03 Fevral 10:57
Siyasət
03 Fevral 10:33
Gündəm
03 Fevral 10:29
İqtisadiyyat
03 Fevral 10:18
Analitik
03 Fevral 09:54
Hadisə
03 Fevral 09:36
Analitik
03 Fevral 09:31
İqtisadiyyat
03 Fevral 09:15
Analitik
03 Fevral 08:50
Mədəniyyət
03 Fevral 08:27
Gündəm
03 Fevral 08:10
Dünya
02 Fevral 23:36
YAP xəbərləri
02 Fevral 23:12
İqtisadiyyat
02 Fevral 22:51
Dünya
02 Fevral 22:37
YAP xəbərləri
02 Fevral 22:19
Dünya
02 Fevral 21:53
YAP xəbərləri
02 Fevral 21:23
İqtisadiyyat
02 Fevral 21:08
Sosial
02 Fevral 20:50
YAP xəbərləri
02 Fevral 20:35
Sosial
02 Fevral 20:19
Gündəm
02 Fevral 20:15
Dünya
02 Fevral 20:12
Dünya
02 Fevral 19:49
Xəbər lenti
02 Fevral 19:32
YAP xəbərləri
02 Fevral 19:16
YAP xəbərləri
02 Fevral 18:28
YAP xəbərləri
02 Fevral 16:55
Gündəm
02 Fevral 16:39
Elanlar
02 Fevral 16:25
Dünya
02 Fevral 16:21
Dünya
02 Fevral 15:21
İdman
02 Fevral 15:07
Sosial
02 Fevral 14:54
Sosial
02 Fevral 14:51
Hadisə
02 Fevral 14:51
YAP xəbərləri
02 Fevral 14:26
Dünya
02 Fevral 14:17
YAP xəbərləri
02 Fevral 14:08
YAP xəbərləri
02 Fevral 14:07
YAP xəbərləri
02 Fevral 14:03
YAP xəbərləri
02 Fevral 13:57
YAP xəbərləri
02 Fevral 13:49

