Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanla hesablaşırlar...

Azərbaycanla hesablaşırlar...

03.06.2023 [10:00]

Reykyavikdən Bakıya, Oslodan Ankaraya

İyunun 1-də Moldovanın paytaxtı Kişinyovdan 35 kilometr məsafədə yerləşən Bulboaka kəndində “Avropa siyasi birliyi”nin Zirvə görüşü keçirilib. Bu, eyni formatda baş tutan sayca ikinci Zirvə toplantısı idi. Bəhs olunan siyasi platforma Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirir. Zirvə görüşlərində liderlər yeni qlobal və regional çağırışlarla bağlı fikir mübadilələri aparır, sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji təhlükəsizliyi və s. aktual məsələləri müzakirə edirlər. Avropa İttifaqı (Aİ) tərəfindən təşviq edilən platformanın önəminə  diqqət çəkən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel belə deyib: “Aİ özünün strateji hədəflərini genişlənmə ilə məhdudlaşdırmamalıdır. Aİ-nin geosiyasi liderliyinin güclənməsi ilə beynəlxalq ictimaiyyətin ondan gözləntiləri artır. Həmin gözləntilər bir sıra qonşuların Aİ ilə yeni münasibətlər qurması ilə əlaqədardır. Bu isə Reykyavikdən Bakıya, Oslodan Ankaraya uzanan geosiyasi birlikdən qaynaqlanır”.

Azərbaycanın Avropa üçün artan önəmi

“Avropa siyasi birliyi”nin 1-ci Zirvə toplantısı 2022-ci il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada keçirilib. Toplantıda 27-si Aİ-yə üzv ölkə olmaqla, ümumilikdə 44, Şərq Tərəfdaşlığı regionundan 5 ölkənin dövlət və hökumət başçıları iştirak ediblər. Moldovanın paytaxtında baş tutan builki Zirvə toplantısına isə ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları qatılıblar.

İştirakçıların sayı Zirvə görüşlərinin əhəmiyyəti və əhatə dairəsi barədə konkret təsəvvür yaradır.  Prezident İlham Əliyevin “Avropa siyasi birliyi” formatında keçirilən hər iki tədbirə dəvət alması isə xüsusi diqqət çəkir. Bəs Avropa İttifaqının üzvü olmayan Azərbaycanın dövlət başçısının Aİ-nin təşviq etdiyi hər iki Zirvə görüşünə xüsusi dəvət almasını şərtləndirən amillər hansılardır? Bu amillərdən biri Azərbaycanın Avropa üçün artan önəmi ilə bağlıdır. Prezident İlham Əliyevin Zirvə görüşlərinin  hər ikisinə dəvət edilməsi Avropanın ölkəmizə necə böyük əhəmiyyət verdiyini, onu etibarlı tərəfdaş kimi qəbul etdiyini göstərir. Azərbaycan indiyədək Aİ-də təmsil olunan 9 dövlətlə strateji tərəfdaşlıq haqqında sazişlər imzalayıb. Hazırda respublikamız Aİ-nin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Sonu görünməyən Rusiya-Ukrayna müharibəsi fonunda enerji təhlükəsizliyi Avropa İttifaqı ölkələri üçün həyati əhəmiyyətli məsələyə çevrilib. Ənənəvi təchizat zəncirinin qırılması səbəbindən qoca qitədə enerji böhranı yaşanır. Belə çətin məqamda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına daha çox töhfə verməyə geniş imkanları olan ölkə qismində çıxış edir.  İndiyədək Avropaya əsasən neft və neft məhsulları ixrac edən Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyib və müqavilə öhdəliklərini heç vaxt pozmayıb. İndi isə respublikamız qoca qitə üçün həm də alternativ “mavi yanacaq” mənbəyi kimi diqqət çəkir. 2022-ci ilin yayında Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzalandı. Ölkəmizin planı 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatını iki dəfə artırmaqdır. 2023-cü ildə ölkəmizdən bu qitəyə 12 milyard kubmetr qaz ixrac etmək nəzərdə tutulub. Bu, bizim ümumi ixracımızın yarısıdır və 2027-ci ilədək bu rəqəmi 20 milyarda çatdıracağıq. Avropa üçün yeni və etibarlı mavi yanacaq mənbəyi qismində çıxış edən Azərbaycanın qısa müddətdə nəql coğrafiyasını genişləndirməsi də böyük uğurdur. Son ilyarım ərzində Azərbaycana 10-dan artıq ölkə mavi yanacaq tədarükü ilə bağlı müraciətlər ünvanlayıb.

Azərbaycanın Avropa ilə üç onilliyi əhatə edən enerji əməkdaşlığının yeni istiqaməti isə “yaşıl enerji” üzrədir. Bu, həm Avropa, həm də Azərbaycan üçün yeni bir çağırışdır. Qoca qitə enerji təhlükəsizliyinin transformasiyasında “yaşıl enerji”yə keçidi mühüm prioritetlərdən biri kimi bəyan edib. Eyni zamanda, Azərbaycanın bu sahədə zəngin potensialı var. Artıq ilkin hesablamalar aparılıb,  yalnız Xəzər dənizində 157 qiqavat həcm proqnozlaşdırılıb. Xarici investorlarla imzalanmış iki müqavilə növbəti bir il, ya da ilyarım ərzində 500 meqavata yaxın “yaşıl enerji” əldə etməyə imkan verəcək. Yeni layihələrin icrası sayəsində bu həcm perspektivdə daha da artacaq. Azərbaycanın bərpaolunan mənbələrdən aldığı enerji müxtəlif marşrutlarla, o cümlədən də Qara dənizin dibi ilə çəkiləcək kabel xətti ilə Avropaya çatdırılacaq.

Azərbaycanın dövlət başçısının “Avropa siyasi birliyi”nin Zirvə görüşlərinə dəvət alması həm də onu deməyə əsas verir ki, respublikamız qoca qitənin təkcə enerji təhlükəsizliyində mühüm rol oynamır, eyni zamanda, qitənin və Aİ-nin gələcəyi ilə bağlı müzakirələrdə də rəyinə, mövqeyinə önəm verilən ölkə kimi çıxış edir. Bu isə son illərdə, xüsusilə Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın artan nüfuzu, verdiyi sözə əməl etməsi, etibarlı tərəfdaş, regionda söz sahibi olması ilə birbaşa bağlıdır. Prezident İlham Əliyevin söylədiyi kimi: “.... bu gün Azərbaycanla hesablaşırlar. Ən azı regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Deyirəm, ən azı regional, amma, eyni zamanda, bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır”.

Dövlət başçısının şəxsi nüfuzu

Ölkəmizin bu tədbirlərə mütəmadi dəvət olunması həm də dövlətimizin başçısının şəxsi nüfuzunu nümayiş etdirir. Son 20 ildə Azərbaycan bir sıra regional və qlobal əhəmiyyət daşıyan layihələrin icrasına nail olub. Bu sırada Bakı-Tbilisi-Qars dəmiryolunun, Cənub Qaz Dəhlizinin, Xəzərdə ən böyük limanın inşasının tamamlanmasını nümunə göstərə bilərik. Zamanında bu layihələrin icrasına müxtəlif dairələrdə, o cümlədən də Avropanın özündə inamsız yanaşma sərgilənirdi. Ancaq bütün məsələlərdə strateji yanaşmalar sərgiləyən Prezident İlham Əliyev qətiyyət və inam ortaya qoyaraq qeyd olunan layihələr ətrafında güclü komandalar formalaşdırmağa nail oldu. Bugünkü reallıqlar Prezident İlham Əlievin təşəbbüslərinin və ideyalarının zamanı qabaqladığını təsdiqləyir. Hazırda ölkəmizin moderatorluğu ilə ərsəyə gələn eneji və nəqliyyat layihələri Avropa üçün həyati əhəmiyyət daşıyır.  

Azərbaycanın dövlət başçısının liderlik keyfiyyətləri dünyanın üzləşdiyi yeni növ koronavirus pandemiyasının pik mərhələsində özünü bir daha bütün cəhətləri ilə göstərdi. Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri oldu. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirildi. Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırdı. Respublikamız  həmçinin 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərdi.

Azərbaycan Prezidentinin qlobal əməkdaşlığın və həmrəyliyin gücləndirilməsinə yönələn fəaliyyəti Ona beynəlxalq miqyasda böyük hörmət qazandırıb. Dünyada qəbul olunur ki, Azərbaycanın dövlət başçısı sözü və əməli bir-birini tamamlayan Liderdir.

Aktual gündəlik

Avropa İttifaqı bildirir ki, “Avropa siyasi birliyi” genişlənmə prosesini əvəzləmək və ya ləngitmək niyyəti daşımır, eyni zamanda, orada yer alan ölkələrin nə vaxtsa mütləq Aİ-nin üzvü olacağı anlamına gəlmir. Bu platforma Avropanın üzləşdiyi əsas çağırışların, habelə Avropa ölkələri arasında regional və ikitərəfli məsələlərin müzakirəsi məqsədilə dövlət və hökumət başçıları üçün qeyri-rəsmi və sərbəst mühit yaratmaq məqsədi daşıyır. Qərbi Balkan ölkələri, “Şərq Tərəfdaşlığı” ölkələri və Aİ ilə yaxın münasibətləri olan digər Avropa ölkələri də Birliyin iştirakçısı ola bilərlər.

Bu platformanın iştirakçısı olan ölkələrin dövlət və hökumət başçıları ildə iki dəfə görüşürlər. Zirvə toplantılarında hər hansı yekun sənəd qəbul olunmur.

Xatırladaq ki, Prezident İlham Əliyevin Praqada keçirilən görüşdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü zamanı səsləndirilən fikirlər Azərbaycanın etibarlı və perspektivli tərəfdaş kimi tanındığını, ölkəmizlə əməkdaşlığın Avropanın strateji prioritetlərindən biri olduğunu növbəti dəfə təsdiqləyir. Həmin tədbirdə dövlətimizin başçısı Azərbaycan həqiqətlərini, regional təhlükəsizlik məsələlərini daha bir mühüm platformadan beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.

Sammit çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı dövlətimizin başçısı ikitərəfli və çoxtərəfli münasibətlər, yeni geosiyasi reallıqlar, sülh, təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın aydın və prinsipial yanaşmasını, qətiyyətli mövqeyini ortaya qoydu.

Praqa Zirvə toplantısı ilə bağlı daha bir məqam ondan ibarətdir ki, Sammit çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşü zamanı tərəflər 1991-ci il “Alma-Ata Bəyannaməsi” əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdılar.

Moldovanın paytaxtında baş tutan ikinci Zirvə görüşündə isə liderlər sülh və təhlükəsizliyin təmin edilməsi, enerji təhlükəsizliyinin təkmilləşdirilməsi və Avropada ölkələrarası əlaqənin gücləndirilməsi mövzularında müzakirələr aparıblar. Tədbir çərçivəsində Prezident İlham Əliyev bir sıra önəmli görüşlər keçirib. Dövlətimizin başçısı həmçinin enerji təhlükəsizliyi məsələsinə həsr edilmiş dəyirmi masaya qatılıb. Sammit çərçivəsində iyunun 1-də Kişinyovda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş keçirilib.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 606 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31