Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Hər sahədə dövlətə, xalqa dəstək olan könüllülər

Hər sahədə dövlətə, xalqa dəstək olan könüllülər

15.12.2023 [10:25]

İlham Əliyev: Könüllülük hərəkatı məhz Ulu Öndərin xeyir-duası ilə geniş vüsət alaraq Azərbaycan gənclərini vahid platformada birləşdirmiş və ötən müddət ərzində ictimai həyatımızın ən müxtəlif sahələrini əhatə etmişdir

Bu gün getdikcə genişlənən könüllülər hərəkatı müstəqil Azərbaycanın hər cəhətdən müsbət olan mənzərəsini səciyyələndirən mühüm atributlardan biri kimi diqqət çəkir. Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi xeyirə əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial bir fəaliyyət istiqamətidir. Vətənpərvərlik, ənənələrə, milli-mənəvi dəyərlərə bağlılıq ruhunda yetişən Azərbaycan gəncləri də böyük həvəslə bu fəaliyyətə qoşularaq ölkəmizin sosial-iqtisadi inkişafına özlərinin sanballı töhfələrini verirlər. Artıq respublikamızda könüllülük institutlaşmış bir ictimai hərəkata çevrilib. Bu günlərdə Azərbaycan könüllülərinin VI həmrəylik forumu keçirilib. Prezident İlham Əliyev Forum iştirakçılarına müraciət ünvanlayaraq respublikamızda bu hərəkatın tarixi və fəaliyyəti ilə bağlı mühüm məqamlara diqqət çəkib.

Ulu Öndərin xeyir-duası ilə...

“Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu” Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə 5-19 dekabr tarixlərində keçirilən “Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin, “ASAN xidmət”in təşkilati dəstəyi ilə baş tutub. Forum 3 minə yaxın Azərbaycan könüllüsünü bir araya gətirib. Tədbirə ölkəmizdə fəaliyyət göstərən 30 gənclər təşkilatının təmsilçiləri qatılıblar.

Dekabrın 13-də Bakı Konqres Mərkəzində baş tutan Forum Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunub ki, bu da təsadüfi deyil. Prezident İlham Əliyev bəhs olunan müraciətində vurğulayıb ki, Forumun Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ölkəmizdə elan olunmuş “Heydər Əliyev İli” çərçivəsində təşkili xüsusi əhəmiyyət daşıyır. “Könüllülük hərəkatı məhz Ulu Öndərin xeyir-duası ilə geniş vüsət alaraq Azərbaycan gənclərini vahid platformada birləşdirmiş və ötən müddət ərzində ictimai həyatımızın ən müxtəlif sahələrini əhatə etmişdir. Zəngin mədəni-mənəvi dəyərlərimizi rəhbər tutan hərəkat əməli fəaliyyətində xeyirxahlıq, fədakarlıq və təmənnasız yardım kimi ali bəşəri keyfiyyətləri təcəssüm etdirmiş, cəmiyyətin etimadını layiqincə doğrultmuşdur”, - deyə dövlətimizin başçısı bildirib.

Müstəqil Azərbaycanın möhkəm bünövrəsini yaradan Heydər Əliyev həm də respublikamızda uğurlu gənclər siyasətinin əsasını qoyub. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə respublikamızın siyasi rəhbərliyinə qayıdan Heydər Əliyev ilk görüşlərindən birini məhz gənclərlə keçirdi. O, bu görüşdə gənclərin problemlərini, arzu və istəklərini öyrənərək onları hərtərəfli dövlət qayğısı ilə əhatə etmək üçün əməli addımlar atdı. Heydər Əliyevin gənc nəslə qayğısından bəhs edərkən ilk növbədə respublikamızda gənclər siyasətinin institutlaşmasının önəmini qeyd etmək lazımdır. Onun prezidentliyi dönəmində gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratdı, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etdi. Prezident Heydər

Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradıldı. O, gənc nəslə qayğının təzahürü kimi ötən əsrin 70-80-ci illərində əsası qoyulmuş azərbaycanlı gənclərin xarici ölkələrin qabaqcıl ali məktəblərində təhsil almağa göndərilməsi ənənəsini bərpa etdi. Artıq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumu daim Heydər Əliyevin diqqət mərkəzində idi. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Prezident Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşməsi, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərar qəbul etməsi dahi şəxsiyyətin gənclərə diqqətinin daha bir nümunəsidir. Onun tərəfindən 1996-cı il 22 iyun tarixində imzalanmış “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərmana əsasən istedadlı gənclərə dövlət qayğısını təmin etmək məqsədilə gənc istedadların “Qızıl kitab”ı yaradıldı. Eyni zamanda, “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edildi. Heydər Əliyevin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirildi.1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

Müstəqil Azərbaycanda könüllülük hərəkatı da məhz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra real inkişaf müstəvisinə keçdi. Dünyada XX əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək, BMT könüllüləri tərəfindən koordinasiya olunmağa başlayıb və beləliklə, könüllülük qlobal miqyasda kütləvi bir sosial fəaliyyətə çevrilib. Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışınadək bu fəaliyyət ölkəmizdə pərakəndə halda idi.

Heydər Əliyevin idarəçiliyinin ilk illərindən başlayaraq respublikanın hərtərəfli və davamlı inkişafı məqsədilə dövlət, özəl sektor və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanıldı. Həmçinin bu prosesə insanları könüllü şəkildə cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verilirdi. Beləliklə, respublikamızda 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başladı. 1998-2000-ci illərdə bu proqramın nəticəsi olaraq ölkədə güclü könüllülər komandası yaradıldı və könüllülük prinsiplərinin geniş təbliğinə start verildi.

Yurdun hər bir guşəsində...

Azərbaycan Prezidenti İlham Əliyev respublikamızda digər sahələrdə olduğu kimi, Ulu Öndərin əsasını qoyduğu gənclər siyasətində də ardıcıllığı yüksək səviyyədə təmin edir. Respublikamızda dövlət başçısının qətiyyətli siyasi iradəsi əsasında neft kapitalının insan kapitalına çevrilməsini, gənclərin yüksək səviyyəli təhsil almalarını, innovasiyalara yiyələnmələrini təmin etmək məqsədilə sistemli tədbirlər görülür. Prezident İlham Əliyevin müxtəlif illərdə təsdiqlədiyi müvafiq Dövlət proqramları qarşıya qoyulan hədəflərə çatmaq üçün geniş imkanlar açıb. O cümlədən respublikamızda son 20 ildə könüllülük hərəkatı da keyfiyyətçə yeni bir mərhələyə yüksəlib.. Dövlət başçısının imzaladığı Sərəncam əsasında respublikamızda 2020-ci il “Könüllülər İli” elan olunub. Prezident İlham Əliyevin 2019-cu ilin fevralında Azərbaycan Gəncləri Gününə həsr olunmuş Respublika Toplantısında etdiyi çağırışa əsasən bir çox dövlət qurumlarının nəzdində yaradılmış könüllü qrupları və könüllü təşkilatlarının birləşərək Azərbaycan Könüllü Təşkilatları İttifaqını təsis etməsi ölkəmizdə könüllülük hərəkatına güclü təkan verib. Hazırda ölkə həyatının hansısa bir sahəsini könüllülərsiz təsəvvür etmək belə mümkün deyil. “ASAN Könüllüləri”, “Bir Könüllü”, “Könüllü DOST”, “Aqrar İnkişaf Könüllüləri”, “İslahat könüllüləri”, “Eko könüllüləri”, “Gənc Könüllülər”, “Azərbaycan Diaspor Könüllüləri”  və digər belə təşkilat və proqramlarda birləşən könüllülər ölkəmizin inkişafına öz töhfələrini verirlər. Azərbaycan cəmiyyəti 2020-ci ildə - pandemiyanın pik həddə çatdığı “Könüllülər İli”ndə könüllü Azərvaycan gənclərinin fədakarlığını, heç nədən çəkinmədən ehtiyacı olan insanlara dərman və ərzaq məhsulları çatdırmalarını minnətdarlıq hissi ilə xatırlayır. Tariximizin şanlı səhifəsi olan Vətən müharibəsi dövründə torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda döyüşlərə könüllü şəkildə qoşulan gənclərimizin, habelə bu dövr ərzində informasiya müharibəsində iştirak edən yüz minlərlə könüllünün fəaliyyəti heç vaxt yaddan çıxmayacaq. Onlar ölkəmizdə son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət sayəsində Vətənə bağlılıq ruhunda yetişən  gənclərdirlər.

Postmüharibə dövründə də könüllülərin fəaliyyəti kifayət qədər geniş olub. Xüsusilə də 2022-ci ildə  Azərbaycan könüllüləri Xankəndi-Laçın yolunda keçirilən və 138 gün davam edən ekoloji aksiyanın əsas iştirakçıları qismində çıxış ediblər. Cari ildə isə könüllülərimiz dövlət başçısının çağırışına qoşularaq Türkiyədə baş vermiş ağır zəlzələ ilə bağlı səfərbər olaraq təbii fəlakətin fəsadlarının aradan qaldırılmasında yaxından iştirak ediblərlər. Bununla Azərbaycan könüllüləri həm milli-mənəvi dəyərlərimizə, milli maraqlarımızın qorunmasına, həm də bəşəri dəyərlərə sadiqliklərini bir daha nümayiş etdiriblər.

Respublikamıza könüllülük fəaliyyətinin genişlənməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanin müstəsna xidmətləri var. Gənclər, o cümlədən də könüllülər onu özlərinə nümunə sayırlar. Son illərdə ölkəmizin ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsinə, 2015-ci ildə Birinci Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına və digər mötəbər tədbirlərə on minlərlə könüllü cəlb olunub. Məhz Mehriban xanımın əzmkar fəaliyyəti nəticəsində yuxarıda qeyd edilən mötəbər tədbirlərdə könüllülərin fəaliyyəti yüksək səviyyədə təmin edilib. Bu tədbirlərin keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik təcrübəli könüllü bazası formalaşıb. Prezident İlham Əliyev ölkəmizdə könüllülərin müxtəlif istiqamətləri əhatə edən səmərəli fəaliyyətindən məmnunluğunu bildirərək vurğulayıb: “Sevindirici haldır ki, könüllülərimiz bu gün yurdun hər bir guşəsində dövlət gənclər siyasətinin məqsəd və prinsiplərinə uyğun şəkildə Azərbaycanın davamlı tərəqqisinə yönəlmiş sosial təşəbbüslərə və innovativ layihələrə hamılıqla qoşulurlar. Onlar ekofəallarımızla birgə Qarabağda təbii sərvətlərimizin qanunsuz istismarına qarşı etiraz ifadə edən və uğurla nəticələnən dinc aksiyanın əsas iştirakçıları olmuşlar. Artıq onların həmçinin ölkə hüdudlarından kənarda humanitar yardım istiqamətində koordinasiyalı fəaliyyət təcrübəsi vardır”.

Yeni çağırışlar...

Vətən müharibəsinin və 23 saatlıq uğurlu antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq Azərbaycan əsas məqsədinə - ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsinə nail olub. Hazırda ölkənin bütün ərazisində üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Yeni reallıqlar şəraitində qarşıda duran ən vacib hədəfimiz işğaldan azad olunmuş ərazilərin bərpası və ora soydaşlarımızın qayıdışının təmin olunmasıdır. Postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”ın təmin olunması respublikamızın beş mühüm prioritetindən biri kimi müəyyənləşdirilib. Güclü Azərbaycan dövləti təxminən üç onillik ərzində ağır qaçqınlıq və məcburi köçkünlük həyatı yaşamış soydaşlarımızın doğma yurd yerlərinə qayıdışlarını tez və layiqli şəkildə təmin etmək əzmindədir. İndiki dövrdə könüllülər üçün yaranan yeni çağırışlar da məhz “Böyük Qayıdış” proqramının reallaşdırılmasında fəal iştirak etməklə bağlıdır. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev “İndi müstəqillik tariximizin inkişaf dövrünün qürurverici yeni mərhələsindəyik. İşğaldan azad edilmiş ərazilərimizdə ən qısa zamanda həyatın əvvəlki ahənginə qaytarılması üçün genişmiqyaslı işlər aparılır. İnanıram ki, Ulu Öndərin tövsiyələrini özünüzə şüar seçən siz könüllülər Vətənə və dövlətə bundan sonra da dərin bağlılıq nümayiş etdirəcək, yüksək fəallıq göstərərək Böyük Qayıdışa töhfələr verəcəksiniz”, - deyə vurğulayıb.

Şübhə yoxdur ki, Azərbaycan könüllüləri yaranan yeni çağırışlara da fəal şəkildə qoşulacaqlar. Onların yeni çağırışlara hazır olduqları Forumda Azərbaycan könüllüləri adından Prezident İlham Əliyevə ünvanlanan müraciətdə öz əksini tapıb. Könüllülər öz müraciətlərində bildiriblər: “Biz - Azərbaycan könüllüləri, bundan sonra da dövlətimizin və xalqımızın qarşısında duran taleyüklü məsələlərin həllində Sizin, Müzəffər Ali Baş Komandanın yanındayıq. Sizinlə növbəti qələbələrə doğru addımlamağa hazırıq!”.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 528 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31