Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın Avropa İttifaqı üçün önəmi daha da artacaq

Azərbaycanın Avropa İttifaqı üçün önəmi daha da artacaq

13.10.2021 [10:38]

Regiondakı yeni reallıqlar Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin gələcək inkişafında öz əksini tapacaq

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında mövcud olan tərəfdaşlıq münasibətləri bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir. Keçən əsrin 90-cı illərindən başlayan bu münasibətlərin dinamikası zaman-zaman fərqli olub. Aİ-nin qonşuluq siyasətinə etdiyi düzəlişlər fonunda 2015-ci ildən etibarən müşahidə edilən sürətli geosiyasi dəyişikliklər Brüssel-Bakı xəttində də maraqlı yeniliklərə səbəb olmaqdadır. Ekspertlər, xüsusən 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Aİ ilə Azərbaycan arasında münasibətlərin hansı xətt üzrə inkişaf edəcəyi ilə ciddi maraqlanırlar. Müxtəlif təhlillər aparılır, proqnozlar verilir.

Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etməklə Azərbaycanın Cənubi Qafqazda geosiyasi mənzərəni kökündən dəyişməsi bütün qlobal güclərin regiona istiqamətlənmiş siyasətinə düzəlişlər edilməsi zərurətini ortaya qoydu. Avropa İttifaqı isə buna daha çox ehtiyac duyur. Cənubi Qafqazda bundan sonrakı proseslərdə isə regionun lideri Azərbaycanla hesablaşmaq lazım gəlir. Bu məqam Aİ-Azərbaycan münasibətlərinin hazırkı mərhələsi üçün əhəmiyyət kəsb edir. Azərbaycanla hesablaşmağın iki aspekti vardır. Birincisi, Brüssel nəzərə almalı idi ki, Azərbaycan təkbaşına BMT və ATƏT-in Minsk qrupunun həyata keçirməyə məsul olduğu, lakin yerinə yetirə bilmədiyi çətin vəzifənin öhdəsindən gəlib. Bu, qarşılıqlı münasibətlərdə Azərbaycan faktoruna daha böyük diqqət göstərilməsini tələb edir. İkincisi, Azərbaycan Prezidenti İkinci Qarabağ müharibəsindən sonra da vurğulayırdı ki, rəsmi Bakı Aİ ilə yeni sazişin imzalanmasına önəm verir. Yəni qalib Azərbaycan Avropa İttifaqını mühüm tərəfdaş sayır və onunla əlaqələri inkişaf etdirmək niyyətindədir.

Qeyd edək ki, Azərbaycan Prezidenti oktyabrın 6-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalkonun etimadnaməsini qəbul edərkən ölkəmizlə Avropa İttifaqı arasında çox səmərəli və uğurlu əməkdaşlıq olduğunu vurğulayıb. Mövzu ilə bağlı   Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında çoxşaxəli əlaqələr mövcuddur və bu əlaqələr davamlı olaraq inkişaf edir: “Hazırda yeni əməkdaşlıq platformasında Avropa İttifaqının münaqişədən sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təminatına töhfə vermək niyyətində olması vacib yer tutur. Petr Mixalko dövlətimizin başçısına etimadnaməsini təqdim edərkən Azərbaycanın Avropa İttifaqı üçün önəmli tərəfdaş olduğunu deyib. Biz iqtisadiyyat, innovasiyalar, ticarət, enerji, investisiyalar, infrastruktur və əməkdaşlıq kimi mühüm sahələrdə fəal əməkdaşlıq edirik. Avropa İttifaqının nümayəndəsi təmsil etdiyi təşkilatın bölgədə uzunmüddətli sülhün təmin olunması üçün Azərbaycanla Ermənistan arasında  sərhədlərin delimitasiyası və demarkasiyası prosesində öz təcrübələrini bölüşməyi də təklif etdiyini xatırladıb. Bu, o deməkdir ki, Avropa İttifaqı Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasında maraqlıdır və bu yöndə töhfələrini verməyə hazırdır. Dövlətimizin başçısı da qeyd edib ki, ən mühüm sahələrdən biri postmüharibə dövründə inkişafın, davamlı sülhün və əməkdaşlığın bərqərar olmasına Avropa İttifaqının töhfəsidir. Avropa İttifaqı bu prosesdə önəmli rol oynaya bilər”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir. Öz növbəsində Avropa İttifaqı da ölkəmizlə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir. Bu gün Azərbaycanla qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə malik olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən önəmli dividendlər vəd edir. Xüsusi qeyd edilməlidir ki, Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb.

S.Fətəliyeva qeyd edib ki, Azərbaycan Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində də Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir: “Bir neçə il əvvəl Brüsseldə Azərbaycan ilə Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi imzalanıb. Əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Sənəddə əksini tapan mühüm məqam ondan ibarətdir ki, hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunub. Beləliklə, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsində bu sənəd də hüquqi baza rolunu oynayıb. Artıq Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində özünün ərazi bütövlüyünü bərpa edib. Bu fakt Azərbaycanın beynəlxalq müstəvidə gücünü daha da artıran amillərdən biridir. Fikrimcə, Avropa İttifaqı Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında da fəal iştirak edə bilər.  İnanıram ki, bölgədəki yeni reallıqlar Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin inkişafında öz əksini tapacaq, ölkəmizin Avropa İttifaqı üçün önəmi daha da artacaq. Bu baxımdan, enerji sahəsində də fəal əməkdaşlıq daim gündəlikdədir. Azərbaycan bundan sonra da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan ölkə statusunu qoruyacaq”.

Nardar BAYRAMLI

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır

 

Paylaş
Baxılıb: 96 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31