Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Diaspordan lobbiçiliyə gedən yol

Diaspordan lobbiçiliyə gedən yol

06.01.2022 [10:50]

Dünya azərbaycanlıları üçün cazibə mərkəzi

Mübariz ABDULLAYEV

Müstəqil dövlətimizin ideoloji əsasını xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulan azərbaycançılıq ideologiyası təşkil edir. Müdrik siyasətçi olan ulu öndər Heydər Əliyev ötən əsrin doxsanıncı illərinin əvvəllərində xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə qayıdanda gənc respublikamızda kəskin fəsadlarla müşayiət olunan və müstəqilliyimiz üçün təhdidlər yaradan arzuolunmaz proseslər gedirdi. Həmin dövrdə qarşıya çıxan çətinliklərin əsas səbəbi onda idi ki, hakimiyyətin ölkə vətəndaşlarını ümumi məqsədlər uğrunda birləşdirə biləcək, həmrəyliyi təmin edəcək strategiyası yox idi. Siyasi intriqalar, separatçılıq meyilləri getdikcə daha da güclənməkdə idi ki, bu da ölkənin milli gücünü strateji məqsədlər naminə, o cümlədən də işğalçı Ermənistana qarşı səfərbər etməyə imkan vermirdi. Uzaqgörən siyasətçi olan Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq ideologiyası bu boşluğu doldurmaq, cəmiyyətdə sabitliyə, həmrəyliyə nail olmaq və bu əsasda ölkəmizin gələcək inkişafını təmin etmək baxımından böyük aktuallıq daşıyırdı.

Dövlət siyasətinin yeni bir istiqaməti

Ulu öndər Heydər Əliyev azərbaycançılığı yalnız cəmiyyəin bütövləşməsini təmin edəcək bir ideologiya kimi müəyyənləşdirmədi, həm də dünya azərbaycanlılarının həmrəyliyinin institutlaşdırılmasının əsasını qoydu. Azərbaycan Prezidenti Heydər Əliyev 23 may 2001-ci il tarixində Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında müvafiq Sərəncam imzaladı. Qurultayın keçirilməsi xaricdə yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi zərurəti ilə bağlı idi.

Beləliklə, 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I Qurultayı keçirildi. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına öz müsbət təsirini göstərdi. Bu təşəbbüs ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Qurultaydan sonra ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi.

Azərbaycanın beynəlxalq nüfuzunun artmasında mühüm rol oynayan milli həmrəylik

Dünya azərbaycanlılarının həmrəylik gününün qeyd edilməsi təşəbbüsü də ulu öndər Heydər Əliyevə məxsusdur. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi  6 bənddən ibarət qərar çıxartdı.

Ötən dövrdə milli həmrəylik Azərbaycanın milli gücünün və beynəlxalq nüfuzunun artmasında mühüm rol oynayıb. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər.

Həmrəyliyin möhkəmlənməsində yeni mərhələ

Hazırda respublikamızda Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin əsasını qoyduğu milli həmrəyliyin daha da möhkəmlənməsini hədəfləyən effektiv siyasət həyata keçirilir. Dövlət başçısının “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olmuş, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynamışdır. Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək,  bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2018-ci il 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2019-cu ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təsis edilib. Beləliklə, deyə bilərik ki, dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideologiyasının təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili - azərbaycançılıq ideologiyası bizi birləşdirən əsas dəyərdir” istiqaməti üzrə hazırlanmışdır

 

 

Paylaş
Baxılıb: 121 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Xəbər lenti

Neft ucuzlaşıb

21 Yanvar 10:00

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31