Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / İlk dəfə...

İlk dəfə...

12.01.2023 [10:52]

Azad Şuşada BMT bayrağı ucaldılıb

Mübariz FEYİZLİ

Beynəlxalq münasibətlər sistemində artmış gərginlik və bununla bağlı yaranmış çağırışlar fonunda Azərbaycanın fəal xarici siyasət kursu ölkəmizin milli maraqlarının daha dolğun təmin olunmasına, o cümlədən milli təhlükəsizlik və sosial-iqtisadi inkişaf üçün əlverişli xarici mühitin yaranmasına yönəlib. Bu kontekstdə respublikamızın nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığının möhkəmlənməsinin önəmini xüsusi qeyd edə bilərik. Artıq tarixə dönən 2022-ci ildə də Azərbaycan ayrı-ayrı beynəlxalq təşkilatlarla münasibətlərinin əhatə dairəsini genişləndirməyə nail olub. İl ərzində Azərbaycanın Türk Dövlətləri Təşkilatı (TDT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), Şimali Atlantika Alyansı (NATO), Avropa Şurası, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Ərəb Dövlətləri Liqası (ƏDL) və digər beynəlxalq təşkilatlar və platformalar çərçivəsində əməkdaşlığı uğurla davam edib.

BMT ilə 30 illik uğurlu əməkdaşlıq

2022-ci ildə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının (BMT)  üzvlüyünə qəbul edilməsinin 30 ili tamam olub. Azərbaycan əvvəlki illərdə olduğu kimi beynəlxalq sülh, təhlükəsizlik və inkişafın bərqərar edilməsi istiqamətində BMT Nizamnaməsinin məqsədlərinin yerinə yetirilməsinə öz töhfələrini verib. 18 mart tarixində Şuşa şəhərində BMT-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümü ilə bağlı beynəlxalq konfrans keçirilib, azad Şuşada ilk dəfə olaraq BMT bayrağı ucaldılıb. Azərbaycanın müvafiq qurumlarının və  BMT-nin yüksəksəviyyəli rəsmilərinin iştirak etdikləri konfransda postmünaqişə dövrünün gündəliyi, azad edilmiş ərazilərin bərpası, Azərbaycan və BMT-nin Sabit İnkişaf Məqsədləri çərçivəsində tərəfdaşlığı müzakirə edilib.

İl ərzində ölkəmizə BMT Baş Assambleyasının (BA) 76-cı sessiyasının sədrinin, BMT Baş katibinin müavininin və BMT-nin Cenevrədəki Bölməsinin Baş direktorunun, BMT-nin Məskunlaşma Proqramının (UN Human Settlements Program - UN-HABITAT) icraçı direktorunun və digər rəsmilərinin səfərləri təşkil edilib. Azərbaycan tərəfindən BMT Baş Assambleyasının 77-ci sessiyasında irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə, eləcə də ölkəmizin əsas müəllifliyi ilə iki ildən bir irəli sürülən “Hərbi münaqişələr zamanı, sonradan həbs olunanlar da daxil olmaqla, girov götürülmüş qadın və uşaqların azad edilməsi” adlı qətnamə layihəsi BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyanın 66-cı sessiyasında yenidən konsensusla qəbul edilib. 1 aprel 2022-ci il tarixində BMT-nin İnsan Hüquqları Şurasının 49-cu sessiyası çərçivəsində Azərbaycan və Ekvadorun təşəbbüsü ilə irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə yekdilliklə qəbul edilib.

Ölkəmizin QH-na uğurlu sədrliyi

İl ərzində Azərbaycanın Qoşulmama Hərəkatında (QH) sədrliyi uğurla davam edib. 26 may 2022-ci il tarixində QH-na sədrliyin Azərbaycandan Afrika qitəsinə keçməsinə xüsusi diqqəti nümayiş etdirmək və Hərəkatın Afrika İttifaqı ilə əməkdaşlıq əlaqələrini gücləndirmək məqsədilə Xarici İşlər Nazirliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qoşulmama Hərəkatının təkamülündə Afrika irsi” mövzusunda konfrans təşkil edilib. Azərbaycanın ev sahibliyi ilə 30 iyun-1 iyul 2022-ci il tarixində QH Parlamentlər Şəbəkəsinin (QHPŞ) Bakı Konfransı, 25-29 iyul 2022-ci il tarixlərində isə QH-nin Gənclər Sammiti baş tutub. Bu tədbirlərin yekunu olaraq QHPŞ-nin və QH-nin tarixdə ilk dəfə olaraq Gənclər Təşkilatının fəaliyyət modallıqlarını tənzimləyən sənədlərin, eləcə də, bu qurumların loqo və bayraqlarının qəbul edilməsi QH-nin təsisatlanması istiqamətində əldə edilmiş mühüm nailiyyətlərdir. QHPŞ-nin Bakı Konfransı çərçivəsində baş tutmuş seçkilər nəticəsində Milli Məclisin sədri xanım Sahibə Qafarova QHPŞ-nin sədri seçilib. QH Gənclər Sammitinin yekun sənədi tədbirin Şuşa seqmentində qəbul edilib və Şuşa Akkordu adlandırılıb.

22 oktyabr 2022-ci il tarixində Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisinin Ofisi ilə birlikdə Azərbaycan-BMT əməkdaşlığının 30 illiyi ilə əlaqədar Bakı şəhərində Beynəlxalq Xeyriyyə Yarmarkası təşkil olunub. Tədbir, həmçinin hər il 24 oktyabr tarixində qeyd olunan BMT Günü və 26 oktyabr 2022-ci il tarixində ölkəmizin Qoşulmama Hərəkatına sədrliyinin üçüncü ildönümünə həsr olunub.

2022-ci ildə Azərbaycan-NATO tərəfdaşlığı öz strateji əhəmiyyətini saxlayıb, tərəflər arasında yüksək səviyyəli dialoq və praktiki əməkdaşlıq davam edib. 15 fevral 2022-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı aparılıb. 19 iyul 2022-ci il tarixində NATO-nun mənzil qərargahında xarici işlər naziri Ceyhun Bayramov baş katib Yens Stoltenberqlə görüşüb. 28-29 aprel 2022-ci il tarixində NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ölkəmizə səfər edib. İl ərzində NATO ilə əməkdaşlıq şəraitində beynəlxalq sülh və təhlükəsizliyə töhfə sahəsində milli imkanların artırılması və müdafiə islahatları sahəsində səylər davam edib və bu mövzuda yeni tərəfdaşlıq məqsədləri razılaşdırılıb.

Seçkilərdə qazanılan uğurlar

2022-ci il ərzində beynəlxalq qurumların seçkili vəzifələrinə Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş namizədliklərin təşviq edilməsi istiqamətində fəaliyyət davam etdirilib. Ölkəmiz bir sıra seçkilərdə uğur qazanıb. İqtisadi Əməkdaşlıq Təşkilatına və BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramına (SPECA) 2023-cü il üzrə sədrliklərin (1 il müddətinə) Azərbaycan Respublikasına keçməsi ilə bağlı qərarlar qəbul edilib.

Aparılmış uğurlu seçki kampaniyalarının nəticəsi olaraq, Azərbaycan vətəndaşları bir sıra nüfuzlu beynəlxalq qurumlara, o cümlədən BMT-nin İnsan Hüquqları Komitəsinin 2023-2026-cı illər üzrə üzvlüyünə, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin (CEDAW) 2023-2026-cı illər üzrə üzvlüyünə, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (IPHRC) 2022-2025-ci illər üzrə üzvlüyünə, Beynəlxalq Telekommunikasiya İttifaqının Radio Tənzimləmə Komitəsinin 2023-2026-cı illər üzrə üzvlüyünə seçilib. Bundan əlavə, ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının 2023-2026-cı illər üzrə üzvü və Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinin sədr müavini vəzifəsinə seçilib. Azərbaycan, həmçinin BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin sədr müavini seçilib.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 80 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Siyasət

Analitik

Bayram, yoxsa matəm?

28 Yanvar 10:27

Xəbər lenti

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31