Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İnsanın HAQQI…

İnsanın HAQQI…

13.05.2024 [21:15]

KÖŞƏ

Pərviz SADAYOĞLU 

Səfir Libbi Qubadın yox, şəhid anasının yanında olmalı idi! 

İnsanın yaşamaq haqqı! 

Bu hüquq hər hansı bir qanunvericilik və ya konvensiya, məcəllə və ya konstitusiya ilə verilmir və ya tanınmır – yaşamaq hüququ bəşərin qeyri – sosial hüququdur, təbii haqqıdır.

1990-cı illərin əvvəlinin Azərbaycanını xatırlayaq – qan-qada, minlərlə günahsız, insanların qanına qəltan edilməsi, öz yurd-yuvasından qovulması, sərgərdan şəkildə evsiz-eşiksiz qalması – budur tablo… Müasir leksikonla ifadə etsək, yüz minlərlə insan öz evində, öz torpağında yaşamaq hüququndan məhrum edildi, on minlərlə insanın isə yaşamaq hüququ qəsb edildi. 

Həmin illərdə Azərbaycanın səsinə səs verənlər elə də çox deyildi – bəlkə də barmaqla sayılacaq qədər idi. Böyük - böyük dövlətlər Azərbaycana kömək etməmək üçün "qanunlarına düzəlişlər" uydurur, haqqımızı qəsb edənlə bizim hüquqlarımızı bərabərləşdirirdilər. Bu gün "insan haqqı"nı insandan önə çıxaranlar sadəcə azərbaycanlı olduğu üçün yaşamaq hüququndan məhrum edilmiş on minlərlə insanın tapdanmış HAQQINI  xatırlamaq belə istəmirdilər. QHT-lər və ya dövlətlərin departamentləri bu işi özlərinin "prioriteti" saymırdı, elan etmirdi. O günlərdə, o illərdə Azərbaycanın haqqı, azərbaycanlıların hüququ yada düşmürdü. Avropası da, Qərbi də erməni lobbisinə xoş gəlmək üçün ən yaxşı halda susmağa üstünlük verirdi.

Ən böyük dərd isə işğal zamanı izsiz-soraqsız itən insanların – itkin insanların durumu idi. Minlərlə valideyn illərlə gözü qapıda, qulağı səsdə yaşamağa məhkum edilmişdi. Erməni işğalı həmin gənclərin yaşamaq hüququnu məhdudlaşdırmışdı, valideynlərinin isə atalıq, analıq haqqını qəsb etmişdi... 

Beləcə 30 il ötdü. 30 ilin sonunda Azərbaycan özü öz haqqını, hüququnu tələb etdi və bərpa etdi. Torpaqlarını azad etdi, şəhərlərini, kəndlərini, qəsəbələrini, evlərini azad etdi. Ən əsası 30 il haqqı verilməmiş narahat ruhları azad etdi. 

Bu səbəbdən idi ki, 44 günlük müharibə bütün dünyanın da etiraf etdiyi kimi haqq savaşı idi: az-az müharibə haqq savaşı adlanır. Qarabağ uğrunda savaşımız haqqın nahaqqa qarşı savaşı idi. Bu nahaqq isə tək Ermənistan deyildi – Azərbaycanın və azərbaycanlıların haqqını tanımayan hər kəs idi. 

Bu savaşın sonunda itirdiklərimizi qazandıq: yüz minlərlə insan öz yurduna qədəm basdı.  Amma ən əsası… Bu savaş illərlə öz torpağında “itkin” kimi ölən gənclərin ruhuna rahatlıq gətirdi...

4 ilə yaxındır ki, savaş bitib. 4 ilə yaxındır ki, Qarabağ torpağında qətlə yetirilən gənclərimizin qalıqları müəyyənləşdirilir, onların nəşləri torpağa qovuşur, ata-anaları rahatlıq tapır. Qarşısında yalnızca susulacaq bir mənzərədir – övladının nəşini görən valideyn Allaha şükr edir…  

Son bir neçə gündə Gülalı Dadaşov, Vüqar Həsənov, Ayaz Ağayev, Elşad Qayımov torpağa tapşırıldı – düz 30 ildən sonra. Həmin anlara sakit baxmaq mümkün deyildi – valideynləri, yaxınları sanki bu oğullarını dünən və ya srağagün itirmiş kimi idilər. Bir gözləri ağlayırdı, bir gözləri isə təskinlik tapmışdı – yollardan yığılmışdı o gözlər…

…Ötən ilin sentyabrında Azərbaycan dövləti Qarabağdakı separatçı xuntanı darmadağın etdi – Qarabağda yaşayan ermənilərə təklif edilsə də, onlar Azərbaycanda qalıb yaşamaq istəmədilər. Öz seçimləri idi. Biz onların Ermənistana gedişinin təhlükəsizliyini təmin etdik. Onların könüllü şəkildə köçmək arzusuna hörmətlə yanaşdıq. Bəs görəsən, niyə həmin ermənilər üzərindən bizə qarşı oyunlar hazırlayan güclər, dövlətlər ölkəmizin haqqını və hüququnu tanımaq istəmirlər? Niyə hər dəfə bir bəhanə ilə Şuşaya getməkdən yayınmağa çalışan səfir xalqımızın bərpa edilmiş haqqını tanımaqdan boyun qaçırır? Niyə ABŞ-ın Ermənistandakı səfiri, Avropanın Ermənistandakı missionerləri, durbinə sarılıb ölkəmizi izləyənlər Azərbaycanın haqqından danışmır? Niyə ABŞ-ın Azərbaycandakı səfiri, Avropanın beynəlxalq statuslu təsisatlarının Bakıdakı təmsilçiləri 30 ildən sonra qalıqları tapılan və dəfn edilən şəhidlərin dəfn mərasimlərinə getmədilər, əsl həqiqətə yerindəcə şahidlik etmədilər? Bəlkə də Qərb təsəvvüründə belə bir şey görünməyən haldır – 30 ildən sonra insan özünün dəfn edilmək hüququna qovuşur – niyə dünyada "haqq davası" aparanlar bu gənclərin 30 ildir ki, pozulan haqqını müdafiə etmirlər? 

Halbuki səfir Libbi qanun pozanların, pul qaçaqçılığı edənlərin, media adı altında siyasi məkrlərə nökərçilik edənlərin yaxınları ilə görüşməyə vaxt tapır. Həbsdən azad edilmiş Qubad İbadoğlu ilə görüşməyə vaxt tapan səfir Libbi niyə şəhid dəfninə vaxt tapmır? Əgər mövzu hüquq qorumaqdırsa, şəhid olduqlarından 30 il sonra torpağa tapşırılan həmin gənclərin haqqı daha çox qorunmalı deyilmi? Özünü "insan haqqının müdafiəçisi" elan edənlərin ikili standartdan çıxış etməsi buradan açıq görünmürmü? Axı, o səfir bu gün Qubadın yanında yox, şəhid anasının, şəhid atasının yanında olmalıdır, onları dinləməlidir, onların haqq səssini eşitməlidir. Hər işini "abzas"a salan səfir və onun kimiləri boğazdan yuxarı "insan haqqı" deyə deyə insanı da, insanlığı da unudublar…

…Azərbaycan öz haqqını özü qoruyur. Azərbaycan pozulan hüququnu özü bərpa edir. Azərbaycanın Prezidenti Şuşadan bəyan edir: Burada söz sahibi bizik. Sözümüz isə haqqı, hüququ addım-addım izləyir. Azərbaycan bütün dünyaya haqq dərsi keçir, hüquq presedenti nümayiş etdirir. Bizim üçün ən böyük haqq məhz İNSANIN YAŞAMAQ, ÖZ TORPAĞINDA YAŞAMAQ HAQQIDIR…

Paylaş:
Baxılıb: 204 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Mədəniyyət

MEDİA

İqtisadiyyat

Xəbər lenti

Analitik

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31