Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Fransız Polineziyası müstəqillik yolunda

Fransız Polineziyası müstəqillik yolunda

31.05.2024 [10:30]

Ancaq bu gün müstəmləkə ölkələrinin xalqları daha Fransanın yürütdüyü sümürmə və irqçilik siyasətinə dözmək istəmir. Getdikcə daha çox ölkədə “Rədd ol, Fransa” şüarları səsləndirilir və onun hər hansı bir formada mövcudluğuna son qoyulur. Təkcə son vaxtlarda bir neçə keçmiş müstəmləkə ölkəsindən Fransanın hərbi kontingenti çıxarılıb və bu tendensiya onilliklər boyunca Fransanın ağır müstəmləkəçilik siyasətindən əziyyət çəkən əksər ölkələrdə geridönməz prosesə çevrilib. Yelisey Sarayına açıq narazılıq jestləri edən və müstəqillik qazanmağa çalışan belə ölkələrdən biri də Fransız Polineziyasıdır. 

Arxipelaqlar ölkəsində ağır müstəmləkəçiliyin tarixi 

Sözügedən ölkə Fransadan təqribən 17 min kilometr uzaqda - Sakit okeanın cənubundakı 5 arxipelaqdan ibarətdir.  Buraya Markiz, Cəmiyyət, Qambye, Tubuai və Tuamotu arxipelaqları daxildir. Ümumiyyətlə, təxminən 130 ada bu ölkədə birləşir. Adaların ən böyüyü Taiti adasıdır ki, paytaxt şəhər Papite də məhz bu adadadır. Fransa Polineziyasının, ümumilikdə, sahəsi 4167 km - dir. 2020-ci il siyahıyaalınmasına görə, Fransa Polineziyasının əhalisi 295 min nəfər təşkil edir. 

Bu ölkə yerli dildə Maohi Nui adlandırılır. Fransanın burada müstəmləkəçilik siyasətinə başlamasının uzun tarixi var. 1840-cı illərdə - Fransa-Taiti müharibəsinin başa çatması (1844-1847) əvvəlcə Markiz adalarında, sonradan isə Taitidə Fransanın müstəmləkə quruluşunun tətbiqinin başlanğıcı oldu. Taiti kraliçası IV Pomare 1843-cü ildə qurulmuş Fransız protektoratını nəhayət, qəbul etmək məcburiyyətində qaldı. Bir müddət sonra - 1880-ci ildə kral V Pomare Taiti Krallığını Fransaya verməyə razı oldu və bu razılaşma həmin il dekabrın 30-da imzalanan qanunla təsdiqləndi. Bu qanun krallığın bütün subyektlərinə Fransa vətəndaşlığı verirdi. Buradan da göründüyü kimi, Polineziyanın (Taiti Krallığı 1881-ci ildən Okeaniyanın fransız əraziləri (EFO), 1957-ci ildən isə Fransız Polineziyası adlanıb) Fransa tərəfindən işğalı məhz həmin illərə təsadüf edir. 

Polineziyanın yerli əhalisi səsvermə hüququnu yalnız 1946-cı ildə əldə edib və 1957-ci ildə ilk yerli hökumətini qurub. Buna baxmayaraq, 1977-ci ilədək Polineziya məktəblərində yerli dillər tədris olunmayıb. Polineziya həm də bəzi epidemik xəstəliklərin (çikunqunya böhranı, Denge epidemiyası) yayıldığı ərazi kimi tanınır. Bu azmış kimi, 30 il ərzində - 1966-1996-cı illərdə Fransa tərəfindən burada 200-ə yaxın nüvə sınağı həyata keçirilib. Belə ki, 1966-1974-cü illərdə 46 atmosfer, 1975-1996-cı illərdə isə 147 yeraltı sınaq həyata keçirilib. Bu sınaqlar yerli əhali və ümumiyyətlə, bölgədə ətraf mühit üçün ağır fəsadlarla nəticələnib. Ümumilikdə, təqribən 170 min nəfər Fransanın burada həyata keçirdiyi nüvə sınaqlarının qurbanı olub.

Fransa BMT-nin qərarlarına qarşı

Fransız Polineziyasının yerli icmalarının müstəqillik uğrunda ardıcıl mübarizəsi beynəlxalq səviyyədə dəstəklənir. BMT Nizamnaməsinin 73-cü maddəsinə əsasən, Fransanın Okeaniyadakı dənizaşırı ərazilərindən olan Fransız Polineziyası 1946-cı ildə BMT-nin “Dekolonizasiya edilməli olan ərazilər” siyahısına daxil edilib. Lakin yerli əhalinin razılığı olmadan 1947-ci ildə Fransız Polineziyası həmin siyahıdan çıxarılıb.

Bununla belə, Yelisey S?rayının davamlı səylərinə baxmayaraq, Parisə Fransız Polineziyasının müstəqillik məsələsini beynəlxalq gündəlikdən birdəfəlik çıxarmaq müyəssər olmayıb. Fransız Polineziyasının müstəmləkəçilikdən azad olunması məsələsi ilə əlaqədar BMT Baş Assambleyasının “Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında” Bəyannaməsinin həyata keçirilməsinə dair son on ildə 11 qətnamə qəbul olunub.  BMT Baş Assambleyası təşkilatın Nizamnaməsinin XI fəslinə uyğun olaraq, 1960-cı il 14 dekabr və 2013-cü il 17 may tarixli “Fransız Polineziyasının öz müqəddəratını təyinetmə” adlı qətnamələrində Fransız Polineziyası xalqının öz müqəddəratını təyin etməsini və müstəqillik qazanmasını onun əsas hüququ kimi təsdiqləyib. Sözügedən qətnamələr rəhbər tutularaq, Fransız Polineziyasının “Dekolonizasiya edilməli olan ərazilər” siyahısına uyğunluğu yenidən qəbul edilib. Lakin Nizamnamənin 73-cü maddəsinə və “Müstəmləkə ölkələri və xalqlarına müstəqilliyin verilməsi haqqında” Bəyannamənin qəbulundan 63 il keçməsinə baxmayaraq, ərazinin hələ də Fransa hökuməti tərəfindən idarə olunmasına dair narahatlıq ifadə edilir. Mühüm beynəlxalq sənədlərə və yerli xalqın azadlıq mübarizəsinə baxmayaraq, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyü statusundan da istifadə edərək adalardakı kolonial maraqlarını inadkarlıqla davam etdirir. Sual olunur: Nə vaxtadək? 

Müstəqillik tərəfdarlarının mütləq çoxluğu

Fransız Polineziyasının Parisin müstəmləkəsi altındakı digər ərazilərdən fərqi ondadır ki, Yelisey Sarayı yerli əhalinin assimilyasiyasına nail ola bilməyib (burada əhalinin 78 faizini polineziyalılar təşkil edir - red.). Məhz bunun nəticəsidir ki, Fransa Yeni Kaledoniyada etnik icmalar arasında tətbiq etdiyi “parçala və hökm sür” siyasətini burada həyata keçirməkdə acizdir. Parisin, həmçinin adalar ölkəsində dini fərqlilikdən istifadə etmək cəhdləri də gözlənilən səmərəni vermir. Deyə bilərik ki, burada Yelisey Sarayına müqavimət göstərən və azadlıq mübarizəsindən geri çəkilməyən güclü hərəkat formalaşıb. Müstəqillik tərəfdarlarının ölkənin siyasi həyatına geniş təsir imkanları var. Ümumiyyətlə, Fransız Polineziyasının siyasi mənzərəsi özünəməxsusluğu ilə fərqlənir. Burada Prezident parlament üzvlərinin mütləq səs çoxluğu ilə seçilir. Polineziya parlamenti beş il müddətinə seçilən və yenidən seçilmək hüququ olan 57 üzvdən ibarətdir. Ölkə parlamentində müstəqillik tərəfdarları mütləq çoxluğu təşkil edirlər. Belə ki, hazırda parlamentdə təmsil olunan əsas siyasi qüvvə “Tavini Huiraatira” (müstəqillik tərəfdarları) partiyasıdır. Bu partiya ölkə parlamentində 38 yerə sahibdir. 

Müstəqillik uğrunda mübarizə aparan “Tavini Huiraatira” partiyasının adı yerli dildən tərcümədə “Yerli xalqa xidmət etmək” mənasını ifadə edir. “Tavini Huiraatira” 1977-ci ildə Oskar Temaru tərəfindən təsis olunub və o, indi də partiyaya sədrlik edir. Bu partiyanın əsas məqsədi Fransız Polineziyasının müstəqilliyinin əldə edilməsidir. Parlamentdə mütləq üstünlüyə sahib olan bu partiyanın üzvü Moetai Brotherson Fransa Polineziyasının prezidentidir. Assambleyanın sədri Antoni Geros isə partiya sədrinin müavinidir. “Tavini Huiraatira” partiyası tərəfindən müstəqillik istiqamətində növbəti addım kimi Dekolonizasiya İşləri üzrə Komissiya təsis edilib. 

Ölkədə partiyaya bağlı 8 deputatdan ibarət “Tavini Huiraatira” qrupu da fəaliyyət göstərir. Hazırda qrup Səhiyyə, həmrəylik və məşğulluq komitəsinin üzvüdür. Qrupun əsas fəaliyyət istiqamətləri nüvə silahları, ətraf mühit, nəqliyyat, turizm, səhiyyə, elm, təhsil və bu kimi digər mövzular haqqında araşdırmalar aparmaq, hesabatlar hazırlamaq və xalqı məlumatlandırmaqdır. Fransız Polineziyasının 2013-cü ildə yenidən BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısına salınması məhz “Tavini Huiraatira” partiyasının nümayəndələrinin apardığı yorulmaz iş nəticəsində mümkün olub.

Bakı ilə sıx əməkdaşlıq

Məlumdur ki, haqq-ədalət tərəfdarı olan Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinin ifşası istiqamətində fəal siyasət aparır. Ölkəmizin irəli sürdüyü təkliflər əsasında Bakı Təşəbbüs Qrupu (BTQ) yaradılıb. Bu təsisat ayrı-ayrı ölkələrdə xalqların azadlıq mübarizəsinə dəstək verir. O cümlədən  “Tavini Huiraatira” partiyası ölkənin müstəqilliyinin bərpası istiqamətində fəaliyyətini xarici platformalarda da davam etdirir. Partiya ötən il Qoşulmama Hərəkatının Azərbaycanda keçirilmiş nazirlər iclası çərçivəsində kolonializmlə mübarizəyə dair təşkil edilmiş tədbirdə Bakı Təşəbbüs Qrupunun yaradılmasında iştirak edən tərəflərdən biridir. Bu partiyanın nümayəndələri Bakı Təşəbbüs Qrupunun müvafiq komitələrində təmsil olunur, Qrupun dünyanın müxtəlif ölkələrində təşkil etdiyi bütün tədbirlərdə fəal iştirak edirlər. Partiya ilə BTQ arasında əməkdaşlıq haqqında memorandum da imzalanıb. Memorandum gələcək əməkdaşlığın hüquqi bazasının yaradılması istiqamətində mühüm addım olmaqla yanaşı, müxtəlif sahələrdə əməkdaşlığın qurulması üçün yol xəritəsi funksiyasını daşıyır. 

Qeyd edək ki, “Tavini Huiraatira” partiyasının rəhbər heyəti və nümayəndələrinin mayın 29-dan iyunun 2-dək Bakıya səfərləri çərçivəsində yeni sahələrdə əməkdaşlığın perspektivləri müzakirə ediləcək. Nümayəndə heyəti Milli Məclisdə Fransız Polineziyasına dair elmi konfransa da qatılacaqlar.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 207 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft ucuzlaşıb

24 İyun 10:29

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30