Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın müstəqil siyasətinə hər hansı bir manipulyasiya ilə təsir etmək mümkün deyil

Azərbaycanın müstəqil siyasətinə hər hansı bir manipulyasiya ilə təsir etmək mümkün deyil

22.05.2014 [09:20]

Əli Həsənov: Nə ABŞ-ın, nə də başqa bir böyük dövlətin və ya beynəlxalq qurumun Azərbaycanın daxili işlərinə, yaxud xarici siyasətinə hər hansı formada müdaxilə cəhdi, onu idarə etməyə çalışması, “bu xalqa necə yaşamağı öyrətməsi” heç də yaxşı hal deyil
Müstəqil xarici siyasət kursuna malik olan, Cənubi Qafqazın lider dövləti qismində çıxış edən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi tanınır. Ölkəmiz uğurla davam və inkişaf etdirilən çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası nəticəsində həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geostrateji təhlükəsizliyinə fundamental töhfələr verir. Heç bir beynəlxalq qurumdan və milli dövlətdən asılı olmayan Azərbaycan artıq regional aktordan beynəlxalq strateji tərəfdaşa çevrilməkdədir.
Morninqstarın Azərbaycanın daxili işlərinə müdaxilə etmək cəhdi qəbuledilməzdir
Bunlarla yanaşı, Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Yəni, istər yerləşdiyi Cənubi Qafqaz regionunda, istərsə də Avrasiya geosiyasi məkanında baş verən hadisələr Azərbaycanın həm beynəlxalq hüquq normaları əsasında fəaliyyət göstərdiyini, həm də regional və qlobal təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynadığını sübuta yetirir.
Eyni zamanda, Azərbaycan beynəlxalq miqyasda etibarlı tərəfdaş və demokratik inkişaf tempinə malik olan ölkə kimi tanınır. Ölkəmizdə keçirilən bütün seçkilərdən sonra Qərbin aparıcı təsisatları Azərbaycanın demokratik inkişaf kursuna sadiq qaldığını əminliklə ifadə edirlər.
Amma əfsuslar olsun ki, müəyyən dairələr və qurumlar ölkəmizin demokratik imicinə kölgə salmaq, bəzi hallarda isə Azərbaycanda ictimai rəyə təsir etmək üçün “qara piar” xarakterli məlumatlar yayırlar. Məsələn, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarın “Azadlıq” radiosuna müsahibəsində səsləndirdiyi bir sıra fikirlər bu qəbildəndir. Şübhəsiz, səfirin sözügedən müsahibədə ifadə etdiyi bir çox fikirlər Azərbaycan ictimaiyyəti tərəfindən narazılıqla qarşılanıb. Çünki səsləndirilənlər Azərbaycan reallığını əks etdirməyən, ölkələr arasındakı strateji tərəfdaşlıq münasibətlərinin mahiyyətinə uyğun olmayan qərəzli və manipulyasiya xarakterli ifadələrdir. Bütün hallarda, Azərbaycan öz inkişaf yolunda irəliləyir və bu kimi təsir vasitələrinin neqativ cəhdləri heç bir nəticə verməyəcək. Həmçinin bu cür manipulyasiyalarla ölkəmizdə ictimai rəyə neqativ təsir etmək mümkün deyil.
Öz növbəsində AzərTAc-a müsahibəsində bu məqamlara toxunan Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov qeyd edib ki, Azərbaycan həm də heç kimdən asılı olmayan, tam müstəqil siyasət yürüdən bir dövlətdir. Bizim ölkə beynəlxalq münasibətlər sistemində öz yeri və rolu ilə seçilir. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin on ildən artıqdır ki, həyata keçirdiyi siyasət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə, milli maraqlarımızın təmin olunmasına, dövlətimizin beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir: “Hesab edirəm ki, nə ABŞ-ın, nə də başqa bir böyük dövlətin və ya beynəlxalq qurumun Azərbaycanın daxili işlərinə, yaxud xarici siyasətinə hər hansı formada müdaxilə cəhdi, onu idarə etməyə çalışması, “bu xalqa necə yaşamağı öyrətməsi” heç də yaxşı hal deyil. Düşünürəm ki, belə cəhdlərin səmərəsi də olmayacaqdır”.
Qərbin “demokratiyaya keçid” adlandırdığı proseslər sadəcə hegemon güclərin geostrateji maraqlarına xidmət edir
R.Morninqstar məlum müsahibəsində demokratik dəyişikliklər, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması və digər məsələlər ətrafında manipulyasiya xarakterli fikirlər səsləndirib. Onun sözlərindən belə anlaşılır ki, guya bir çox dövlətlərdə demokratik dəyişikliklərin, həmin ölkələrin müstəqilliyinin arxasında ABŞ və Avropa durur. Halbuki, ictimaiyyətə yaxşı məlumdur ki, bəhs olunan aktorlar ayrı-ayrı ölkələrin müstəqilliyinin dəstəklənməsi adı altında beynəlxalq miqyasda demokratik dəyərlərdən siyasi təsir vasitəsi və manipulyasiya predmeti kimi istifadə edirlər. Gürcüstan, Ukrayna və Yaxın Şərqdə baş verən son hadisələrdən anlaşıldı ki, ABŞ və Avropanın “demokratiyaya keçid” adlandırdıqları proseslər sadəcə hegemon güclərin geostrateji maraqlarına xidmət edən təzyiq vasitəsidir. Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov müsahibəsində bu barədə bildirib ki, bu gün dünyanın müxtəlif nöqtələrində ABŞ və Qərbin yaxından iştirakı ilə elə hadisələr baş verir ki, təkcə biz yox, bütün dünya bunların məntiqini başa düşməkdə çətinlik çəkir: “İraq, Liviya, Misir, Suriya, Ukrayna və bəzi digər ölkələrdə baş verən “Maydan” hərəkatları müasir beynəlxalq münasibətlər sistemində mövcud olan bütün mütərəqqi prinsiplərin üzərindən xətt çəkir. Müstəqil ölkələrdə zorla həyata keçirilən qeyri-konstitusion hakimiyyət dəyişiklikləri və onun ağır nəticələri - ictimai-siyasi sabitliyin pozulması, daxili qarşıdurma və vətəndaş müharibəsinin qızışdırılması, iqtisadiyyatın çökdürülməsi, sosial fəlakətin körüklənməsi və s. heç də cənab səfirin qələmə verdiyi kimi demokratik dəyişiklik deyil, həmin xalqların faciəsidir. Əgər hansısa xarici dairələr həmin hadisələrin Azərbaycanda da təkrarlanmasını istəyirlərsə, onların məyus olacağına heç bir şübhə yoxdur”.
Qərbin subyektiv “demokratiya” anlayışı
Bunlarla yanaşı, səfir Azərbaycanda demokratiya, insan hüquqları kimi məsələlər ətrafında mülahizələr və manipulyasiya xarakterli fikirlər səsləndirib. Qeyd edilir ki, əgər hökumət Ukraynada baş verən hadisələrin Azərbaycanda baş verməsini istəmirsə, insan haqları və demokratiya məsələlərinə diqqəti daha da artırmalıdır. Amma səfir nəzərə almır ki, demokratik dəyərlərin və təsisatların təşəkkül tapması, mütəmadi surətdə yenilənərək inkişaf etdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi kimi təməl strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin siyasi kursunun əsasını təşkil edir. Odur ki, bütün bunların fonunda bu gün Azərbaycan demokratik inkişaf yolunda irəliləyən avanqard ölkələr sırasında yer alır. Ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti inkişafı, əsaslı ictimai-siyasi sabitlik milli güc mənbəyi qismində çıxış edir.
Bundan başqa, səfir nədənsə bu gün bu kontekstdə Qərbdə baş verən olayları, mövcud vəziyyəti xatırlamaq istəmir. Sirr deyil ki, bu gün Qərb ölkələrində ciddi insan hüquq pozuntuları mövcuddur və hakimiyyət strukturları vətəndaşlara qarşı zorakılıq, diskriminasiya hallarına yol verirlər. Eyni zamanda, həm ABŞ-ın özündə, həm də avrozonaya daxil olan digər ölkələrdə asayiş keşikçilərinin vətəndaşlara qarşı güc tətbiq etməsi, ciddi xəsarət və tələfatların qeydə alınması Qərbin gerçək “demokratiya” anlayışının nədən ibarət olmasını göstərir. Əli Həsənovun qeyd etdiyi kimi: “Bu gün bir çox Qərb ölkələrində insanların sərbəst toplaşmaq azadlığına həm qanunvericilik, həm də praktiki baxımdan məhdudiyyətlər tətbiq olunur, mitinq və etirazların qarşısı zorakılıqla alınır. KİV əməkdaşlarına maneələr yaradılması, fəaliyyəti hakimiyyətin maraqlarına cavab verməyən nəşrlərin çökdürülməsi, jurnalistlərin diffamasiya hallarına görə həbs olunması, izlənməsi, müxtəlif texniki vasitələrlə telefon danışıqlarının və internet yazışmalarının dinlənilməsi, internetin məhdudlaşdırılması və s. ilə bağlı yüzlərlə faktlar mövcuddur. Ancaq biz bunu həmin ölkələrdə antidemokratik meyil kimi səciyyələndirmirik və hesab edirik ki, ayrı-ayrı azsaylı halların ümumiləşdirilərək hər hansı dövlətin siyasi xətti kimi qələmə verilməsi yanlış metodologiyadır. Əfsus ki, biz bəzi Qərb dairələrindən Azərbaycana qarşı adekvat münasibət görmürük”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 792 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31