Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 2018-ci ilin dövlət büdcəsinə edilən dəyişikliklər əhalinin sosial rifahını daha da yaxşılaşdıracaq

2018-ci ilin dövlət büdcəsinə edilən dəyişikliklər əhalinin sosial rifahını daha da yaxşılaşdıracaq

04.07.2018 [09:32]

Prezident İlham Əliyev: Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı dayanır
Xəbər verildiyi kimi, Milli Məclisin cari il iyunun 29-da keçirilən növbədənkənar sessiyasının sonuncu plenar iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanununun layihəsi geniş müzakirələrdən sonra qəbul edilib. Dövlət büdcəsində nəzərdə tutulan dəyişikliklər barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, bu dəyişikliklərdən sonra Azərbaycanın Ümumi Daxili Məhsulunun bölüşdürülməsində dövlət büdcəsinin rolu artacaq. Bu addım Azərbaycan iqtisadiyyatının davamlı inkişafına, biznes mühitinin yaxşılaşmasına, icra olunan Dövlət proqramlarının reallaşmasına kömək edəcək. Bu o deməkdir ki, dövlətin müdafiə qabiliyyəti və təhlükəsizliyi daha da artacaq, əhalinin sosial müdafiəsi güclənəcək, dövlətin qarşısında dayanan vəzifələrin yerinə yetirilməsi üçün əlavə maliyyə imkanları yaranacaq.
İclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, təqdim olunmuş qanun layihəsi ilə dövlət və icmal büdcələrinin bir sıra gəlir və xərc maddələrinin artırılması və azaldılması, həmçinin dövlət büdcəsinin gəlir və xərclərinin tarazlaşdırılması nəzərdə tutulur. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ölkənin müdafiə və təhlükəsizliyinin daha da gücləndirilməsi, əhalinin həssas qruplarının müdafiəsinin artırılması və digər zəruri dövlət vəzifələrinin maliyyələşdirilməsi ilə əlaqədar olaraq əlavə maliyyə təminatının formalaşdırılması zərurəti 2018-ci il dövlət və icmal büdcələrinin gəlirlərinə yenidən baxılmasını şərtləndirib.
Nazir qeyd edib ki, yenidənbaxılma ilə bu ilin dövlət büdcəsində xərclərin 2 mlrd. 14 mln. manat artırılaraq 23 mlrd. 61 mln. manata çatdırılması nəzərdə tutulur ki, bu da 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 mlrd. 466,5 mln. manat və ya 31,1% çoxdur.
Maliyyə Nazirliyinin rəsmisinin sözlərinə görə, yenidənbaxılma ilə icmal büdcənin gəlirləri 28 mlrd. 86,8 mln. manat olacaq. İcmal büdcənin xərcləri təsdiq edilmiş göstəricilərə nisbətən 1 mlrd. 600,2 mln. manat artırılaraq 26 mlrd. 537 mln. manat səviyyəsində proqnozlaşdırılır. Yenidənbaxılma ilə icmal büdcə kəsirlə deyil, 1 mlrd. 549,8 mln. manat profisitlə proqnozlaşdırılır.
İqtisadiyyatda müşahidə edilən müsbət dinamika büdcəyə əlavə vəsaitlər cəlb olunmasına münbit zəmin formalaşdırıb
Hazırda dünya miqyasında müşahidə edilən bir sıra mənfi tendensiyalar fonunda ayrı-ayrı ölkələrin ciddi maliyyə çətinlikləri ilə üzləşdiyi bir vaxtda Azərbaycanın 2018-ci ilin dövlət büdcəsinə əlavə vəsaitlər cəlb etməsi ölkəmizin reallıqları, daha konkret desək, Azərbaycanın güclü iqtisadi potensialı, inkişaf dinamikası ilə bağlıdır. Güclü iqtisadiyyatın ölkənin möhkəmlənməsində, müstəqilliyin əbədi olmasında müstəsna rolunu Azərbaycanın timsalında bir daha görmək mümkündür. Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində iqtisadi müstəqilliyin təmin edilməsinin ölkəmizin imkanlarını artırdığına diqqət çəkərək bildirib: “Mən dəfələrlə demişəm və həyat bunu göstərir, ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər. Əgər sən kimdənsə asılısansa, - ya kreditdən asılısan, ya başqa dövlətdən asılısan, - heç vaxt, sözün əsl mənasında, müstəqil siyasət aparmaq iqtidarında olmayacaqsan. Ona görə biz çalışırdıq ki, iqtisadi müstəqilliyə çataq və buna da nail olduq”.
Son 15 ildə bütün dünyada iqtisadi inkişaf sahəsində ən yaxşı göstəricilərdən biri məhz Azərbaycanda qeydə alınıb. “İqtisadiyyat son 15 il ərzində 3,2 dəfə artıbdır. Bu, çox böyük göstəricidir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Bəhs olunan dövrdə ölkə həm transmilli şirkətlərlə qarşılıqlı maraqlara əsaslanan sıx əməkdaşlıq sayəsində zəngin karbohidrogen ehtiyatlarının işlənməsi və ixracında, eləcə də güclü emal sənayesinin qurulmasında, həm də neftdənkənar, elm tutumlu, innovativ iqtisadiyyat quruculuğunda böyük uğurlara imza atıb. Artıq Azərbaycan özünün enerji müstəqilliyini tam təmin edib, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da mühüm rol oynayır. Qürur hissi ilə vurğulamaq yerinə düşər ki, qısa müstəqillik tarixində Azərbaycan azsaylı üzvlərə malik dünya kosmos ailəsinin tərkibinə daxil olub. Hazırda respublikamızın iki peyki uğurla istismar olunur və daha bir peykimizin orbitə çıxardılmasına hazırlıq görülür.
2018-ci ilin əvvəlindən ölkədə aparılan islahatlar nəticəsində formalaşan müsbət reallıqlar dövlət büdcəsinə əlavə vəsaitlər cəlb edilməsinə geniş imkanlar açıb. Maliyyə naziri Samir Şərifov bildirib ki, gömrük inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı qanunvericilikdə qəbul edilmiş son qərarlar, o cümlədən bir sıra rüsumların artırılması, əsasən də alkoqollu içkilərə və tütün məmulatlarına yeni aksiz dərəcələrin tətbiqi Dövlət Gömrük Komitəsinin xətti ilə gömrük rüsumu və əlavə dəyər vergisi üzrə daxilolmaların əlavə 785 milyon manat artırılmasına imkan yaradıb. Xam neftin dünya bazarlarında qiymətinin əhəmiyyətli dərəcədə artması dövlət və icmal büdcələrinin müvafiq gəlir göstəricilərinin dəqiqləşdirilməsinə şərait yaradıb. 2018-ci il üzrə təsdiq edilmiş dövlət büdcəsinə görə büdcə gəlirlərinin hesablanmasında bir barrelə 45 dollar neft qiymətinin proqnozu istifadə olunub. Həmin proqnozun 10 dollar artırılaraq bir barrel üçün 55 dollara çatdırılması təklif olunur. Bunun nəticəsində neft gəlirlərinin Vergilər Nazirliyi xətti ilə dövlət büdcəsində əks olunan daxilolmaları 500 milyon manat məbləğində artırılacaq. Bu artım əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici neft şirkətlərindən mənfəət vergisi qismində əlavə gözlənilən daxilolmalar hesabına proqnozlaşdırılır. Bununla yanaşı, Dövlət Neft Fondunun icmal büdcədə əksini tapan gəlirləri dəqiqləşdirilir və 5,6 milyard manat artırılır. Təklif olunan dəqiqləşdirilmələrin aparılması nəticəsində 2018-ci il təsdiq olunmuş dövlət büdcəsinin gəlirləri 14 milyon manat büdcədənkənar daxilolmalar da nəzərə alınmaqla cəmi 272 milyon manat məbləğində artırılacaq.
Eyni zamanda, 2018-ci ilin yanvar-may aylarında əvvəlki ilin eyni dövrünə nisbətən 1,1 faiz çox ümumi daxili məhsul istehsal edilib, iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9 faiz artıb, neft sektorunda isə sabit qalıb. Nominal ifadədə neft sektorunda 28,1 faiz, qeyri-neft sektorunda isə 5,7 faiz artım müşahidə edilib. Mərkəzi Bankın verdiyi məlumatlara görə, ölkənin tədiyyə balansının yaxşılaşması şəraitində 2018-ci ilin ötən dövründə strateji valyuta ehtiyatları artıb. Hazırda təxminən 44 milyard dollar həcmində olan valyuta ehtiyatlarımız ölkənin ümumi daxili məhsuluna bərabər səviyyədədir. Ehtiyatlarımız xarici borcumuzu 4-5 dəfə üstələyir. Dünyanın iqtisadi xəritəsinə nəzər salsaq, görərik ki, belə müsbət reallıqlara çox az sayda ölkələrdə rast gəlmək mümkündür.
Əlamətdar haldır ki, ölkəmizin iqtisadi sahədə qazandığı uğurlar beynəlxalq səviyyədə də etiraf olunur. Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı və digər qurumlar milli iqtisadiyyatımızın perspektivləri ilə bağlı müsbət proqnozlar irəli sürüblər. Nüfuzlu Davos İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda da Azərbaycan iqtisadiyyatı müxtəlif indikatorlar üzrə yüksək qiymətə layiq görülüb. Bəhs olunan hesabatda milli iqtisadiyyatımız rəqabətqabiliyyətliliyinə görə daha iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşıb. Bu o deməkdir ki, respublikamız dünya üzrə ən güclü iqtisadiyyata malik 40 ölkə sırasında yer alır və MDB-də lider mövqeyini qoruyub saxlayır. “Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görübdür. İnkişafda olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə biz üçüncü yerdəyik. Yəni, bu göstəricilər özlüyündə hər şeyi açıq-aydın bildirir, onu göstərir ki, iqtisadi sahədə əldə edilmiş uğurlar, nailiyyətlər tarixi nailiyyətlərdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Respublikamızda davamlı iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır
Azərbaycanın dünyaya təqdim etdiyi nümunəvi inkişaf modelinin səciyyəvi cəhətlərindən biri ondan ibarətdir ki, respublikamızda iki istiqamət paralel şəkildə inkişaf etdirilir. Ölkənin iqtisadi potensialının artırılması üçün konseptual əsaslar hazırlanır, Dövlət proqramları qəbul edilir, praktiki müstəvidə genişmiqyaslı maddi dəstək tədbirləri həyata keçirilir. Eyni zamanda, sosial sfera adekvat şəkildə diqqət mərkəzində saxlanılır. Başqa sözlə desək, respublikamızda davamlı iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır. Qarşıya qoyulan vəzifə ondan ibarətdir ki, ölkəmizdə sosial sferada vəziyyət dünyanın inkişaf etmiş ölkələrindəkindən geri qalmamalıdır. Prezident İlham Əliyev dəfələrlə nəzərə çatdırıb ki, respublikamızda həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı dayanır.
Azərbaycanın dövlət başçısının nümayiş etdirdiyi güclü siyasi iradə sayəsində respublikamızda yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. İndiyədək respublikamızda dayanıqlı inkişafla bağlı qarşıya qoyulan hədəflərə çatmaq üçün məqsədyönlü proqramlar reallaşdırılıb. Çox qısa müddətdə yoxsulluğun 50 faizdən 5 faizədək azaldılması böyük nailiyyətdir. Respublikamızda işsizlik də təxminən 5 faiz səviyyəsindədir. Qeyd edək ki, hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında “yüksək insan inkişafı” ölkələri qrupunda yer alıb.
Əlamətdar haldır ki, ölkəmiz bir sıra çətinliklərlə müşayiət olunan yeni şəraitdə də özünün dərinməzmunlu sosial siyasətinə sadiqlik nümayiş etdirir. Respublikada insanların rifah halının yaxşılaşdırılmasına yönələn yeni təşəbbüslər irəli sürülür, bütün sosial proqramlar uğurla yerinə yetirilir. 2018-ci ilin dörd ayında iqtisadi təsnifata uyğun olaraq dövlət büdcəsi xərclərinin 37,7 faizi və ya 2250,8 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib. Yuxarıda bəhs olunan dəyişikliklərə əsasən dövlət büdcəsinə cəlb ediləcək vəsaitin də müəyyən hissəsinin məhz sosial sahəyə yönəldilməsi nəzərdə tutulub. “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliklərə əsasən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün 1.3 milyard manat vəsait ayrılması nəzərdə tutulub. Bu fakt bir daha təsdiqləyir ki, ölkəmizdə sosial sferanın dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirilməsi davamlı səciyyə daşıyır. Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində Azərbaycanda reallaşdırılan siyasətin sosial mahiyyətinə bir daha diqqət çəkib. “Ümumiyyətlə, deyə bilərəm ki, son 15 il ərzində biz sosial məsələlərin həllinə çox böyük diqqət göstərmişik. Bunu rəqəmlər də təsdiqləyir. Maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb”, - deyə dövlət başçısı vurğulayıb.
Azərbaycanda insan kapitalının formalaşdırılması strateji məqsəd kimi müəyyənləşdirilib
Müasir dövrün aktual çağırışları sırasında təhsilə, elmi inkişafa, iqtisadiyyatda innovasiyaların tətbiqinə verilən önəm xüsusi yer tutur ki, bu da təsadüfi deyil. Artıq heç kəsdə şübhə yoxdur ki, ölkələrin inkişaf səviyyəsi təbii resursların həcmi ilə deyil, cəmiyyətin intellektual potensialı, texnoloji yeniliklərin tətbiqi ilə ölçülür. Bunu dünyanın inkişaf etmiş, qabaqcıl ölkələrinin təcrübəsindən də görmək mümkündür.
Müasir dövlət quruculuğunu strateji hədəf seçən Azərbaycan da məhz ölkə miqyasında təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşmasını daim diqqət mərkəzində saxlamaqla bütövlükdə cəmiyyətin intellektual potensialının davamlı şəkildə artmasına nail olmağa çalışır. Prezident İlham Əliyev Bakının Yasamal rayonundakı Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni inşa edilmiş binasının açılışındakı nitqində Azərbaycanın perspektiv inkişafla bağlı strateji hədəfini bir daha nəzərə çatdıraraq vurğulayıb: “Təhsil, vətənpərvərlik, milli dəyərlər, güclü Azərbaycan - budur bizim əsas prinsiplərimiz”.
Qarşıya qoyulan strateji məqsədə çatmaq üçün ölkədə təhsilə ayrılan xərclər də getdikcə artırılır. 2018-ci ilin dörd ayında təhsil xərclərinə 73,1 mln. manat və ya 14,7 faiz vəsait yönəldilib. “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliyə əsasən dövlət büdcəsindən təhsilə 2.043.989.508,0 manat məbləğində vəsait yönəldilməsi nəzərdə tutulub.
Zəruri infrastruktur yaradılmadan, təbii ki, təhsil sahəsində hər hansı uğurdan söhbət açmaq da mümkün deyil. Son illərdə paytaxt Bakıda və bölgələrdə təhsil və sosial sferaya aid digər istiqamətlərdə müasir infrastruktur quruculuğu geniş vüsət alıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bunu ölkədə aparılan siyasətin əsas əlamətlərindən biri kimi səciyyələndirərək deyib: “Sosial infrastruktur layihələri, əlbəttə ki, çox böyük əhəmiyyət daşıyır və bizim siyasətimizin istiqamətini əks etdirir”.
Respublikamızın təhsil sistemində əldə olunan uğurlardan biri, heç şübhəsiz ki, məktəb tikintisi ilə bağlıdır. Təkcə onu vurğulamaq kifayətdir ki, son 15 ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə məktəb tikintisinə dair bir neçə ayrıca Dövlət Proqramı qəbul edilib. Bundan başqa, digər sahələri əhatə edən Dövlət proqramlarında da məktəb tikintisinə böyük diqqət yetirilir. Məsələn, regionların, Bakı şəhərinin və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı, eləcə də yoxsulluğun azaldılması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması ilə bağlı Dövlət proqramlarında məktəb tikintisinə dair geniş müddəalar öz əksini tapıb. Eyni zamanda, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da təhsil infrastrukturunun yenilənməsinə geniş yer ayrılıb.
Yuxarıda qeyd olunan Dövlət proqramlarının icrası nəticəsində bəhs olunan dövrdə Bakı şəhərində və respublikanın bölgələrində 3000-dən çox yeni məktəb tikilib və yaxud əsaslı təmir edilib. Bunun nəticəsində təxminən 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb. Müqayisə üçün bildirək ki, respublikamızda cəmi məktəblərin sayı təqribən 5 minə yaxındır, bunlardan 3 mini isə son 15 ildə tikilib.
2018-ci ilin sonunadək ölkədə sosial tədbirlərin maliyyə təminatı daha da gücləndiriləcək
Yuxarıda deyilənlərdən də bəlli olduğu kimi, Azərbaycan sosial dövlətdir. Ölkəmizdə qayğıya ehtiyacı olan bütün vətəndaşlar dövlət dəstəyindən bəhrələnirlər. Respublikada bütün sosial proqramlar uğurla yerinə yetirilir və bu məqsədlə dövlət büdcəsində nəzərdə tutulan vəsait ilbəil artırılır. 2017-ci ilin dövlət investisiya proqramının əsas istiqamətlərindən biri olan sosial layihələrə 627,6 mln manat vəsait yönəldilib. Bunun da böyük bir hissəsi respublikanın şəhər və rayonlarında əlil və veteranlar üçün yaşayış evlərinin tikilməsinə, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşmasına sərf olunub. 2017-ci il ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərdən və şəhid ailələrindən 315 nəfər mənzil və fərdi evlə təmin olunub ki, bu da son beş ilin ən yüksək göstəricisidir.
Sosial dövlət olan Azərbaycanda Ermənistanın işğalçılıq siyasəti ucbatından doğma ev-eşiyindən didərgin düşən 1 milyondan artıq soydaşımızın sosial problemlərinin həlli, o cümlədən də onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması da davamlı olaraq diqqət mərkəzində saxlanılır. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, son 15 ildə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması məqsədlə 6 milyard manatdan çox vəsait ayrılıb.
Ölkədə 2006-cı illə müqayisədə minimum əməkhaqqı 30 manatdan keçən ilin sonuna 116 manata, orta əməkhaqqı isə 4 dəfə artaraq 528,2 manata çatdırılıb. O cümlədən minimum əməkhaqqı 2018-ci il yanvarın 1-dən 12,4% artırılaraq 130 manata çatdırılıb. Ölkəmizdə əmək haqlarının artırılması həmişə diqqət mərkəzində saxlanılır. Təkcə cari ilin əvvəlindən Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərman və sərəncamlara əsasən əhalinin ayrı-ayrı təbəqələrinin 4 milyon nəfərə yaxınının əmək haqları bütövlükdə təxminən 800 milyon manat civarında artırılıb. Pensiya və sosial müavinətlərin, ünvanlı sosial yardımın, təqaüdlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının cari ilin mart ayının 1-dən orta hesabla 10 faiz artırılması və digər sosial tədbirlərin maliyyə təminatı üçün təsdiq edilmiş dövlət büdcəsində nəzərdə tutulmuş 384,0 milyon manatla yanaşı, 2018-ci ilin yenidən baxılan dövlət büdcəsinin xərclərindən əlavə olaraq 128,0 milyon manat vəsait yönəldilməsi nəzərdə tutulub.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 597 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30