Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclası keçirilib

13.10.2018 [10:35]

İclasda bir sıra qanunlara dəyişikliklər edilib
Oktyabrın 12-də Milli Məclisin növbəti iclası keçirilib. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov iclasın gündəliyi haqqında məlumat verib. Əvvəlcə, millət vəkilləri carı məsələlərlə bağlı çıxış ediblər.
Milli Məclisin deputatı Sevinc Hüseynova çıxışında deyib ki, hazırda Azərbaycan-Rusiya münasibətləri ən yüksək səviyyədədir. Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin son dövrlər bu istiqamətdə gördükləri işlər münasibətlərimizi daha da dərinləşdirib. S.Hüseynova bildirib ki, hazırda parlamentlərarası münasibətlərimiz də inkişaf etməkdədir. Amma təəssüf edirik ki, 7 oktyabrda Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağa qanunsuz səfər edən bir qrup rusiyalı qadın nümayəndələr arasında Rusiya Dövlət Dumasının Beynəlxalq komitəsinin sədrinin birinci müavini Svetlana Jurova da olub. Rusiyalı deputatın Dağlıq Qarabağa qanunsuz səfəri iki dövlət arasında münasibətlərin ruhuna ziddir: “Onlar öz səfərlərini “qadınlar sülh naminə” adlandırırlar. Amma bütün dünya ictimaiyyəti bilir ki, Dağlıq Qarabağ münaqişəsini Ermənistan separatçıları başlayıb. Yəqin Svetlana Jurovaya məlum deyil ki, təkcə Xocalı soyqırımında ermənilər tərəfindən 106 qadın və 63 uşaq qətlə yetirilib. Qarabağ müharibəsi zamanı erməni separatçıları tərəfindən qətlə yetirilmiş insanlar arasında yalnız azərbaycanlı deyil, həm də rus millətinin nümayəndələri də var. Onlardan 4-nün - Azərbaycanın Milli Qəhrəmanı - Yuri Kovalyov, İqor Makeev, Yevqeni Karlov, Viktor Seryoqinin adlarını çəkmək kifayət edər. Bu cür hərəkətlərlə erməni terrorçuları onlarla rus analarını da gözüyaşlı qoymuşlar. Svetlana Jurovanın bu aksiyaya qoşulması Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi ölkə kimi mövqeyi və rolu haqda Azərbaycan ictimaiyyətində xoşagəlməz təsəvvür yarada bilər. Təəssüf doğurur ki, Rusiya qadınlarının bu qrupu yəqin problemin tək hüquqi deyil, həm də əxlaqi komponentini anlamadan könüllü və ya könülsüz bu aksiyaya qoşulublar və bununla da bütün xeyriyyə fondlarının fəalları üçün əsas sayılan “zərər vermə” prinsipini pozublar. Mən Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi rusiyalı həmkarlarıma müraciət edərək onları bu cür qanunsuz səfərlərdən çəkinməyə çağırıram”.
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli bildirib ki, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq Rusiya Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinə, eyni zamanda digər komitələrə ciddi, kəskin arqumentlərlə müraciət hazırlanıb. “Bu müraciəti həm mən, həm də Azərbaycanda Rus İcmasının sədri Mixail Zabelin imzalayacaq. Biz buna münasibət bildirmək istəməzdik, amma Rusiya Dövlət Dumasının xarici əlaqələr komitəsinin sədrinin birinci müavininin səfəri bizi buna vadar etdi. O, Rusiya hakim partiyasının üzvü olduğuna görə həmin partiyaya da müraciət etmişik. Əmin ola bilərsiniz ki, bu məsələ diqqət mərkəzindədir. Müraciətimizdə qeyd etmişik ki, Rusiya Federal Məclisi Dövlət Dumasının rəhbərliyi üzvlərə prosedur qaydada xəbərdarlıq etsin ki, işğal olunmuş ərazilərə getməsinlər”, - deyə Ə. Hüseynli vurğulayıb.
“Xarici siyasət məsələlərində diqqətli olmalıyıq. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qonşu ölkələrlə pozulmuş münasibətləri bərpa etdi. Hazırda bu siyasət uğurla, balanslaşdırılmış şəkildə davam etdirilir”. Bu fikirləri isə YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov çıxışı zamanı deyib. S.Novruzov bildirib ki, son vaxtlar dünyanın aparıcı ölkələrinin rəhbərləri Azərbaycana səfər edib, səfər zamanı mühüm sənədlər imzalanıb. Eləcə də ölkəmizdə bir sıra mötəbər beynəlxalq tədbirlər keçirilib. Onun sözlərinə görə, bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirən amillərdir: “Amma Azərbaycanın inkişafını istəməyən qüvvələr, erməni lobbisi ölkəmizin imicinə kölgə salmağa çalışır. Bu dairələr bizim hansısa fikirlərimizdən sui-istifadə edərək xarici əlaqələrimizə zərbə vurmağa çalışırlar. Ona görə də, belə bir həssas dövrdə diqqətli olmalıyıq, dövlətimizin xarici siyasətinə xələl gətirəcək fikirlərə yer verməməliyik”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
Millət vəkili Elman Nəsirov isə Ermənistanın paytaxtı İrəvanda keçirilən Beynəlxalq Frankofoniya Təşkilatının sammitində ermənilərin təxribatçı əməllərinə diqqət çəkib. Onun sözlərinə görə, bu tədbir vasitəsilə işğalçı ölkə qondarma “DQR”i təbliğ etməyə çalışır: “Ermənistan rəhbərliyi davranışları ilə münaqişənin nizamlanması prosesinə zərbə vurur”.
Sonra gündəlikdəki məsələlər müzakirə olunub. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi ikinci oxunuşda qəbul edilib. Eyni zamanda, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Rəsmi statistika haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlara dəyişikliklər edilib.
Bundan əlavə iclasda Cəzaların İcrası, Cinayət, İnzibati Xətalar, Vergi, Gömrük, Mülki məcəllələrdə dəyişiklik edilməsi haqqında qanun layihələri qəbul olunub.
Həmçinin “Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv kəşfiyyat blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə BP EKSPLOREYŞN (AZƏRBAYCAN) LİMİTED şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi qəbul olunub.
Eyni zamanda, millət vəkilləri bır sıra beynəlxalq, dövlətlərarası sənədləri təsdiqləyiblər. Belə ki, “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planının təsdiq edilməsi haqqında”, “Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyaya dəyişikliklərə dair protokolların təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında bitki karantini və mühafizə sahəsində əməkdaşlıq haqqında” sazişlərin təsdiq edilməsi məsələsinə baxılıb.
İclasda həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi məsələsinə baxılıb. Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bu barədə məlumat verib. Əvvəlcə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin birinci hissəsində qeyd olunur ki, Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. Nəzərə alınmalıdır ki, artıq həm Azərbaycan Ordusu, həm də başqa silahlı birləşmələr Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkib hissəsini təşkil edir. Belə olan halda, çoxsaylı qanunvericilik aktlarında istifadə olunan “Silahlı Qüvvələr və başqa silahlı birləşmələr” sözlərinə ehtiyac qalmır.
Bildirilib ki, layihədə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən (Azərbaycan Ordusu və siyahısı Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyən ediləcək başqa silahlı birləşmələr) başqa hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlar) hərbi xidmət keçən hərbi qulluqçuların statusu ilə bağlı təkliflər də mövcuddur.
Diqqətə çatdırılıb ki, artıq cari il sentyabrın 1-dən tətbiqinə başlanılmış yeni nəsil şəxsiyyət vəsiqələrinin 15 yaşdan verilməsi nəzərə alınaraq təcrübə baş verə biləcək uyğunsuzluqların qarşısının alınması məqsədilə ilkin hərbi qeydiyyatın da 15 yaşdan aparılması nəzərdə tutulur.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda nəzərdə tutulan daha bir dəyişikliyə əsasən hərbi qulluqçular və hərbi vəzifəlilər (əsgər, matros hərbi rütbəsinə malik olanlar istisna olmaq) ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq onlara verilmiş hərbi rütbədən məhrum edilərək əsgər (matros) rütbəsinə endirilə bilər.
İclasda həmçinin Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında da məlumat verilib. Dəyişikliyə əsasən, törətdiyi cinayətə görə hərbi rütbədən məhrum edilməklə məhkum olunmuş hərbi qulluqçular məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün surəti icra olunması üçün hərbi hissəyə daxil olduğu vaxtdan, ali hərbi rütbədən məhrumetmə hallarında isə bu barədə müvafiq icra hakimiyyəti orqanının sərəncamı qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılır.
Hər iki qanundakı dəyişikliklər “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası ilə əlaqədar təklif edilir. Sərəncamdan irəli gələrək cəza siyasətinin humanistləşdirilməsi, habelə qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Məcəllənin müvafiq maddələrində dəyişikliklər nəzərdə tutan qanun layihəsi hazırlanıb. Mövcud dəyişikliklər “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli Qanununa uyğunlaşdırılma məqsədi daşıyır.
İclasda həmçinin “Vəkillik və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklər edilməsi məsələsi müzakirə olunub. Məsələ ilə bağlı çıxış edən parlamentin komitə sədri Siyavuş Novruzov bildirib ki, hər bir vətəndaşa hüquqi yardım göstərilməsi zəruridir. Ona görə də, vəkillik sistemi, onların fəaliyyəti təkmilləşdirilməlidir. Bunun yeni mexanizmlərinin yaradılmasının vacib olduğunu deyən millət vəkili bildirib ki, vəkillərin sayı artırılmalıdır. “Amma bir məsələ də var ki, rüşvət aldığına görə və digər qanuni səbəblərlə vəkillikdən uzaqlaşdırılan bəzi şəxslər qeyri-hökumət təşkilatı yaradaraq “hüquq müdafiəçisi”nə çevrilirlər. Belə hallara yol verilməməlidir”, - deyə S.Novruzov vurğulayıb.
Millət vəkili həmçinin bəzi tikinti şirkətlərinin vətəndaşları aldatdıqlarını deyib: “Bəzi tikinti şirkətləri var ki, bir mənzili 5-6 nəfərə satır. İnsanlar da belə hallardan əziyyət çəkir, məhkəmələrə düşməli olurlar. Fikrimcə, elə qanuni tədbirlər görülməlidir ki, vətəndaşların hüquqları tam təmin olunsun”.
S.Novruzov çıxışında Milli Məclisin medalının təsis olunmasını da təklif edib.
Qeyd edək ki, günün ikinci yarısında da millət vəkilləri bır sıra qanunlara dəyişikliklər ediblər.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 636 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Gündəm

Xəbər lenti

Siyasət

Sosial

Hadisə

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30