Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Erməni mifləri Kamran İmanovun baxışında

Erməni mifləri Kamran İmanovun baxışında

15.03.2022 [10:32]

Yalanlarla dolu uydurulmuş tarix: hay-ermənilərin mifləri və mənimsəmələri

Taleh Ağaverdiyev

Bu günlərdə Avropa Parlamenti “Dağlıq Qarabağda erməni mədəni irsinin məhv edilməsi haqqında” qətnamə qəbul edib. Qətnamədə Avropa Parlamenti “Azərbaycanın Qarabağda və onun ətrafında erməni mədəni irsini məhv etmək və onun mövcudluğunu inkar etmək siyasətini pisləyir”.

Uzun illər ərzində Azərbaycan beynəlxalq təşkilatlara Azərbaycan mədəni irsinin ermənilər tərəfindən məhv edilməsinin və saxtalaşdırılmasının qarşısının alınması çağırışları ilə müraciət edirdi, lakin bu müraciətlərə məhəl qoyulmurdu. İndi isə Azərbaycanı qondarma “erməni mədəni irsini” “məhv etməkdə” ittiham edirlər. Avropa Parlamentinin mövqeyinin ikiüzlülüyü və bu məsələyə yanaşmada “ikili standartları” həyasızlığı ilə heyran edir.

Ermənilər çoxdan mahir saxtakar kimi statuslarını təmin ediblər və uzun illərdir ki, beynəlxalq ictimaiyyəti öz miflərinin doğruluğuna inandırmağa çalışırlar. Və qeyd olunan qətnaməni nəzərə alsaq, bəzən onlar bu işdə “uğur” qazana bilirlər, baxmayaraq ki, ermənilərin bütün tarixi yalanlarla doludur.

Bununla bağlı Azərbaycan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun Trendə verdiyi iki geniş müsahibəsi yada düşür. Həmin müsahibələrdə o, ardıcıl olaraq elmi faktlara, müxtəlif tarixi mənbələrə və dünyanın müxtəlif alimlərinin fikrinə əsaslanaraq mənfur erməni yalanlarını və saxtakarlıqlarını ifşa edir.

Kamran İmanov çıxışlarında, kitablarında və digər çap və elektron nəşrlərdə erməni plagiatının motivlərini dəfələrlə üzə çıxararaq, onları “ermənilərin Azərbaycan mədəni ənənələrini mənimsəmək ənənəsi” adlandırıb. O, müsahibəsində qeyd edib ki, bu məsələ erməni saxtakarlıqlarının genezisindən irəli gəlir, yəni uydurma və fərziyyələr, habelə onlarla sıx bağlı olan başqasının əqli mülkiyyətinin mənimsənilməsinin plagiat ənənələrindən qaynaqlanır. O qeyd edib ki, “Hayların tarixi”ni (sonralar siyasi məqsədlərlə “Ermənilərin tarixi”, daha sonra isə “Ermənistan tarixi” adlandırılan əsər)  yazan “erməni tarixinin atası” Musa Xorenskidən başlayaraq, “çox əzablar çəkmiş xalqın itirilmiş əraziləri” haqqında miflər qonşuların torpaqlarına ərazi iddialarının revanşist əsası kimi xidmət edirdi. Mövcud olmayan “böyük Ermənistan”la bağlı millətçi illüziyalar isə istər-istəməz qonşularının tarixini mənimsəməklə öz saxta tarixlərinin formalaşması ilə müşayiət olunurdu.

Onun fikrincə, hay-ermənilər ölkənin tarixini etnik qrupun tarixi ilə əbəs yerə əvəz etmirlər. Burada səbəb təkcə keçmişdə bir dövlət kimi “Ermənistan”adlı sabit siyasi anlayışın olmaması deyil. Qədim dövrdə bir çox xalqların məskunlaşdığı ərazi kimi “Arminiya”nın sabit coğrafi anlayışı hay-ermənilərə heç cür sərf etmir: M.Xorenskidə “Ermənistan”lar tək-tük idisə, indiki hay-erməni tarixçilərinin səyi ilə onların sayı onlarladır. Onların arasında, o cümlədən “Erməni dövlətçiliyinin Eçmiədzin dövrü” adlandırılan “Şərqi Ermənistan” (söhbət hazırda erməni dövlətçiliyinin təcəssüm etdirdiyi tarixi Azərbaycan torpaqlarından gedir) da var. Ona görə də “Ermənistan tarixi” yox, “Hayların tarixi” var, avtoxtonların deyil, alloxtonların - gəlmə-miqrantların tranzit hərəkəti ərazilərinin tarixi var. İmanov qeyd edir ki, başqa xalqların tarixinə münasibətdə saxtakarlıq, zənn və yalanlar vasitəsilə, yəni onların mənafeyinə xələl gətirməklə, hay-ermənilər tarixi xalqlar arasında öz yerlərini möhkəmləndirməyə çalışır və bu məqsədlə Müqəddəs Yazıların mətnini belə dəyişdirməkdən çəkinmirlər.

Belə ki, İncildə tarixi haylara istinadların olmamasından məyus olan Xorenski onun erməni versiyasına iki fantomu - Hayk və Armenakı əlavə edir. Bu məqsədlə o, Homerin oğlu Torqomu onun nəvələrı sırasına salır və onu, İncilə əsasən Homerin qardaşı və ya Yafətin oğlu olan Tiras ilə  “əvəz edir”. Daha sonra Torqom fantom Haykı (xayların əcdadı), Hayk isə Armenakı (ermənilərin əcdadı) “həyata gətirir”. Beləliklə, Hayk və Armenak vasitəsilə bu saxtakarlıq hayların və ermənilərin varisliyini təmin etməli idi. Məlum olduğu kimi, müasir ermənilər bu gün də özlərini hay adlandırırlar, lakin eyni zamanda, onlar Arminiya coğrafi regionunun tarixini və “ermənilər” konfessional terminini özlərinin uydurma tarixlərinə və ona verilən “erməni” etnoniminin legitimləşdirilməsinə uyğunlaşdırırlar.

İmanovun digər  müsahibəsində qeyd etdiyi kimi, M.Xorenskinin İncilin erməni versiyasına daxil etdiyi saxta tezisləri və onun “Hayların tarixi”-ndə sonrakı saxtakarlıqlarını istisna etsək, bu barədə hazırda mövcud olan bütün fikirlər “Arminiya”, “arminiyalılar” terminlərinin indiki Hayastan (Ermənistan) və hay-ermənilərlə heç bir əlaqəsi yoxdur. Müsahibədə o, erməni saxtakarlıqlarını darmadağın edir və tarixi mənbələrə əsaslanaraq əsaslı şəkildə sübut edir ki, “Ermənistan” termini, istər toponim olsun, istərsə də etnonim olsun, indiki ermənilərlə heç bir əlaqəsi yoxdur və onlar tərəfindən mənimsənilib.

O qeyd edir ki, öz coğrafi məkanında, Azərbaycan adlı ölkədə yaşayan və öz ölkəsinin tarixini institusional mənbələrdə “Azərbaycan tarixi” kimi təqdim edən azərbaycanlılardan fərqli olaraq, müasir ermənilər öz tarixi sənədlərində həm hay, həm də erməni kimi manevr edirlər, onların institusional tarixi isə müxtəlif nəşrlərdə “Hayların tarixi” və ya “erməni xalqının tarixi” kimi təqdim olunur. Bununla da onlar ölkə anlayışını və ya yaşayış coğrafi ərazisinin adını öz adı və ya digər etnik qrupların mənimsənilmiş adı ilə əvəz edir.

Müsahibədə ən aparıcı amerikalı ermənişünaslardan biri olan, Miçiqan Universitetinin siyasi və sosial tarix üzrə erməni əsilli professoru Ronald Qriqor Suninin “Ararata baxış: Ermənistan müasir tarixdə” adlı araşdırmasından gətirilən sitatlar xüsusi diqqət çəkir:

“...Ermənilər ona görə xüsusi xalqdır ki, birincisi, onlar başqa bir millətin daxilində yaşayan bir “millət”i təşkil edirlər, ikincisi isə, haqqında heç bir anlayışı olmayan irsi ilə fəxr edən xalqdır”

“... Bir çoxları [ermənilər] üçün açıq (kəskin) millətçilik köksüzlüyün kompensasiyası və tarixi biliklərin əvəzlənməsidir”.

“... xalqın iki ən mühüm xüsusiyyəti olan baza mədəniyyəti və sosial quruluş baxımından yerli ermənilərlə indikilər arasındakı fərqlər hər hansı oxşarlıqdan qat-qat çoxdur”.

İmanovun apardığı araşdırmalardan məlum olur ki, hay və ermənilər sinonimik olan etnonim deyillər.

Bundan başqa qeyd edilir ki, erməni-hay sifarişinə əsasən, növbəti saxtakarlığı Ermənistan Elmlər Akademiyasının Geologiya İnstitutunun direktoru, baş geoloq K.N. Paffengols həyata keçirib: o, öz “On minlərin geri çəkilməsi yolu haqqında” adlı işində 2,5 min illik tarixli türk hidronimi olan və məşhur yunan tarixçisi, sərkərdəsi və siyasi xadimi Ksenofont (e.ə. V-IV əsrlər) tərəfindən xatırlanan Arpa-su (bu gün çoxları onu Arpa-çay adlandırır) çayının adı, Çorox çayı kimi təqdim edib. Daha sonra dünyanın onlarla ən böyük kartoqrafı və coğrafiyaşünası bu saxtakarlığa qarşı çıxış etdilər, yunan alimi İordane Paradisopulos isə bu saxtakarlığı ifşa etmək üçün ən dolğun arqumentlər təqdim etdi. Gördüyümüz kimi, indiki Ermənistan ərazisindəki türk hidroniminin 2,5 min il tarixi var və bu torpaqlarda heç olmasa min il tarixi olan bir dənə də olsun erməni-hay toponimi yoxdur.

Yaxın keçmişdəki saxtakarlığa misal olaraq Kamran İmanov ermənilərin Azıx mağarasını “erməni mədəniyyətinin ilkin ocaqlarından biri” kimi dünyaya təqdim etmək cəhdlərini göstərir:  özlərini həmişəki kimi qədim mənşəli kimi təqdim edən işğalçılar Azıxın adını dəyişdirərək Azox qoyublar (bu da bir paradoksdur, çünki Azox ermənicə “turş üzüm” deməkdir). Azıxantropun qalıqlarını tədqiq edən Azərbaycan alimləri bunu Aşel dövrünə, yəni erkən paleolitə (təxminən 2 milyon il əvvəl olan dövrə) aid etdilər. Lakin işğalçılar iddia edirdilər ki, erməni (hay) etnosu məhz ən qədim insanın yaşadığı dövrdə formalaşıb. Ərazidə qanunsuz qazıntıları davam etdirən ermənilər “Neandertal qadınının” daş heykəlini, üstəlik, milli erməni geyimində “aşkar ediblər”. Bundan başqa, “erməni neandertalının” yaxınlığında məişət əşyalarının, erməni milli xörəklərinin və alətlərinin qalıqları da guya tapılıb. Buna nəsə əlavə etmək çətindir, çünki belə çıxır ki, neandertallar nəinki hay-ermənilər olublar, həm də bir neçə yüz min il ərzində onların milli geyimləri, eləcə də məişət əşyaları dəyişməyib...

Kamran İmanovun hər iki müsahibəsində gətirdiyi misallar hay-ermənilərin mif yaratmağa sadiqliyinə əyani sübutdur. Bu meyillilik az qala milli istedad səviyyəsinə yüksəldilib: istər “erməni soyqırımı”, istər “böyük Ermənistan”, “sivilizasiyanın ilk mərkəzi”, “ermənilərin Azərbaycanda hüquqlarının pozulması” haqqında mif, istərsə də “böyük erməni mədəniyyəti” mifi olsun. Təbii ki, bura Cənubi Qafqazın və ilk növbədə, Azərbaycanın bütün mədəni irsinin “ağıllı ermənilərə” (burada ağıllı dedikdə, homo sapiens nəzərdə tutulur - red.) gedib çıxması mifi də daxildir. Qonşuların mədəni irsinin mənimsənilməsinin təbiiliyini təyin edən və üstəlik, ona “qanuni” əsas verən də məhz bu mifologiyadır.

Kamran İmanovun sözlərinə görə, 44 günlük kinci Qarabağ müharibəsində qələbəmizdən sonra regionda yeni ictimai-siyasi vəziyyət yaranıb. Azərbaycan barbar qəsbkarların bizə buraxdığı dağıntıları bərpa etmək üçün bütün gücünü səfərbər edib və biz Azərbaycan xalqının faktiki olaraq dağıdılmış maddi-mədəni irsi, dağıdılmış və ya tamamilə yer üzündən silinmiş müsəlman və türk mədəniyyəti abidələri ilə üzləşdik.

O, müsahibəsində qeyd edib ki, Azərbaycan dövləti bütün dövrlərdə müsəlman və müsəlmanlığa qədər olan, o cümlədən xristian keçmişinə qayğı və hörmətlə yanaşıb, çünki onu Azərbaycan xalqının irsi hesab edir. Və bu baxımdan, torpaqlarımızda guya xristian abidələrinin dağıdılması ilə bağlı inilti təəccüb doğurmaya bilməz. Üstəlik, nəzərə alsaq ki, sovet dövründən bəri və xüsusən də işğal dövründə Azərbaycanın xristian keçmişinə dair sübutların çoxu erməni saxtakarları tərəfindən onları erməniləşdirmək üçün dəyişdirilib.

Düzdü, müxtəlif xalqların öz mifləri var. Lakin yuxarıda qeyd olunan məqamları nəzərə alsaq, belə bir qənaətə gəlmək olar ki, ancaq Ermənistanda miflər reallığı əvəz edir və bu ölkənin indiki bərbad vəziyyətinə bəraət vermək üçün istifadə edilir.

Tarix boyu ermənilər yad ərazilərdə möhkəmlənmək üçün tarixi saxtalaşdırmış, başqa xalqların tarixini, nailiyyətlərini mənimsəmişlər. Bəzi dairələr isə, Avropa Parlamentinin timsalında gördüyümüz kimi, əsrlərin dərinliklərindən uzanan bu yalan zəncirini qırmaq əvəzinə, anlıq geosiyasi maraqlar naminə bu qeyri-sağlam mif yaratma meyilliyinə belə absurd qərarlar və “ikili standartlar” siyasəti ilə rəvac verirlər. Avropa parlamentariləri Kamran İmanovun müsahibələri ilə tanış olmalıdırlar: bəlkə o zaman başa düşəcəklər ki, ermənilər toxunduqları hər şeyi mənimsəməyə çalışırlar və gec-tez Avropanın bəzi şəhərləri də “tarixi erməni əraziləri” elan oluna bilər...

Paylaş:
Baxılıb: 822 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

İqtisadiyyat

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Neft ucuzlaşıb

14 May 09:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31