Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 100 il öncə də alət idilər...

100 il öncə də alət idilər...

29.03.2024 [10:12]

“Vilson Ermənistanı” planı bir əsr sonra fərqli ştrixlərlə icra edilir

SSRİ-nin dağılmasının ardından 30 ilə yaxın münaqişə bölgəsi kimi tanınan, Avrasiyanın mərkəzində yerləşən Cənubi Qafqaz davamlı sülhün, iqtisadi inkişafın bir addımlığındadır. Azərbaycanın apardığı uğurlu siyasət regiona yeni imic, yeni sima qazandırıb - vaxtilə erməni terrorunun, erməni separatizminin boy göstərdiyi Cənubi Qafqaz bu gün qlobal diqqət mərkəzinə düşüb. Ən mühüm iqtisadi layihələrin adı məhz bu regionla paralel çəkilir.

Amma Ermənistanın tutduğu mövqe Cənubi Qafqazın hazırki siyasi-ictimai aurası ilə eynilik təşkil etmir. Başqa sözlə, Azərbaycanın yaratdığı yeni reallıqlarda müstəqil siyasi-iqtisadi subyekt kimi təqdim olunan Cənubi Qafqazın bir hissəsi sayılan Ermənistan yenə kimlərinsə əlində oyuncaq olmaqda “israrlıdır”. Necə ki, tarixən başqa-başqa güclərin əlində alətə çevrilərək Cənubi Qafqaz üçün “dəyənək”dən başqa mahiyyət kəsb etmədiyi kimi...

Tarix bəzən təkrarlanır - sadəcə, keçmişdən nümunə, dərs götürən xalqlar, dövlətlər uğur qazanmağa layiqdir. Ermənistan isə tarixin bütün dönəmlərində ayrı-ayrı güclərin oyuncağı kimi istifadə olunub, indi də olunur. Son dönəmlərdə ABŞ və Avropanın Ermənistanın əli ilə regionda münaqişə ocağı yaratmaq istəyi bunun təcəssümüdür. Maraqlıdır ki, ötən əsrin 80-ci illərin sonunda məhz Ermənistanın əli ilə başlanan münaqişə, SSRİ-yə qarşı siyasətdə Qərbdəki erməni lobbisinin Qərblə müttəfiqliyi bu gün fərqli donda ortaya çıxır. Bu dəfə artıq hədəf nə SSRİ, nə də Azərbaycandır - hədəf Ermənistanın özünə də yeni inkişaf mərhələsi qazandıracaq qlobal laiyhələrə nəzarət arzusudur. Amma bu arzunun yerinə yetməsi üçün “alət” dəyişməyib - Ermənistan yenə də başqalarının “arzusunun ifadəçisi” olmaqda davam edir. Necə ki, 100 il öncə belə idi...

100 il öncəni xatırlatmağımız əbəs yerə deyil. Ermənilərin fərqli maraqların “dəyənəyi” olması ilə bağlı onlarla fakt mövcuddur. Məsələn, “Erməni məsələsi” adı 1878-ci il fevral ayının 19-da Rusiya ilə Türkiyə arasında Bolqarıstanın sahil qəsəbəsi olan San-Stefanoda bağlanan sülh müqaviləsinin 16-cı paraqrafına daxil edilmişdi. Bu maddəyə görə, Türkiyə hökuməti erməni vilayətlərində lazımi islahatlar keçirməyə borclu olduğunu təsdiq edirdi. Lakin həmin islahatların həyata keçirilməsi üzərində nəzarət Berlin konqresinin iştirakçısı olan altı böyük dövlətdən ibarət “birliyə” verilirdi. Berlin konqresinin qərarı erməni millətçilərinin də damağına şəkər əzib tökürdü. Qərb diplomatiyası isə öz işini görürdü - onlar erməni kartı üzərindən bölgədə dominant rol oynaya biləcəklərini düşünürdülər.

Ermənilərdən istifadə ilə bağlı başqa bir fakt isə 28-ci ABŞ Prezidenti Vudro Vilson adminstrasiyası tərəfindən “tərtib edilən”, Sevr müqaviləsində “Ermənistan Demokratik Respublikasının həyata keçirilməmiş sərhəd konfiqurasiyası” adı altında ortaya atılan “Vilson Ermənistanı” planı idi.

London Konfransı zamanı Devid Lloyd Corc Vudro Vilsonu Anadolu üçün, xüsusən də erməni diasporunun dəstəyi ilə yaradılmış Qərbi Ermənistan İdarəsinin iddia etdiyi vilayətlər üçün mandat qəbul etməyə təşviq etdi. Vilson, “erməni milli hərəkatı”nın irəli sürdüyü iddiaları öyrənmək və bu iddiaların öz 14 maddəsi ilə uyğun olub-olmadığını müəyyən etmək üçün King-Crane Komissiyasını və general Ceyms Harbordu bölgəyə göndərdi. Tərtib edilən planın 12-ci maddəsi belə idi: “Osmanlı imperiyasının türk hissələri təhlükəsiz və davamlı suverenlik əldə etməlidir, lakin hazırda türk hakimiyyəti altında olan digər millətlər birmənalı olaraq mövcudluq zəmanəti və muxtar inkişaf üçün tamamilə toxunulmaz şərtlər almalıdırlar. Dardanel boğazı beynəlxalq zəmanətlə bütün xalqların gəmilərinin sərbəst keçməsi və ticarəti üçün daim açıq olmalıdır.”

King-Crane Komissiyası “ermənilərin travmatik bir təcrübə yaşadıqlarını, Osmanlı imperiyasının onların hüquqlarına hörmətlə yanaşacağına bir daha etibar edə bilməyəcəklərini və ermənilərin xalq olduğunu” qeyd etmişdi. Buna görə də komissiya Ermənistanın Qafqaz cəbhəsi zamanı əldə etdiyi müstəqilliyinə beynəlxalq ictimaiyyət tərəfindən hörmət edilməli və müttəfiqlər tərəfindən sığortalanmasını tövsiyə etmişdi.

Xatırladaq ki, Sevr müqaviləsi 1920-ci ilin avqustunda Antanta dövlətləri ilə Osmanlı imperiyasının məğlub olmuş hökuməti arasında tərtib edilmiş və imzalanmış sülh müqaviləsi idi. Lakin bu müqavilə heç vaxt ratifikasiya olunmadı və daha sonra Lozanna müqaviləsi ilə əvəz edildi. “Vilson Ermənistanı”nın təklif olunan sərhədləri Türkiyənin Ərzurum, Bitlis, Van və Trabzon kimi vilayətlərini əhatə edirdi. Hətta Trabzon vilayətinin bəzi hissələri də “Ermənistan Demokratik Respublikası”na verilirdi ki, onların Qara dənizə çıxış imkanları təmin edilsin. Həmin regionda yaradılması “nəzərdə tutulan” Pont respublikası planı 1919-cu il Paris Sülh Konfransında müzakirə edilmişdi - lakin Yunanıstandakı Elefterios Venizelos hökuməti belə bir dövlətin yaranışını təhlükəli saymışdı. Bu səbəbdən də Trabzonun bəzi hissələri belə “Vilson Ermənistanı”na daxil edilmişdi.

ABŞ Senatı isə 1920-ci ildə Vilsonun Ermənistanda mandat yaratmaq təklifini rədd etdi - Türkiyədə İstiqlaliyyət müharibəsinin başlaması Osmanlı imperiyasının Sevr müqaviləsini ratifikasiya etməməsinə səbəb oldu. Həmin ilin sonunda Ermənistan-Türkiyə müharibəsi başladı. Ermənistan məğlub oldu və 1920-ci il noyabrın 2-də Sevr müqaviləsində qeyd olunanlardan imtina edildi - Gümrü müqaviləsi imzalandı. Bu müqavilə Ermənistanın mövcud hökumətinin 1920-ci ilin dekabrında süqutundan sonra ratifikasiya edilmədi. Əvəzinə isə 1921-ci ildə Qars müqaviləsi imzalandı. Beləliklə, ermənilərin arzusu ürəklərində qaldı... Erməni kartından istifadə etmək istəyən ABŞ isə bu planı “arxivə” göndərdi. Bu gün baş verənlər onu göstərir ki, ABŞ yenidən “Vilson Ermənistanı” planını diriltməyə çalışır. Amma Vaşinqton unutmamalıdır ki, bu gün regionda söz sahibi olan, vaxtilə isə zəifliyindən istifadə edilməsi qərarlaşdırılan ölkələrdə durum tamamilə fərqlidir...

SADİQ

Paylaş:
Baxılıb: 195 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Siyasət

Yeni faktlar...

10 Aprel 10:51

Siyasət

Siyasət

Gündəm

İlk dəfədir ki...

10 Aprel 09:55

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30