Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan Dövlət Pedaqoji Universiteti - 100

Azərbaycan Dövlət Pedaqoji Universiteti - 100

12.11.2021 [10:44]

“Müəllimlik işi həm şərəfli, həm də çətin işdir. Ali məktəb müəllimi olmaq, müəllimlər hazırlamaq, yəni müəllimlər müəllimi olmaq ikiqat şərəfli və eyni zamanda, ikiqat məsuliyyətli işdir”.

Ümummilli lider Heydər Əliyev

XX əsrin əvvəllərində Moskva, Peterburq, Kiyev, Odessa, Kazan və s. universitetlərini bitirən azərbaycanlıların sayı əhəmiyyətli dərəcə də artsa da, onların arasında müəllimlər  azlıq təşkil edirdi.

Ali təhsilli milli müəllim kadrlarının hazırlanması zərurətini ilk dərk edən Azərbaycan Demokratik Respublikası bu sahədə müəyyən addımlar atmışdı, lakin vaxt baxımından pedaqoji yönümlü ali təhsil müəssisələrini yaratmağa imkan olmamışdı.

Bu tarixi vəzifəni Azərbaycan Xalq Kommis?arları Sovetinin sədri Nəriman Nərimanov öz üzərinə götürdü. O, 1921-ci il avqustun 26-da Bakıda Azərbaycan Pedaqoji İnstitutunun yaranması haqqında dekret imzaladı. Həmin qərara əsasən 6 nəfər tələbə ilə fəaliyyətə başlayan ölkənin ilk və ən böyük ali pedaqoji təhsil ocağı təsis edildi. Azərbaycan Pedaqoji İnstitutunun ilk buraxılışı 1923-1924-cü tədris ilində olmuşdur.

Keçən illər ərzində institut müəyyən çətinliklərlə də üzləşmiş, 1927-1929-cu illər və 1941-1943-cü illərdə onun fəaliyyəti iki dəfə dayandırılmış, Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) ilə birləşdirilmişdir.

İlk vaxtlar zamanın tələbinə uyğun olaraq Ali Pedaqoji Kişi və Ali Pedaqoji Qadın İnstitutları kimi fəaliyyətə başlasa da, adı müxtəlif illərdə dəfələrlə dəyişdirilmiş, nəhayət müstəqillik dövründə - 1991-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə universitet statusu almışdır.  Azərbaycan Dövlət Pedaqoji Universiteti respublikamızda ali pedaqoji məktəblər arasında universitet statusu alan ilk tədris və elm ocağıdır.

Qeyd edək ki, institutun ali təhsil ocağı kimi formalaşmasında və inkişafında Azərbaycan Hökumətinin başçısı N.Nərimanov, xalq maarif komissarı D.Bünyadzadə, dövrün tanınmış ziyalıları Ü.Hacıbəyov, V. Xulufli, B.Çobanzadə və M.Quliyevin   böyük xidmətləri olmuşdur.

İnstitutun ilk direktoru Odessa Universitetinin məzunu Fətulla bəy Rzabəyli, direktor müavini Tiflis Müəllimlər İnstitutunun məzunu Həbib bəy Mahmudbəyov olmuşdur. İnstitutun ilk müəllimləri sırasında F.Rzabəyli, H.Mahmudbəyli, M.Əfəndiyev, C.Hüseynov, M.Mirqasımov və başqalarının da adları çəkilməlidir.

Keçmiş Sovetlər dönəmində ADPİ-nin müvafiq fakültə, şöbə və filialları əsasında müxtəlif illərdə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu (indiki Azərbaycan Dillər Universiteti), M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu (indiki Bakı Slavyan Universiteti), S.M. Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası), H.Zərdabi adına Gəncə, Y.Məmmədəliyev adına Naxçıvan və s. pedaqoji institutları yaradılmışdır.

Bünövrəsi qoyulduğu ilk gündən Pedaqoji Universitet yüksək ixtisaslı pedaqoji və elmi kadrların hazırlanması istiqamətində, tədris prosesinin, elmi-tədqiqat işlərinin təşkilində uğurlar qazanaraq ölkəmizin qabaqcıl ali təhsil müəssisəsinə çevrilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun ADPU-ya qoşulması və onun fiiallarının da universitetin strukturuna daxil olması nəticəsində ADPU ölkədə pedaqoji kadr hazırlığı ilə məşğul olan vahid ixtisaslaşmış ali təhsil müəssisəsinə çevrilmişdir. Nazirlər Kabinetinin 2016-cı il tarixli qərarı ilə Bakı Sənaye-Pedaqoji Kolleci ADPU-nin nəzdində  Azərbaycan Dövlət Pedaqoji Kolleci kimi fəaliyyət göstərməyə başlayıb. 

Bu gün respublikamızın beş bölgəsində universitetin Şəki, Quba, Ağcabədi, Cəlilabad və Şamaxı filialları çalışmaqdadır. Bakı şəhərinin Səbail rayonundakı M.Rahim adına 7 saylı  orta məktəb 2016-2017-ci tədris ilindən etibarən ADPU-nun baza məktəbi kimi müəyyən olunmuşdur.

“Ənənələrə sadiq, yeniliklərə açıq universitet” şüarı ilə irəliləyən ADPU-nun indiyədək 160 mindən artıq məzunu olub. Əsası qoyularkən ilk kadrları arasında bir nəfər də alim olmayan ADPU-da indi 70-dən artıq elmlər doktoru, 60-dan çox professor, 300-ə yaxın dosent və 350-dən çox fəlsəfə doktoru çalışmaqdadır.

Universitetimizdə hazırda filiallar və Pedaqoji kolleclə birlikdə 20 minədək tələbə təhsil alır, təhsilin bakalavr pilləsində 22 ixtisas, magistratura səviyyəsində isə 20 ixtisas üzrə pedaqoji kadrlar hazırlanır.  Pedaqoji Universitetin XX əsrin 70-80-cı illərində qazandığı nailiyyətlər Azərbaycan rəhbəri Heydər Əliyevin bu ali məktəbə xüsusi diqqəti ilə bağlı olmuşdur. Belə ki, 1971-1982-ci illərdə Ümummilli  Lider beş dəfə Pedaqoji Universitetdə olmuş, institutun 50 və 60 illik yubiley tədbirlərində şəxsən iştirak etmişdir. 1973-cü ildə Pedaqoji İnstitut yarıməsrlik yubileyi münasibətilə “Qırmızı Əmək Bayrağı Ordeni”  ilə təltif edilmişdir.

Azərbaycan müstəqillik qazandıqdan sonra xarici ölkələrin tədris müəssisələri və elmi mərkəzlərinin universitetimizə marağı  artmışdır. Bu gün ADPU 52 xarici universitetlə əməkdaşlıq edir, tələbə  mübadiləsi həyata keçirir. Qardaş Türkiyə Respublikasının 11 universitetində “Mövlanə” mübadilə proqramı çərçivəsində tələbələr üçün təhsil şəraiti yaradılır.

ABŞ-ın Corc Vaşinqton Universiteti ADPU ilə 2019-cu ildə Beynəlxalq ikili Diplom Proqramı üzrə müqavilə imzalayıb. Bu müqaviləyə əsasən, universitetin “Menecment” ixtisası üzrə magistratura pilləsini bitirən tələbələr hər iki universitetin diplomunu əldə edə biləcəklər.

100 il ərzində ADPU ölkəmiz üçün 160 mindən çox yüksək ixtisaslı müəllim kadrı hazırlamışdır. Pedaqogika, psixologiya və ayrı-ayrı fənlərin tədrisi texnologiyaları məhz bu ali məktəbdə təşəkkül tapmışdır. Pedaqoji Universitet ölkəmizdə, eləcə də, xarici dövlətlərdə elm, təhsil, mədəniyyət və ictimai sahədə aparıcı yer tutan, tədris ocağımızı tanıtdıran məzunları ilə fəxr edir. Universitetin məzunlarından olan Yusif Məmmədəliyev AMEA-nın prezidenti, Heydər Hüseynov, Səməd Vurğun və  İsa Həbibbəyli isə AMEA-nın vitse-prezidentləri seçilmişlər. Yüzlərlə ictimai və dövlət xadimi, alim və ziyalılar məhz ADPU-da təhsil almışlar. Mehdi Hüseynzadə, Xıdır Mustafayev, Səlahəddin Kazımov, Firuz Səfərov, Zərbəli Səmədov, Həsən Mirzəyev, Əli Nağıyev, Tofiq Bayram, Həmid Araslı, Mehdixan Vəkilov, Məmməd Cəfər, Məmməd Arif, Əhməd Cavad, Firdovsi Əliyev, Sabit Rəhman, Məmməd Aslan  və b.

Pedaqoji Universitetin tələbə və məzunları Birinci və İkinci Qarabağ müharibələrində iştirak ediblər. Universitetimizin 8 tələbəsi və yüzlərlə  məzunu Vətən müharibəsinin qazisi, 12 tələbəsi və məzunu isə Vətən müharibəsi şəhididir. ADPU-nun hazırkı rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov 2016-cı ildən bu vəzifədə çalışır. Nüfuzlu alim və təhsil təşkilatçısı olan Cəfər müəllim özünün sadəliyi və səmimiyyəti ilə  nəinki universitetin professor-müəllim heyətinin, eləcə də tələbələrin hörmət və rəğbətini qazanmışdır.

ADPU-nun 8 fakültəsi içərisində Filologiya fakültəsi liderliyi ilə seçilir. 1922-ci ildə professor Bəkir Çobanzadənin rəhbərliyi ilə yaradılan Filologiya fakültəsi bir əsrlik inkişaf yolu keçərək yüksək ixtisaslı filoloq və müəllim kadrları hazırlayan tədris ocağı və elmi mərkəzə çevrilmişdir.

Fakültəmizin keçdiyi böyük tarixi yolun 30 ilini mən də bu ocaqda keçirdim. Tələbəlik illərimdə müəllimlərimdən - Məmmədsəlim Tahirli, Afad Qurbanov, Həsən Mirzəyev, Xeyrulla Məmmədov, Məmməd Məmmədov, Qəzənfər Kazımov, Nizami Xudiyev, Paşa Əfəndiyev, Himalay Qasımov, Mustafa Mustafayev, Əbdül Qənbəroğlu,  Azər Hüseynov və başqalarından aldığım biliklə yanaşı, onların şəxsi nümunəsi, davranışları, həyat təcrübəsi mənim üçün həqiqətən bir örnək oldu. Elə bu səbəbdən də əvvəlcə təhsil aldığım sonra isə işə qəbul olunduğum Pedaqoji Universitetdə alim və müəllim kimi tanıdığım müəllimlərimlə çiyin-çiyinə çalışmaq mənim üçün sözün həqiqi mənasında bir məktəb oldu.

Filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova  haqlı olaraq  yazır ki, “Sözün həqiqi mənasında, filologiya fakültəsini xalqımızın milli sərvətinin tərkib hissəsi adlandırmaq olar” (filologiya fakültəsi bu gün: Bakı, 2020. Ön söz, səh 6).

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsi fəaliyyəti dövründə özünəməxsus ənənələr yaratmışdır. Bu ənənələrdən biri də vaxtilə akademik Məmməd Cəfər Cəfərovun yaratdığı ədəbi-bədii dərnək idi. 2018-ci ildə Filologiya fakültəsində professor M.Hüseynovanın təşəbbüsü ilə yaradılan “Meh” ədəbi dərnəyinin ilk təqdimatı baş tutdu. 2019-cu ildə “Meh”in yaradılmasının 1 illiyi münasibətilə keçirilən hesabat gecəsində istedadlı gənclərimizin, dərnək fəallarının şeir və hekayələrindən ibarət almanax da təqdim olundu.

2020-ci il fevralın 21-də ali məktəblərin tarixində ilk dəfə olaraq Filologiya fakültəsində “Filoloq” adlı qəzet təsis olunaraq işıq üzü gördü. Bu maraqlı mətbuat layihəsini gerçəkləşdirməklə fakültə rəhbərliyi 100 yaşlı ADPU-nun tarixinə daha bir orijinal səhifə yazdı.

“Baş redaktordan” adlı proqram xarakterli yazısında professor Mahirə Nağıqızı “Filoloq”un fakültəmizin professor-müəllim heyəti ilə yanaşı, yaradıcı gənclərimiz üçün də tribunaya çevriləcəyini bəyan etdi. Qəzet  kiçik bir zaman kəsiyində özünə geniş auditoriya toplaya bilib. Əminliklə söyləyə bilərik ki, qəzet öz missiyasına sadiqdir.

2020-ci ildən Filologiya fakültəsində “Linqvistika problemləri” adlı beynəlxalq elmi jurnal çapdan çıxır, AAK-ın tövsiyə edilən nəşrləri siyahısına daxil edilən bu mötəbər elmi nəşrin təsisçisi və baş redaktoru professor M.Hüseynovadır. Qeyd edirəm ki, həm “Filoloq” qəzetinin, həm də “Linqvistika problemləri” beynəlxalq elmi jurnalının elektron versiyaları da mövcuddur.

Fakültənin son 1 il ərzində gördüyü işlər sırasında “Filoloji Linqvistika” mərkəzinin fəaliyyətə başlaması da qeyd olunmalıdır.

M.Nağıqızının təşəbbüsü ilə yaradılan bu mərkəzin açılmasında məqsəd fakültədə həyata keçirilən disku?siya, görüş və disputların tələbələrlə qarşılıqlı təşkilini həyata keçirməkdir. Mərkəz, eyni zamanda, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, onların müasir təlim metodları və texnologiyaları ilə işləmək bacarıqlarının artırılmasına da xidmət edir.

“Filoloji linqvistika” mərkəzində fakültənin təşəbbüsü ilə tez-tez yeni kitab  və dərgilərin təqdimatı keçirilir. Belə təqdimatlardan biri də Universitetimizin yubileyi münasibətilə Filologiya fakültəsinin hazırladığı “Filologiya fakültəsi bu gün” adlı kitaba həsr olunmuşdur.

Kitabda ötən əsrin 20-ci illərindən başlayaraq bu günümüzə qədər Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun ayrılmaz tərkib hissəsi olan, öz şöhrətli keçmişi və tarixi ənənələri ilə seçilən Filologiya fakültəsinin dünəni və bu günü haqqında tam məlumat almaq mümkündür.

Kitabda böyük qədirşünaslıq hissi ilə Filologiya fakültəsinin ilk dekanı, professor Bəkir Çobanzadənin və onun davamçısı, professor, AMEA- nın müxbir üzvi Əbdüləzəl Dəmirçizadənin xidmətləri xatırlanır.

İrs-varislik əlaqəsinə diqqəti yönəldən Mahirə Nağıqızı “Ön söz”də bunları yazır: “Bu qədər şanlı keçmişi, tarixi ənənələri olan “Fakültəmizin bu günü kitabı”nı vərəqlədikcə sizi heyrət bürüyəcək. Köklərin üstündəki gövdə də möhkəmdir, budaqlar da çoxşaxəlidir, yarpaqlar da yamyaşıldır. Ənənələri qorumaq, müasir təhsilə verilən tələblər səviyyəsində işi qurmaq müasir  gəncliyin elmə, ədəbiyyata marağını artırmaq üçün var qüvvəsini əsirgəməyən professorlar, dosentlər, baş müəllim və müəllimlər eyni amal, eyni ideya ətrafında birləşərək dövlətimizə, dövlətçiliyimizə xidmət edirlər”.

Düşünürəm ki, bu gün Filologiya fakültəsində təhsil alan, yetişən gənclərimizin dövlətçilik əqidəsi, sağlam düşüncəsi onların universitetdə aldıqları nəzəri bilik qədər əhəmiyyətlidir.

Vaxtilə bu fakültədə təhsil alan yüzlərlə tələbədən biri kimi doğma Universitetimi, bu gün 100 illik yubileyini qeyd edən Pedaqoji Universitetin çoxminlik müəllim ordusunu bir daha təbrik edirəm! Dəyərli müəllimlər, əziz tələbələr 100 yaşımız mübarək!

Yeganə Qasımova

ADPU-nun ədəbiyyat kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru

 

Paylaş
Baxılıb: 149 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

04 Dekabr 00:11

Prezident bu gün

03 Dekabr 09:59

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31