Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Müasir orfoepiya normalarımız

Müasir orfoepiya normalarımız

03.12.2021 [10:53]

Filoloq: “Ziyalı adamlar sözləri tam şəkildə tələffüz edirlər”

Günel Abbas

Ədəbi dilin təmizliyi və inkişafı üçün hələ məktəb vaxtlarından bizə dilin orfoqrafik və orfoepik normaları öyrədilir. İllər keçdikcə bu qaydaların tədricən dəyişilməsinin şahidi oluruq. Daim yenilənməkdə olan müasir dövrün tələbləri gündəlik istifadə etdiyimiz dilə də təsirini göstərir. Bu təsir isə özünü daha çox dilin orfoepiya (tələffüz) qaydalarında büruzə verir. Belə ki, zamanla bəzi sözlər çoxluğun istifadə etmə tərzinə görə dəyişir.

Son vaxtlar sosial media istifadəçiləri arasında xüsusilə “müəllim” və “dovşan” sözlərində tələffüzlə yazılışın eyni olması ilə bağlı müzakirələr aparılır. Sözlərin yeni qayda əsasında tələffüz olunması Nazirlər Kabinetinin “Azərbaycan dilinin orfoepiya normaları”nın təsdiq edilməsi ilə bağlı qərarda öz əksini tapıb. Bununla bağlı ictimaiyyətə məlumat verilməsinə baxmayaraq, insanların çoxunun ya bu qərardan xəbəri yoxdur, ya da yeni qaydanı qəbul etmək istəmirlər. Fikir bildirənlərin əksəriyyəti isə sözlərin köhnə qayda əsasında tələffüz olunmasının tərəfdarıdırlar.

Məsələyə aydınlıq gətirmək üçün AMEA-nın Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruslan Abdullayevlə həmsöhbət olduq.

Filoloqun sözlərinə görə, yeni qaydaya əsasən tərkibində ov, öv hərf birləşmələri olan sözlərdə səs düşümü hadisəsi baş vermir: “Fonetik prinsipə uyğun olaraq bu sözlər yazıldığı kimi tələffüz edilir. Məsələn, cövhər [cövhər], çovğun [çovğun], dovğa [dovğa], dövlət [dövlət], mövqe [mövqe] və s.  Eksperimental laboratoriyada sorğu keçirilmiş və ortaya çıxmışdır ki, insanlar köhnə qayda ilə səs düşümü və uzanma ilə tələffüz olunan dovğa sözünü elə yazıldığı kimi deyirlər. Ona görə də əvvəlki qayda dəyişdirilib və yeni orfoepik prinsipə əsasən tələffüzü yazılışda olduğu kimi saxlayıblar”.

Şöbə müdiri bildirib ki, orfoepiya qaydalarının tənzimlənməsi akademiyada fəaliyyət göstərən eksperimental fonetika araşdırmaları laboratoriyasında aparılır: “Burada mütəmadi olaraq sözlərin necə tələffüz olunduğu yoxlanılır. Bu proses zamanı eyni sözlərdən ibarət olan mətn müxtəlif şəxslərə verilir və onlar mətni səsləndirirlər. Mətn oxunanda səs qeydiyyatı aparılır və çoxluğun həmin sözləri necə tələffüz etdiyi müəyyənləşdirilir. Nəticədə orfoepiya normaları müasir dövrə uyğun olaraq tənzimlənir. Müzakirə obyektinə çevrilən “müəllim” sözünün yeni tələffüz forması da bu üsulla müəyyənləşdirilib”.

R.Abdullayev deyib ki, eksperimental fonetika şəklində sözlərin oxunuşunu nəzərdən keçirsək, ziyalı təbəqə ilə savadsız təbəqə arasında fərq ortaya çıxacaq: “Bununla bağlı amerikalı dilçi Vilyam Labov öz tələbələrinə anket sorğusu aparmağı tapşırıb. Ticarət mərkəzində brend və ucuz mallar satılan yerdə sorğular keçirilir. Hər mərtəbədə müəyyən fərqlər olur. Vilyam vəziyyəti belə izah edir ki, aşağı təbəqənin yaşadığı yerlərdə sözdəki hərflər tələffüz formasında düşür, tam şəkildə tələffüz edilmir. Bir sözlə, ədəbi dilin orfoepiya normasına uyğun tələffüz olunmur. Ziyalılar isə sözləri aramla, tam şəkildə tələffüz edirlər. Qısacası, yeni qaydalar  müəyyən eksperimentlər əsasında müasir dövrün və çoxluğun danışıq tərzinə uyğun olaraq tənzimlənib”, - deyə filoloq vurğulayıb.

 

 

 

 

Paylaş
Baxılıb: 245 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31